Allahı qatil edənlər IX hissə

Telefondakı adam elə bağırdı ki, az qaldı qulağı tutulsun:
   
    — Sən orda nə hoqqa çıxardırsan?
   
    — Cənab prokuror, sizin tapşırığınızla cinayəti açmaq istəyirəm. Özü də deyəsən açmaq üzrəyəm.
   
    — Nə cinayət işi? Sən orda camaatı üstümüzə qaldırmaqla məşğulsan. Sənin o kənddə nə itin azıb? Ölkədə elə bir təşkilat qalmayıb ki, sən orda olandan sonra teleqram vurmayalar. Eşitmişəm meyidi yenidən ekspertizadan keçirmək istəyirsən. Camaatın cavan oğlu ölüb, torpağı qurumayıb, sən də qəbri qazdırmaq istəyirsən. 
   
    — Cənab prokuror, əvvəla meyit yarılmadan basdırılıb. İkincisi də, mənim əlimdə xeyli dəlil var.
   
    — Bilmirəm sənin əlində hansı dəlil var, amma onu bilirəm ki, öldürülənlərin qohum-əqrəbaları da səndən şikayət edirlər. Müsəlmançılıqda qəbri açmaq heç bilirsən nədi? Ölənlər məlum, öldürən məlum, day sən nə axtarırsan? Açıq işdir də!
   
    — Cənab prokuror, məsələ sizin və hamının bildiyi kimi açıq deyil. Mən çox incələmişəm o əsgər qatil deyil, onu qatil ediblər. 
   
    — Ay müsəlman, ağzımda bir Quranlıq söz danışıram, sən də başlamısan qatildi, qatil deyil. İşi yekunlaşdır, qayıt geri.
   
    — Cənab prokuror, sizin oğlunuz əsgər olub?
   
    — Nədir ki?
   
    — Soruşuram də! Bu mənim də, sizin də oğlunuzun başına gələ bilər.
   
    — Bura bax, həddini aşma. Sənə əmr edirəm işi yekunlaşdır, dön geri.
   
   Müstəntiq dediyindən geri çəkilmək fikrində deyildi:
   
    — Cənab prokuror, çox xahiş edirəm, mənə bircə həftə vaxt verin, mən o komandiri qandallayım gətirim sizin hüzurunuza. Xalq də həqiqəti bilsin. 
   
   Prokuror istehza ilə soruşdu:
   
    — Kim bilsin, dedin?
   
    — Xalq.
   
   Prokuroru təzədən od tutdu:
   
    — Nə boş-boş danışırsan? Xalq kimdi? Mənə xalqın bilmək istədiyi həqiqət yox, rəhbərliyə sərf eləyən həqiqət lazımdı. Sən hələ bunu anlaya bilməmisənsə get bazarda kartof sat! — dedi və telefonun dəstəyini atdı.
   
   
   
   *** 
   
   Müstəntiqin kəndə qəfil gəlişi, xüsusi ilə də qəbir üstə getməsi, müəllimlərlə görüşməsi hamını çaş-baş salmışdı.
   
    — Deyirlər uşağın günahı yoxuymuşg
   
    — Yazığı o həddə çatdırıblarg
   
    — Çox pis təhqir ediblərmişg
   
    — Deyirlər, qəbri təzədən açacaqlar, yazıq uşağı qəbirdə də rahat yatmağa qoymurlar.
   
   Yas mərasimindən sonra suyu sovulmuş dəyirmana dönmüş həyətə o qədər adam toplaşmışdı ki, oturmağa yer olmadığından çoxu ayaq üstə qalmışdı.
   
   Həyətdə üç mərəkə vardı — kişilər Atanın, qadınlar Ananın, cavanlar isə Böyük Qardaşın başına yığılmışdı.
   
   Ata yenə həmişəki soyuqqanlığını qoruyub saxlayırdı, deyilənlərə o qədər də müdaxilə eləmirdi.
   
    — Müstəntiq nə deyirdi? 
   
    — Nə bilim vallah, nə isə deyirdi də.
   
    — Doğrudan uşağın günahı yox imiş?
   
    — Nə boş-boş danışırsınız, mənim oğlum öz əsgər qardaşlarını öldürüb.
   
    — Bəs, müstəntiq deyirmiş ki...
   
    — Bura baxın, sizə qurban olum, mənim nə çəkidiyimi heç Allah Allahlığıyla da bilmir. Qoyun dərdimi çəkim. Müstəntiq bunu deyib, onu deyibg Müstəntiq əgər mənimlə söhbət eləyibsə, elə söz deməyib. Müstəntiq sadəcə olaraq bu faciənin səbəblərini axtarır. 
   
   Qonşulardan birinin sözü aləmi bir-birinə qatdı:
   
    — O düzdür ki, uşağın qəbrin açacaqlar?
   
