Qabaqcadan bilinən evlilik

Dulinli Vey Qu körpəlikdən yetim qalmışdı. Yetkin yaşa dolan kimi evlənmək fikrinə düşdü, amma uzun müddət münasib bir adaxlı tapa bilmədi. "Çjen-quan" adıyla məşhurlaşan sülalə hakimiyyətinin ikinci ilində o, Sinxeyə gedəsi oldu, yolda Sunçenin güneyindəki yeməkxanaya düşdü. Həmsöhbətlərindən biri dedi ki, Sıma Panfan adlı keçmiş məmurun ərgən qızı var, əgər Qunun marağı varsa, yeməkxananın günbatan səmtindəki Lunsin məbədinə gedib, özü bu haqda bir xəbər bilsin.

Qu çoxdan evlənmək arzusundaydı. Elə ertəsi gün, hələ Ay batmamış, məbədə üz tutdu. Məbədin pilləkənlərində xurcunlu bir qoca oturub Ay işığında əlindəki qatlama kağızdan nəsə oxuyurdu. Qu ona yaxınlaşdı, kağıza boylansa da, orda yazılanı oxuya bilmədi.

— Bu nə kitabdır belə? — nəzakətlə soruşdu.
— Mən yeniyetməliyimdən yazı-pozuyla məşğulam, qərb ölkələrində işlənən hər cür əlifbanı, Sanskrit hərflərini də yaxşı bilirəm, amma bu sizin kitabdakı yazıya bənzərini heç görməmişəm.
— Əlbəttə, sən beləsini görə bilməzsən, — qoca gülümsədi, — çünki bu dünyada belə bir kitab tapmaq olmaz.
— Nə kitabdır, axı bu?
— Qu soruşdu.
— Cəhənnəm kitabı, — cavab belə oldu.
— Bu necə ola bilər ki, siz — cəhənnəm adamı birdən bu dünyada peyda olasınız?
— Sən evdən çox erkən çıxdığına görə mənə rast gəldin. İnsanların taleyinə hakim olandan bəri cəhənnəmin elçiləri öz mülklərində baş verənləri öyrənməyə borcludurlar. Axı, yolların yarısı insanların, yarısı kölgələrindir, amma çoxları bunu bilmir.

— Siz hansı işlərə baxırsınız?
— Bu dünyada olan bütün evliliklərə.
Qu sevinib dedi:
— Mən uşaqlıqdan yetim qalmışam. Erkən evlənmək istəyirdim ki, böyük ailəm olsun. Amma budur, 10 ildən artıqdır ki, əbəs yerə qız axtarışındayam. Bu səhər buralarda bir nəfərlə görüşüb, Sıma Panfanın qızı haqda danışmalıydım ki, öyrənim, görüm o qız mənə gələrmi?

— Yox! Sənin gələcək arvadının hələ üçcə yaşı var. O, 17 yaşı tamam olanda sənin evinə gəlin gələcək. Bu məqamda Qu qocadan xurcununda nə olduğunu xəbər aldı.
— Orda qırmızı kəndirlər var, onlarla mən qismətinə ər-arvad olmaq yazılanların ayaqlarını bağlayıram. Mən bu kəndirlərlə kimi bir-birinə bənd eləsəm, lap ailələrinin arasında dövri-qədimdən ədavət də olsa, onlar gec-tez evlənirlər. Heç bir qəzavü-qədər, aradakı məsafə mənim adaxladığım adamları bir-birindən ayıra bilməz. Sənin ayaqların həmin o dediyim qıza bağlanıb, odur ki, başqası üçün nə qədər çalışıb-çabalasan da, xeyri olmayacaq.

— Mənim gələcək arvadım indi hardadır, hansı ailədəndir?
— Sənin dayandığın həmin o yeməkxanadan quzey tərəfdə yaşayırlar, tərəvəzsatan arvadın qızıdır sənin adaxlın.
— Onu görə bilərəm?
— Anası həmişə qızını özüylə bazara aparır. Dalımca gəl, göstərim. İşıqlaşanda qoca kağızını qatladı, xurcununu götürüb yola düşdü, Qu da onun dalınca. Bazara girəndə qucağında qız uşağı tutmuş bir qadın gördülər, uşağın 3 yaşı olardı. Qadının görkəmi ikrah doğururdu, özü də taygöz idi. Uşaq isə lap çirkin görünürdü.
Qoca dilləndi:
— Bax, o balaca qızdır sənin adaxlın.

