Allahı qatil edənlər. X hissə

   Müstəntiqlə Kriminalist üzbəüz oturmuşdu, qarşılarında da çay, bir az da mer-meyvə.
   
   Kriminalist otağa göz gəzdirib:
   
    — Gözəl kabinetin var — dedi.
   
    — Sağ ol. Allah mənim prokurorumun balasın saxlasın, hamısı onun sayəsindədi.
   
   Kriminalist duruxdu, Müstəntiqlə öz prokurorunun arasındakı dava bir ara qəzetlərin manşetindən düşməmişdi, təəccüblə soruşdu:
   
    — Səni orqandan prokuror xaric etdirmədimi?
   
   Müstəntiq güldü:
   
    — İşi məndən alıb başqa müstəntiqə verəndə, düzü istefa ərizəsi yazmışdım, təqaüdə getmək istəyirdim. Amma prokuror ilan kimi quyruğunun üstə qalxıb məni xaric etdirdi. Təəssüflənmirəm. Özü də doğru sözümdü, həqiqətən də bu gördüklərinə görə prokurora borcluyam. Kriminalistin çaşqın-çaşqın ona baxdığını görüb: — Prokuror məni kabinetdən qovanda dedi ki, müstəntiqliyi bacarmırsan, get kartof sat, göy-göyərti sat. İndi həqiqətən göy-göyərti satıram. Moskvaya göyərti vururam. Heç prokurorun özünün də bu işdən xəbəri yoxuymuş, yoxsa özü də çoxdan prokurorluğu atıb göyərtiyə girişərdi. Pul göyərtidəymiş. Maaşdan-maaşa zorla çatdırırdım, arada olan çax-çuxa da o qədər göz dikən vardı ki, özün bilirsən də, nə deyim. İndi vəziyyətimi görürsən də! Sənin işlərin necə gedir?
   
    — Soruşma, çox pis.
   
   Müstəntiq yenə güldü:
   
    — Dostum, at getsin, çıx gəl bəri. Sənə şirkətdə bir iş verim kef elə. Yaxşı mısmırığını sallama, zarafat edirəm. Amma hər zarafatda bir həqiqət var. Nə isə. İndi de görüm mənə görə nə qulluq. Sənə nə köməyim dəyə bilər. Hadisələrdən xəbərim var.
   
    — Mən bu zəhrimar ölüm işini aça bilmirəm, ona görə yanına gəlmişəm.
   
   Müstəntiq:
   
    — Mən sənin yerinə olsam bu işi heç açmaram. O qədər açılmayan işlər var ki, bu da olsun onlardan biri. Kim vurub əlinin içindən gəlib. Elə bilməki o Polkovnikə görə xaric edildiyim üçün belə deyirəm. Əsla. Mən o Polkovniki həbs edəcəkdim, divlər qoymadılar, yoxsa indi sağ idi. Onu həbsdən xilas edib güllənin qabağına verdilər.
   
    — Yaxşı ey, bunları bildik, indi de görüm sən mənə nə kömək edə bilərsən.
   
   Müstəntiq katibəsini çağırıb çayı təzələtdi. 
   
   Kriminalist:
   
    — Bu böyüklər yaşıl çayda nə görüblər ey.
   
    — O biri çaylar girdirmədi, hamısı rəngdi. Sən də keç yaşıla, ürəyə də xeyirdi, — dedi Müstəntiq və sonra bir siqaret çıxarıb yandırdı. Kriminalistə də təklif etdi. 
   
    — İstəmirəm, sağ ol.
   
   Müstəntiq:
   
    — Yaxşı eləyirsən, mən də atacam. İndi qulaq as. Bayaqdan bəri sənə ağzımda bir quranlıq söz danışdım. Dedim ki, mən bu cinayətin açılmasını istəmirəm. Səni də başa düşürəm. Mən qətlə yetirilən əsgərlərin cinayət işini aça bilmədiyimə görə, onların qanı yerdə qaldığına görə hələ də vicdan əzabı çəkirəm. Əslində bu işin açılmamasının günahı məndə deyil, mən açmışdım qoymadılar. Amma yenə vicdan əzabı çəkirəm. 
   
   Kriminalist:
   
    — Onda razı olmaki mən də cinayəti aça bilmədiyimə görə vicdan əzabı çəkim.
   
   Müstəntiq qalxıb mebelin bar gözünü açdı, iki qədəh götürdü, konyak götürdü və gətirib qoydu stolun üstə, butulkanın ağzın açıb:
   
    — İçirsən? — dedi və cavab gözləmədən qədəhlərə konyak süzdü.
   
    — İçirəm.
   
   Müstəntiq:
   
    — Götür, — dedi və sağlıqsız-filansız konyakı çəkdi başına, üstündən bir qıça meyvə yedi. — Yaxşı, qulaq as. Onda əvvəlcə mənim başa çatdırmağa qoymadıqları işimi götür, oxu. O sənin üçün açar rolu oynaya bilər. Amma inanmıram o işi arxivdə saxlasınlar. Məni orqandan qovdurmağa gücü çatanlar üçün işi arxivdən götürüb yandırmaq nə çətin işdirki?! Surətini çıxarmışdım, ümumi işin xətrinə surətini sənə verərəm. Amma bir şərtim var. Mənim tamamlaya bilmədiyim işi də tamamlayacaqsan, o Polkovnikin də cinayətlərini ortaya çıxaracaqsan. Onda həm ölən uşaqların da, o Akademikin də qanı yerdə qalmaz, həm də Polkovniki öldürənin də cəzası yüngülləşər.
   