   Elə bil Ananın yarasına duz basdılar, çığırdı: 
   
    — O qəbrə əl uzadanın əlini kəsərəm! Mən hələ ölməmişəm!
   
   Böyük Qardaş anasına yaxınlaşıb boynunu qucaqladı:
   
    — Hirslənmə ay ana, sözdü də, kimsə deyib.
   
   Ağbirçəklərdən biri yaylığının ucu ilə yaşarmış gözlərini sildi:
   
    — Heç kim ona qatil deyə bilməz. Bax, bu qucağımda böyüyüb, qız kimi həyalıydı. Bu camaatın gözünün işığıydı.
   
   Başqa bir qadın:
   
    — Eşitdik ki, gələn müstəntiq də uşağın qatil olduğuna inanmır, sevindik, yığışıb gəldik. Camaat istəyir ki, uşağın qanı yerdə qalmasın.
   
   Hadisədən sonra onlarla heç yovuşmaq istəməyən kənd camaatının bu canfəşanlığından elə də xoşlanmayan Ata kinayə ilə dedi:
   
    — Sağ olun, ən ağır günlərimizdə bizi tək qoymamısız. 
   
   Camaat Atanın bu kinayəsini başa düşmədi.
   
   
   
   *** 
   
   Kriminalist dəfələrlə hadisə yerinə getmiş, izi tutub meşədən keçərək örüşə qədər qalxmışdı. Gedib- gəlməkdən az qala bu izi cığıra çevirmişdi. Və bu cığırda da hər ağacı, hər kolu, hər daşı tanıyırdı. Dəfələrlə bu cığırla gedirdi ki, bəlkə nəyi isə nəzərdən qaçırıb, nəyi isə görməyib. Amma nə illah edirdi, atdan o yana keçə bilmirdi, iz atda itirdi. Bu üzəngisiz, yəhərsiz atı kim minmişdi? Bunu bircə at və atı minən bilirdi. Atın dili yox idi soruşa, minən də ki...g Bir-iki dəfə atı sığallamışdı, at da məzlum-məzlum başını çevirib ona baxmışdı ki, məndən nə istəyirsən. 
   
   Hər dəfə də uşaq yüyürüb gəlmişdi və qorxa-qorxa demişdi:
   
    — Əmi, atımızı aparacaqsız?
   
   Gülümsəmişdi:
   
    — Yox oğul, qorxma.
   
   Bu kənddə uşaqdan böyüyə hamını birər-birər öyrənmişdi. Az qala kənddə hamı ilə söhbət eləmişdi, çoxlarını adı ilə tanıyır, camaat onunla köhnə tanış kimi görüşür, evə dəvət edirdi. O isə yalnız at sahibinin evinə dönər, bir stəkan çay içərdi.
   
   Kələfin ucunu bu kənddə axtarır, nə qədər ələk-vələk edirdisə də, amma heç kimin nə Polkovniklə, nə də onun komandirlik etdiyi hərbi hissə ilə nə bir əlaqəsini tapa bilirdi, nə də o ata minəni görən bir nəfəri. Tam yəqin etmişdi ki, bu kənddən kiminsə Polkovniki öldürməsi mümkün deyil, kənddəki camaatın çoxunun hətta dağın o üzündə hərbi hissənin olduğundan da xəbəri yox idi. 
   
   Amma ona inanırdı ki, Polkovniki kim öldürmüşdüsə mütləq bu kəndlə bağlı adamdı, bu kəndi, bu ərazini yaxşı tanıyır.
   
   Kriminalisti ən çox çətinə salan hadisə baş verən gün kəndə gəlib-gedənlərin kimliyini müəyyənləşdirmək idi. Həmin gün kənddə yas yeri olduğundan ətraf kəndlərdən, şəhərdən o qədər insan gəlib-getmişdi ki, onların siyahısını çıxarmaq qeyri-mümkün idi. Toya gələnləri öyrənmək asandı, siyahını götürürsən, vəssalam. Amma yasg
   
   Kriminalist bunu da araşdırmağa çalışmışdı, amma əlinə bir tutalqa keçirə bilməmişdi.
   
   Bütün ehtimalları boşa çıxmışdı, yalnız bircə ehtimaldan başqa — intiqam. Kriminalist gecə-gündüz bu ehtimalın üzərində baş sındırırdı: Polkovnikdən kim və niyə intiqam almalıydı?! Ortada intiqama əsas ola biləcək üç fakt vardı: intihar, ehtiyatsızlıqdan baş verən ölüm hadisəsi və bir də əsgərin yoldaşlarını və özünü güllələməsi.
   
