Açar - Yaqub Əlioğlu

Torpaqların düşmənlərdən azad edilməsi xəbəri bütün məmləkət əhlinə yeni nəfəs vermişdi. Hamı bir-birinə gözaydınlığı verirdi. Sevinc göz yaşları, təkcə torpaq sevgisindən deyildi, bu göz yaşları həm də bir xalqın şərəf-ləyaqətinin özünə qaytarılmasının təntənəsindən süzülüb gələn, ürəklərə rahatlıq gətirən gözyaşları idi. Qəhrəman əsgərlərimizin kəndlərini ermənilərdən azad etdiyini eşidən Abbas müəllim evdəkilərə heç nə demədən üz tutdu cəbhə bölgəsinə! Yolda əsgərlərin yoxlama məntəqəsində yetirmələrinin əlində silah görən Abbas müəllim sevincini onlarla bölüşdü. Bu anlar necə də qürurverici idi. İyirmi səkkiz il yaşanmış hava şarı kimi çəkisizlik vəziyyətindən, Abbas müəllimin ayağı, sanki indi yerə dəyirdi. Göz yaşı üz qırışlarına ürəkdolu həyat sevinci verirdi. Şagirdləri hərbi «BTR»in üstündə onu doğma kəndə çatdırdı. Kəndin girəcəyində Abbas müəllim ayaqlarını ayaqqabının buxovundan azad etdi. Kənddən çıxanda əhd etmişdi, sağ-salamat yurduna qayıda bilsə, ayaqyalın torpağa ayaq basacaq. İndi həmin əhdə vəfa vaxtı idi.
Açar
— Ya Allah, Sənə şükürlər olsun deyib, — ayaqyalın kənd yolu ilə addımlamağa başladı. Yerlə-yeksan olan kənd evlərindən nişanə belə qalmamışdı. Hər tərəfi kol-kos basmışdı. Abbas müəllim gözlərinə inana bilmirdi. Allahım, insan adı daşıyan bir varlıq belə yırtıcı ola bilərmi? Yadına qonşusu Cumanın sözləri düşdü.
— İnsan olmaq fəxarət, erməni olmaq isə bəşərin üzqarası, xəcalətidir!
 
Sevinc və qəzəbdən yoğrulmuş həyəcan dolu hisslər Abbas müəllimi elə çuğlamışdı ki, bir anlıq ona elə gəldi, arxadan poçtalyon Azad at belində zümzümə edə-edə ona yaxınlaşır, yenə həmişə olduğu kimi gur səslə — Müəllim gözün aydın, tələbəndən məktub var! İstədi dönüb soruşsun ki, — hansı tələbəmdən? Baxdı ki, arxada heç kəs yoxdur!
Yol kənarında qəssab Süleymanın həyət darvazasının yerdə qalan daşlarını görəndə, yadına Süleymanın bir vaxtlar ona kolxoz sədrindən şikayəti düşdü.
 
— Abbas müəllim, qohumuna deyinən mənə ilişməsin! Vallah, ondan Moskvaya, birbaşa Leninin mavzoleyinə yazacam. Sənin xətrinə Leninə əziyyət vermək istəmirəm!
— Ay Süleyman, Lenin çoxdan ölüb!
— Bəs onda niyə kolxozun divarına yazıblar ki, Lenin yaşayır, həmişə bizimlədi?
Abbas müəllim, o vaxt qəssaba cavab vermədən əlini yelləyib ondan uzaqlaşmışdı.
Qəssab Süleymanı xatırlayan Abbas müəllim öz-özünə dedi:
— Dünyanın işinə bir bax, Leninə dəyməyiblər, mavzoley də öz yerində, Süleyman isə öz torpağından didərgin salınıb, Allah bilir harda torpağa tapşırılıb.
Kolluğa ayağı ilişən Abbas müəllim, sanki özünə gəldi.
— Hə, bu da sapojnik Fərmanın evinin yeri. Heç nə ayaqda deyil, nə ev var, nə də ağaclar! Əslində, hamı onu Fətiş oğlu Fərman kimi tanıyırdı. Fərman kinomexanik idi. Kənd klubunda kino göstəriləndə, kinonun ən maraqlı yerində qəfildən ekran qaralırdı.

Cavanlar fit çalıb, qışqırırdılar:

— Sapojnik!

Elə o vaxtdan Fətiş oğlu Fərman dillərdə dönüb oldu sapojnik Fərman!
Birdən Abbas müəllimin gözü tərs Səxavətin həyətinə dikildi. Dediyindən dönməyən Səxavətin nə qoz, nə də gilas, gilanar ağaclarından heç bir iz-toz yox idi.

Abbas müəllimin içindən bir səs gəldi:

— Hardasan, ay Səxavət? Gəl gör sənin bağ-bağçanı bu erməni faşistləri nə kökə salıblar?
Birdən, sanki Səxavətin səsi Abbas müəllimin qulağına gəldi.
— Gələcəm, ay müəllim, getmişəm cəbhədə onların qulağın kəsməyə!
— Sən kəsərsən, Səxavət, qeyrətli oğullarımız onları torpaqlarımızdan iti qovan kimi qovurlar!

