Göbələk xəstəliyi

Ayaqda göbələk infeksiyaları çoxlarını narahat edən problemdir. Bu xəstəlik çox geniş yayılıb və yaranma mənbəyi də natəmizlikdir. Qulluq olmayan, natəmiz saxlanılan ayaqlar birbaşa xəstəlik mənbəyidir.

Yoluxucu xəstəlik olan ayaq göbələyi əsasən barmaqların arasında əmələ gəlir. Tez-tez tərləyən, immuniteti zəif olan adamlar, diabetli xəstələr və idmançılarda göbələk infeksiyası riski daha çoxdur. Tibbi dildə “pəncə mikozları” adlanan bu problem əsasən natəmizlikdən yaranırsa, bəzən də burada ətraf mühitin, ayaqqabıların böyük təsiri olur.

Dermatoloq Azər Qocayevin sözlərinə görə, əgər insan uzun müddət çimmirsə, ayağı tərləyirsə, geyindiyi ayaqqabı keyfiyyətsiz istehsalçı tərəfindən istehsal olunubsa, yaxud köhnə ayaqqabını üç-dörd il geyinirsə, həmin adamlarda pəncə mikozu yaranma riski olur. İctimai yerlərdə, ümumi hamamlarda, saunalarda, idman zallarında, spa mərkəzlərində olan adamlar daha çox ehtiyatlı olmalıdırlar.

Göbələk bakteriyaları ətraf mühitdə hər yerdə mövcuddur. Bu canlıların yaşayıb çoxalması üçün rütubət və isti yerler əlverişlidir. Tərləyən ayaqlar isə bu baxımdan ideal məkandır.

Ayaqlarla yanaşı, göbələklər dırnaqlara, dırnaqaltı toxumalara da düşərək infeksiya yaradır. Bu zaman ayaqlarda xoşagəlməz iy, dırnaqlarda sarı, yaşıl və ya qəhvəyi rəngli ləkələr əmələ gəlir.

Ayaqların bu xoşagəlməz canlılardan qorunmasına gəlincə, həkimlər müxtəlif preparatlar, maz və spreyləri məsləhət görür. Eyni zamanda tövsiyyə olunur ki, ilk növbədə təmizliyə riayət olunsun. Su, sabun, yoddan istifadə etməklə, ayaqlar təmiz və quru saxlanmalı, corablar tez-tez dəyişilməlidir. Ayaqqabı alarkən diqqətlə seçmək lazımdır. Həmçinin ayağın ölçüsünə uyğun ayaqqabı alınmalıdır. Geyinib-soyunma otaqları, üzgüçülük hovuzları, ortaq istifadə edilən duş və vannalar, manikür və ya pedikür alətləri göbələk xəstəliyi üçün əsas mənbələr olduğundan, ehtiyatlı olmaq tələb olunur.

Göbələyə yoluxmuş ayaqlar türkəçarələr ilə də müalicə edilə bilər. Bunun üçün ən yaxşı vasitə nanədir. Belə ki, nanə əzilib üzərinə bir miqdar duz tökülür. Alınan məhlul barmaqların arasına qoyulur.

Daha bir müalicə metodu isə qara çaydır. A.Qocayevin sözlərinə görə, çayın tərkibi quruducu qabiliyyətə malikdir. “Qara dəmlə kompres yaranı qurudur. Köhnə dəmdə cunanı isladıb kompres kimi ayağa qoymaq olar. Bu kompres 5 dəqiqədən bir dəyişdirilməlidir”.

 

0 şərh