    — Deməli, sənin Polkovnikin ölümündə şübhələndiyin kimsə var?
   
   Müstəntiq yenidən qədəhləri doldurdu və yenə sağlıqsız-filansız içdi, amma bu dəfə meyvə yemədi, siqaret yandırdı:
   
    — Dostum, özünü nə dağa-daşa salmısan. İş açıqdı. Öldürən də məlumdu. Mənim apardığım cinayət işi ilə tanış olanda görəcəksən ki, bütün yollar Romaya gedir.
   
    — Roma Akademikin ailəsi deyil ki?
   
    — Əlbəttə odur!
   
    — Çox fırlanmışam o Romanın ətrafında, ortaya bir şey çıxara bilməmişəm. Hamısının daşdan keçən alibisi var.
   
    — Sən məntiq keçməmisən?
   
    — Qardaşım, deyirəm ortada bircə dəlil də yoxdur, yapışmısan məntiqdən.
   
    — İndiyədək elə bir cinayət olmayıb ki, cinayətkar hansısa bir iz buraxmasın. Ən peşəkar killer belə bundan sığortalanmayıb. Polkovniki də killer öldürməyib. Ondan intiqam almaq istəyənlərin də nəinki killer tutmağa, heç killer axtarmağa pulları yoxdu, imkansız adamlardı. Sən onu bilirsənmi ki, Akademikin qardaşı desantçıdır.

— Onun dəmir kimi alibisi var, həmin gün xəstəxanada olub, özü də bir neçə ağır əməliyyat aparıb.
   
    — Yəqin bilirsən də, desantçılar qardaş olurlar.
   
   Kriminalist bununla da qane olmadı:
   
    — Əvvəla, o kinolarda olur. İkincisi də, sən dediyin məsələ ilə də maraqlanmışam, bir şey çıxmayıb, hətta sevdiyi qızdan da şübhələnmişdim, fındıq?
   
   Müstəntiq yenə israr elədi:
   
    — Mən yenə deyirəm, Polkovniki Akademikin ailəsi ya ölüdürüb, ya da öldürdüb. Demirəm, inanıram. Mən dəfələrlə o ailədə olmuşam. Onlar intiqam almaq üçün elə köklənmişdilər ki, türklər demiş kamikadze kimi intihar saldırısına da hazır idilər. Atasının elə sakit, soyuqqanlı olmasına baxma, o, içindəki vulkanı gizlətməyi bacarır. Ovçudu, quşu gözündən vurur. Əla da bir türk beşaçılanı var.
   
    — Polkovnik beşaçılanla vurulmayıb, ov tüfəngi ilə vurulub tüfəng də ortada yoxdu.
   
    — Yaxşı axtarmamısan, axtarsan taparsan. Sənə bilmədiyin bir şey deyim, yadında qalsın. Əsil ovçular heç vaxt mağazadan alınmış patron işlətməzlər. O patronlara etibar eləmirlər, özləri patron hazırlayırlar. Hətta tüfənglərini də ustalara təmirə vermirlər. Özləri təmir edirlər. Silahlarına sevgililəri kimi baxırlar, hamıya qısqanırlar, yad ələ verməzlər, heç uşaqlarına da qıymırlar. Ekspertizanın rəyi nədi? Güllə fabrik istehsalıdı, yoxsa...
   
    — Onu düz deyirsən, güllə kustar üsulla hazırlanıb.
   
    — Gördün harda boşluq buraxmısan. İndi mən sənə ipucu verdim. Heç mənim apardğım cinayət işini oxumaq da vacib deyil. Əgər işləri birləşdirmək istəmirsənsə, buna cəsarətin çatmazsa.
   
    — Çatar, amma gəl mən onu gedib arxivdə axtarmayım ki, kimlərsə də vaxtından qabaq duyuq düşsün.
   
   Müstəntiq qalxdı, otağın küncündəki seyfi açdı, içindən bir neçə qovluq çıxartdı və gətirib qoydu stolun üstə:
   
    — Buyur, görüm cəsarətini. Amma sənə də göy-göyərti satmağı məsləhət görsələr, utanma gəl, gözüm üstə yerin var.
   
   ***
   
   Həqiqətən də Polkovnikə atılan hər iki güllə fabrik istehsalı deyildi. Ortada bir dəmir giliz, iki də güllə vardı. Amma tüfəng əldə olmadığı üçün həm güllələr həm də giliz susurdu. İndi Kriminalist Müstəntiqin verdiyi ipucu ilə gilizi də, güllələri də danışdırmalıydı. Bu güllələrin hansı emalatxanada və kim tərəfindən hazırlanmasını tapmaq dəryada balıq sevdası olsa da, indiyədək o balığa qarmaq atmaq nədənsə onun ağlına gəlməmişdi. Əslində heç dərya da böyük deyildi, şübhələndiklərindən yalnız Akademikin atası peşəkar ovçu idi. Yaxşı, əgər güllələri Akademikin atası hazırlamışdısa, bəs kim atmışdı, hansı tüfənglə atmışdı?
   