   İntihar hadisəsi ilə Polkovnikin qətli arasında elə bir ciddi əlaqə görmürdü. Əsgər sevdiyi qızın başqası ilə nişanlanması xəbərini eşidəndən sonra özünü qəribə aparırmış, içinə çəkilib hamıdan qaçırmış. Yoldaşları onu tək qalmağa qoymaq istəməsələr də sonda bacarmamışdılar. Komandirin diqqətsizliyi olsa da, bu ölümü onun ayağına yazmaq olmazdı. Əsgərin valideynləri də övladlarının ölümündə heç kimi günahkar bilməmişdilər.
   
   Qalırdı ikinci və üçüncü ehtimal.
   
   Ehtiyatsızlıqdan özünü öldürən əsgərin ailəsi hələ də şikayətçi idi. Oğullarının ölümündə komandirlərini, xüsusilə də Polkovniki təqsirli bilirdilər. Övladları dəfələrlə əsgər yoldaşları tərəfindən incidildiyini, komandirlərinin ona qarşı haqsızlıq etdiklərini məktubla atasına yazmışdı. Atası bir neçə dəfə hərbi hissəyə gəlib komandirlərlə görüşsə də xeyri olmamışdı. Axırıncı dəfə Polkovniklə görüşəndə aralarında söz davası düşmüş, Polkovnik də əsgərlərə onu hərbi hissədən bayıra atmalarını əmr eləmişdi. O da oğluna bir şey olarsa Polkovniki öldürəcəyi ilə hədələmişdi.
   
   Hadisə baş verdikdən sonra çox ciddi təhqiqat aparılmışdı. Amma, həm şahidlərin ifadəsinə, həm də ekspertizanın rəyinə görə, əsgər silahını təmizləyərkən ehtiyatsızlıqdan əlində güllə açılıb qarnına dəymişdi. Hospitala çatdırsalar da, xilas etmək mümkün olmamışdı. 
   
   Amma əsgərin atası nə şahidlərə inanırdı, nə də ekspertizanın rəyinə, hələ də oğlunun ölümündə Polkovniki günahkar bilirdi və demək olar ki, az qala hər gün müxtəlif orqanlara özü məktub yazmaqdan yorulmasa da, həmin orqanlar ona eyni cavabları yazmaqdan nəinki yorulmuşdular, hətta bezmişdilər. Son zamanlar daha cavab da yazmırdılar. Qəzetlərə üz tutmuşdu, müxalif qəzetlər də yazmışdılar-yazmışdılar və onlar da yorulmuşdular. Yalnız hansısa bir hərbi hissədə xoşagəlməz hadisə olanda bir-iki cümlə ilə yada salırdılar.
   
   Ən şübhəli və xoşagəlməz hadisə də o idi ki, Polkovnik qətlə yetirilən günün axşamı kənddə məclis qurub qohum-əqrəbasını, dost-tanışlarını başına yığıb yeyib-içmişdi. Oğlunun ölümündən sonra heç bir toya-şənliyə getməyən bu adamın belə bir məclis qurması şübhə doğurmaya bilməzdi.
   
   Bir şübhəli cəhət də o idi ki, Polkovnikin qətlə yetirilməsini gecə televiziyada xəbərlərdə demişdilər. Bəs necə ola bilərdi ki, televiziyada verilən xəbərdən 2-3 saat əvvəl belə bir şadyanalıq təşkil etsin. 
   
   Və həmin məclisdə də:
   
    — Allah qırx ili gözləmədi, cəzasını verdi! — deyə sevincini gizlədə bilməsin.
   
   Bu xəbər Polkovnikin öldürülməsindən bir neçə saat sonra bu kəndə necə gəlib çata bilərdi, kim çatdıra bilərdi?
   
   
   
   ***
   
    — Siz Polkovnik öldürülən gün saat iki-üç radələrində harda olmusunuz?
   
    — Polkovnik kimdi? 
   
    — Sizin rəhmətlik oğlunuzun qulluq etdiyi hərbi hissənin komandiri.
   
    — Polkovnikin öldürülməsi elə bir ciddi tarixi gün və ya tarixi hadisədir ki, yadımda saxlayım?
   
    — Gəlin ciddi olaq.
   
    — Mən ciddi deyirəm. Rəhmətlik Lenindən başqa tarixi şəxsiyyətlərin öldüyü günü yadımda saxlamıram. Tarixi şəxsiyyətlər bir yana, atamın-anamın öldüyü gün də yadımdan çıxıb.
   
    — Yaxşı, mən həmin günü sizin yadınıza salıramg
   
    — Bilmirəm, yəqin ki, kənddə olmuşam. 
   
    — Alibiniz var?
   
    — Vallah, sir-sifətdən pis oğlana oxşamırsız, amma atanız yaşda olan bir adamla məzələnirsiz. Alibi nədi?
   
