Xoşbəxtlik, yoxsa bədbəxtlik?

Bir kənddə bir qoca vardı. O, çox kasıb idi. Amma bütün imperatorlar ona qibtə edirdilər. Çünki onun bir gözəl ağ atı vardı. Heç kəs ömründə belə güclü, gözəl at görməmişdi. At yox, möcüzə idi. İmperatorlar onun atını almaq üçün qocaya nə istəsə, verə biləcəklərini deyirdilər. Amma qoca deyirdi: “Bu mənim üçün at deyil, şəxsiyyətdi, lütfən deyin, şəxsiyyəti də heç satarlarmı? O, mənim dostumdu, əmlakım deyil. Dostu satmaq olar? Heç vədə!» Onun kasıblığının həddi-hüdudu yox idi, at üçünsə nələr vəd etmirdilər? Amma kişi atı satmırdı.

Bir gün kişi tövləyə gedəndə atı orada görmədi. Bütün kənd onun evinə toplandı. Kişini məzəmmət eləməyə başladılar: “Ağlın yoxdu. Biz bilirdik ki, bu atı bir gün oğurlayacaqlar. Sən gərək onu satardın. Nə qədər istəsən, imperatorlar verməyə hazır idilər. İndi hanı atın? Nə böyük bədbəxtlik!»
Qoca dedi: “Çox da dərinə getməyin. Sadəcə, deyin ki, at tövlədə yoxdur. Bu, faktdı, qalanları mülahizə. Xoşbəxtlik, bədbəxtlik… Hardan bilirsiniz, nə xoşbəxtlik, nə bədbəxtlikdi?»

Adamlar dedilər: “Bizi aldatma, düzdü, filosof deyilik, amma o qədər də axmaq deyilik ki, gün kimi aydın olan şeyi görməyək. Atın oğurlanıb və bu, faciədir».
Qoca dedi: «Siz nə istəyirsiniz, deyin. Mən onu deyirəm ki, tövlə boşdusa, demək, at yoxdu. Bu, faktdı. Başqa şey deyə bilmərəm. Xoşbəxtlik və ya faciə olduğunu deyə bilmərəm. Kim bilir, sonra nə olacaq?»
Adamlar güldülər. Onlar düşünürdülər ki, bədbəxtlikdən kişinin başına hava gəlib. Elə əvvəl də düşünürdülər ki, onun ağlı çatışmır. Atı satıb şah kimi yaşaya bilərdi. Amma o, qoca vaxtı meşəyə gedib odun doğrayır, güc-bəla ilə dolanırdı. İndi yüz faiz aydındır ki, ağlı çatmır.
Amma on beş gündən sonra at geri qayıtdı. O oğurlanmamışdı, meşəyə qaçmışdı. Və tək qayıtmadı, özü ilə bir düjin vəhşi at gətirmişdi. Adamlar yenə toplaşıb qocaya dedilər: «Sən haqlısanmış, qoca. Biz axmağıq. Bu, əsl xoşbəxtlikdi».
Qoca dedi: «Siz Allah, bəsdi. At qayıtdı. Özü ilə atlar gətirdi. Bu, faktdır. Nə olsun? Bu, xoşbəxtlikdi, yoxsa bədbəxtlik? Kim bilir? Mülahizə yürütməyin. Siz kitabın bir səhifəsini oxumusunuz. Bütün kitab haqda rəy yürütməyin. Həyat sahilsiz bir ümmandır. Atın qayıtmasının xoşbəxtlik və ya faciə olduğunu deyə bilmərəm. Kim bilir, sonra nə olacaq?» Gedin və mənə mane olmayın. Allah xətrinə!»

Bu dəfə ona etiraz etmədilər. Bəlkə, qoca bu dəfə də haqlıdır? Susdular, amma qəlblərinin dərinliyində yaxşı başa düşürdülər ki, atın qayıtması və özü ilə on iki at gətirməsi əfsanəvi bir xoşbəxtlikdir. Sat, istədiyin kimi yaşa.

Qocanın bircə cavan oğlu vardı. O, vəhşi atları miniyə öyrətməyə başladı. Bir həftə ötməmişdi ki, o, atdan yıxıldı və qıçı sındı. Yenə adamlar toplandı – adamlarsa hər yerdə eynidilər – başladılar kişini qınamağa: “Qoca, sən düz deyirdin, bu, bədbəxtlikdi. Yeganə oğlunun qıçı sındı. Sənin evinin dirəyi idi oğlun. İşin çətin olacaq!»
Qoca dedi: «Yenə mülahizələr. Niyə tələsirsiniz? Sadəcə, deyin: “Oğlunun qıçı sındı. Xeyirdi, yoxsa şər – kim bilir?».

Bir neçə gündən sonra ölkəyə düşmən hücum elədi, müharibə başladı. Kəndin bütün cavanları müharibəyə getdi. Bircə qocanın oğlunu aparmadılar. Çünki o, şikəst idi. Adamlar yenə yığıldı. Onlar qışqırır, ağlayırdılar. Hər evdən neçə oğlan müharibəyə getmişdi. Onların qayıdacağına ümid az idi. Çünki hücum edən düşmən ölkə çox güclü idi və müharibənin uduzulduğu hər kəsə bəlli idi – uşaqları qayıtmayacaqdı. Onlar qocaya dedilər: “Bizi bağışla! Allah görür ki, sən haqlısan. Oğlunun atdan yıxılması da xeyir imiş. Qıçı sınsa da, gözünün qabağındadı. Sənin oğlun axsasa da, sağalacaq! Bizimkiərsə həmişəlik getdi».

Qoca dedi: «Sizə söz deməyin xeyri yoxdu. Yenə mülahizə yürüdürsünüz. Kim bilir, nə olacaq? Sizin uşaqları zorla müharibəyə apardılar, mənimki evdə qaldı. Heç kəs deyə bilməz ki, bu, xoşbəxtlikdi, yoxsa faciə. Və heç kim, heç vaxt bunu bilməyəcək. Bir Allah bilir».
 

0 şərh