Bir həyat hekayəsi

Bu yazı məşhur Helen Adams Keller (1880-1968) haqqındadır. Keller başqa uşaqlar kimi dünyaya sağlam gəlmişdi. Ancaq 1 yaş 7 aylığında keçirdiyi bir xəstəlikdən sonra gözləri tutuldu. Artıq onun qulaqları da eşitmirdi. Uşaqlığının ilk illərində çox əsəbi və çılğın idi. Buna görə də, valideynləri ona tərbiyəçi axtarmağa başladılar. Nəhayət, əvvəllər kor olan, sonra əməliyyatla (az da olsa) görməyə başlayan Enn Mensfild Sallivanı tapdılar. Sallivanın bütün səylərinə baxmayaraq, ilk vaxtlar Kellerdə heç bir dəyişiklik olmadı. Nəhayət, bir gün qızcığaz əlinə su tökərkən Sallivan barmağı ilə o biri əlinə «su» sözünü yazdı. Bundan sonra Kellerdə böyük bir dəyişiklik başladı. Keller əvvəlcə sözləri öyrəndi. 1890-cı ildə isə danışmağa başladı. Məktəbi bitirdikdən sonra məşhur «Mənim həyat hekayəm» (1902) kitabını yazdı. «Bütün Dünya» jurnalının 1954-cü il sayında «Korluğu heçə sayan qadın» adlı yazı da Keller haqqında idi. Mark Tven isə 19-cu əsrin iki böyük dahisinin Napoleon və Keller olduğunu deyirdi.

Bir gün müəllimi onu heyvanlara toxunmaq üçün sirkə apardı. Orada bir ayının əlini sıxdı, bir zürafəninqulaqlarına toxundu. İlanlar onun boğazına sarılanda da heç nədən qorxmurdu. Bir sözlə, Keller qorxusuz bir adam idi. Keller işıq və səsdən məhrum idi. Ancaq hissləri o qədər güclü idi ki, qarşısındakı adamın şəxsiyyətini də müəyyən edə bilirdi. Londonda bir parka girəndə havasından oranın «Qrin Park» olduğunu anlamışdı. Coğrafiyanı müəlliminin qırmızı palçıqdan düzəltdiyi qabarıq xəritə ilə öyrəndi. 18 yaşında artıq bir çox fənləri bilirdi. Liseyə başlayanda alman və latın dillərində sərbəst danışmağı bacarırdı. İdmanla məşğul olmağı, ata minməyi sevirdi. Korlar üçün yazılmış kitabları o qədər oxumuşdu ki, artıq nöqtələri də silinmişdi.

1945-ci ilin iyulu idi. O gün Keller ilk dəfə böyürtkən yığdı.Dəymiş meyvələri əli ilə hiss edirdi. Onun çox gözəl baxcası var id. Çünki yay günləri səhər 5-də qalxır, alaq otlarını yığır, bağçanı sulayırdı. Keller bəzi musiqi parçalarını da əzbərləmişdi. Ondan gecə və gündüzü necə ayırdığını soruşanda: «Gündüz hava daha yüngül olur. Atmosferdə daha çox hərəkət var. Gecə isə daha ağır və hərəkətsizdir», — deyirdi. Yazı yazanda da səhvsiz yazmağa çalışırdı. Və nəhayət 1953-cü ilin iyulu… Kellerin 73 yaşı var idi və o Cənubi Amerika səyahətindən qayıtmışdı. Argentina rəqslərinin çox gözəl olduğunu deyirdi. Bəli, Keller ruhun və həyatın gücünü göstərən ən böyük nümunə idi...

Ailəm jurnalı

Oxşar məqalələr

 

7 şərh

Ramil

Mark Tven özü dahi idi və dahilər haqqında səhv etməzdi.

Yaşam şəraitimiz üçün ətrafımızdakı insanlardan da çox şeylər asılıdır. Görürsünüzmü, Kellerə necə mənəvi dayaq olublar. Sallivanın ona öyrətdiyi ilk söz «gəlincik (doll)» sözü olmuşdur.

velili_hemide
Ann Sallivanın ona ilk öyrətməyə çalışdığı söz gəlincik(doll) sözü olmuşdur.Lakin Helen Keller ilk dəfə olaraq su(water) sözünü başa düşmüşdür. — vikipediyada belə yazılıb
pascal
Bəlkə də 1 yaş 7 aylıqdan yox, gənclik çağında bu xəstəliyə tutulsaydı, yaşamı tamam başqa cür ola bilərdi. Dünyanı hələ tam dərk etməmiş bir körpə, belə bir xəstəliklə həyata «qədəm qoyursa», onun mübarizə ruhu daha güclü olur. Yəni, bu yaşda belə xəstəliyə tutulan insanlar yaşamaq uğrunda mübarizənin yolların axtarırkən, həyatdan küsməyi ağıllarına belə gətirmirlər. 
velili_hemide
Əslində sizinlə razıyam, amma gənclikdə bu xəstəliyə tutulsa idi daha yaxşı danışa bilərdi. Heç olmasa nə isə görə bilərdi və eşidə. Heç nə görə bilməmək çox dəhşətlidir.
pascal
İnsanda gənclik və ya daha yetişkin yaşlarda yaranan qalıcı xəstəliklər onların həyatına daha çox zərbə vurur. Hələ bu, görməmək və danışa bilməməklə bağlıdırsa, o adamlarda həyatdan küsmək, içinə qapanmaq kimi psixoloji travmalar yaradır. Nə isə… sizin də, mənim də dediklərimizdə həqiqət var.
hosted_man
Mətndə vaxt ardıcıllığın səhv olmasına görə bəlkə də tam olaraq başa düşə bilmədim yazını. Yazılıb gözləri tutuldu, sonra həyat hekayəsi kitabını yazdı. Necə oldu bəs bu ? 
velili_hemide
Öncə diqqətinizə görə minnətdaram. Ardıcıllıqda heç bir yalnışlıq yoxdur. Yazıda Kellerin əlinə su sözü yazıldıqdan sonra onda böyük dəyişiklər olduğu, sözləri öyrənib danışmağa başladığı qeyd olunub. Məktəbi bitirdikdən sonra isə kitabını yazıb və vikipediyadan əldə etdiyim məlumat — Helen Keller özü sərbəst yaza bilməsə də 7 kitabın müəllifidir. Onlardan ən məşhuru «Mənim həyat hekayəm» («Story of my life») adlanır. Bunu necə etdiyini bilmirəm. Bəlkə də ona bu işdə Sallivan kömək edib (bəlkə)  :)  Əgər Keller haqqında daha çox məlumat əldə etmək istəsəniz burayaburaya klikləyin.