Antibiotiklər haqqında

Antibiotiklər mikroorqanizmlərin metabolizminin son məhsulları olmaqla güclü antimikrob təsirə malikdirlər. Mikroorqanizmlərin kultivasiyası müddətində onlar qidalı mühitə ifraz olunur və qidalı mühitlərin tərkibindən kimyəvi yolla ayırmaqla əldə edilir. Bəzi hallarda antibiotikləri yarımsintez və sintez yolu ilə əldə edirlər.
Antibiotiklərin təsnifatı: Antibiotiklər mənşəyinə, kimyəvi tərkibinə, antimikrob təsir mexanizmlərinə, aktivlik spektrinə görə təsnif edilir.
Mənşəyinə görə: antibiotiklər mikrob, bitki və heyvan mənşəli ola bilərlər.
Mikrob mənşəli antibiotiklər aşağıdakı qruplara bölünür:
  • Bakteriya mənşəli antibiotiklər (polimiksin, qramisidin və s.)
  • Aktinomiset mənşəli antibiotiklər (streptomisin, tetrasiklin, xloramfenikol və s.)
  • Göbələk mənşəliantibiotiklər (penisillinlər, sefalosporinlər və s.)
Bitki mənşəli antibiotiklər müəyyən bitkilərdən, əsasən efir yağlı bitkilərdən alınır. Fitonsidlər adlanan bu antibiotiklər davamsız birləşmələr olduğundan onlar az istifadə edilir. Xlorofillipt, sanqvitrin, müxtəlif efir yağlarinisbətən daha çox tətbiq edilir. Azərbaycan florası efir yağlı bitkilərlə xüsusilə zəngindir.Bu bitkilərdən alınan efir yağlarının güclü antimikrob xassəsi aşkar edilmişdir.
Heyvan mənşəli antibiotiklər  (lizosim, interferon və s.)
Kimyəvi tərkibinə görə ən çox istifadə edilən antibiotikləri aşağıdakı qruplara ayırmaq olar:
  • beta-laktam antibiotiklər – tərkibində beta-laktam həlqəsi olan    heterosiklik  birləşmələrdir. (penisillinlər, sefalosporinlər, karbapenemlər, monobaktamlar)
  •   Penisillinlər. Təbii benzilpenisillinlər Penisillium cinsli göbələklər tərəfindən sintez edilir, əsasən qram müsbət və bəzi qram mənfi bakteriyalara antimikrob təsir göstərir. Orqanizmdən çox tez xaric olunur, peroral qəbul edildikdə parçalanır, beta-laktam həlqəsini parçalayan fermentlərlə — beta-laktamazalarla inaktivləşirlər. Penisillinin uzunmüddətli təsir preparatları (bisillinlər) əzələlərdə depo yaradaraq bir neçə həftəyə qədər təsir edir. Bisillinlər sifilisin müalicəsində, revmatizmin residivlərinin profilaktikası üçün istifadə edilir.
  •   Sefalosporinlər. Geniş təsir spektrinə malik olub, qram mənfi bakteriyalara qarşı daha aktivdirlər. Təbii sefalosporinlər Sephalosporum cinsli göbələklər tərəfindən sintez edilir. Hazırda yarımsintez üsulu ilə hazırlanan sefalosporinlər daha geniş tətbiq edilir. Tətbiq ardıcıllığına, aktivlik xüsusiyyətlərinə görə fərqlənən 4  nəsl preparatlar fərqləndirilir. Bir nəslin preparatları digər nəslin preparatlarını əvəz etmir, ancaq onların xassələrini tamamlayır.
  • I nəsil sefalosporinlər (sefalozin, sefalotin və s.) — qram müsbət bakteriyalara qarşı daha aktivdirlər, beta-laktamazalarla parçalanırlar.
  • II nəsil (sefuroksim, sefaklor və s.) – qram mənfi bakteriyalara qarşı daha aktivdirlər, beta-laktamazaların  təsirinə davamlıdırlar.
  • III nəsil (sefotaksim, seftriakson, seftazidim və s.) – qram mənfi bakteriyalara qarşı daha aktiv,  beta-laktamazaların təsirinə yüksək dərəcədə davamlıdırlar.
