Sehirbaz və qoyunlar haqqında pritça

Meşə arasında geniş talada böyük sürüsü olan bir sehrbaz yaşayırdı. Hər gün o sürüdən bir qoyun yeyirdi. Lakin qoyunlar sehrbaza çox çətinliklər yaradırdılar, belə ki, onların hər biri meşənin bir tərəfinə qaçır, sehrbaz isə onlardan birini tutmalı, digərlərini isə yenidən sürüdə toplamalı olurdu. Əlbəttə ki, tutulan qoyun öldürüləcəyini hiss etdiyi üçün qışqırmağa başlayır və bu da digər qoyunları qorxudurdu. Vəziyyəti belə görən sehirbaz hiylə işlətmək və qoyunların hər biri ilə təklikdə danışmaq qərarına gəlir.

Birinə deyirdi: “ Sən qoyun deyilsən, sən də mənim kimi bir insansan. Qorxmağın üçün heç bir səbəb yoxdur, axı mən yalnız qoyunları yeyirəm, sən isə bu sürüdə yeganə insansan və deməli mənim dostumsan.”

Digərinə deyirdi: “ Niyə digər qoyunlar kimi məndən qaçırsan? Axı sən aslansan və heç nədən qorxmamalısan. Mən yalnız qoyunları yeyirəm, sən isə mənim dostumsan”

Başqa birinə isə “Sən qoyun deyilsən, sən canavarsan. Hörmət etdiyim canavar. Mən həmişəki kimi hər gün bir qoyun tutub öldürəcəyəm, amma sən canavar olduğun üçün heç bir qorxun olmamalıdır. ” deyirdi

qoyunBu minvalla o hər qoyunla təklikdə danışır və hər birinə qoyun olmadığını, digərlərindən fərqləndiyini təlqin etməyə çalışırdı. Bu danışıqlardan sonra qoyunların davranışı dəyişməyə başladı. Onlar artıq qorxmur və meşəyə qaçmırdılar. Və sehirbaz hər dəfə bir qoyunu öldürdüyü halda digərləri özlüyündə “ Aha növbəti qoyun öldü, mən isə sehirbazın ən yaxşı dostu olan “insan”, “şir”, “canavar” və s. heç nədən qorxmamalıyam” deyə düşünürdülər.

Hətta öldürdüyü qoyunlar da müqavimət göstərmirdilər. Sehirbaz sadəcə olaraq onlara yaxınlaşır və deyirdi : “Əziz dostum uzun zamandır ki, səninlə heç söhbət etmirik. Gedək evimə, səninlə sürü barədə məsləhətləşmək istəyirəm”. Qoyun isə böyük qürur hissi ilə sehirbazın arxasınca gedirdi. Orada o doğrudan da sürü haqqında soruşur, qurban isə sevinclə ona hər bir məlumatı veridi. Daha sonra isə sehirbaz onu öldürürdü. Bu ani baş verdiyi üçün qurban heç nə hiss etmirdi. Sehirbaz çox razı idi. Hər bir qoyuna özünü yüksək qiymətləndirmə təlqin etmişdi və nəticədə onlar qaçılmaz olmayan ölüm haqqında düşünmür, həyatdan zövq alırdılar. Ən maraqlısı isə odur ki, bəzən onlar sehirbaza digər qoyunları tutmaqda da köməklik edirdilər. Belə ki, sürüdən bir qoyun şübhələnməyə başladıqda özünü insan, şir, canavar hesab edən qoyunlar bu barədə sehirbaza dərhal məlumat verər və o da həmin qoyunu öldürərdi. Beləcə sehirbaz böyük bir sürünü rahatlıqla idarə edirdi. Bax belə bir pritçadır.

Bəs siz özünüzü kim hesab edirsiniz-şir, canavar, bəlkə də insan?

Tərcümə: Rzayeva Nailə

Həmçinin bax: Gözəl hekayələrMaraqlı pritça

3 şərh

tenqo
Əziyyətinizə görə təşəkkür. Bu cür dərin mənalı pritçaların məzmununa çin, yapon və başqa şərq ölkələrinin cizgi filmlərində rast gəlirəm tez-tez. İnanın ki, həmin cizgi filmləri minlərcə hollivud kinolarına dəyər. Mənə bir şey maraqlıdır, görəsən, bu pritçanın sonunda verilən suala sualı verən şəxs özü necə cavab verər?
Nailə_Rzayeva
İnsan bəzi hallarda canavar, şir, qoyun, bəzi hallarda isə insan cildinə girir. Fikrimcə daim eyni cilddə olanını tapmaq çox çətindir. Sadəcə çalışmaq lazımdır ki, kiminsə görmək istədiyi, qiymətləndirdiyi kimi yox, özün bildiyin və özünü tanıdığın cilddə olasan… Sadəcə idarə oluna biləcək biri olmamağa çalışıram, buna nə qədər nail ola bilirəm, bax onu bilmirəm…
tenqo

Əslində bu pritçada çoxlu müxtəlif məna və hikmətlər var. Sizin fikrinizlə tamamilə razıyam. Cəmiyyətin, yaxud hansısa şəxsin istədiyi və ya qəbul etdiyi tərzə uyğunlaşaraq cildini dəyişmək elə həmin cəmiyyətin, yaxud şəxsin idarəsi altına düşmək deməkdir. Bu cür yaşamaq qəfəsdə yaşamaq kimi bir şeydir, çünki malik olduğun xüsusiyyətləri məngənə ilə sıxıb saxlayırsan və əslində qarşındakını deyil, özünü aldatmış olursan. Ən yaxşısı və rahatı olduğun kimi görsən və  özünü  təqdim et ki, hərəkətlərində də sərbəst olasan daim.


Bəzi insanlar heç özlərini uzun illər tanıya bilmirlər və onlar özlərini tanıması üçün ya müəyyən həyat təcrübəsi, ya da hər hansı ekstremal şərait tələb olunur. İnsan özünü tanıyandan sonra yenə başqa cildlərə girərək yaşayırsa, artıq həyatını hədərə yaşamış olur.