Xarici siyasətin dövlət orqanları

Istənilən dövlətdə daimi əsaslarla xarici siyasətlə iki qrup dövlət orqanları məşğul olur: dövlətin xarici əlaqələrinin mərkəzi və xarici orqanları.
___________________________________
Yerinə yetirdikləri funksiyaların xarakterinə və hüquqi təbiətinə görə xarici əlaqələrin dövlət orqanları ümumi siyasi rəhbərlik orqanları və dövlətin digər ölkələrlə ixtisaslaşmış əlaqələrin (iqtisadi, sahə, idarə) orqanlarına bölmək olar.
___________________________________

Xarici əlaqələrin mərkəzi siyasi orqanları və vəzifəli şəxslərə aiddir:

  •  adətən ölkənin əhalisi tərəfindən seçilən hakimiyyətin ali qanunverici orqanları;
  • Dövlət başçısı — fərdi, yaxud kollegial qaydada;
  •  Hökumət və ilk növbədə hökumət başçısı;
  • Xarici işlər naziri və XIN-in mərkəzi aparatı.

Respublika formalı idarəetməyə malik olan dövlətlərdə hakimiyyətin ali qanunverici orqanları həm daxili, həm də xarici siyasət və xarici münasibətlər sahəsində ali dövlət orqanları sayılırlar. Bu qayda qədim ənənəyə malikdir. Məsələn, Qədim Romada sülh və müharibə haqqında qərar senatın səlahiyyətlərinə daxil idi.

Respublika formalı idarəetməyə malik olan orta əsr dövlətlərində də xarici əlaqələrin əsas məsələləri qanunverici orqanların nümayəndələrinin səlahiyyətlərinə daxil idi. Respublika formalı idarəetməyə malik olan dövlətlərə fəal xarici siyasət yürüdən Şimali Italiyanın şəhərləri aid idilər: Genuya, Venesiya, Verona və s. Daha öncə adını qeyd etdiyimiz, ilk tanınmış peşəkar diplomatlardan və diplomat nəzəriyyəçilərindən olan Makiavelli məhz belə şəhər-respublikadan idi.

Lakin orta əsrlər üçün monarxiyalar daha səciyyəvi xarakter daşıyırdılar. Ispaniyada korteslər, yaxud Fransada Baş Ştatlar kimi kollegial və məşvərət hüquqlu məclislər hökmdarlar yanında fəaliyyət göstərir və çox məhdud rola malik idilər.

Bu gün demokratiya inkişaf etmiş ölkələrdə parlamentlərin bir tərəfdən xarici siyasətin dövlət idarəedilmə orqanı kimi rolu artır, digər tərəfdən, gündəlik, operativ idarəedilmədə rolu azalmaqdadır. «Nyurnberq naxrixten» qərbi alman qazeti hələ XX əsrin 60-cı illərində qeyd edirdi: «Biz artıq köhnə tipli demokratiyada yox, özünəməxsus direktoriya rejimində yaşayırıq. Bu rejimdə parlament yalnız vaxtaşırı gah yüksək, gah da alçaq uğultu ilə hadisələrin gedişatını dəyişdirən antik tragediyanın xoru rolunu oynayır».

Parlament orqanları olan xarici işlər üzrə müxtəlif komissiyalar və ya komitetlər, doğrudan da, çox vaxt reallıqda hökumət orqanlarına nəzarətdən daha çox icraedici hakimiyyətin təkliflərini qəbul etməklə məşğuldurlar.

Buna baxmayaraq, respublika idarə formalı qərb demokratiyası ölkələrinin hamısında parlamentlər xarici əlaqələrin ali orqanlarıdır və onların funksiyalarına hərb və sülh kimi kardinal məsələlərin həlli, bir sıra ölkələrdə isə, məsələn ABŞ-da, həmçinin xarici dövlətlərə göndərilən səfirlərin təsdiqi də aiddir.