   Tutalım, gülləni Akademikin atasının hazırladığını sübut etdi, ortada tüfəngki yoxdu. Tüfəngi tapıb üzə çıxara bilməsə, qatili tapmaq çətin olacaqdı.
   
   Fikirləşməkdən başı şişmişdi. Bundan da ağır cinayətləri araşdıranda bu qədər çətinə düşməmişdi.
   
   Ortada Polkovnikdən intiqam almaq istəyən insanlar vardı, at vardı, iki güllə, bir giliz vardı. Hərbi hissədən meşə yolu ilə bir saatlıq məsafədə bir kənd və bu kəntdə Polkovnikdən intiqam almaq üçün alışıb yanan Akademikin ailəsi vardı, quşu gözündən vuran atası, desantçı qardaşı, dişi aslana dönmüş anası, bir də sevgisi, sevinci ürəyində qalan, gecələr məzar üstə ağlayan bir qız… Və naşı bir qatil...
   
   
   
   ***
   
   Bir-iki gün vaxtını alsa da Müstəntiqin verdiyi cinayət işini çox diqqətlə oxudu. Müstəntiq həqiqətən də zərgər kimi işləmiş, təkcə Akademikin törətdiyi o dəhşətli qətlin istintaqını aparmaqla işini bitmiş hesab etməmiş, ondan əvvəl hərbi hissədə baş vermiş intihar hadisələrini də çox ətraflı araşdırmış, hər üç hadisəni birləşdirərək yekun bir qərara gəlmişdi. Və elə burda da iş ondan alınıb başqa birinə verilmiş və bundan sonra da Müstəntiq prokurorluq orqanlarından xaric edilmişdi. Və Polkovnik hərbi hissə komandiri kimi böyük bir məsuliyyət daşısa da, cəzasız qalmışdı. 
   
   Qərargah Rəisinin vaxtında hərbi hissədə baş verən hadisələrlə bağlı rəhbərliyə yazdığı raporta da nəinki əhəmiyyət verməmişdilər, əksinə onun özünü cəzalandırmışdılar və belinə bir töhmət yapışdırmışdılar.
   
   İşdən aydın görünürdü ki, Polkovnik idmançılardan ibarət cəza dəstəsi saxlayır və ipə-sapa yatmayan əsgərləri cəzalandırırmış. Bu cəzalar da təkcə döymək deyilmiş, ipə-sapa yatmayanlar təhqir edilir, alçaldılır, sındırılırmış.
   
   Müstəntiq sübut edə bilmişdi ki, özünü asan əsgər təhqirlərə dözməyib intihar edibmiş. Müstəntiqdən əvvəl bu hadisəni araşdıran təhqiqatçı isə ya özünü çətinə salmaq istəməmişdi, ya da ona imkan verməmişdilər, o da tələm-tələsik əsgərin ruhi sarsıntı nəticəsində özünə qəsd etməsi ilə bağlı qərar çıxarmışdı. Postdan qayıdıb silahın təhvil verərkən ehtiyatsızlıqdan həlak olan əsgərin ölümündə də müəmmalar vardı. Əsgərin bədənindəki qançırları postdan dönərkən dərəyə yuvarlanması ilə izah etmişdilər. Şəkillərdən isə açıq-aydın görünürdü ki, bu qançırlar möhkəm döyülmənin izləridi. Üz-gözü sağ-salamat idi, əsgər dərəyə yuvarlanmış olsaydı, üz-gözü belə təmiz qalmazdı. Və ən qəribəsi o idi ki, bu hadisənin araşdırılması da həmin gənc təhqiqatçıya tapşırılmışdı. Hər iki işin təcrübəsiz bir təhqiqatçıya tapşırılmasının özü də müəmmalıydı.
   
   Və hər iki hadisədə çox maraqlı bir cəhət vardı: şahidlər eyni batalyondan olan eyni əsgərlər idi. Necə olur ki, bu üç əsgər hər iki hadisənin şahidi olurdu?! 
   
   Əvvəlki intiharları da araşdıran Müstəntiq ortaya çox ciddi bir fakt çıxarmışdı: Akademikin güllələdiyi hər üç əsgər həmin şahidlər və bir də onların batalyon komandirləri idi. Və bu faktın üzərində möhkəm işləyən müstəntiq hər üç hadisədə Polkovniki təqsirli bilir, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məsuliyyətə cəlb etmişdi. Sonrası da...
   
   Əgər əvvəlki intihar hadisələrindən sonra Polkovnik məsuliyyətə cəlb olunsaydı, nə Akademik o dəhşətli faciəni törədərdi, nə də Polkovnikin özü qətlə yetirilərdi.
   
   
   
   ***
   
   Hava qaralmışdı, küçə-bayırdan əl-ayaq yığılmışdı, hamı qarımış qızına elçi gələcək qonaqları gözləyənlər kimi çəkilmişdi evə. Adətən cümə axşamları kəndin küçələri hava qaralan kimi belə boşalırdı. Yalnız çiy kərpicdən tikilmiş torpaq döşəməli çayxanada beş-altı avara gənc söyüşə-söyüşə domino oynayardı. Day onlar da yox idi. Kənddə avaralanmaqdan yorulub çıxıb getmişdilər Rusetə, indi orda avaralanırdılar.
   