    — Yəni həmin vaxt sizin kənddə olduğunuzu, kənddən kənara çıxmadığınızı təsdiq edəcək sübutunuz, şahidləriniz var?
   
    — Dedim ki, həmin gün yadımda deyil. Əgər mənim yadımda deyilsə, nə bilim kənddə kimin yadında qalıb. Gərək ki, meşəyə odun gətirməyə getmişdim. Bizim kənddə qaz yoxdu, elə deyirlər çəkəcəyik, çəkmirlər, gərək indidən tədarük görək. Yaxşı olarkı camaatdan soruşasınız, yəqin ki hafizəsi məndən güclü olanlar bir söz deyə bilərlər. 
   
    — Yaxşı, bunu araşdıraram. İndi deyin görüm həmin gün evinizdə qonaqlıq vermisiz?
   
    — Ağsaqqal adamam, mənə yalan danışmaq yaraşmaz, bu olub. Xəbəri eşidən kənd tökülüb gəlmişdi. Camaatı ac-susuz yola salmayacaqdımkı! Allah verəndən bir süfrə açdıq. 
   
    — Siz həmin məclisdə demisiz ki, Allah cəzasını verdi?
   
    — Bəli, demişəm. Hələ istəyirsiz sizin eşitmədiklərinizi də söyləyim. Hətta demişəm ki, onu vuranın əlinə qurban olum, məndən qeyrətli çıxdı.
   
    — Özünüz deyirsiz ağsaqqal adamsız, bir insanın ölümünə necə sevinə bilərsiz?
   
    — Bilirsiz, cavan oğlan, Allah mənə verdiyi dərdi düşmənimə də verməsin. Kiminsə ölümünə sevinmək insanlıq deyil, kişilik deyil. Amma mən bunu sizə başa sala bilmərəm, heç siz də başa düşə bilməzsiz. O polkovnikdi-nədi, onu öldürməmişəm, alibinin də nə olduğunu çox yaxşı bilirəm. Və əlli alibim var. Bir-bir sayacam. Sizə də məsləhət görürəm heç onu öldürəni axtarıb tapmayasınız da. Yer üzündən bir əclaf, bir namərd azalıb. Əgər onu öldürəni tapmaq və həbs etmək sizin üçün çox vacibdirsə, yazın, altına qol çəkim ki, mən öldürmüşəm. Kişi deyiləm qol çəkməsəm! Onsuz da onu mən öldürməliydim, bəlkə elə əvvəl-axır da öldürəcəkdim. Kim isə kişilik edib mənim görməli olduğum işi görüb. Mən də böyük məmnuniyyətlə o kişinin əvəzinə cəza çəkməyə razıyam. 
   
    — Çox gözəl danışırsız. Sanki kimdənsə hüquq təhsili almısız, ya da kimsə sizi hazırlayıb.
   
    — Bilirsiz, oğulg Bağışlayın sizə oğul dedimg
   
    — Eybi yox, buyurun.
   
    — Mən əkinçi adamam, heç kim də mənə heç nə öyrətməyib. Fikirləşdiklərimi deyirəm.
   
    — Ov tüfənginiz var?
   
    — Var.
   
    — Hardadı?
   
    — Evdə divardan asılıb. Əgər hələ həbs etməmisinizsə gedib gətirə bilərəm. Yox, əgər həbs olunmuşamsa, adam göndərin gedib gətirsin.
   
    — Neçə kalibirdi?
   
    — On iki.
   
   Düz gəlirdi.
   
    — Yaxşı, bir sualım da var. Siz hadisədən bir az sonra bu xəbəri kimdən eşitmisiz?
   
    — Balaca bir ölkədə yaşayırıq, o başda öskürəndə bu başda «Ya haqq Allah» deyirlər.
   
    — Bir az da dəqiq danışsaq?
   
    — Şəhərdəki qohumlar zəng etdilər.
   
    — Nə dedilər?
   
    — Düzünü bilmək istəyirsiz?
   
    — Əlbəttə.
   
    — Gözaydınlığı verirdilər.
   
   
   
   ***
   
   Neçə-neçə bundan da ağır qətlin üstünü açan təcrübəli Kriminalist nə qədər hərləyib-fırlayırdı, sıfırdan başlayıb bildiyi müəyyən nöqtəyə qədər gəlirdi, yenə sonda heç bir şey onun istədiyi kimi alınmırdı. Kələfi aça-aça gəlirdi, sona çatanda yenidən düşürdü qırx arşın quyunun dibinə. İndi gəl kəndirsiz-filansız heç kimin düşmək istəmədiyi, düşənlərin də çıxa bilmədiyi quyudan çıx.
   