Monarxiyalarda xarici əlaqələrin ali orqanı formal olaraq monarx özüdür.

Xarici əlaqələrin ikinci mərkəzi orqanı dövlət başçısıdır (kollegial yaxud fərdi qaydada). Adətən, bu prezidentdir. Xarici əlaqələrin həyata keçirilməsi və idarəedil­məsi, beynəlxalq münasibətlərdə dövlətin gündəlik təmsil edilməsi nöqteyi-nəzərindən xarici əlaqələrin ali orqanı dövlət başçısıdır.

Hökumət başçısı da öz səlahiyyətləri çərçivəsində vacib funksiyanı yerinə yetirir. Məsələn, o hər hansı xüsusi səlahiyyətləri olmadan BMT Baş Assambleyasının, digər beynəlxalq təşkilatların iclaslarında iştirak edə bilər.

Digər, siyasi yox, xüsusi funksiyaları yerinə yetirən mərkəzi orqanlara da rast gəlinir. Məsələn, beynəlxalq hökumətlərarası razılıqlar əsasında fəaliyyət göstərən müxtəlif ölkələrlə texniki və mədəni əlaqələr orqanı.

___________________________________

Xarici əlaqələrin xaricdəki orqanları iki kateqoriya­ya bölmək olar: daimi və müvəqqəti. Daimi orqanlar səfirliklər və missiyalar, müvəqqəti orqanlar isə nümayəndə heyətləri, fərdi təmsilçilər və müşahidəçilərdir.

___________________________________

Hər dövlətin hökumətində digər dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərə görə məsuliyyət daşıyan şəxs var. Bir qayda olaraq, bu siyasi cəhətdən fəal bir şəxs olur, yəni vəzifəsini siyasi əsaslarla alır. Onun səlahiyyətlər həcmi və şəxsi məsuliyyətinin dərəcəsi konkret dövlətin ənənələri və hüquqi çərçivələrindən asılıdır. Deyiləni onun rəsmi tituluna da şamil etmək olar: xarici işlər naziri, dövlət katibi (ABŞ), xarici işlər və Birlik işləri üzrə dövlət katibi (Böyük Britaniya) və s. Nazirin vəzifə öhdəliklərinə dövlətin xarici siyasətinin reallaşdırılması, nazirliyin aparatı, xaricdəki missiyaların köməyi ilə, həmçinin onun təmsil etdiyi dövlətdə akreditə olunmuş xarici missiyalarla iş vasitəsilə idarəedilməsi daxildir.

Beləliklə, xarici siyasətin operativ şəkildə idarəedil­məsinə xarici işlər naziri cavabdehdir. Bu qurumun başqa adlarına da rast gəlinir: ABŞ dövlət departamenti, Böyük Britaniyada Forin ofis.

Əlbəttə, hər dövlətdə xarici əlaqələr orqanı siyasi quruluş növündən və tarixi ənənələrdən irəli gələn özünəməxsus cəhətlərə malikdir.

«Böyük səkkizli»yə daxil olan ölkələrin təcrübəsinə qısa şəkildə nəzər salaq.

Böyük Britaniya

Britaniya xarici siyasətinin idarəedilməsinin özəlliyi var: beynəlxalq münasibətlərdə dövləti təmsil edən, xarici dövlətlərə səfir və elçiləri göndərən və ölkəsində xarici səfir və elçiləri qəbul edən dövlət başıçısı kraliçadır.

Diplomatik xidmət aparatında əsilzadə ailələrinin üzvlərinə, yaxud diplomatik iş təcrübələrini irsən öz oğullarına ötürən, ingilis diplomatiyasının ənənələrini         qo­ru­­­yub saxlayan xadimlərə tez-tez təsadüf edilir.

United Kingdom Foreign AffairsBöyük Britaniyada konstitusiya yoxdur. Kraliça ənə­nə­lər və parlamentin qəbul etdiyi müxtəlif dövlət aktlarının əsasında, onun adından ölkəni idarə edən hökumətin qərarlarına müvafiq olaraq hərəkət edir.