   Cümə axşamları ruhların öz ocaqlarına, əzizlərinə dəyməyə gəldiyi gün sayılırdı. Hamı da doğmalarının ruhlarını şad eləmək, incitməmək üçün həmin günlər ev-eşiyi sahmana salır, süfrəyə ləziz yeməklər qoyardı.
   
   Ruhlar hər cümə axşamı gəlib eyni şeyləri görməkdən, eyni qeybətləri eşitməkdən yorulmuşdular, day gəlib eləmirdilər. Öz aralarında dərdləşmək, doğmalarının mənasız-mənasız söz-söhbətlərinə qulaq asmaqdan daha maraqlıydı. 
   
   Və axır illər heç onları gözləyənlər də yox idi, adamların o qədər problemləri vardı ki, nəinki ölülərini, dirilərini də yaddan çıxarmışdılar.
   
   Və yenə cümə axşamıydı və yenə hamı çəkilmişdi evinə-eşiyinə, qarımış qızlarına elçilərin, ya da əzizlərinin, gələcək ruhların xətrinə yox, bu gün hamının bir qonağı vardı — Polad Ələmdar.
   
   Və millət oturmuşdu televizorun qarşısında. Poladın Məmati və Abduleylə birlikdə Türkiyəni necə xilas etməyinə tamaşa edirdi.
   
   Belə bir vaxtda kəndin ortasında atılan güllə səsini Məmatinin baxışlarına kilidlənmiş camaat eyninə almadı. Əvvəla kənd cəbhə xəttinin yaxınlığında yerləşdiyindən camaat güllə səsinə öyrəşmişdi, hətta top atılanda da diksinmirdilər, ondakı güllə səsi ola. Bir də ki, çaqqal-çuqqal camaata göz verib işıq vermədiyindən gecələr silahı olanlar qurd-quşu qorxutmaq üçün güllə atırdılar.
   
   İndi camaat ya bu güllə səsini eyinlərinə almadılar, ya da Məmatinin atdığı güllələr qoymadı eşitməyə.
   
   Bu qəfil güllə səsinə yalnız eyvanda oturub beynində aranı-dağa, dağı-arana daşıyan və daşıhadaşıdan dilxorçuluqdan başqa heç bir xeyir tapmayan Akademikin Atası diksindi və yerindən qalxdı, ətrafı dinsidi, sonra girdi evə:
   
    — Xanım, tüfəngi ordan bura ver.
   
    — Ay kişi, gecə vaxtı xeyirdimi?
   
   -Qəbiristanlıq tərəfdən güllə atıldı.
   
   Düşmənlərin hər gecə atdıqları güllələrə öyrəşmiş evin xanımı:
   
    — Hər gecə güllə atırlar də! — dedi və evin küncündəki tüfəngi gətirib verdi. — Nədi, yoxsa müharibəni təzədən sən başlayacaqsan? 
   
    — Yox xanım, bu güllə kəndin ortasında atıldı, özü də ətə dəydi.
   
   Böyük Qardaş öz otağında kitab oxuyurdu- kənddə yeganə ailə idilər ki, «Qurdlar vadisi»nə baxmırdılar, ümumiyyətlə hadisədən sonra bu evdə hələ ki, televizor açılmırdı — atasının səsini eşidib keçdi bu biri otağa:
   
    — Nə olub, Ata?
   
   Xanımına dediyini oğluna da təkrarladı:
   
    — Qəbiristanlıq tərəfdə güllə atdılar, özü də ətə dəydi.
   
    — Gözlə, mən də gəlim.
   
    — Nə deyirəm, gəlirsən gəl də!
   
   Həyətdən çıxıb qəbiristanlıq tərəfə yönəldilər, bir inli-cinli görünmürdü.
   
   Kəndin aralarını insiz-cinsiz görən Ata dedi:
   
    — Oğul, elə bil bu kənd ölüb.
   
    — Kənd ölməyib ey, ata, «Qurdlar vadisi»nə baxırlar.
   
   Ata başını buladı.
   
   Qəbiristanlığın ətrafını fırlandılar, orada bir çaqqal-çuqqal səsinə əhəmiyyət verməsək, hər tərəf elə qəbiristanlıqdakı ölülər kimi sükut içində idi, şübhəli heç nə gözə dəymirdi.
   
   Min ilin ovçusu səhv edə bilməzdi, ona görə təəccüblə dedi:
   
    — Deyəsən qocalmışam, oğul?
   
    — Ata, bəlkə cəbhə tərəfdə atılıb.
   
    — Yox, ay oğul, burda atıldı, özü də beşaçılan idi, ətə dəydi. Yox, görünür, qocalmışam.
   
   Böyük Qardaş ehtiyatla:
   
    — Ata, gəlmişkən bəlkə bir o tərəfə fırlanaq.
   
    — Axmaq-axmaq danışma, yüz dəfə demişəm ki, onun ruhunu incitməyin, qoyun öldüyü yerdə ölsün. Yaxşı, sən get evə, mən hərlənib gəlirəm.
   