   Əlində bir dəmir gilizdən, iki qurğuşun güllədən və bir də heç cürə danışdıra bilmədiyi yabıdan başqa tutalqa yox idi. Bunlar da bir Bermud üçbucağı təşkil edirdi, o da qalırdı indiyədək heç kimin çıxa bilmədiyi bu Bermud üçbucağının içində.
   
   
   
   ***
   
   Atın cidarını açmamışdan öncə yalını sığalladı, üzünü qoydu sinəsinə, sinəsini oxşadı. Atın gözləri böyümüşdü və başını döndərib bu böyümüş gözlərlə ona baxırdı və elə bil həyatda ilk dəfə idi ki, onu belə oxşayırdılar, əzizləyirdilər. At deyəndə bir az böyük çıxır, yabıydı. Bəlkə nə vaxtsa o da at olmuşdu, kişnəmişdi, ayağı ilə yeri cırmaqlayıb fınxırmışdı, madyan belinə qalxmışdı. İndi neçə illər idi qışda onunla meşədən odun daşıyırdılar, yayda ot-ələf, yaxşı ki, arabaya qoşmurdular.
   
   Bu əzizləmə, sinəsini oxşayan ilıq nəfəs atın xoşuna gəldi, nə qədər şüursuz olsa da bu ilıq nəfəs onu yerindən oynatdı, madyan belinə qalxdığı vaxtlardakı kimi qabaq ayağıyla yeri cırmaqlayıb razılıqla fınxırdı. Hiss elədi ki, at onu yaxına buraxdı. Bundan sonra ürəyi çırpına-çırpına ətrafa baxdı, kimsə gözə dəymirdi, yalnız yamacın bir az aşağısında yerin o qədər də düz olmasına baxmayaraq futbol oynayan uşaqlar vardı, onlar da söyüşə-söyüşə top qovalayırdılar. Cidarı açdı və ehtiyatla meşəyə çəkdi, sevindi ki, görən olmadı, ayağını bir kötüyün üstə qoyub qalxdı atın belinə.
   
   Bəlkə yüz dəfə ölçüb-biçmişdi. Hərbi hissəyə maşınla getmək olmazdı, hissə sərhəddə yerləşdiyindən və ondan o yana kənd-kəsək olmadığından bu yoldan yalnız əsgər maşınları keçirdi, bir də adətən bazar günlərində övladları ilə görüşməyə gedən valideynlər.
   
   Bu qədər yolu meşə ilə piyada getmək çox çətin deyildi, amma xeyli vaxt aparardı. O, öz kəndlərindən də atla çıxa bilərdi, amma şübhələnərdilər. Ona görə hərbi hissəyə daha yaxın və qohum-əqrabalarının yaşadığı kənddən bir at tapıb onunla getmək daha ağıllı yol idi. Bu təkcə vaxt qazanmaq demək deyildi, həm də gözlənilməz bir hadisə baş versəydi at onu bu dağda, bu meşədə aradan çıxara bilərdi. 
   
   Tanrı birinin bəxtini bağlasa da, o birinin bəxtini açırdı, kimsə onun ata mindiyini görməmişdi.
   
   İntiqam hissi ömründə intiqamın nə olduğunu bilməyən, bilsə də bunu almağa qabiliyyəti olmayan, heç kəsin toyuğuna Tanrının bircə daşını da atmayan bir insanı əsil qatilə çevirmişdi.
   
   O, Polkovnikin bütün iş qrafikini — hərbi hissəyə nə vaxt gəlir, nə vaxt gedir, hansı günlər maşını özü sürür, hardan haçan keçir — elə dəqiqliklə öyrənmişdi ki, peşəkar qatillər ona həsəd apara bilərdi. Amma o bunu necə öyrənmişdi, bu onun sirri idi. Ən peşəkar qatillər kimi, istəyini həyata keçirəcəyi yeri də dəqiqliklə seçmişdi. 
   
   
   
   Bura döngə idi və keçən maşın mütləq sürətini azaltmalıydı. Həm də bu döngəyə burulan maşınlar bir-iki dəqiqəlik gözdən qaçırdı. Yolun sağ tərəfi daşlıq-qayalıq idi, bəzən, xüsusi ilə də yağışlar yağanda bu daşlar yola dağılardı, hətta yolu kəsərdi, sol tərəf isə meşəlik idi, bir az aşağıda isə dağ çayı axırdı. Polkovniki vurmaq üçün burdan əlverişli yer ola bilməzdi.
   
   Çaya çatanda atdan yendi, atı bir ağaca bağladı və çayı keçib qalxdı yolun kənarına. Elə bir yer seçdi ki, burdan döngədən çıxan maşın yaxşı görünürdü.
   
   Saatına baxdı, Polkovnikin gəlib-keçməsinə çox az qalırdı.
   
