Ananın peşmanlığı

Ana bütün günü dəcəl oğlundan şikayətlənərdi: " Bu uşaq deyil, bəladı. Nə günah sahibiyəm, belə uşaq doğmuşam" . Təzəcə sözünü bitirmişdi ki, səs- küy eşitdi. "Allah bilir nə hoqqa çıxartdı yenə" - deyə fikirləşərək tez mətbəxə cumdu. Gördü oğlu mərci ilə düyünü bir - birinə qatıb, özü də oturub üstündə. Bİr azdan uşaq əlinə çəkic alaraq mebelə vurmağa başladı.Ana :
-Ay bala , məni öldürməkmi istəyirsən, adamı nə qədər hirsləndirmək olar? Mebeli qırdın.
- Mebeli düzəldirəm, ana, sınıb.

Ana çəkici təzəcə yerinə qoymuşdu ki, uşaq yan otağa keçib, stulu tərsinə çevirib, sürüməyə başladı.
- Stulu qoy yerinə, əlimə keçsən səni pis döyəcəm!
- Maşın sürürəm, sən də qoymursan,, elə bil polisdi.

Ana haldan düşmüşdü. Günün başa çatmasını arzulayırdı ki, uşaq yatsın , o da bir az dincəlsin. Gün ərzində nə qədər karvalol içərlər. Bir azdan rəfiqəsi onlara gəldi. Ana onu görcək dərdi açıldı.:
-Mən bunu gərək doğmazdım. 10 il ömrüm vardısa 5 il oldu. Həyatımı məhv edib, insan kimi yaşaya bilmirəm.
- Düzələr, elə demə, bizimki də elə idi.
- Hara düzəlir, 4 yaşın içindədi. Qozbeli qəbir düzəldər, bunun öhdəsindən qəbir də gəlməz.

Qonaq gələndən sonra uşaq özünü lap pis aparmağa başladı. İndi divanın başına çıxır və oradan da döşəməyə tullanırdı.
- Çətin uşaqdı, bir az döz, gələn il bir az böyüyər, yaxşı olar, inşallah.
- Demək asandı, bunu doğduğuma peşmanam.

Axşam oldu. Uşağı yatağına apardı:
- Tez ol, yat.
Uşaq:
- Ana, mənə nağıl danış. De "Canavar" nağılını.
- Nə nağıl, yat görüm, yorulmuşam, yatmağı da zülümdü, ay Allah.
Uşaq yatdı. " Şükür Allaha" - deyə düşündü." Camaat balasına laylay oxuyar, məndə səbir qoyub ki, buna nağıl danışım, ya laylay deyim"
Səhər uşaq yuxudan gec durdu. Ana yaxınlaşdı:
-Niyə durmursan?
- Yorulmuşam.
-İndi ki, oyandın? - ana fərqinə varmadı.

xəstələnmiş uşaq və anaGördü ki, uşaq yerindən tərpənmir. "Bu nədir?"- fikirləşərək çarpayıya yaxınlaşdı. Uşaq od tutub yanırdı. "Ola bilməz." - ana səsləndi. Hərarəti 39 yarım idi. Nə lazım idisə elədi. Həkimi evə çağırdı. Boğazı qıpqırmızı idi. Həkim resept yazdı. Gün ərzində uşaq yataqdan durmadı. Ev üstünə gəlirdi. Sükütdan boğulurdu. " Bu nə səssizlikdi? Istəmirəm belə. Qoy balam səs - küy eləsin, dəcəllik etsin, amma belə hərəkətsiz uzanmasın" - o hıçqırmağa başladı. Çarpayıya yaxınlaşdı:
- Niyə ağlayırsan , ana.
- Ağlamıram, canın çoxmu ağrayır.
- Sümüklərim ağrayır. Ana, mənə " Canavar " nağılını danış.

Bu sözləri eşitcək , ana lap kövrəldi, göz yaşlarını saxlaya bilmədi. Dünən balasının xahişini yerə salmışdı, onun haqqında rəfiqəsinə nələr deməmişdi. Bəlkə " Onu doğduğuma peşmanam " - dediyinə Allah onu cəzalandırmışdı. Bu fikirlər onu qorxutdu . "Hər şeyə dözərəm, cəhənnəm olsun bu mebel, bu ev - eşik, onları birdə ala bilərəm, balama heç nə olmasın. " - deyə düşünərək , oğlu qorxmasın deyə tez özünü ələ aldı və " Canavar" nağılını danışmağa başladı. Balası yatdı, o necə də məsum idi. Birdən dünənki sözləri xatırladı. :" Camaat balasına laylay oxuyar, məndə səbir qoyub ki, buna nağıl danışım, ya laylay deyim" - " Görürsən,Allah adama necə səbir verir " - deyə düşündü.

Müəllif: Zeynalova Vüsalə.M

Həmçinin bax:
Tərs uşağı yola gətirmək
Ana sevgisi

1 şərh

tatarka

oxudum, cox tesirlendim.  korpe ucun en boyuk sevgi  ANA  sevgisidir