___________________________________

Ali qanunverici hakimiyyətə kraliça və parlamentin iki palatası malikdir.

___________________________________

Xarici əlaqələr sahəsində kraliça müharibə elan etmək və sülh bağlamaq, beynəlxalq sazişləri ratifikasiya etmək, səfirləri təyin və qəbul etmək kimi formal səlahiyyətlərə malikdir. Lakin praktikada kraliça faktiki olaraq əsas funksiyaları hökumətə həvalə edir və sadəcə olaraq nazirlər kabinetinin qərarlarını təsdiqləyir.

Parlament qanunları və büdcəni qəbul edir, hökümətin fəaliyyətinə nəzarət edir. Bütün vacib beynəlxalq sazişlər və razılıqlar adətən parlamentdə nəzərdən keçirilir və bundan sonra kraliça tərəfindən imzalanır.

Lakin parlament yalnız xarici siyasi məsələlər üzrə debatları həyata keçirir və bu yolla bir növ ictimai rəyi əks etdirir. Həlledici rola hökumət və onun kabineti malikdir.

Icraedici hakimiyyətin ali orqanı hökumət məhdud bir tərkibi — nazirlər kabinetini seçir. Kabinetdə aparıcı rolu (o cümlədən xarici siyasət məsələlərində) baş nazir oynayır. Bu günə qədər Böyük Britaniyada bütün idarəetmə orqanlarından üstün olan Məxfi Şura mövcuddur. Onun tərkibinə kraliça tərəfindən təyin edilən xüsusi imtiyazlı şəxslər daxildirlər. Şuraya eyni zamanda kabinetə daxil olan sədr-lord başçılıq edir. Məxfi şura çox nadir hallarda çağırılır.

Xarici əlaqələrin vacib əməliyyat orqanı xarici işlər nazirliyidir – Forin ofis (www.fco.qov.uk). Onun strukturunda keçmiş və yeni elementlər bir-birini tamamlayır. Qurumun başçısı əlahəzrət kraliçanın xarici işlər üzrə baş dövlət katibidir (müasir diplomatiya praktikasında xarici işlər naziri adlanır). Nazir parlament və kabinet üzvüdür.

Forin ofis nazirliklər və qurumlara, bəzi təşkilatlara (məsələn, Britaniya şurasına) nəzarət edir. Mədəniyyət-təhsil istiqamətli olan Britaniya şurası 60-dan çox ölkədə 4 min əməkdaşı işləyən iri bir təşkilatdır.

Forin offisdən başqa xarici əlaqələr məsələləri ilə daha iki qurum məşğul olur: Millətlər və müstəmləkələr Birliyi işləri üzrə nazirliklər.

 

Italiya Respublikası

Italiya Respublikasının xarici işlər nazirliyinə (www.esteri.it) nazir başçılıq edir. Ona bilavasitə tərkibində hüquqi şöbə və parlamentlə əməkdaşlıq üzrə şöbə olan katiblik, həmçinin daxili nəzarət xidməti tabedir. XIN vəzifə pilləsində növbəti şəxs XIN ali məmurlarından ibarət xarici işlər üzrə Şura ilə sıx işləyən dövlət katibi yardımçısıdır. Ardıcıllıqla sonra baş katib və ona yardım edən baş katibin müavini gəlir. Nazirliyin strukturu üç departamentdən ibarətdir: xarici siyasi fəaliyyətinin koordinasiya departamenti, xarici siyasi təhlil və planlaşdıma departamenti; əməliyyat işi departamenti. Öz növbəsində, departamentlər idarələrə bölünürlər. Xarici   siya­si koordinasiya departamentinə Avropa idarəsi, Amerika idarəsi, Aralıq dənizi və Yaxın Şərq ölkələri idarəsi, Asiya, Okeaniya, Sakit okean və Antarktida idarəsi daxildir.
Ministero degli Affari Esteri