   Böyük Qardaş çox yaxşı bilirdi ki, atası ona, hətta anasına da qəbir üstə getməyi qadağan eləsə də, özü bəzən hamını yuxuya verib gecələr qəbir üstə gedir. Və indi çox gözəl başa düşdü ki, atası onu evə yola salıb özü təkcə qəbiri ziyarət etmək istəyir, bir söz demədi və yollandı evə.
   
   Ata oğlunun getdiyini görüb girdi qəbiristanlığa. Təkcə oğlunun qəbrini ziyarət etməyə yox, heç cür inana bilmirdi ki, qulağı onu aldada, şübhəsini dağıtmaq üçün dolaşmağa başladı. Dolaşa-dolaşa gəlib oğlunun qəbrinə çatdı. 
    
   Gördüyü mənzərə onu necə yerində dondurdusa, tüfəng əlindən düşdü...
   
   Böyük Qardaş evə girəndə anası soruşdu:
   
    — Dədən harda qaldı?
   
    — İndi gələr.
   
    — Güllə səsini bəhanə edib yenə ora getdi?
   
   Böyük Qardaş bir söz demədən keçdi öz otağına.
   
   Qapı təpiklə necə açıldısa, nəinki ana, qonşu otaqdakı Böyük Qardaş da dik atıldı.
   
   Ana kişinin qucağında qan içində can verən qızcığazı görəndə necə cikkə çəkdisə...
   
    — Nə bağırırsan, ay qancıq? — bu minillik evliliklərində ilk dəfəydi xanımını belə təhqir edirdi. — Görmürsən, hələ sağdı!
   
   Böyük Qardaş qızı atasından aldı:
   
    — Ana, süfrəni dəyiş.
   
   Amma Ananın stolun üstündəki süfrəni dəyişməyə, heyi yox idi. 
   
   Ata stolun üstə nə vardı biləyi ilə süpürüb tökdü yerə, süfrə axtarmadı, dartıb pəncərədəki pərdəni qopartdı və sərdi stolun üstə.
   
   Böyük Qardaş qızı ehtiyatla stolun üstə uzatdı:
   
    — Ana.
   
   Cavab gəlmədi, anada cavab verməyə hal vardı ki?!
   
    — Ana, ayıl, ana! Çantamı gətir.
   
   Ata bağırdı:
   
    — Ay qancıq, eşitmirsən uşaq nə deyir? — deyib xanımını silkələdi: — Uşağın çantası hardadı?
   
   Ana söyüşdənmi, silkələdənmi, nəhayət özünə gəldi və qaçıb yan otaqdan çantanı gətirdi.
   
    — Ana, su qaynat. -dedi Böyük Qardaş və ehtiyatla Qızı soyundurmağa başladı. 
   
   Güllə sol çiynindən dəyib arxadan çıxmışdı, ürəyi çox zəif vururdu.
   
    — Ata, təcili rayona zəng elə, çox qan itirib, ölür.
   
    — Oğul, sən necə həkimsən, ölür nədi? Əgər bu uşağı xilas edə bilməsən, səni boğaram! — dedi Ata.
   
    — Mən tək neyləyə bilərəm, heç olmasa bir tibb bacısı olsaydı...
   
   Ata:
   
    — Tibb bacısı mən! — birdən hönkürdü, — Qoyma ölsün oğul, sənə qurban olum, qoyma ölsün, qardaşıyın xətrinə qoyma.
   
   Böyük Qardaş spirtlə yaranı təmizləyə-təmizləyə:
   
    — Dedim ki, rayona zəng elə, qoy reanimasiya maşını göndərsinlər, özü də təcili.
   
   Ata nömrəni yığdı, amma özü danışmadı, danışa bilmədi, telefonu tutdu oğlunun qulağına:
   
    — Həkimdi, reanimasiyanı göndərin, qan da göndərin, müsbət bir. Danışmağa vaxtım yoxdu. Güllə yarasıdı.
   
   Böyük Qardaş indiyədək heç kimin qalib gələ bilmədiyi və qalib gəlinməsi də mümkün olmayan Əzrayılla bir döyüşə girmişdi, özü də tək, atasıyla anası bu döyüşdə ona kömək etməkdə aciz idilər.
   
   Ata «tibb bacısı mən» desə də bunu bacarmırdı. İndi özü həm cərrah idi, həm də tibb bacısı.
   
   İndi Əzrayılla vuruşurdu, ya ona verən Tanrı, ya Əzrayıla. Tanrı öz mələyini qoyub, ona verəcəkdimi?!
   
   Müharibə zamanı bundan da ağır əməliyyatlar aparmışdı, çox zaman da birbaşa səngərdə, güllənin altında, tozun-torpağın içində. Möcüzə idi. Onda Tanrı onlara görünməmiş bir güc-qüdrət verirdi, mələklərini köməyə göndərirdi. Kiminsə qolunu kəsmişdi, kiminsə qıçlarını, amma əlində ölən olmamışdı. İndi də müharibə meydanında, səngərdə idi və Tanrını çağırırdı.
   