— Mən onu öldürəcəm!
— Qu hirsindən qışqırdı.
— Sənin bütün cəhdlərin hədər gedəcək. O qızın taleyinə gələcəkdə oğlunun sayəsində çox hörmətli bir qadın olmaq yazılıb. Qoca bu sözləri deyib yoxa çıxdı.
Qu xeyli düşünəndən sonra bir bıçağı yaxşıca itilədi, onu yanındakı nökərinə verib dedi:
— Sən mənə həmişə sədaqətlə xidmət eləmisən. İndi bax, o qızı öldür, sənə on min quruş verim.
— Yaxşı, — nökər razılaşdı. Ertəsi gün nökər bıçağı paltarının qolunda gizlədib, həmin qadının tərəvəz satdığı yerə yollandı. Qızı bıçaqla vurdu, ara qarışan kimi də qaçıb uzaqlaşdı.

— Öldürdün onu? — qayıdanda Qu nökərindən xəbər aldı.
— Hə, ağa. Düzü, mən ürəyinə tuşlamışdım, amma bıçaq alnına batdı.
Qu özünə gəlin tapmaq üçün 14 ildən artıq boş-boşuna gəzib dolaşdı. Sonra onu, atasının qüsursuz xidmətləri xatirinə, Syançjounun valisi Van Tayın məhkəmə işləri üzrə köməkçisi təyin etdilər. Qu vəzifəsinin öhdəsindən o qədər yaxşı gəldi ki, Van Tay özünün 17 yaşlı gözəl qızını ona ərə verdi. Arvadından çox razıydı, ancaq gəlinin həmişə alnını örtməsi, yatanda da, yuyunanda da açmaması Quya qəribə gəlirdi. Toydan bir il keçmiş olardı, günlərin birində Qu dözməyib, arvadından alnını örtüb gizlətməsinin səbəbini soruşdu.

Gəlin qəmli-qəmli cavab verdi:
— Mən valinin öz qızı deyiləm, bacısı qızıyam. Atam ömrünün axırınacan Sunçendə hakim işləyib.
Onda mən körpəymişəm. Atamdan sonar anamla qardaşım da ölüblər. Dayəmin mənə yazığı gəlib, öz himayəsinə götürüb. Onun atamdan qalan bir qarış torpaqda tərəvəz becərib satmaqdan başqa dolanışıq yolu yoxdu. Hardasa üç yaşım olanda bazarda başıxarabın biri nəyə görəsə məni bıçaqla vurub, elə o vaxtdan da alnımda çapıq yeri qalıb. O vaxtdan həmişə alnımı gizlədirəm, cürbəcür bər-bəzək taxıram ki, çapıq yeri görünməsin. Elə oldu ki, yeddi-səkkiz il bundan əvvəl dayım məni tapıb qızlığa götürdü, sonra da sənə ərə verdi.

— Sənin dayənin bir gözü kordumu?
— Qu soruşdu.
— Hə. Bunu sən hardan bilirsən?
Qu hər şeyi açıb danışdı...

Bundan sonra ər-arvad mehriban yaşadılar, bir-biriylə hörmətlə, məhəbbətlə davrandılar. Onların bir oğlu oldu, adını Kun qoydular. Zaman keçdi, Kun böyüyüb İnmenin hakimi oldu. Oğlunun qazandığı yüksək mövqeyə görə, ənənə üzrə, anası böyük ehtiram qazandı, qadına fəxri ad verildi.

Bu əhvalatı eşidən Sunçen hakimi bir vaxtlar Vey Qunun adaxlı axtaranda düşdüyü yeməkxanaya «Qabaqcadan bilinən evlilik» adı verib, əmr elədi ki, bu sözləri giriş qapısının üstünə yazsınlar.

Li FUYAN 

oxuzalı.az
 

0 şərh