Xarici siyasi təhlil və planlaşdırılma departamentinə aşağıdakı idarələr daxildir: avropa inteqrasiya idarəsi; çoxtərəfli siyasi münasibətlər və insan hüquqları idarəsi; çoxtərəfli iqtisadi və maliyyə əməkdaşlığı idarəsi; mədəniyyət sahəsində əməkdaşlıq idarəsi; konsulluq idarəsi; əməkdaşlığın inkişafı üzrə idarə; kadrlar idarəsi; inzibati idarə.

Üçüncü departamentə Italiya Respublikasının dövlət protokolu xidmətləri, nazirlik və xaricdəki diplomatik nümayəndəliklər üzrə müfəttişlik, informasiya və mətbuat idarəsi, müqavilə-hüquq idarəsi, sənədləşmə və arxivlər idarəsi, informasiya texnologiyaları idarəsi və Diplomatiya institutu daxildir.

Kanada

Kanada XIN, daha doğrusu, Xarici siyasət və beynəlxalq ticarət departamenti  də özünəməxsus xüsusiyyətlərə malikdir. Mərkəzi aparatdan başqa o, 180-dan çox ölkədə 270-dən çox missiyanı, həmçinin 1365 ticarət nümayəndəliyini əhatə edir. Əməkdaşlarının ümumi sayı 7 mindən çoxdur. Departament fəaliyyətini daha çox Kanada iqtisadi maraqlarının genişlənməsi, güclənməsi və ticarətin inkişafına yönəldib. Departament mütəmadi olaraq icmallar, audit və qiymətləndirmə məruzələri nəşr edir. Onlarla yuxarıda göstərilən internet saytında asanca tanış olmaq olar.

 
Rusiya Federasiyası

Rusiyanın Xarici Işlər Nazirliyi son on il ərzində bir neçə daxili dəyişikliyə məruz qalmışdır. 2004-cü ilə qədər rəhbər şəxslərin sıralaması aşağıdakı şəkildə idi: nazir, baş katib (stats-katib), nazirin birinci müavini və digər 12 nazir müavini. Bu rəhbəredici heyətə baş katiblik xidmət edir. Ərazi bölmələri 14 departament və bir idarə, funk­sional bölmələr 22 departament və bir idarədən (www.mid.ru) ibarətdir.
2004-cü ilin iyulunda Rusiya Federasiyasının prezidentinin fərmanı ilə nazir müavini, xarici işlər nazirliyinin baş direktoru vəzifələri təsis edilmişdir. Nazir müavinlərinin sayı 7 nəfərə qədər azaldılmışdı.
мид россии

Amerika Birləşmiş Ştatları

17 sentyabr 1787-ci ildə qəbul olunmuş ABŞ Konstitusiyası, sonralar ona xarici məsələlər üzrə əlavələrin daxil edilməsinə baxmayaraq, əsaslı dəyişikliklərə məruz qalmayıb. Lakin praktikada bəzi uyğunsuzluqlara rast gəlinir: məsələn, konstitusiyada prezidenti xüsusi olaraq xarici əlaqələri həyata keçirməyə səlahiyyətləndirən maddələr yoxdur. Əvəzində ABŞ qanunları ilə təsbit edilmiş və konqres tərəfindən qəbul edilmiş zəngin tarixi təcrübə mövcuddur.

__________________________________

Xarici siyasət məsələlərində əsas rolu iki şəxs oynayır – prezident və dövlət katibi.

___________________________________

Bir simada birləşən prezident və hökumət başçısı iki funksiyaya malikdir: dövlət adından təmsiletmə və bu və ya digər qanunların qəbulu zamanı son qərarı verən hakim. Icraedici hakimiyyətin başçısı kimi prezident senatın təsdiqlədiyi bütün qanun və müqavilələri imzalayır, səfirləri qəbul edir, digər dövlətlərin nümayəndələri ilə danışıqlar aparır, iri beynəlxalq müşavirələrdə ABŞ adından çıxış edir. Onun xəbəri olmadan ABŞ xarici   siya­sətində heç bir ciddi addım atıla bilməz.

