Paytaxtlı alimin sərgüzəşti

Paytaxtda yaşayan bir neçə alimin toplaşdığı məclisdə insan xarakterinin qəribəliklərindən söhbət düşdü; bəzi adamlar qətiyyətlidirlər, cəsurdurlar, bəziləri isə qorxaq və zəifdirlər, çünki hərənin özünəməxsus xarakteri var. Cəsarətli adamlar heç nədən qorxub-çəkinmirlər, onlar əsl kişidirlər.
Alimlərdən biri lovğa-lovğa dilləndi ki, əgər igidlikdən danışırsınızsa, deməli, söhbət məhz məndən gedir.
Məclisdəkilər gülüşdü:
— Buna inanmaq üçün əvvəlcə sizi sınamalıyıq.
— Mənim bir qohumumun evinə, — bir nəfər dilləndi, — şər qüvvə dadanıb, buna görə də heç kəs orada yaşamaq istəmir. Əgər qorxmadan bir gecəni orada keçirə bilsəniz, biz sizin şərəfinizə ayrıca ziyafət verərik.

— Mütləq! Elə günü sabah ora yollanacam. Yemək-içmək, şam-çıraq tədarük edildi, alimlər igidlikdən dəm vuranı həmin boş qalmış evə ötürməyə yollandılar.
— Sizə başqa da nəsə lazımdır? — ondan soruşdular.
— Məndən ötrü narahat olmayın. Mənim bir bahalı qılıncım var, etibarlı silahdır.

Gecə düşürdü. Evdə qalmalı olan alim eşşəyini həyətdəki tikiliyə salıb bağlayanda yoldaşları və xidmətçilər çıxıb getdilər. O, evə girib yataq otağına keçdi, amma uzanıb yatmağa ürək eləmədi. Şamları, çırağı söndürdü, ürəyi çırpına-çırpına, qılıncından ikiəlli yapışıb oturdu.

...Ay doğdu, ziyası pəncərədən içəri düşdü, otaq işıqlandı. Birdən onun gözünə rəfdə, qanadlarını açmış quşa oxşayan, qəribə bir şey sataşdı.

Qorxudan dik sıçradı, qılıncını qaldırıb o qəribə şeyin üstünə endirdi.
Taqqıltı eşidildi, yerə nəsə düşdü, sükut çökdü. Alimin elə qorxmuşdu, az qala bağrı yarılacaqdı, qayıdıb baxmadı da ki, görsün, yerə düşən nə idi.
Qılıncın dəstəyini sinəsinə sıxıb, müqəvva kimi oturdu.

Birdən addım səsləri eşitdi: kimsə pilləkənlə qalxıb qapını itələdi. Qapı açılmadı. Gələn hər kimdisə, başını it oyuğundan içəri soxub, xırıltıyla nəfəs almağa başladı. Alimi uçunma tutdu, qılıncını var gücülə it oyuğuna çırpdı və müvazinətini itirib yıxıldı. Əlindən düşən qılıncını tapıb götürməyə cürəti çatmadı. Onu dəhşət bürüdü: bəs, birdən o bədheybət otağa soxulsa, onda necə?! Alim sürünüb çarpayının altına girdi, cıqqırını çıxarmağa da ürək eləmədən, bir küncdə büzüşüb qaldı. Tamam əldən-dildən düşmüşdü. Çox keçmədən onu yuxu apardı, ta sübhə qədər qımıldanmadan yatdı.

Səhər alimin yoldaşları gəldilər. Yataq otağına girəndə nə görsələr yaxşıdır: it oyuğu al qana qərq olub. Təşvişə düşüb hay saldılar. O, səs-küyə ayılıb çarpayının altından çıxdı. Bütün bədəni titrəyirdi. Gələnlərə özünün bədheybətlə gecəki vuruşundan dili topuq vura-vura danışdı. Yoldaşları bu işə mat qaldılar. Evi axtaranda divarın dibində, döşəmənin üstündə cırılmış həsir şlyapa gördülər. Sən demə, gecə evdəki alim onu quş zənn edibmiş. Şlyapa köhnəydi, külək-yağış döydüyündən cırılıb sökülmüşdü deyə, həqiqətən də bir azca quşu xatırladırdı.

İt oyuğunun yanında bir qılınc vardı. Alimlər qan iziylə gedib, yaralı eşşəyə rast gəldilər: üst dodağı çapılmış, dişləri qırılıb tökülmüşdü, ağzından qan axırdı. Sən demə, mıxdan açılan eşşək gəlib başını it oyuğuna soxanda yiyəsi onu qılınc zərbəsinə «qonaq eləyib». Yoldaşları qəşş eləyənə qədər güldülər, sonra da dağılışıb getdilər. “Cəsur” alim isə bərk qorxu çəkdiyindən xəstələndi, on gündən sonra güclə yataqdan qalxa bildi.

Xuanfu Şİ
oxuzalı.az

0 şərh