Dərmanlar və onların növləri

Xəstəliklərin müalicəsi və profilaktikası üçün müxtəlif bitki, heyvan və mineral mənşəli maddələrdən dərman preparatları hazırlanır.
Dərman maddələri və dərman xammalı tibbi praktikada işlədilməzdən əvvəl müəyyən üsullarla emal edilir. Bundan sonra dərman maddəsi dərman preparatı adlanır.
Tibdə işlədilən dərman preparatları konsistensiyalarına görə üç növ olur.
1. Sərt və ya bərk dərman formaları (tozlar, kapsullar, tabletlər, drajelər və s.).
2. Yumşaq dərman formaları (məlhəmlər, linimentlər, pastalar, plastırlar, şamlar, kürəciklər, çubuqcuqlar və s.).
3. Maye dərman formaları (məhlullar, inyeksiyalar, damcılar, emulsiyalar, dəmləmələr, bişirmələr, cövhərlər, şirələr, miksturalar yaxud qarışıqlar və s.).
4. Dərman maddələrini təsir növlərinə görə qruplaşdırırlar. Dərmanların aşağıdakı təsir növləri vardır:

1. Yerli və ümumi təsir. Yerli təsir orqanizmin müəyyən nahiyəsinə, dərmanın işlədildiyi yerə göstərilən təsirdir ki, bu da keyidici, qıcıqlandırıcı, dezinfeksiyaedici və s. olur. Ümumi təsir isə dərmanın qana sorulduqdan sonra bütün orqanizmə göstərdiyi təsirdir. Dərmanların ümumi və yerli təsir göstərməsi şərti qəbul olunmuşdur. Hər bir dərman yerli təsirlə yanaşı, müəyyən dərəcədə ümumi təsir də göstərir.
2. Reflektor təsir. Bu təsir dərman maddələrinin hissi sinir uclarına olan təsiri nəticəsində mərkəzi sinir sisteminin iştirakı ilə həyata keçirilir. Reflektor təsir çox tez baş verir, lakin qısamüddətli olur. Məsələn, tənəffüs fəaliyyətinin kəskin zəifləməsində xəstəyə naşatır spirti iylədirlər ki, bu da burun boşluğundakı selikli qişa reseptorlarını qıcıqlandırır, uzunsov beyindəki tənəffüs mərkəzini oyadır və tənəffüs yaxşılaşır.
3. Bilavasitə və dolayı yolla təsir. Bilavasitə təsir dərman preparatının müəyyən orqana və ya toxumaya birbaşa ilkin təsiridir. Dolayı yolla təsir isə digər orqan və ya toxuma vasitəsilə göstərilən ikincili təsirə deyilir.
4. Dönən və dönməyən təsir (Əksər dərmanlar dönər təsir göstərir). Dönən təsir müəyyən müddətdən sonra keçib gedir. Dönməyən təsir isə həmişəlik qalır (Belə dərmanlar azlıq təşkil edir).
5. Əsas və yanaşı təsir. Əsas təsir dərman maddələrinin göstərdiyi müalicəvi təsirdir. Yanaşı təsir isə lazımsız, arzu olunmayan, bəzən də hətta zərərli təsirə deyilir.
6. Etiotrop və simptomatik təsir. Etiotrop təsir xəstəliyin səbəblərinə və amillərinə qarşı yönəldilmiş təsirdir. Simptomatik təsir isə xəstəliyin simptomlarına, əlamətlərinə qarşı olan təsirdir.
7. Kombinəedilmiş təsir. Bir neçə dərmanın eyni vaxtda və eyni məqsədlə işlədildiyi zaman verdiyi effektə deyilir. Sinergist dərmanlar eyni istiqamətdə təsir göstərən dərmanlardır. Antaqonist dərmanlar isə bir-birinin əksinə (zidd) təsir göstərir. Bunlardan zəhərlənmələrdə geniş istifadə olunur.
Dərman maddələrinin təsiri onların dozasından da çox asılıdır. Gözə çarpacaq təsir göstərən dərman maddəsinin ən kiçik miqdarına hüdudi doza deyilir. Hər bir dərmanın minimal və maksimal dozası olur.
Dərman maddələrinin təsir xarakteri və qüvvəsi onların orqanizmə daxil olma yollarından da asılı olur.
Dərmanların təsiri onların orqanizmdəki taleyindən də çox asılıdır. Dərmanlar orqanizmdə tərkiblərinə uyğun olaraq müxtəlif dəyişikliklərə uğrayır. Onların təsir qüvvəsi bu dəyişikliklərdən çox asılı olur.
Dərmanların təsir qüvvəsi və xarakteri onların bədəndən xaric olma yollarından da çox asılıdır. Tez xaric olanlar qısa müddətli, gec xaric olunanlar isə uzunmüddətli
təsir göstərir.        
Dərmanların təsiri üçün ikinci siqnal sisteminin, inamın rolu böyükdür. Dərmanların təsiri insanların cinsiyyətindən və yaşından, fərdi xüsusiyyətlərindən də çox asılı olur.
Dərman preparatları eyni aktivliyə malik olmalı, standarta uyğun gəlməlidir. Dərman maddələrinin aktivliyi adətən, təsir vahidləri - TV ilə ifadə edilir.
Çox zaman dərman maddələrinin təkrar daxil edilməsi onların təsirinin azalmasına və ya güclənməsinə səbəb olur.
Dərman maddələri təkrar qəbul edildikdə onların təsirinin artması və ya toplanması kumulyasiya adlanır. Belə maddələr orqanizmdən gec xaric olunur və bəzən orqanizmdə yığılıb qalır.
Bəzi dərmanlar orqanizmdə sensibilizasiya törədir. Sensibilizasiya orqanizmin ekzogen və ya endogen mənşəli antigenlərə (allergenlərə) qarşı həssaslığının yüksəlməsidir ki, bu da allergiyanın əsasını təşkil edir.
Tibbi praktikada olduqca çox dərmanlar işlədilir. Odur ki, onlar haqqında tam təsəvvür yaratmaq üçün dərmanları oxşar xüsusiyyətlərinə görə qruplaşdırırlar. Ən geniş yayılmış təsnifat dərmanların həm farmakoloji təsir xüsusiyyətləri və həm də kimyəvi tərkibi əsas götürülən qarışıq təsnifatdır. Sistem prinsipinə əsaslanan təsnifata görə dərmanlar aşağıdakı qruplara bölünür:
1) neyrotrop, yəni mərkəzi və periferik sinir sisteminin funksiyalarını tənzim edən dərmanlar;
2) işlək orqan və sistemlərin (qan dövranı, tənəffüs və s.) funksiyalarını tənzim edən dərmanlar;
3) maddələr mübadiləsini tənzim edən dərmanlar. Bundan əlavə, ateroskleroz, iltihab, allergiya, blastomogenoz kimi patoloji proseslərə təsir edən, mikrob əleyhinə və parazitlərə qarşı dərman qrupları ayırd edilir. Bütün bu qruplar bir sıra yarımqruplara bölünür.

 

0 şərh