Dilin bəlaları : Qeybət və iftira

Qeybət və iftira təhlükəli bəlalardandır.
Qeybət bir insanın özü olmadığı yerdə onun xarici görkəmi, əxlaqi keyfiyyətləri, həyat tərzi ilə bağlı arxasınca xoşagəlməyən sözlərin danışılmasına, həmin şəxsin eşidəcəyi təqdirdə onun narahat olacağı, xətrinə dəyəcəyi söz-söhbətə deyilir.
İnsanlara böhtan atmaq, onlar haqqında iftira söyləmək, qeybət etmək günah sayılır. Çünki belə söz-söhbət insanlar arasındakı sevgi, məhəbbət, dostluq hislərini zəiflədir, onları küskünlük, hətta düşmənçilik hisləri ilə əvəz edir. Bundan əlavə, nəinki sözlə, hətta davranış və mimikalarla belə başqasının nöqsan və çatışmazlıqlarını göstərmək, üzə vurmaq mənəviyyat və etik normalar baxımından düz deyil.
Qeybət başqalarını gözdən salmaq və alçaltmaqla özünü yüksək tutub başqalarında isə nöqsan axtarmağa alışdırar.
QEYBƏT VƏ İFTİRA
Başqalarını pisləmək üçün edilən qeybətdən alınan zövq başqalarını alçaltdığımız ölçüdə özümüzü ucaltdığımızı sanmaqdır. (Rene Dekart)
Başqalarının sözlərini sənə çatdıran şəxs, bil ki, sənin də sözlərini onlara çatdırır.(Həsən əl-Bəsri)
Qeybətə qulaq asan şəxs qeybət edən şəxs qədər günahkardır.(Ceyms Rendal)

Qeybətin fərdi zərərindən başqa, ictimai zərəri də vardır. Belə ki qeybət insanlar arasındakı səmimi münasibətləri məhv edərək dedi-qodu, inciklik, küskünlük kimi arzuedilməz nəticələrə gətirib çıxarır. Qeybət olan ailələrdə, dost-tanış, qohum-qardaş arasında, cəmiyyətdə asayiş, sevgi, birlik olmaz. Hamı bir-birindən şübhələnər, bir-birinə güvənib səmimi söz danışmaz. Hal-əhval tutduğunuz adamlar sizdən ayrılanda içinizdə şübhə, tərəddüd hakim olar. “Görəsən, mən gedəndən sonra arxamca nə danışdılar? Necə qeybət etdilər?” kimi düşüncələr sizin rahatlığınızı əlinizdən alar. Gərəksiz yerə başqalarına qarşı mənfi hislər oyadar.
İnsanlar haqqında deyilən yalan iftira hesab edilir. İftira da ruhun bir başqa “xəstəliyidir”. İftira hər hansı bir şəxsə atılan böhtan və şərdir.
 
 
 
Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova, Sevil Bəhrəmova
Mənbə: Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat Bilgisi fənni üzrə dərslik

0 şərh