   «Kurtlar vadisi»nin o yeri idi ki, Məmati çiyninin birini çəkərək ortağı Bulud Yalçınla Zazanın iqamətgahını basmağa gedirdi. O Zazanınkı şəhərdəki cibgirlərin, oğruların qabadayısıydı, sonralar Türkiyəni xilas etmək istəyən və bu yolda varından-yoxundan keçən yazıq Polad Ələmdarla bir-birlərini bağırlarına basıb qardaş olacaq, Türkiyəni birlikdə xilas edəcəkdilər. Hamı nəfəsini çəkmişdi içinə, Məmati Zazanı indi öldürəcək, bir azdan öldürəcək...
   
   Təcili Yardım maşını ulaya-ulaya kəndə girdi. Güllə səsi kəndi diksindirməsə də, maşının ulartısı hamını bir anlıq Məmatidən ayırdı.
   
   Kimsə ərinə-ərinə eyvana çıxdı, kimsə ərinə-ərinə həyətə düşdü, kimsə də bir xəbər bilmək üçün qonşuya səsləndi:
   
    — Qonşu, ay qonşu!
   
    — Hayy!
   
    — Kənddə kim xəstələnib?
   
    — Kənddə sağlam adam qalıb ki?!
   
   Qız Atası da eyvana çıxdı və gördü ki, körpüdən keçən maşın Akademikgilin doqqazına döndü, qayıtdı içəri:
   
    — Arvad, dur görüm.
   
    — Nə olub?
   
    — Təcili Yardım Akademikgilə getdi. Görünür, arvada nə isə olub. Yazıq arvadı bu dərd öldürəcək.
   
    — Qızı oyadım?
   
    — Qızı neynirsən, gəl görüm.
   
   Həyətə girəndə sürücü siqaret çəkirdi.
   
   Qız Atası:
   
    — Axşamınız xeyir, oğul.
   
    — Axşamınız xeyir.
   
    — Nədi, arvada nəsə olub?
   
    — Bilmirəm, dayı, vallah deyəsən kimə isə güllə dəyib.
   
   Qız Anası əlini vurdu dizinə:
   
    — Allah, sən saxla. Deyirdi, vallah, deyirdi. Deyirdi ki, özümü öldürəcəm.
   
   Qalxdılar eyvana və girdilər içəri. İçəri girənlərin kimlər olduğunu görən Böyük Qardaş çığırdı:
   
    — Onları bayıra çıxardın!
   
   Ata cəld ikisini də zorla itələyib çıxartdı bayıra, amma gec idi, ikisi də stolun üstə kimin uzandığını görmüşdü. Və Qızın Anası necə fəryad qopartdısa...
   
   Məmatinin atdığı güllələrin səsi eşidilməz oldu. Bu fəryad kəndin sinəsindən tutub babat silkələdi və hamı töküldü bayıra.
   
   Vay xəbərdən ötrü sino gedən kənd camaatı həyəti doldurub-daşdırdı, elə bil Akademikin tabutunu indicə gətirmişdilər. Birdən-birə televiziyaların qarşısı necə boşaldısa, Məmati də çaşqın-çaşqın Buluda baxdı ki, bu camaat necə oldu?!
   
   Təcili Yardım maşını həyətdən güc-bəla ilə çıxdı. Kənddə ayağı yer tutan qalmadı, maşınlara doluşub Təcili Yardımın arxasınca rayon mərkəzinə yollandılar.
   
   Akademikin də, Qızın da valideynləri Təcili Yardımın arxasınca gedən maşındaydılar. Qız Anası dizinə döyə-döyə ərini söyürdü:
   
    — Ay itoğlu, sənə demirdim o tüfəngi ortalıqdan götür?! Ay itoğlu, sənə demirdim o tüfəngi gizlət?!
   
   Qız Atası isə arvadının başını sinəsinə qoyub xısın-xısın ağlayırdı. 
   
   Təcili Yardım xəstəxananın həyətinə girəndə burda da qələbəlik idi. Prokuror da, polis rəisi də, baş həkim də həyətdə gözləyirdilər. Başçıya da məlumat vermişdilər.
   
   Başçı da dərhal baş həkimə telefon açmışdı:
   
    — Əlinizdən gələni edin. Bakıdan həkim çağırın.
   
   Xəstəni yuxarı qaldıranda Akademikin Atası oğluna dedi:
   
    — Oğul, əllərinə qurban olum, qızımı səndən istəyirəm.
   
   Qız Atası «qızımı səndən istəyirəm» sözlərini eşidəndə özünü saxlaya bilmədi, Akademikin Atasını qucaqlayıb hönkürdü: 
   
    — Oyy! Ay qardaş, bu nə işdi başımıza gəldi.
   
   Artıq üçüncü gün idi ki, kənd camaatı yalnız gecə düşəndə evə gedirdi, bütün günü xəstəxananın həyətindəki çayxanada qeybətlə məşğul idilər.
   
    — Qızda hikkəyə bax ey!
   
    — Bu da bizim Fərizədi.
   
    — Ə, boş-boş danışmayın, qoyun görək başımıza nə gəlir.
   
    — Qız deyil ey, Həcərdi! Qeyrətinə qurban olum!
   
   Bir nəfər isə artıq neçənci dəfəydi ki, deyirdi:
   
    — Ay qardaşlar, mənim sözümü qəribçiliyə salmayın. İstəyirsiz inanın, istəyirsiz yox, o namərd Polkovniki bu qız öldürüb, görüb işin üstü açılır, özün atıb.
   