   Yolun sağ tərəfindəki qayalıqdakı daşı-kəsəyi yola diyirlədi, yolu təmizləmək üçün maşın mütləq dayanmalıydı.
   
   Sonra iri gövdəli bir palıdın arxasında yerini rahatladı.
   
   
   
   ***
   
    — Olar?
   
   Prokuror nəzərlərini əlindəki qəzetdən ayırdı və eynəyini çıxarıb qapının ağzında dayanmış Müstəntiqə baxdı və qəzeti stolun üstə tulladı:
   
    — Buyurun. Bu qəzetlər də lap ağını çıxarıb, ituşaqları ağızlarına gələni yazırlar, bir balaca gözünü ağardırsan, Avropa tumanını keçirir başına! Otur, de görüm işi bitirdinmi?
   
   Müstəntiq ataların nəsihətini eştiməyib it hürən tərəfə deyil, işıq gələn tərəfə üz tutanda onu nə gözlədiyini çox yaxşı bilirdi və hər şeyi də gözünün altına almışdı. Hələ işıq gələn tərəfə xeyli qalmış divlərin səs-küyü, hənirtiləri nəinki eşidilirdi, artıq qulaqlarını deşməyə başlamışdı. O uşaq deyildi və divlərə gücü çatmayacağını, onların əlindən işığı ala bilməyəcəyini də başa düşürdü. Amma geri dönməyəcəkdi. Nə rütbə, nə də vəzifə o uşaqların qanından qiymətli deyildi. O uşaqlar kimi onun da balaları vardı, bu gün-sabah əsgər olacaqdılar, yox, bu qandan keçməyəcəkdi.
   
   İndi divlərdən birinin qarşısındaydı.
   
   Özünü toparladı və prokurora necə baxdısa — adətən Əmir Teymur sabah asdıracağı adamlara belə baxırdı və həmin adamlar da bu baxışların altında bircə dəfə udqunardılar, damarlarında qan donardı və əslində bundan sonra heç onları asmaq da lazım deyildig
   
   … Nə o Əmir Teymur idi, nə də prokuror sabah asılacaq adam — prokuror bu baxışlara tablamadı udqundu və başladı stolun gözündə nə isə axtarmağa.
   
    — Bitirdim! — dedi və oturdu. Gətirdiyi qovluqları qoydu stolun üstə, sonra həmin qovluqların birini açıb ittihamnaməni qoydu prokurorun qarşısına.
   
   Prokuror yenidən eynəyini taxdı və başladı ittihamnaməni vərəqləməyə. Vərəqlədikcə bir dəfə yox, bir neçə dəfə udqundu, su süzüb içdi, qalstukunu boşaltdı, yenə oxumağa başladı, amma axıracan oxumadı, hirslə bir kənara itələdi və qalxdı ayağa:
   
    — Bu nədi?
   
   Müstəntiq çox soyuqqanlıqla:
   
    — Oxumadınız?
   
   Prokuror az qala bağırdı:
   
    — Sən prokurorluğu barmağına dolamısan! Paqonunu sökdürərəm.
   
    — Qışqırmayın! Qarşınızda oturan uşaq deyil, mühüm işlər müstəntiqdi. Ya bu işi qəbul edəcəksiz, ya da mənim istefa ərizəmi. Paqonumu da sökdürməyə ehtiyac yoxdu, — dedi Müstəntiq; — işi qəbul etməsəniz özüm qoparıb bağışlayacam sizə, ulduzları söküb öz paqonunuza taxarsız. İstefa ərizəmi cırmağı da ağlınıza gətirməyin, qeydiyyatdan keçirmişəm və bir surətini də rəhbərliyə ünvanlamışam. Mənim balalarım var, heç balalarım olmasa da, başımın üstə Allahım var. Mən o uşaqların qanını batıra bilmərəm. Ya Polkovnikin həbsinə icazə verəcəksiz, ya da mən qan batırıb vəzifə alacağıma, sizin buyurduğunuz kimi gedib bazarda kartof, göy-göyərti sataram. Mən nə igid deyiləm, nə də vicdanı təmiz. Amma əclaf da deyiləm. Mən işi tamamlamışam, o Polkovnik həbs olunmalıdı. Qalır sizin onun həbsi ilə əlaqədar təqdimata imza atmağınız. Bilirəm ki, o təqdimata imza atmağa nə cəsarətiniz, nə də kişiliyiniz çatar. Ondan da xəbərim var ki, işi məndən alıb başqa bir müstəntiqə verilməsi ilə bağlı əmr hazırlamısız. Eybi yox, bir gün bir oğul çıxar və bu işi yenidən arxivdən çıxarar, onda o Polkovniki də, sizi də...- dedi və qalxdı ayağa, yenə Əmir Teymur sabah asdıracağı adama baxdığı kimi prokurora baxdı: — Mən getdim. -və getdi qapıya.
   