Dövlət katibi ölkənin ikinci şəxsidir və xarici əlaqələr sahəsində gündəlik fəaliyyətə nəzarət edir, eyni zamanda hökumət daxilində beynəlxalq məsələlərlə məşğul olan aparıcı şəxsdir. Dövlət katibi prezidentin tapşırığı ilə sazişləri imzalayır, konqres qarşısında hesabat verir və s.

ABŞ-ın beynəlxalq məsələlər sahəsində vacib şəxslərindən biri də prezidentin Milli təhlükəsizlik üzrə köməkçisidir. XX əsrin 70-ci illərində o, ölkənin xarici siyasi kursunun formalaşmasında aparıcı rol oynayırdı və xarici siyasət məsələləri sahəsində prezidentin qərarlarına həlledici təsirə malik idi. Şübhəsiz, bunda tanınmış amerikalı diplomat Henri Kissincerin xidməti böyükdür. 1971-ci ilin yanvarında «Nyu-York tayms» qəzeti yazırdı: «Bir vaxtlar xarici siyasəti idarə edən məğrur və inkar-edil­məz dövlət departamenti, nəhayət, çoxlarının çoxdan dediklərini qəbul etməli oldu: o artıq ABŞ-ın bütün xarici əlaqələrinə görə məsuliyyət daşımır və göründüyü kimi, bu məsuliyyəti özünə qaytarmağa ümid edə bilməz». Bu anormal vəziyyəti aradan götürmək üçün 1973-cü ildə Kissincer eyni zamanda dövlət katibi vəzifəsinə də təyin edilmişdi. Prezident C.Fordun dövründə yenə bölünmə baş verdi və dövlət departamenti prezident və konqres tərəfindən təsbit edilən ümumi xarici kursa müvafiq olaraq həyata keçirilən xarici siyasətin və diplomatik aksiyaların işlənib hazırlanmasında yenidən aparıcı rol oynamağa başladı.

Dövlət departamentinin funksiyaları və strukturu ilə daha dolğun şəkildə Internetdə tanış olmaq olar (www.state.gov).

 

Almaniya Federativ Respublikası

Almaniyada xarici siyasət orqanları aşağıdakı özünəməxsusluğa malikdir. Xarici siyasət sahəsində federal orqanların səlahiyyətləri kifayət qədər məhduddur. Xarici əlaqələrin federal orqanları ikipalatalı parlament, prezident, federal kansler və hökumət, xarici işlər naziridir. Ikipalatalı parlament bundestaq və bundesratdan ibarətdir.

___________________________________

Xarici əlaqələrin ali orqanı prezident olsa da, real hakimiyyət, demək olar ki, tamamilə icraedici hakimiyyətin – hökumət və onun başçısı kanslerin əlindədir. Hətta, buna görə alman sistemini hərdən kansler diktaturası adlandırırlar.

___________________________________

Parlament qanunverici formalaşdırmaya ehtiyac duyan xarici əlaqələr məsələləri həll edir. Hər palatanın ayrıca xarici işlər üzrə komissiyası var. Bütövlükdə xarici əlaqələr sahəsi faktiki olaraq prezidentin, federal kanslerin, federal hökumətin və xarici işlər nazirliyinin əlində cəmləşib.

Icraedici hakimiyyətin hüquqlarının genişlənməsi Almaniyada uzun müddət federal kansler xətti ilə getmişdi.

