Namazda bədəni örtmək

Məsələ 796: Kişi namaz halında (onu bir kəs görməsə də) övrətini örtməlidir. Ən yaxşı odur ki, göbəkdən dizə kimi örtsün.
Məsələ 797: Qadın gərək namaz halında bədənini tamamilə, hətta başını və saçını örtsün. Ehtiyat müstəhəbb odur ki, ayaqlarının altını da örtsün. Amma üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə kimi və ayaqlarının üzünü topuğuna kimi örtməsi lazım deyildir. Amma vacib olan miqdarın örtüldüyünə yəqin etməsi üçün, gərək üzün ətrafının bir qədərini və biləkdən bir qədər aşağını da örtsün.
Məsələ 798: İnsan unudulmuş səcdənin qəzasını və ya unudulmuş təşəhhüdü yerinə yetirirsə, gərək özünü namaz vaxtı olduğu kimi örtsün. Müstəhəbb ehtiyat odur ki, səhv səcdəni yerinə yetirərkən də özünü örtsün.
Məsələ 799: Əgər insan qəsdən ya məsələni bilməmək üzündən, və ya təqsir üzündən namazda övrətini örtməsə, namazı batildir.
Məsələ 800: Əgər insan, namazda ikən övrət yerinin açıq olduğunu anlayarsa, onu örtməlidir. Bu namazı yenidən qılması da lazım deyil. Amma ehtiyata əsasən, övrət yerinin açıq olduğunu bildiyi halda, namazdan bir şey yerinə yetirməməlidir. Amma əgər namazdan sonra, namaz halında ikən övrət yerinin açıq olduğunu anlayarsa, namazı səhihdir.
Məsələ 801: Əgər ayaq üstə duran halda paltarı övrətini örtsə, başqa hallarda, məsələn, rüku və səcdə halında örtməsə, belə ki, övrəti açıq olan vaxtda bir vəsilə ilə onu örtsə, onun namazı səhihdir. Amma ehtiyat müstəhəbb odur ki, o paltarla namaz qılmasın.
Məsələ 802: İnsan namaz üçün özünü ot-ələf və ağac yarpağı ilə örtə bilər. Amma müstəhəbb ehtiyat odur ki, başqa bir şey tapmadıqda özünü bunlarla örtsün.
Məsələ 803: İnsan çarəsiz qalıb, öz övrət yerini örtməyə bir şey tapmasa, övrətinin dərisi bəlli olmamaq üçün ona palçıq və palçığa bənzər şey sürtə bilər.
Məsələ 804: Əgər şəxsin namazda örtəcək bir şeyi yoxdursa, özünü örtəcək bir şey tapmaqdan ümidi kəsilmişsə, namazını vaxtın axırına saxlaması daha yaxşıdır. Bu halda əgər bir şey tapmazsa, vaxtın sonunda namazını qıla bilər. Amma əgər namazını vaxtın əvvəlində qılar və üzrü vaxtın sonuna qədər baqi qalmazsa, vacib ehtiyat olaraq, o namazı yenidən qılmalıdır.
Məsələ 805: Namaz qılmaq istəyən şəxs əgər özünü örtmək üçün hətta ağac yarpağı, ot, palçıq və lığ belə tapmasa və vaxtın sonuna doğru özünü örtəcək bir şey tapacağından ümid kəsmiş olsa, əgər ağlı kəsən bir şəxsin onu görməyəcəyindən əmindirsə, ayaqüstü, normal rüku və səcdələrlə namaz qıla bilər. Amma əgər ağlı kəsən bir şəxsin onu görəcəyinə ehtimal verirsə, övrəti açıq olmayacaq bir şəkildə namaz qılması gərəkdir. Belə ki, oturaraq namaz qıla bilər və ya normal rüku və səcdələri buraxıb, onları işarə ilə yerinə yetirər. Ayrıca lazım ehtiyata görə, lüt olan şəxs namaz halında övrətini əzalarının bəzisi ilə örtməlidir. Məsələn, oturduğu zaman budları ilə, ayaq üstə ikən əlləri ilə onu örtə bilər.

loading...

0 şərh