Рейтинг
+262.52

Düşündürücü hekayələr

204 üzv, 570 topik

Kimyəvi yağışlar - Məlik Rza

Dünən qarşıdakı binanın küçəyə baxan üzünü rəngləyib bitirdilər. Yeniyətmə oğlanların çöhrəsi kimi bulanıq, kirli yaşıl rəngə boyanmış daşları səhərdən axşamacan izləyərkən illər əvvəl qəsəbənin bəyazlığın bətninə gömüldüyü, insanların evlərinə itkin düşdüyü çovğunlu günü xatırladım.
Buz dənizində adacıqlar kimi boy verən sovet binalarının torpaq rəngi ətrafı nağıl aləminə çevirmiş, küçələrdə göz yaşları ilə bitən qartopu karnavalları başlamışdı. Mən isə qışqırıqları ərşə ucalan yaşıdlarım kimi qartopu oynamır, sərsəri itlərlə təkcənə dolaşırdım. Cismim akvariumdakı balıq tək dizə qalxmış qarda üzərkən torpaq rəngi binalardan ruhumun gizlininə sakitcə axır, canım qəribə əsrarın şirinliyinə yenilirdi.

Davamı →

Hansı yarandan öpsəm | Sevinc Vaqifqızı

Ağdama gedirəm...
Arzular şəhərinə, doğulduğum, 16 yaşımadək xoşbəxt uşaqlıq illəri yaşadığım şəhərimə...
Həftənin 5-ci gününə planlaşdırılan Ağdam səfərinə gedəcəyimizi qızımdan başqa heç bir doğmama deməmişdim. Bilirdim ki, başda anam olmaqla hamı nigaran qalacaq. Gecəni dirigözlü açdım. Axı 44 yaşımdan 16-ya atalı-analı günlərimə dönəcəkdim.

Davamı →

Div olanda noolar? – Günel Şamilqızının povesti

 O, Məlikməmməd olanda dünya nağıl dövrünü yaşayırdı. Nağılçı üç almanı paylayandan sonra bütün körpələr yuxuya getdi. O da başqa zamana, başqa dünyaya düşdü. Hər şey atasının bağında, həmişəki kimi alma üstündə başlamışdı. Kimsə onun padşah atasıyla zarafat eləmişdi ki, bu ağaclarda bitən bəhər ölümsüzlük gətirir. Bəlkə də almalar oğurlanmasaydı, padşah bu axmaq zarafata inanmazdı. Amma görünür, kimsə şahdan da betər inanmışdı meyvə yeməklə fələkdən əbədi həyat oğurlaya biləcəyinə.

Davamı →

Evlənsən də peşmansan, evlənməsən də

Yay tətilini bol günəşli, qızılqumlu dənizdə gənc və gözəl həyat yoldaşı Baharla birgə keçirən İsa birdən qəti şəkildə münasibətlərinin dalana dirəndiyini başa düşür, anlayır ki, artıq bu cür ağrılı evliliyi davam etdirməyin mənası yoxdur. O, Bahara dost qalmaq şərtiylə ayrılmağı təklif edir, qadın isə ondan o qədər əlini üzüb, dərhal: “Ayrılaq, heç dost qalmaya da bilərik”, — deyir.

Davamı →

Şlyapalı Dayanacaq

Günlərin bir günü, ayların şən ayı, illərin xoş ili, həftənin ilk səhəri İşığın nənəsi yuxudan ayılıb gördü ki, masanın üstündə yaşıl almalarla dolu meyvə qabına söykədilmiş bir məktub var. Nənə ipək şalını çiyninə salıb, eynəyini gözünə  taxdı və məktubu oxumağa başladı...
«Nənəcan, sabahın xeyir!
Mən sənin nağıllarda danışdığın Xoşbəxtlər şəhərini axtarmağa gedirəm. Oranı tapan kimi qayıdacağam və səni də özümlə ora aparacağam. Mən qayıdanacan balkondakı pomidor şitillərimizə yaxşı bax. Öpüb bağrıma basıram səni».

