Dəri xəstəlikləri

Dəri xəstəlikləri ilkin mərhələdən aydın nəzərə çarpan, yəni xarici təzahürlü patologiyalardır. Onların bu xüsusiyyəti xəstəliyin vaxtında aşkarlanmasına və aradan qaldırılmasına kömək edir. Digər tərəfdən isə xarici əlamətləri qısa zaman ərzində itməyən patologiyalar insanda psixoloji diskomfort yaradır.
Dəri qatlarının xəstəlikləri
Dəri xəstəlikləri
Hər bir dəri qatında özünəməxsus xəstəliklər inkişaf edə bilər. Dərinin ən üst qatı, yəni epidermis üçün dəmirov və qoturluq, derma qatına furunkulyoz (çiban), hidradenit, dərialtı piy qatına isə sellülit və lipoma xarakterikdir. Bununla yanaşı bəzi patologiyalar (məsələn, yanıqlar) dərinin bütün qatlarını əhatə edir.
Dəri xəstəliklərinin təsnifatı
Dəri xəstəlikləri 2 qrupa bölünür: infeksion və qeyri-infeksion. Ancaq bu bölgüdən bəzən kənara çıxılır. Belə ki, seboreik dermatit göbələk tərəfindən törədilir. Ancaq immunitet zəifləmədikdə özünü bəlli etmir. Həmçinin patoloji prosesin kəskin dövründə infeksiyalar sonradan qoşula bilər. Məsələn, pullu dəmirovlu xəstələrdə tez-tez irinli səpkilər əmələ gəlir.
Dermatoloqa ən çox hansı dəri xəstəlikləri ilə müraciət edirlər?
Kəskin infeksion patologiyalardan fərqli olaraq, xroniki dəri xəstəlikləri insanı uzun zaman narahat edir. Statistik məlumatlara əsasən pasiyentlər arasında ən çox rast gəlinən dəri xəstəlikləri qrupuna dermatozlar və dermatitlər aiddir. Bunlar qeyri-infeksion təbiətli xəstəliklərdir. Adı çəkilən patologiyalar dəridə rəng dəyişikliyi, qaşınma, pulcuqlanma ilə müşahidə edilirlər. Onlara immun çatışmazlığından və allergiyadan əziyyət çəkən böyüklərdə, eləcə də uşaqlarda təsadüf olunur.
Dəri xəstəlikləri yoluxucudurmu?
Qaşınma, ağrı və digər xoşagəlməz hissiyatlar istənilən dəri patologiyasının əlaməti ola bilər. Bu səbəbdən xəstəliyin sağlamlığa nə qədər zərərli olduğunu və daha önəmlisi yoluxuculuğunu aydınlaşdırmaq məsləhətdir.

  • Dermatit və dermatozlar, həmçinin psoriaz yoluxucu deyildir. Ancaq bu xəstəliklər insanın fiziki və psixoloji vəziyyətini bəlli dərəcədə poza bilər. Erkən əlamətlərlə üzləşdikdə dermatoloqun konsultasiyasından keçmək lazımdır.
  •  Atopik dermatit körpələrdə inkişaf edən allergik xəstəlikdir. Dermatit qaşınma, üz, boyun, başın tüklü hissəsi və təbii dəri büküşlərində (qolaltı, dirsək, diz, qasıq) səpkilərlə təzahür edir. Dərəcəsindən asılı olaraq, yüngül və ya ağır gedişata malikdir.
  •  Allergik dermatitlər atopik formadan fərqli olaraq, böyüklərdə qida və təmas qıcıqlandırıcılarına qarşı reaksiya nəticəsində formalaşır. Qida allergiyası həmin məhsulun qəbulundan sonra 24 saat ərzində yaranır. Allergik səpkinin lokalizasiyası fərdi xarakter daşıyır. Təmas allergiyasında isə iltihabi reaksiya və dəri dəyişiklikləri bilavasitə dərinin qıcıqlandırıcı ilə kontaktda olduğu nahiyədə meydana çıxır. Misal üçün: saç boyasına qarşı allergiya baş dərisinin qaşınması, şişkinlik, qızartı ilə müşayiət edilir.   
  •  Seboreik dermatit dəridə yağ hüceyrələrinin normadan artıq sintez olunması ilə əlaqəlidir. Xəstəlik Malassazea tipli göbələklər tərəfindən törədilir. Patologiyanın təzahürləri piy vəzilərinin çox olduğu yerlərdə (başın tüklü hissəsi, burun-dodaq üçbucağı, qulaqarxası nahiyələr, göbək, döş, kürək sümükləri arasında, qoltuq altı) aşkarlanır. Bu zaman dəri səthində asanlıqla qopan kiçik ölçülü, ağımtıl rəngli pulcuqlar izlənilir.

Dermatozlar
Bunlara ekzema, neyrodermit və psoriaz aiddir.
Ekzema dərinin xroniki residivləşən xəstəliyi olub, iltihab, səpki, yanğı hissi ilə xarakterizə edilir. Bükücü oynaqların səthində və bədənin simmetrik bölgələrində inkişaf edir. Onun fərqləndirici xüsusiyyəti səpkilərin dövrülüyüdür.
Neyrodermit 2 patoloji prosesin nəticəsi: vegetativ sinir sisteminin fəaliyyətində pozğunluq və allergik reaksiya ilə əlaqədar əmələ gəlir. Şiddətli qaşınma yuxu və normal həyat ritminə mane olur. Neyrodermitin məhdud və diffuz formaları vardır. Belə xəstələrdə dəri quruyur, iltihablaşır və kobud şəkil alır. Zədələnmə nahiyələrində piqment ləkələri əmələ gələ bilər.
Psoriaz xroniki dəri xəstəlikləri arasında ən mürəkkəb və ağır forma sayılır. Müəmmalı gedişi və yaranma mexanizmi ilə fərqlənir. Bu xəstəlik yaş, cins, sosial status və həyat tərzindən asılı olmayaraq inkişaf edir. Psoriatik ərplər dirsək, diz büküşlərində, başın tüklü hissəsində, pəncə və ovuclarda, oynaqların xarici səthlərində müşahidə oluna bilər.
Dəri xəstəlikləri zamanı müalicə
Müalicə sistem şəklində aparılmalıdır. Bu məqsədlə hormonal və qeyri-hormonal preparatlar təyin edilir. Hormon əsaslı maz və kremlərin təsir maddəsi qlikokortikosteroidlərdir. Həmin dərmanlar iltihabı tez bir zamanda aradan qaldırır, immun reaksiyaları ləngidir. Bunlara Uniderm, Kenakort, Sinalar, Arkiderm, Kortef misaldır. Qeyri-hormonal preparatlara isə Sinokap (sink pirition tərkibli), Naftalan, İxtiol, Dermatol, Kartalin və digər mazlar aiddir.
Sonda onu da qeyd edək ki, ilk baxışdan dəri xəstəlikləri yüngül görünsə də, onlara etinasız yanaşmaq olmaz. Belə hallarda özbaşına müalicə əvəzinə, vaxt itirmədən dermatoloqa müraciət etmək gərəkdir.
 
 
Mənbə: kosmetologiya-dermatologiya.az

0 şərh