    — Vallah, mən də unamışdım...
   
    — Ə, yenə səfeh-səfeh danışmayın! Qoyun camaat dərdin çəksin də! Xalqın uşağın dilə-dişə salmayın. Özü də öldürübsə, lap yaxşı eləyib.
   
    — Biz də onu deyirik də!
   
   Prokuror Başçıya telefon açdı:
   
    — Cənab Başçı, biz özünü öldürməyə təhriklə bağlı cinayət işi qaldırmışıq. Dedim bir sizinlə məsləhətləşim.
   
   Başçı:
   
    — Sən prokurorsan, qanunları da məndən yaxşı bilirsən, məndən niyə soruşursan? Ehtiyatsızlıqdan baş verən bir hadisədi, əsas odur ki, xoşbəxtlikdən hər şey yaxşı qurtarıb. Özün başa düşdün də!
   
    — Cənab Başçı, Cinayət Məcəlləsinin 125-ci maddəsinə görə...
   
    — Dostum, sən Cinayət Məcəlləsindən həmin maddə yazılan səhifəni cır...
   
   
   
   ***
   
   Kriminalist həyətə girəndə Akademikin Atası həmişəki kimi tut ağacının altında çay içirdi, stolun üstündə bir topa da qəzet vardı, qonağı görən kimi dilxor-dilxor başını yellədi, amma hörmət xatirinə ayağa qalxdı, əl tutub görüşdü, oturmağa yer göstərdi:
   
    — Xoş gəlmisiz, əyləşin.
   
    — Xoş gününüz olsun.
   
   Kriminalist oturdu, Akademikin Atası qonağa da çay süzdü, amma əsəbini gizlədə bilmədi:
   
    — Ay oğul, niyə qoymursuz öldüyümüz yerdə ölək?! Bir tərəfdən də bu qəzetlər! Bəlkə o bədbəxt qızı da biz vurmuşuq?!
   
   Kriminalist atanın nə çəkdiyini çox gözəl başa düşdüyündən onun bu tikanlı sözlərindən incimədi:
   
    — Ağsaqqal, mən sizi yaxşı başa düşürəm, dərdinizə də şərikəm. Xahiş edirəm, siz də məni başa düşün. Mən təkcə Polkovnikin qatilini axtarmıram. O uşaqların öldürülməsinin səbəblərini açmaq istəyirəm. Bu gün-sabah elmlər namizədi olacaq gənc bir aspirantın belə bir cinayətə əl atmasının çox köklü səbəbləri var. Mən əgər bunu üzə çıxarmasam, sənin oğlun kimi hələ çox oğullar qurban gedəcək.
   
   Akademikin atası istehza ilə güldü:
   
    — Ondan əvvəl baş verən cinayətləri açdılar ki, siz də bunu açasız?! Sizdən əvvəl bir namuslu müstəntiq vardı. Cinayətləri açmışdı də, nə oldu? Deyirlər indi kartof satır. Gözlə, səni də soğan satmağa göndərərlər.
   
   Kriminalist güldü:
   
    — Hər halda soğan satmaq vicdan satmaqdan yaxşıdı. Amma mənə başqa şey təklif edilib, əgər Polkovnikin qatilini tapsam, böyüdəcəklər, hələ bəlkə prokuror qoydular. İnanın, amma mən bu işi prokuror olmaq üçün açmaq istəmirəm. Mən sadəcə vəzifə borcumu yerinə yetirirəm. 
   
    — Oğul, kim sizə deyir vəzifə borcunuzu yerinə yetirməyin. Amma bizdən nə istəyirsiz? Bilmirik dərdimizi çəkək, yoxsa sizin eyni suallarınıza cavab verək. Bir məsələnin üstə nə qədər qayıtmaq olar? Eyni sözü nə qədər soruşmaq olar? Kaş onu elə mən öldürmüş olaydım. Onu mərdi-mərdanə öldürərdim, kişi kimi, xəlvətcə atmazdım. Kişi kimi də gedib girərdim polisə, başımı da dik tutardım. El-oba da deyərdi kişi intiqamını aldı. El-oba cəhənnəm, bu arvadın ürəyi soyuyardı. Bilmək istəyirsinizsə, bir neçə dəfə gedib vurmaq istədim, amma vura bilmədim, insan öldürmək asan iş deyil. Mən onu Allaha tapşırmışdım, Allah da cəzasın verdi. Bir də ki, ay oğul, mən min ilin ovçusuyam, quşu gözündən vururam. Amma mənim eşitdiyimə görə ona iki güllə atıblar.
   
    — Bildiyimə görə, ovçular patronları özləri hazırlayırlar, düzdü?
   
    — Baxır ovçuya. Əldəqayırma ovçuları deyə bilmərəm, amma əsil ovçular, hə. Bilirsiz, oğul, silah ovçunun canı-ciyəridi. Silah həm də qadın kimidi, naz istəyir, sevgi istəyir. Gərək onu əzizləyəsən, oxşayasan, küsdürməyəsən, könlünə toxunmayasan. O patronu, gülləni gərək özün düzəldəsən. Öz əlin, öz nəfəsin dəyə ki, o da səni eşidə, darda qoymaya. 
   
    — Sizin emalatxanaya baxa bilərəm?
   
