Səfehlər kəndi

Xusyan əyalətinin Dunzışansun kəndinin sakinlərinin, uşaqdan böyüyə, hamısı səfeh idi. Həmin kənddən olan bir qoca öz oğlunu Çanyandakı bazardan qul almağa yollayanda dedi:

— Eşitdiyimə görə, Çanyanda alverçilər satmaq istədikləri qulu gizlədirlər ki, o, əvvəlcədən duyuq düşməsin. Sən orda əməlli-başlı axtar, yaxşı qul tapıb al.

Oğlan bazarı gəzməyə güzgüsatılan sıradan başladı. Güzgülərdən birində, ucaboy olmasa da, möhkəm bədənli bir nəfər görəndə fikirləşdi ki, yəqin, alverçi orda qul gizlədib. Barmağıyla güzgünü çırtmalayıb dedi:

— Buna neçə istəyirsən? Alverçi qarşısındakının səfeh olduğunu anlayıb, yaxşıca pul qoparmaq fikrinə düşdü:
— Hərəsində min quruş olan on düyünçə verərsən.
Oğlan həvəslə razılaşdı, deyilən məbləği verdi, sonar da güzgünü qoltuğuna vurub evə üz tutdu. Qapıda onu atası qarşıladı:
— Bəs, qul hanı?
Cavab verdi:
— Qoltuğumda.
— Göstər görüm, babatdırmı?
Ata güzgünü ondan alıb baxdı: qarşısındakının qaşları, bığı dümağ, üzü, gözlərinin altı qırış-qırış… Cin vurdu beyninə:
— Heç belə kaftara da on min quruş verərlər?

Çəliyini yelləyib oğlunu vurmaq istəyəndə o, qorxudan qışqırdı. Səsə ana, yanında da qızı, yüyürüb gəldi:
— Qoy bir mən də baxım.
Baxan kimi başladı ərini yamanlamağa:
— Axmaq qoca! Oğlun vur-tut on düyünçəyə, analı-balalı, iki qulluqçu alıb, sənsə hələ narazısan, deyirsən bahadır?!

Qoca sevinib, oğlunu yamanlamaqdan, döyməkdən vaz keçdi. Amma qullar nədənsə heç ortaya çıxmırdılar. Qocayla arvadı qərara gəldilər ki, öyrənib görsünlər, qulların dərdi nədir, niyə güzgüdən aralanmaq istəmirlər.

Qonşuluqda falçı arvad yaşayırdı. Kənddə hamının məsləhət yeriydi. Qoca da onun yanına yollandı. Falçı işdən hali olub dedi:
— Sən də, arvadın da əcinnələri incitmisiniz, ruhları sevindirməmisiniz.
Ömrünüz boyu xeyirxah iş görməmisiniz, ona görə də qullarınız üzə çıxmaq istəmirlər. Uğurlu bir gün seçin, bol yemək hazırlayıb ziyafət verin, qullardan üzə çıxmalarını təvəqqe edin!* Onlar yaxşıca yemək-içmək düzəldib falçı arvadı da çağırdılar.

Falçının məsləhətilə güzgünü qapıdan asıb, oxuyub-oynamağa başladılar.
Bütün kənd yığıldı. Hamı bir-bir xəlvətcə güzgüyə baxıb söylənirdi:
«Bəxtləri gətirib, gör nə yaxşı qul alıblar…»
Axırda döşəmənin titrəməsindən güzgü düşüb iki yerə bölündü. Falçı güzgü qırıqlarına baxıb onların hər birində öz əksini görəndə sevincək qışqırdı:
— Ruhlar duaları eşidiblər, hələ sizə ənam da göndəriblər. Baxın, bir qul əvəzinə, iki qulluqçu!..
Sonra da oxumağa başladı:

Sevinin! Dualar ruhlara yetdi,
Çəpik çalın, ruhlar bizi eşitdi.
Bunlar bir qul üçün pul saymışdılar,
Evdə indi bir cüt qulluqçu da var!

0 şərh