Yadına Səxavətlə bağlı bir əhvalat düşdü. Günlərin bir günü Səxavət kolxozun meyvə bağının yanından keçəndə görür ki, armud dəyib, başın da aşağı sallayıb! Səxavət yaxınlaşıb armud dərmək istəyəndə görür ki, ağacın yanında it bağlanıb. Səxavət xoş sözlərlə iti tovlayıb armuddan bir-ikisin dərib istəyir ki, bağdan çıxsın, qoruqçu onun qabağın kəsir!

— Yekə kişisən, utanmırsan bağdan oğurluq edirsən!

Səxavət də qayıdır ki, çığır-bağır salma, canın üçün, dişi olan bu armuddan vaz keçməz. Yaz mənim hesabıma, kolxoz əməkhaqqı verəndə pulunu ödəyərəm!
Qoruqçu qayıdır ki, nə pul, mən səni bütün kənddə biabır edəcəm!
Səxavət görür ki, qoruqçunun səsi zilə qalxır. Əlini atır qulağının dibinə çığırır:

— Ay bu kolxozun sədri, heyy, hardasan? Bura bağlanan it məni tanıdı, ancaq sənin bura bağladığın it məni tanımadı, gəl bunun zəncirin çək, heyy!

Qoruqçu görür ki, Səxavətlə bacarmayacaq, qayıdır ki, sən dədənin goru, məni zibilə salma, halal xoşun olsun, armudu da götür, çıx get!
Qarışıq hisslər Abbas müəllimi ağuşuna elə almışdı ki, heç özü də bilmirdi ayağı onu hara aparır. Bir də ayıldı ki, Sarıtorpaq qəbiristanlığındadı. Qəbiristanlıq əhlinə salavat çevirib, pıçıltı ilə yasin duasını ürəyindən dilinə gətirdi. Gözlərinə inana bilmədi, qəbiristanlıq darmadağın edilmişdi. Qəbirlər sökülmüş insan sümükləri ətrafa dağılmışdı. Ürəyində, — alçaqlar yəqin ki, qızıl diş axtarırmışlar, Allahım, insan cildində bu erməni goreşənlərini niyə yaratmısan, axı dünyasını dəyişmiş bu insanların nə günahı var?
Abbas müəllim içində öz-özü ilə danışırmış kimi: — qəbrin açıq qalması günahdı deyib, sümükləri qəbrə qoyub, sınıq-salxaq sinə daşları ilə qəbrin üstünü bağladı. Palçıqlı əllərini göylərə açdı: — Allahım, insanlığa yaraşmayan bu zilləti, rəzilliyi yerdə qoyma. Bu ermənilərin kökün yer üzündən kəs! Sanki yanında bir başqası varmış kimi, uca səslə — İnşallah, qurban olduğum gec eliyər, ancaq birdəfəlik güc eliyər! İnsanlıq da dərindən rahat nəfəs alar! Qəbiristanlığı bu vəziyyətdə görən Abbas müəllim, öz-özünə dedi: — Gör indi kənd məscidinin başına nə oyun açıblar?! Gözümə dəymədi, sanki yox imiş! İgid əsgərlərimiz torpaqlarımızı riyakar ermənilərdən təmizlədikcə görüblər ki, Zəngilanda, Qubadlıda, Ağdamda, Şuşada müqəddəs Allah evi olan məscidlərdə donuz saxlayırmışlar. Video çəkib göstərirlər, ancaq dünyanın gözü kor, qulağı kar, ədalət və vicdan isə ikili demokratiya oyununun qurbanı olub!
Bütün bu gördükləri göz dağı, ürək ağrısı olsa da, Abbas müəllim qəbiristanlıq əhlinə rəhmət diləyib, «ruhunuz narahat olmasın, biz artıq öz yurdumuza qayıtmışıq», — deyib ordan uzaqlaşdı.
Yuxu kimi xəyaldan ayrılanda özünü həyətlərinin qapısında gördü. İkimərtəbəli evin daşları belə qalmamışdı. Qəhər və göz yaşı onu boğdu, hıçqırdı, göz yaşı qəlbinə axdı. Sanki havası çatmadı, başı fırlandı, birtəhər özünü torpağa sığınmış yastı daşa yetirdi. Əyləşib dərindən nəfəs aldı. Özünə gələndə yadına düşdü ki, kənddən çıxanda evin qapısının açarını, bu daşın altına qoymuşdu. Sevincək daşı qaldırıb evin qapısının açarını götürdü. Abbas müəllimin sevincdən gözləri alışıb yandı, ürəyi az qaldı sinəsindən çıxsın. Açarı silib öpdü. Ətrafa göz gəzdirdi, ancaq bu açarla açılacaq qapını tapa bilmədi!

Abbas müəllim özünə təskinlik verib ürəyində dedi: Əsas odur ki, yurdun açarı öz əlimizdədir!
 
 
Müəllif: Yaqub Əlioğlu
Mənbə: edebiyyatqazeti.az

0 şərh