Davamı →

Zamanın nəhayətsiz zənciri

Qatar işıqları yanan birmərtəbəli kiçik stansiyada dayanmadan sovuşdu. Nərgiz stansiyanın adını da oxuya bilmədi.
— Nərgiz, qızım, siz niyə yatmırsınız? — Aleksey Markoviçin sakit, mehriban səsi Nərgizi fikirdən ayırdı.
Bir saatdan çox idi ki, Nərgiz yatmağa çalışırdı, ancaq mümkün olmurdu. O gözünü yuman kimi anasının fəryadını eşidirdi. Elə bil anası qaranlıqda gedən qatarın dalınca qaçır, qatarı yaxalayıb saxlamaq istəyir, buna gücü çatmırdı.

Davamı →

İnsanın əzəməti – Dino Butsatinin hekayəsi

Keşikçilər çəlimsiz və saqqallı qocanı zülmətə qərq olan zindan qapısından içəri atdıqları vaxt artıq axşam düşmüşdü.
Qocanın saqqalı bəmbəyaz və iri idi, az qala özü boydaydı hətta. Qismən qaranlığa, qismən isə zülmətə bürünən kamerada onun saqqalından ətrafa zəif işıq dalğalarının yayılması digər məhbuslara müəyyən bir təəssürat bağışlayırdı.

Davamı →

Başından bezən adam haqqında esse

Zəhəri içmək lazımsa,
Biryolluq içəsən gərək,
Vaxtı uzatmaqla sovuşmur bəla.
A.S .Qriboyedov, “Ağıldan bəla”

Sakif çox az yeyir, pis yatırdı. Yataqdan könülsüz, süst, qarmaqarışıq fikirlərlə qalxırdı. Qalxmırdı, özünü qalxmağa məcbur edirdi. Gözünü açanda daxilində üzücü bir boşluq hiss edirdi, elə bil, labüd bir bəlanın baş verəcəyini qabaqcadan duyurdu. Son iki ildə başqalarının əzab-əziyyətinə qarşı çox həssas olmuşdu. Kobudluğa, laqeydliyə, biganəliyə dözə bilmirdi. Özünü yer üzündə bədbəxtlərin bədbəxti hesab edirdi. Evdə ölüm sükutu hökm sürürdü. Hər axşam o, özü ilə əzablı mübarizəyə başlayırdı. Ümidsizlikdən və əzabdan gözlərinin altı vaxtından xeyli əvvəl qırış-qırış olmuş, beli bükülmüşdü.

Davamı →

Bizim analarımız, bizim atalarımız

Gözləri küçəyə zillənmişdi, fəqət, ağlı hardasa — lap uzaqda veyillənirdi.
Uzaqda deyəndə ki… polislər, hərbçilər… — ağlı bir küçə uzaqlaşa, ya uzaqlaşmaya...
Çit pərdə qabarır, stula ilişib çırpınır, boşalıb çəkilir.
Güləndam kətan ağlarını, yastıq üzlərini, qırmızı naxışlı əl-üz dəsmallarını ipə asır, ağlar yellənir, Səmədin içində bir cüt qanad titrəyir.
Güləndam əyilir, qalxır...
Ağların arasında ağ xəyalın sirli-sehrli rəqsi...
Güləndam ağ quşa çevrilir, ağların arasından ağ işığa bülənd olur.

Davamı →

Tuta bilmədiyim iki adam

Elə həqiqətlər var ki, kimisə ona inandırmaq kifayət etmir. Bəzi həqiqətləri hiss etdirmək də lazım gəlir.
Şarl Lui Monteskyö
Həyat və yaradıcılığına azdan-çoxdan bələd olduğum yazıçıların niyə yazdıqlarını, nə üçün yaşadıqlarını, həyatdan nə istədiklərini aşağı-yuxarı tuta bilmişəm. Tutmaqda olmazın çətinliyin çəkdiyim iki adam var. Bu iki adamdan biri Jan Jak Russodur.

Davamı →