   Prokuror eynəyini çırpdı döşəməyə:
   
    — Qayıt geri!
   
   Müstəntiq əlini yellədi.
   
   Prokuror:
   
    — Mən sənə əmr eləyirəm!
   
   Müstəntiq bu dəfə əlini yelləmədi, döndü arxaya, baş barmağını iki barmağının arasından çıxarıb:
   
    — Ala! — dedi və otaqdan çıxdı.
   
   
   
   ***
   
   Yenə divardan asılmış tüfəngi götürdü, əsgi ilə möhkəm-möhkəm sildi, sonra lüləsini açıb patronu çıxartdı, atası kimi o da bir gözünü qıyıb lülənin boşluğundan nişan alırmış kimi baxdı, sonra əsgini şişə dolayıb neçə ildi barıt tüstüsü görməyən lülənin içini yaxşı-yaxşı təmizlədi. Təmizləyəndən sonra yenə bir gözünü qıyıb lülədən qarşıya baxdı. Bayaq çıxartdığı patronu da möhkəm-möhkəm sildi və qoydu lüləyə bağladı, lülə necə şaqqıltı ilə bağlandısa, bu şaqqıltıdan diksindi və tez qapıya baxdı ki, gələn-görən olmadı ki. Toxdadı, nə gələn vardı, nə görən...

   ***
   
   Kriminalist evə qalxmadı:
   
    — Elə həyətdə otursaq yaxşıdı — dedi.
   
   Ev yiyəsi Kriminalistə də, özünə də çay süzdü, mürəbbə çəkdi və həyətdəki çiyələkliyi göstərdi:
   
    — Öz həyətimizdəndi.
   
   Kriminalist gülümsədi və başı ilə təşəkkür etdi:
   
    — Sağlığınıza qismət, yaxşı həyət-bacanız var.
   
    — Özüm baxıram. Bilirsiz bu ağaclar da, çiyələk də adamdan da betərdi, gərək nazını çəkəsən. Nazını çəkməsən küsər, sonra nə qədər yalvarsan da xeyri yoxdu, qupquru quruyar.
   
    — Ağsaqqal, mənim də şəhərdə bir bağtəhərim var. Nə qədər meşə torpağı da gətirib tökmüşəm xeyri yoxdu.
   
   Ev yiyəsi güldü:
   
    — Tökdüyün meşə torpağı üzlükdü, gərək astar da bərəkətli torpaq olsun, axı. Çayını iç, soyutma.
   
   Kriminalist mürəbbədən bir qaşıq qoydu ağzına, doğrudan da çox dadlıydı.
   
   Ev yiyəsi:
   
    — Hə, qardaş, qonaqdan soruşmazlar, nəyə gəlmisən, amma sən elə-belə qonaq deyilsən, elə-belə də gəlməzsən, ona görə də bağışla, xeyirdimi?
   
   Kriminalist çaydan bir qurtum da alıb stəkanı qoydu nəlbəkiyə:
   
    — Ağsaqqal, neçə dəfə kəndinizdə olmuşam, bilirsiz ki, Polkovnikin ölümü ilə bağlı hadisəni araşdırıram. Sizin qızınıza bir neçə sualım var. Onu prokurorluğa dəvət etmək istəmədim, kənd yeridi, ona görə özüm gəldim. İcazə versəydiniz...
   
   Ev yiyəsi istehza ilə:
   
    — Yoxsa, Polkovniki mənim qızım vurub?!
   
   Tarixdə belə hadisələr çox olmuşdu. Qadınlarda intiqam hissi kişilərə nisbətən daha güclü olur. Onlar intiqamlarını almaq üçün bir anda dişi aslana çevrilə bilərlər. Filosoflara inansaq, qadının qəlbində nə gizləndiyindən Tanrı da xəbərsizdi.
   
   İndi Kriminalistin soruşmaq istədiyi qızın öz sevgilisinin intiqamını alması mümkün idi. Kriminalistdə də bu evdəki silah və qızın da çox sərrast güllə ata bilməsi haqqında dəqiq məlumat vardı. Və qızın gecələr sevdiyinin qəbri üstə getdiyindən də xəbərdar idi. Onun şübhələndiyi adamlar çox olsa da, qız şübhələndikləri sırasında deyildi. İndiki zamanda hansısa bir qızın öz sevgilisinin intiqamını almaq üçün kimi isə öldürə biləcəyinə heç cürə inana bilmirdi. Amma baş vermiş cinayəti ən kiçik detallarına qədər öyrənməliydi.
   
