Sənin üçün qiymət tamam başqadır

Deyirlər ki, Bəhlul Danəndə boş vaxtlarında çay kənarına gəlib, orada gildən evcik düzəldərdi.  Bir gün Harun ər-Rəşidin xanımı Zibeydənin yolu çay sahilinə düşür.

Bəhlul yenə gildən evcik düzəltməklə məşğul idi. Düzəltdiyi evin qarşısında bağçaya bənzər sahə ayırmış, buraya bir neçə ot-ələf basdırmışdı. Zibeydə yaxın gəlib Bəhluldan soruşur: “Bəhlul, burada nə edirsən?” Bəhlul cavab verir: “Cənnət düzəldirəm. Bax, bu, cənnət qəsridir. Bu isə ətrafındakı bağçadır. Bu ağacların altından süd çayları axır”.

Zibeydə gülümsəyib soruşur: “Düzəltdiyin cənnəti neyləyəcəksən?” Bəhlul: “Müştəri tapıb satacağam”. Zibeydə soruşmağa davam edir: “Mənə satarsanmı?” Bəhlul: “Sataram” – deyir. Zibeydə “cənnət”in qiymətini soruşanda Bəhlul cavab verir ki, bunun qiyməti yüz dinardır. Zibeydə yanındakı kənizə tapşırır ki, Bəhlula yüz dinar versin. Bəhlul pulu alıb söyləyir: “Bu cənnət indi oldu səninki. Amma bunu təsdiq edən sənəd hələ hazır deyil. Sabaha kimi sənəd hazır olub sənə təqdim edilər”.

Zibeydə saraya qayıdır. Bəhlul da şəhərə dönür. Yol boyunca rastına çıxan hər fəqirə bir dinar sədəqə verir. Beləliklə, yüz nəfərə bu puldan pay düşür.

Həmin gecə Zibeydənin əri Harun ər-Rəşid yuxuda görür ki, məhşər qopub. Onun günahlarını üzünə oxuyub cəhənnəmə sarı aparırlar. Birdən uzaqda yaraşıqlı bir qəsr görür. Qəsrin divarları ləl-cəvahiratdan idi, yaşıl ağaclarla əhatə olunmuşdu. Harun qəsri görəndə yanındakı mələklərdən soruşur: “Bu qəsr kimindir? Orada kim yaşayır?” Haruna cavab verirlər: “Bu qəsr sənin arvadın Zibeydəyə məxsusdur. Amma sənin ora getməyə ixtiyarın yoxdur”. Harun ər-Rəşid heyrət içində ayılır, yuxusunu Zibeydəyə danışıb mənasını soruşur. Zibeydə Bəhlulla olan söhbətini yada salır, əhvalatı Haruna danışır.

Səhər açılanda Harun çay kənarına gəlir. Görür ki, Bəhlul yenə gildən evcik düzəltməklə məşğuldur. Harun soruşur: “Nə edirsən?” Bəhlul cavab verir: “Cənnət düzəldirəm”. Harun: “Yüz dinar versəm, onu mənə satarsan?” Bəhlul “yox” deyib əlavə edir: “Bu cənnətin qiyməti sənin üçün yüz dinar yox, yüz min dinardır”. Harun təəccüb içində bağırır: “Dünən bu gil evciyi Zibeydəyə yüz dinara satmısan, bu gün məndən yüz min dinar istəyirsən?” Bəhlul əhvalını pozmadan cavab verir: “Zibeydə bu evciyi yuxu görmədən, qiymətini bilmədən almışdı. Sən isə bu gecə onun qiymətini görmüsən, ona görə sənin üçün qiymət tamam başqadır”.

3 şərh

Bahar_Huseynova
Məndə tez-tez çay kənarına gedirəm,özümü dinləyirəm və uzun-uzun düşünürəm.keşgə şəkildəki evciklərdən məndə düzəldə bileydim,çox gözəldilər.
aYaz_Melikov
Sakşt bir gecede bayırda oturub fikirreşemyin öz zövqü var :(
Bahar_Huseynova
Ulduzlara,səmaya baxmaq insanı uzaqlara, sonsuza,sirli yerlərə aparır eyni zamanda insan özünün ne qədər kiçik olduğunu anlayır.