  • IV nəsil (sefoksitin,sefepim və s.) — əsasən qram müsbət və bəzi qam mənfi bakteriyalara, eləcə də göy-yaşıl irin çöplərinə qarşı antimikrob təsirə malik olmaqla, beta-laktamazalarin təsirinə davamlıdırlar.
    antibiotik
  •        Karbapenemler (imipenem və s.) – beta-laktam antibiotikləri arasında ən geniş təsir spektrinə malik olmaqla beta-laktamazalara davamlıdırlar.
  •       Monobaktamlar  (aztreonam və s.)   -  məhdud təsir spektrinə malik olmaqla, qram mənfi bakteriyalara,o cümlədən göy yaşıl irin çöplərinə qarşı aktivdirlər, beta-laktamazaların təsirinə davamlıdırlar.
  • makrolidlər – aminşəkərlərlə birləşmiş makrosiklik lakton həlqəsinə malik antibiotiklərdir. Geniş təsir spektrinə malik olmaqla qram müsbət və bəzi qram mənfi bakteriyalara, o cümlədən hemofil bakteriyalara, hüceyrədaxili mikroorqanizmlərə, o cümlədən xlamidiyalara qarşı aktivdirlər.
  • azalidlər – Bu qrupun əsas preparatı olan azitromisin  faqositlərdə toplanaraq onların daxilində faqositoz olunmuş mikroorqanizmlərə qarşı antimikrob təsir göstərir.
  • tetrasiklinlər – Streptomyces cinsli aktinomisetlər tərəfindən sintez edilir, tərkibi dörd həlqəvi birləşmədən ibarətdir. Hüceyrədaxili mikroorqanizmlərin törətdiyi infeksiyalarda daha çox tətbiq edilir.
  • aminoqlikozidlər -  tərkibi aminşəkərlərdən ibarət olan antibiotiklərdir.Bakterisid təsir tipinə və geniş təsir spektrinə malikdirlər.
  • levomisetin – dioksiaminofenilpropan törəməli aromatik birləşmədir. Bakterosid aktivliyə və geniş təsir spektrinə malikdir.Hüceyrə daxili parazitlər də daxil olmaqla spiroxetlərə, qram müsbət   və qram mənfi bakteriyalara antimikrob təsir göstərir.
  • qlikopeptidlər – İri molekullu olduğundan qram mənfi bakteriyaların məsamələrindən çətinliklə keçirlər. Bunun nəticəsində təsir spektri qram müsbət bakteriyalarla məhdudlaşır.Əsasən stafilokok infeksiyalarında istifadə edilir.
  • linkozamidlər – Təbii antibiotik olan linkomisin Streptomyces lincolnensis tərəfindən sintez edilir. Bakteriostatik təsir tipinə malikdir, təsir spektri makrolidlərə oxşardır. Linkomisinin sintetik analoqu olan klindamisin anaeroblara qarşı xüsusilə aktiv olduğundan,anaerob infeksiyaların müalicəsində istifadə edilir. Onun tətbiqindən diareyalar və psevdomembranoz kolit inkişaf edə bilər.
  • rifamisinlər – Streptomyces mediterranei tərəfindən rifamisin komleksi halında sintez edilir. Müxtəlif amillərə qarşı davamsız və təbii yolla alınması çətin olduğundan onun yarımsintetik analoqundan – rifampisindən istifadə edilir. Bakterisid təsir tipinə və geniş təsir spektrinə malikdir.Hazırda əsasən vərəmin müalicəsində istifadə edilir.
  • siklik polipeptidlər – bakteriya mənşəli antibiotiklərdir.Bakterisid təsir tipinə və məhdud təsir spektrinə malikdirlər.Polimiksinlər qram mənfi bakteriyalara, basitrasinlər isə əsasən qram müsbət bakteriyalara təsir göstərir. Toksik olduqları üçün əsasən yerli tətbiq edilir.
  • polienlər – Antifunqal preparatlardır, toksikiliyi olduqca yüksək olduğundan çox vaxt yerli istifadə edilir, sistem xarakterli mikozlarda isə amfoterisin B tətbiq edilir.
 

0 şərh