Əsas əməliyyat halqası başda federal nazir olmaqla xarici işlər nazirliyidir (www.auswaertiges-amt.de). Bundan başqa, xarici işlər nazirinin müavini qismində iki dövlət naziri işləyir ki, onlardan biri Avropa işləri üzrə müavindir. Həmçinin iki baş (stats) katib fəaliyyət göstərməkdədir ki, onlardan biri nazirliyin direktorlar konfransı adlanan kollegiyasına rəhbərlik edir. Həmçinin XIN strukturuna Avropa və Qərb şöbələri, Şərq şöbəsi, ticarət-siyasi və hüquqi şöbələr, kadrlar şöbəsi və mədəniyyət işləri üzrə idarə daxildir.
auswertiges-amt

Almaniyanın xaricdəki missiyalarında bir qayda olaraq, siyasi şöbələrdən başqa geniş iqtisadi şöbələr, həmçinin informasiya və mədəniyyət üzrə şöbələr mövcuddur, maliyyə, sığorta, sosial məsələlər üzrə referentlər çalışır. Bütövlükdə alman diplomatik qurumunda 5600-ə yaxın adam işləyir (3200 nəfəri xaricdə).

 

Fransa Respublikası

Xarici siyasətinin idarə edilməsinin Fransa sistemi də bəzi xüsusiyyətlərə və ənənələrə malikdir.
1958-ci və sonrakı illərin hadisələri Fransanı prezident respublikasına çevirdi. Məlum olduğu kimi, bu general Ş. de Qollun adı ilə bağlıdır.

Parlament iki palatadan ibarətdir: Milli məclis və senat. Milli məclis bilavasitə, senat bilavasitə səsvermə yolu ilə seçilir. Senatda ərazi vahidləri və xaricdə yaşa-yan fransızlar təmsil olunur. Fransızların ifadəsinə görə, parlament haqqında bölmə konstitusiyanın «künc-bucağında» yerləşir. Lakin müharibənin elan edilməsi kimi mühüm məsələnin həlli məhz parlamentin səlahiyyətlərində təsbit edilib. Həmçinin Milli Məclis hökumətə inam, yaxud inamsızlıq (o cümlədən xarici siyasət sahəsində) nümayiş etdirmək hüququna malikdir. Bəzi beynəlxalq müqavilələr yalnız parlament tərəfindən təsdiqlənə bilər.

___________________________________

Əsas funksiyalar – səfir təyin etmək və xarici səfirləri akkreditə etmək, sazişlərin bağlanması haqda danışıqları aparmaq və həmin sazişləri ratifikasiya etmək, Milli təhlükəsizliyi təmin etmək və hərbi qüvvələrin başçısı olmaq, prezidentin əlində cəmləşib.

___________________________________

Baş nazirin rolu Böyük Britaniyaya nisbətən xeyli aşağıdır. Bununla yanaşı, baş nazir hökümətə başçılıq edir və deməli, gündəlik olaraq xarici siyasət məsələləri ilə də məşğul olur.

Həmçinin konstitusiya şurası mövcuddur. Şura 9 illik səlahiyyətlərə malik olan 9 üzvdən ibarətdir və xarici siyasi fəaliyyətə nəzarət edir. Ölkənin bütün keçmiş prezidentləri ömürlük bu şuranın üzvləridirlər.

Xarici siyasətin əsas halqası tarixçəsi 1628-ci ilə gedib çıxan XIN-dir (www.france.diplomatie.fr). 1853-cü ildən nazirlik məşhur Ke d’Orse bulvarında yerləşir. Ona nazir başçılıq edir, nazir yanında dəftərxana fəaliyyət gös­tərir. Həmçinin Avropa və Frankofon işləri üzrə iki nazir müavini də var.

Xarici əlaqələr orqanlarına Frankofon cəmiyyətinin mərkəzi orqanları da aiddir.

1952-ci ilin 19 sentyabr dekreti ilə Fransanın dip­lomatik xidməti ümumi inzibatçılıq qulluqçularından ayrılmış, diplomatik və konsul personalı dörd məmur qrupuna bölünmüşdür: elçilər, məsləhətçilər və xarici işlər üzrə katiblər, Şərq üzrə mütəxəssislər və iş icraatçıları. Həmçinin iqtisadi işlər üzrə referentlər, attaşelər və s. var.

