Axşam marşı

Misir yazıçısı Yusif  İdris 19 may 1927-ci ildə Misirin  Əş-Şərqiyə vilayətinin əl-Beyrum kəndində dünyaya göz açıb. 1951-ci idə Qahirə Universitetinin tibb fakültəsini bitirib və buranın ən qədim xəstəxanası olan Kəsr əl-Əynidə həkim, daha sonra Qahirə bələdiyyəsində müfəttiş işləyib. 1959-cu ildən jurnalist kimi fəaliyyətə başlayıb, əvvəl "Əl-Qumriyyə", sonra "Əl-Əhram" qəzetlərində çalışıb. Tələbəlik illərindən hekayələr yazsa da, ilk hekayələr toplusu – "Ən ucuz gecələr" 1954-ci ildə çap olunub. Novella ustası hesab olunan Yusuf İdrisin on hekayə toplusu, bir neçə povesti, «Ağappaq» romanı (1959) və yeddi pyesi çap olunub. Yazıçı 1 avqust 1991-ci ildə dünyasını dəyişib.
Yusif  İdris
Uzaqdan mis stəkanların hind quşu çığırtısı kimi qulaqbatıran və qırıq-qırıq səslənən cingilsitisi eşidilirdi. Şubra əl-Bələd körpüsünə yaxınlaşanda gecənin sakitliyini pozan araksos (biyan kökündən hazırlanan içki) satıcısını gördük.
Başqa tacirlər kimi onun da artıq xeyli yaşı var. Əynində ənənəvi geyim – uzunqol köynək, arxadan torba kimi sallanan enli şalvar, belində əzik, amma təmiz qırmızı əskiylə birgə dolanmış qurşaq var. Balaqlarının altından yalın ayaqları görünür. Bir balaca saqqalı da var, görünür ki, onu da sanballı görünmək üçün saxlayır, bəlkə də, hər gün üzünü qırxmır. O, körpünün ortasında dayanıb yolu böyük səhəngiylə tutur. Səhəngi də özü kimi «gənc” deyil. Sanki hər ikisinin alnında yazılıb ki, ölənə qədər bir-birlərindən ayrılmasınlar. Səhəngin nazik, uzun burnu qarının sədəqədən ötrü açılan əyri barmaqlarına oxşayır.
Qoca stəkanları bir-birinə vurur və onlardan möhkəm cingiltili səs gəlir. O, bunu fasilələrlə edir: bir-iki dəfə vurur, dayanır, sonra yenə də vurub qışqırır:
– Həə! Kim sərinləmək istəyir?! – Amma səsində elə bir etinasızlıq duyulur ki, heç kim onun çağırışına şirniklənmir.
Günəş təzəcə batıb. Hər tərəf qürur vaxtı yayılan yalançı şəfəqə boyanıb. İnsanlar susqun və tələsik körpüyə tərəf gedirlər. Və onların bu tələskənliyi gününün kədərini daha da artırır. Onların hamısı satıcıdan yan keçir və bircəciyi də stəkanların cingiltisinə dönüb baxmır. Aydın məsələdir ki, artıq qış fəslidir! Qışda araksos içmək kimin ürəyinə düşər ki?!
Stəkanlarsa cingildəməyə davam edir. Qoca o yan-bu yana boylanır, yoldan ötənlərin harasa yoxa çıxdığına – elə bil yerin dibinə düşdüyünə, qana boyamış səmaya, çox tez gecəyə qovuşan günəşə baxır və baxdıqca da stəkanların cingiltisi daha möhkəm, daha təsirli eşidilir. Sanki həmin cingiltinin əks-sədası kimi  öz səsi eşidilir: „Həə! Kim sərinləmək istəyir?!” Sözlər elə bil boğazının lap dibində ilişib qalmışdı və onları ordan var gücüylə çıxardıb qışqırırdı. Səhəng səhərdən bəri dopdoludur. Qocanın sinəsində böyük bir kədər yatıb. Gün ərzində elə az içki sata bilib ki, əlində qalan pulla heç nə almaq mümkün deyil.
Dəqiqələr getmir, yüyürüb qaçır – eynən yoldan ötənlər kimi. Vaxt da elə bil get-gedə artan soyuqdan qorxur.
Stəkanlar zəhlətökənliklə cingildəyir, çarəsizcə kiminsə diqqətini cəlb etmək istəyir. Qaranlıq get-gedə zülmətə çevrilir və ətrafı tamamilə bürüyür. Səma yeri soyuğa qərq edir. İnsan fiqurları getdikcə kiçilir və bütün dünya boz-mavi rəngə bürünür, donur və cansızlaşır.
 