   Kriminalist başını buladı:
   
    — Xeyr, ağsaqqal, qətiyyən. Qapınıza da bu məqsədlə gəlməmişəm. Dedim axı, elə bir məqsədim olsaydı qızınızı prokurorluğa çağırardım. Məsələni incəliyinə qədər araşdırmaq mənim vəzifə borcumdur. Mən sizin qızınızdan rəsmiyyət üçün bir-iki suala cavab almaq istəyirəm. İcazə versəydiniz elə sizin yanınızda söhbət edərdim. Və bir də sizin silahınızı ekspertizadan keçirməliyəm, tezliklə qaytaracam.
   
   Ev yiyəsi bir söz demədən qalxdı evə, əlində silah qayıtdı, qızı da ardınca.
   
   Silah həmişə dolu olardı, lülədəki gülləni çıxartdı, sonra üzünü göyə tutub tətiyi çəkdi və qoydu stolun üstə:
   
    — Buyurun.
   
   Qız da əyləşdi.
   
   Kriminalist qızın haqqındakı bütün məlumatları qarşısındakı sənədə qeyd edəndən sonra soruşdu:
   
    — Xanım, siz Akademikin qulluq etdiyi hərbi hissədə olmusunuzmu?
   
    — Xeyr.
   
    — Hərbi hissənin harada yerləşdiyini bilirsinizmi?
   
    — Hansı rayonda yerləşdiyini bilirəm, amma yerini dəqiq bilmirəm.
   
    — Hərbi hissə komandirini tanıyırsınızmı?
   
    — Xeyr, amma adını-familyasını qəzetlərdən oxumuşam, şəkilləri də vardı.
   
    — Hadisə baş verən gün harda olmusuz?
   
    — İş yerində.
   
    — Bunu kimlər təsdiq edə bilər?
   
    — Ata-anamdan başqa, həmin gün dərsə gedən bütün uşaqlar və müəllimlər. Kitabxana məktəblə üzbəüzdür.
   
    — Silahdan istifadə edə bilirsiz?
   
    — Bu kənddə balaca uşaqlar da güllə ata bilir.
   
   Kriminalist sənədi doldurduqdan sonra dedi:
   
    — Xahiş edirəm, oxuyun və imza atın.
   
   Qız sənədə yazılanları oxudu, sonra imza atıb Kriminalistə qaytardı.
   
    — Məndən şübhələnirsiz?
   
    — Mənim vəzifəm hamıdan şübhələnməkdi. Amma sizdən şübhələnmirəm. Atanıza da dedim, aldığım izahat rəsmiyyət üçündür.
   
   Qız bir atasına baxdı, bir Kriminalistə baxdı:
   
    — Bir söz deyə bilərəm?
   
    — Buyurun.
   
    — Gücüm çatsaydı, onu özüm öldürərdim! — dedi və qalxıb getdi.
   
   Kriminalist silahı götürüb baxdı bir sanballadı, qədim, əla bir beşaçılan idi, çox xoşuna gəldi, dedi:
   
    — Satmazsız?
   
    Ev yiyəsi:
   
    — Vallah, lap bağışlayardım, amma mənə ata-babadan qalıb. Babam bu tüfənglə erməni-müsəlman davasında bu dağlarda düşmənin qabağını kəsib. Qundağındakı işarələr isə babamın necə düşməni gəbərtdiyini göstərir.
   
   Kriminalist tüfəngin qundağını sığalladı və silahı qaytarıb qoydu stolun üstə:
   
    — Götürün.
   
    — Aparası olmadız?
   
    — Xeyr, cinayət on iki kalibirli tüfənglə törədilib, bu otuziki kalibirdi. Mən gedim, bağışlayın narahat etdim.
   
   Ev yiyəsi:
   
    — Olmaz qardaş, bu darvazadan içəri girən hər kəs mütləq bir qismət çörək kəsməlidi. Bizim arvad da yaxşı çığırtma bişirib. Buraxmaram.
   
   Ev yiyəsi elə səmimiyyətlə dedi ki, Kriminalist qayıdıb oturdu:
   
    — Nə deyirəm ki!
   
    Çörək yeyə-yeyə Kriminalist soruşdu:
   
    — Ağsaqqal, rəhmətlik Akademikin atası necə adamdı?
   
    — Hansı mənada?
   
    — Elə hər mənada.
   
    — Qardaş, mən başa düşürəm, bu sənin vəzifəndi, bayaq özün dediyin kimi hər kəsdən şübhələnməlisən. İtki bir yerə, güman min yerə. İgid adamdı, yüz ilin ovçusudu, gözəl insandı. Bu kəndi davada böyük oğluyla o qoruyub, səngərdən çıxmırdı. Quşu gözündən vurur. Yaxşı da ustadı, əlləri də qızıldı. Müharibə vaxtı Allahın qaz trubasından top düzəltmişdi, dayandoldurum düzəldib kəndin cavanlarına paylamışdı.
   
 

0 şərh