Xarici nümayəndəliklərdə adətən siyasi, ticari-siyasi, konsul, protokol, həmçinin mətbuat, mədəniyyət şöbələri yaradılır.

 

Yaponiya

Yapon XIN (www.mofa.go.jp) strukturuna daxildir: nazirin katibliyi, yaxud əlaqələndirmə və inzibatçılıqla protokol məsələləri və mətubat və ictimaiyyətlə əlaqələrlə məşğul olan katiblik; strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik məsələləri, Yaponiyanın BMT ilə əməkdaşlığı, humanitar problemlər və digər büroların fəaliyyətinin siyasi əlaqələndirilməsi ilə məşğul olan xarici siyasət bürosu; Asiya və Okeaniya bürosu; Şimali Amerika bürosu; Latın Amerikası və Karib bürosu; Avropa işləri üzrə büro; Yaxın Şərq və Afrika işləri üzrə büro; iqtisadi məsələlər üzrə büro, həmçinin iqtisadi və texniki yardım proqramları, tədqiqatlar və statistika ilə məşğul olan iqtisadi əməkdaşlıq bürosu; beynəlxalq-hüquqi məsələlərlə məşğul olan müqavilə bürosu; təhlil və kəşfiyyat bürosu.

***

Praktiki olaraq bütün ölkələrdə xarici işlər nazirliyi xarici siyasət aparatının əsas halqası, xarici siyasəti həyata keçirən, dövləti və hökuməti beynəlxalq arenada, digər dövlətlərlə əlaqələrdə, paytaxtda akkreditə olunmuş diplomatik korpus qarşısında təmsil edən qurumdur. XIN aşağıdakı əsas funksiyaları yerinə yetirir:

  • ümumi beynəlxalq vəziyyətə aid informasiyanı ümumiləşdirir və təhlil edir;
  • xarici siyasət məsələləri üzrə təkliflər hazırlayır;
  • xarici diplomatik nümayəndəliklərlə əlaqələri təşkil edir və davamiyyətini təmin edir;
  • müqavilə və sazişlərin lahiyələrini işləyib hazırlayır;
  • öz vətəndaşlarının xaricdə şəxsi və mülki maraqlarını mühafizə edir.

XIN mərkəzi aparat və xaricdəki diplomatik nümayəndəliklər və konsul qurumlarından ibarətdir. Nazir, onun müavinləri, kollegiya üzvləri rəhbərliyi təşkil edirlər.

Bir qayda olaraq, xarici işlər qurumlarında aşağıdakı bölmələr mövcuddur:

  • siyasi şöbə – adətən regional bölmələri daxil edir. Məsələn, Latın Amerikası, Afrika, Asiya bölmələri;
  • beynəlxalq və regional təşkilatlar şöbəsi;
  • müqavilə-hüquqi şöbə – iri dövlətlərdə müstəqil şöbə; adətən beynəlxalq hüquq məsələləri ilə məşğul olur. Bəzi dövlətlər bu məsələləri ədliyyə nazirliyinin səlahiyyətlərinə daxil edirlər;
  • protokol şöbəsi;
  • ticari-iqtisadi şöbə;
  • hümanitar əməkdaşlıq şöbəsi;
  • beynəlxalq təhlükəsizlik şöbəsi;
  • informasiya şöbəsi, həmçinin mətbuatla işləyir;
  • kadrlar şöbəsi;
  • maddi-texniki təminat şöbəsi;
  • konsul münasibətlərini həyata keçirən şöbə;
  • inzibati şöbə; bu şöbəyə adətən kommunikasiya və təhlükəsizliklə məşğul olan bölmə, həmçinin arxivlər və kitabxana daxildir.

 

 

0 şərh