Satıcının səsi xırıldayır və getdikcə pis çıxır: “Həə! Kim sərinləmək istəyir?!” – sözlərinə həmahəng olaraq stəkanlar cingildəyir. Aradabir qoca əllərini nazik kəndir kimi qabağa uzadaraq yolu kəsməyə çalışır: „Rəhminiz gəlsin!” Amma yoldan ötənlər geri çevrilmədən onun yanından keçir və satıcı onların arxasınca sanki taleyiylə barışırmış kimi, onları bağışlayırmış kimi, itaətkarcasına təkrarlayırdı: “Rəhminiz gəlsin!»
Yoldan ötənlərsə hey gedirlər – yorğun, kədərli və acıqlı, solğun bənizlərində qayğılar, sönük gözlərində «qış»… gedirlər… Onlardan heç bircəciyi də yolun ortasında dayanan arakasos satıcısına gözucu belə olsa baxmır, fikir vermir. «Həə! Kim sərinləmək istəyir?!  Rəhminiz gəlsin!” – sözlər suda boğulan adamın səsi kimi xırıltılı səslənir.
Yenə də heç kimi çevrilib ona baxmır.
Vaxt yavaş-yavaş irəliləyir. Göy üzü yer üzünə daha da yaxınlaşır, qaranlıq daha da qatılaşır. Səmanın qanlı yarası getdikcə solur və tamamilə itməyə başlayır.  Küçədəki tənha yolçular da kabusa dönürlər. Stəkanların cingiltisi, demək olar ki, daha eşidilmir. Qoca daha „Həə! Kim sərinləmək istəyir?!” deyib qışqırmır, sakitcə təkrarlayır: “Rəhminiz gəlsin!” İndi bu sözləri onu əhatə edən hər şeyə, hər kəsə – yerə, göyə, asimana, arabalara, avtomobillərə, artıq getməyə hazırlaşan küçə qəhvəxanasının sahibinə deyir. Mis stəkanlar onun səsindəki yalvarışa köklənir və həmin səsə uyğun olaraq boğuq və zarıltılı səslənir, sanki insanların heç olmasa ona tərəf baxması üçün yalvarır. Heç almasınlar, amma bircə dəfə baxsınlar! Niyə? Axı niyə heç kim baxmır,  sanki ödənilməmiş borcdan qaçmağa, harasa çox uzağa qaçmağa çalışırlar?! Axı bircə dəfə çevrilib baxsaydılar nə olardı?!
Axşam marşı
Çifayda!
Qocanın üzü get-gedə yazıqlaşır. Arxasında çarpazladığı əlləri ölən ürəyin döyüntüləri kimi  hələ də stəkanları cingildətməyə davam edir: susur-susur, sonra birdən çarəsizcə ölümlə mübarizə aparırmış kimi döyünür.
Qoca aradabir səhəngin içinə şirənin azalıb-azalmadığına baxır. Və soyuqdan titrəyən dodaqlarıyla mızıldayır: „Rəhminiz gəlsin!” O, yerindən bir addım da o yana-bu yana tərpənmir, sanki bu dəqiqə gözlənilməz bir möcüzə baş verəcək, səhəng özü-özünə boşalacaq, onun ciblərisə ağzınacan pulla dolacaq. Sonra körpünün o biri üzünə keçir, düşünür ki, bəlkə, burda bəxti gətirər! Amma heç burda da bəxti gətirmir və o yolun kənarında dayanır. Donuq halda yerə, göyə, yaxındakı, uzaqdakı işıqlara baxır.
Möcüzə baş vermir ki vermir!
Qocanı çarəsizlik bürüyür. İndi üzü heç bir şey ifadə etmir. Yenidən stəkanların cingiltisi eşidilir. Amma qəribə işdir! Bu, daha ürkmüş quşların çığırtısı kimi həyəcanlı səs deyil. Xeyir! İndi stəkanlar başqa cür cingildəyir – bir-birlərinə  sakit və kədərli halda toxunub başqa bir musiqi yaradır.  Qoca stəkanları vurur və heç bu haqda düşünmür də. Amma nəqarət özü-özünə doğulur. Qaranlıqda çox kövrək səslənir və onu heç kim eşitmir. Qəfildən qoca əllərinin arasından çıxan səsə diqqət kəsilir və təbəssümlə qaşlarını yuxarı qaldırır.  Melodiya görünür ki, onun xoşuna gəlir və o, bu işi bilirmiş kimi musiqini daha da gözəllişdirməyə, yaxşılaşdırmağa çalışır. Artıq yaranan musiqidən adamın ürəyi titrəyir. Həvəsə düşmüş qoca takta uyğun başını yelləməyə başlayır. O yelləndikcə saqqalı da tərpənir, rəqs edir.
İndi daha satıcı yoldan ötən adamlara biganəliklə baxır. Sağ əlindəki mis stəkanların bir-biriylə pıçıldaşmasına diqqətlə qulaq asır. Sanki melodiyaya qərq olan araksos dolu səhəng də silkələnir və onunla bir takta düşərək tərpənir.  Orda ondan başqa heç kim olmadığından, ona tərəfə heç kim baxmadığından özü yeganə dinləyicidir. Qoca daha da həvəslənir və axşamın sakitliyində sakit nəqarət  xüsusilə daha da yanıqlı, həzin və ahəngdar səslənir. Getdikcə tündləşən qaranlıq qocanı gizlədib kabusa döndərməyənə qədər orda dayanır, sonra da sakitcə fırlanıb Şubra əl-Bələd tərəfə gedir.
O, çox kədərli, qəmli gedir, əllərisə əvvəlki kimi arxasında çarpazlaşıb və elə eyni musiqini səsləndirir. Qoca bu melodiyanın sakit, güclə eşidilən taktına uyğun addımlayır. Və stəkanlar yenə də hüznlü və zərif şəkildə cingildəyirlər. Bir addım atır və stəkanlar sakitcə, küskün halda cingildəyir, daha bir addım atır və stəkanlar yenə də hüznlü və zərif şəkildə cingildəyir.
Nəhayət, gecə onu qaranlığında udur və metalın güclə eşidilən cingiltisi eşidilir duyulur.  Sonra bir az da astadan. Daha az, az… Ucsuz-bucaqsız dünya… Sonsuz  zülmətli gecə...



Tərcümə edən: Xanım AYDIN
Mənbə: artkaspi.az
 

0 şərh