Sultan və Vəzir

Bir vəzir 30 il idi ki, hökümdara xidmət edirdi. Öz sədaqəti, doğru danışmağı, Allaha inamı ilə hamının böyük hörmətini qazanmışdı. Ancaq o öz dürüstlüyü ilə sarayda çoxlu düşmən qazanmışdı. Onlar vəzirin ikiüzlülüyü və xəyanətkarlığı barədə şaiyələr yayır, hər gün sultanın qulağına vəzir haqqında böhtanlar pıçıldayırdılar. Nəhayət, təqsirsiz vəzirə qarşı sultanda şübhələr yarandı və o, uzun illər ona sədaqətlə xidmət etmiş vəziri ölümə məhkum etdi. Bu ölkədə ölümə məhkum edilmişlərin əl qolunu bağlayır və sultanın yırtıcı ov itlərinin saxlandığı qəfəsə atırdılar. İtlər isə dərhal onları tikə-tikə edirdi. Ancaq vəziri köpəklərin qabağına atmazdan əvvəl, ondan son arzusunu soruşdular. Vəzir dedi: “Borclarımı qaytarmaq, mənə borcu olanlardan pullarımı yığmaq, mənə əmanət olunmuş əşyaları sahiblərinə geri vermək, var dövlətimi uşaqlarım və yaxın adamlarım arasında bölmək üçün mənim edamımı on gün təxirə salın”. Sultan vəzirə qaçmağa cəhd etməyəcəyi baradə and içdirib onun arzusunu yerinə yetirdi. Vəzir tez evə gəlib, yuz qızıl sikkə götürdü və sultanın itlərinə baxanın yanına gəldi. O yüz qızılı sultanın itlərinə baxanın qarşısına qoyaraq dedi: “İtlərə on gün qulluq etməyə mənə icazə ver”. Sultanın itlərinə baxan isə bu şərtə razı oldu. Vəzir on gün itlərə qulluq etdi, onlara nəvaziş göstərdi, sevə-sevə tüklərini daradı və yaxşı yedizdirdi. On günün axırında itlər artıq onun əl-ayağını yalayırdılar. On birinci gün vəzir sultanın hüzuruna getdi və bütün iddihamlar yenidən onun üzünə oxundu.

Sultan vəzirin əl qolunun bağlanmasına və itlərin qarşısına atılmasına tamaşa edirdi. Lakin itlər vəziri görən kimi onun ayaqlarına yıxılıb, quyruqlarını buladılar. Onlar sevinərək atılıb düşür və vəzirlə oynayırdılar.Sultan və buna şahid olanlar gördükləri mənzərə qarşısında dəhşətə gəldilər.Sultan itlərin nə üçün ona toxunmadığını soruşanda vəzir cavab verdi: “ Mən bu itlərə on gün qulluq etmişəm. Bunun nəticəsini isə hər biriniz görürsüz. Lakin mən sədaqət və düzlüklə sənə 30 il qulluq etdim, nəticəsi nə oldu? Düşmənlərimin iftirası ilə ölümə məhkum edildim”. Sultan vəzirin bu sözlərini eşidib, utandığından qızardı. O, vəziri təkcə əfv etmədi, həm də ona gözəl xalat verdi. Böhtançıların mühakiməsini isə onun özünə tapşırdı. Xeyirxah vəzir isə onlara azadlıq verdi və onlarla yaxşı davrandı.

Mənbə: “İncə məharətlər”. Ərəb müdrikliyi və fəndgirliyi məcmuəsi-13əsr

5 şərh

fidan
Təəssüf ki bəzən dostlar həmin bu şah kimi hərəkət edir. Uzun müddət yaxın olmaq,bir yerdə çox çətinliklərdə olmağa baxmayaraq bzən bu şah kimi dostun üstündən xətt çəkmək istəyirlər.

P.S. Vəzir ağıllı olub:))
bloqçu
Etibar çox önəmlidir. Demək ki, sultanın içində də vəzirə qarşı bir etibarsızlıq var imiş ki, o da əsassız olaraq deyilənlərə inanıbmış…
IDEAL
Bəzən yaxşılığın axırında pisliklə qarşılaşırsan. Bu barədə daha maraqlı bir hekayə var və istərdim sizlərlə də bölüşüm. Vaxt tapsam çalışacam onu da yerləşdirim.
Nailə_Rzayeva
Nə etməli və çox təəssüf ki,  bu cür hallara hər zaman rast gəlmək mümkündür…
Magicboy
Vəzir nəinki ağıllı, həm də zirək və bacarıqlı olub.