Qəlbimizin dünyası

Dünya görmüş qoca şəhərin girişində əyləşib, fikrə dalmışdı. Şəhər qapılarına yaxınlaşan gənc ondan soruşdu:

- Mən heç vaxt bu şəhərdə olmamışam. Buranın camaatı necədir?

 Qoca suala sualla cavab verdi:

- Bəs sən sonuncu dəfə tərk etdiyin şəhərdə necə insanlar yaşayırdılar?

Gəncin sanki yarasına duz səpdilər:

- Heç soruşma, ay baba! Çox pis insanlar idi, hamısı əsəbi, kinli. Elə buna görə də köçmək qərarına gəldim.

Qoca dilləndi:

- Bilirsən, elə buranın camaatı da belədir.

Gənc artıq şəhərə daxil olmadı, kor-peşman yoluna davam etdi.

Bir qədər keçdikdən sonra şəhərin qapılarına başqa bir gənc yaxınlaşdı, o da ağsaqqala müraciət etdi:

- Bu yerlərin adamı deyiləm, baba. Mənə bir məsləhət verərdiniz. Bu necə şəhərdir, insanları necədir?

Qoca yenə suala sualla cavab verdi:

- Bəs sən sonuncu dəfə tərk etdiyin şəhərdə necə insanlar yaşayırdılar?

- Çox gözəl insanlar idi, baba. Alicənab, qonaqpərvər, mərd. Orda çox sayda dostum var. İnanın ki, onlardan heç ayrılmaq istəmirdim. O şəhərdə bir müddət yaşadığıma görə Allahıma çox şükür edirəm!

Qoca gülümsəyərək dedi:

- Bax, elə buranın camaatı da belədir.

Gənc şəhərin qapılarından daxil olub izdihama qarışdı. Baş verənləri izləyən yaxındakı karvanın rəhbəri olan tacir təəccüblə qocadan soruşdu:

- Axı iki insana eyni suala necə tam fərqli cavablar verə bilərsən?

- Oğul, hər kəs dünyasını öz ürəyində daşıyır. Gəldiyi yerlərdən özü ilə qəzəb, kin gətirən elə burda da eynisini tapacaq. Əksinə, qərib diyardan qəlbində sevinc, sevgi, Allaha şükür gətirən bəndə harada olursa olsun, yenə də xoşbəxt olacaq. İnsanlar ideal olmur. Onlar pis və yaxşı xasiyyətləri özlərində cəmləşdiriblər. Xoş yaxşını görüb, yaxşıdan yararlanıb, pisləri bağışlamağa bacaranların halına!

10 şərh

pascal
Gözəl sözlərdir. Hər kəs ətrafında baş verənlərə öz qəlbinin gözüylə baxır. Amma, hərdən başqa cür də olur. Yəni, əyriyə nə qədər düz baxmaq istəsək də, alınmır ki, alınmır… :)
heyatin-ellerinde
«hər kəs dünyasını öz ürəyində daşıyır.» — Çox gözəl sözlərdi.
WinRar
Çox təzadlı fikirlərdi.
bayram-muradov
ağsaqqalın sözündə həqiqət var
seyidova
ALLAH hamıya üreyine göre verir sözü düzdü??
BaRLeLiTa
Hə yəqin ki, doğru kəlamdır. Qəlbi gözəldə eybəcərdə edən elə biz özümüzük.
seyidova
Men Bu cümle ile razı deyilem.Bu cümle mence özünde her şey olan keslerin cümlesidi.Çünki heyatda ele insanlar görmüşem ki,sanki üreyleri qızıldandı amma yoxsuldular,xestediler.Bu cümle düzgün deyil.
BaRLeLiTa
Ürəyi gözəl olan insanların hər zaman həyatları gözəl olmsada, bu bizə onların qəlblərinin təmizliyinə şübhə ilə yanaşmağa dəlalət vermir. Nə xəstəlik, nədə kasıbçılıq  ürəyin çirkinliyinin göstəricisi deyil, Allah tərəfindən bəxş edilən bir sınaqdı. Xəstənin, kasıbın elə gözəl mehriban ailəsi ola bilər ki, hansı ki, ona həm kasıblığı həmdə xəstəliyini unutdurar. Mehriban, bir birini anlayan ailə üzvlərinin bir birinə qarşı olan sevgiləri, qayğılları və anlayışları hər şeydən üstündür.  Varlı olub ailə sevgisinə, bacı, qardaş qayğısına ehtiyyac duyan özünü o var dövlətin içində xoşbəxt saymayan o qədər insanlar var ki. Pul-paranın olması sənin nə xoşbəxt olduğunun, nədə qəlbinin gözəl olmasının göstəricisi deyil. Əsl xoşbəxt kasıblıqla sınağa çəkilib mehriban ailəsi olan insanlardı, qalan şeylər gəldimi gedər. 
Chicarito
məsələ burda yanaşma tərzindən gedir...qocanin dediyice aqressiv gencin ozude o formadadir.yeni o heyata o pencerden baxir hadiselri ve cevresinide olan olaylari o formada qavrayir digər gənc isə tam əkssinə.
bu da onu izah edir ki bize,biz insanlar hemise cevremizdeki insanlari deyismeye calisiriq hansiki onlar biz istediyimiz formada olsunlar ama ozumuz neceyik ozumuzu niye deyismirik??və nəticədə kin küdrətdən bezib qaçan gənc oqlan bu kin küdrəti hec ozunde deyismek istedimi?? 
mariya1971
İnsan bütün pisliklərə yaxşılıqla  cavab verməyə çalışmalıdır.Cavanlar  da  həmçinin. Cavan var ki, ona  29  yaşında  ağsaqqal deyirlər. Aqil insan olduğuna görə.
Yaxşılığa  yaxşılıq  hər kişinin işidir,
Yamanlığa  yaxşılıq  ər kişinin işidir.