    — Uşaqdan sonra nə o emalatxanaya girmişəm, nə də əlimə tüfəng alıb ova getmişəm. Amma baxmaq istəyirsizsə, gedək baxın. Ürəyiniz sakitləşsin.
   

Qalxdılar. Həyətin aşağısında kərpicdən bir daxma vardı, qapısından da qara bir qıfıl asılmışdı. Akademikin Atası cibindən bir topa açar çıxartdı, əlində fırlayıb lazım olan açarı tapdı və qıfılı açdı, keçdilər içəri.
   
   Bura əməlli-başlı bir emalatxana idi. Kriminalistin təəccüblə baxdığını görən Akademikin Atası:
   
    — Mən həm də ustayam, oğul. Bu rayonda kimin tüfəngi xarab olsa, qundağı qırılsa, kimə tüfənglə bağlı bir şey lazım olsa mənim yanıma gəlir. Patron qəhətə çəkiləndə patron-zad da düzəldib satardım. İndi Allaha şükür, hər küçədə bir ovçu mağazası var. Bəzən polislərin də mənə işi düşür. — Sonra əlini atıb divardan asılmış bir tüfəng götürdü, bir az o tərəfinə, bir az bu tərəfinə baxdı, sığalladı; — Bu tüfəngi özüm düzəltmişəm. Qorbaçov tüfəngləri yığanda camaat düşmənin qabağında əliyalın qalmışdı. Onda bu emalatxanada iyirmi-iyirmi beş belə dayandoldurum düzəldib paylamışdım camaatakı düşmən qabağında aciz qalmasınlar. Ermənilərin avtomatının qabağında bu sapandıydı, amma səs-küy salırdı, az-çox işə yarıyırdı. Bunlarla qorumuşuq bu kəndi.
   
   Kriminalist:
   
    — Bu tüfənglərdən kənddə qalıb?
   
    — Yox əşi, hardan?! Bunlar tez xarab olur. O vaxtlar gətirirdilər, düzəldirdim. Sonra day heç kimə lazım olmadı. İndi maşallah, mağazalarda avtomat da satırlar, kimin nəyinə lazımdı bu dayandoldurum. Bircə mən saxlamışam, o günlərin yadigarıdı. Dedim axı, silahı gərək küsdürməyəsən.
   
   Kriminalist tüfəngi alıb baxdı, bir qədər kobud görünsə də əməlli-başlı silah idi.
   
    — Bu tüfəngi mənə satarsız?
   
    — Ovçu tüfəngin satmaz. Dedim axı o günlərin yadigarıdı. Əvvəllər ova gedəndə hərdən özümlə götürərdim ki, könlünü xoş eləyim.
   
   Kriminalist çox ehtiyatla soruşdu:
   
    — Mən bunu bir neçə günlüyə götürə bilərəm?
   
   Akademikin Atası kinayə ilə:
   
    — Deyirsən yəni Polkovniki bununla atıblar? Əgər şübhələnirsinizsə, buyurun, götürün. Bəlkə yolda qabağınıza qurd-quş çıxdı, alın dörd-beş patron da verim, özüm hazırladığımdan. — dedi və əlini atıb bir neçə patron götürdü və Kriminalistə uzatdı: — Alın.
   
   Və patronları elə ürəklə uzatdı ki, Kriminalist duruxdu:
   
    — Yox, lazım deyil, — sonra soruşdu: — Doğrudan bu atır? Mənim üçün çox maraqlıdı.
   
   Akademikin Atası tüfəngi götürüb çıxdı bayıra, doldurdu və verdi Kriminalistə, tutun gövdəsini göstərib dedi:
   
    — Çaxmağı çəkin.
   
    — Yox, yox, özünüz atın. Sadəcə bilmək istəyirəm görüm, doğrudanmı bununla kəndi qoruya bilmisiz.
   
   Akademikin Atası tutun gövdəsini nişan alıb tətiyi çəkdi, elə bil beşaçılandan atdılar, güllə gövdəyə sancıldı, ağacın qabıqları parçalanıb töküldü:
   
    — Hərdən ağacı qorxutmalısankı yaxşı bar gətirsin! — sonra tüfəngi Kriminalistə uzatdı: — Buyurun aparın, şübhədən sizin də canınız qurtarsın, bizim də. 
   
   Güllə səsinə Ana evdən çıxdı və Kriminalisti görən kimi də dilxor oldu, amma biruzə vermədi:
   
    — Ay kişi, nə olub?
   
    — Heç, həyətə tülkü girmək istəyirdi.
   
   Ana düşdü həyətə, qonağa:
   
    — Xoş gəlmisiz,- dedi və cavab gözləmədən getdi darvazaya tərəf: — Mən gedirəm uşağa dəyim, sən gələcəksən?
   
    — Get, gələrəm. Bütün günü uşağın yanındadı.
   
   Kriminalist söhbətin hansı uşaqdan getdiyini bildiyindən soruşdu:
   
    — Necədi?
   
    — Sağalır, — dedi Akademikin Atası, tüfəngi stola söykədi: — Siz oturun, mən də çayı bir təzələyim- dedi və çaydanı götürüb qalxdı evə.
   
   Fürsətdən istifadə edən Kriminalist cib bıçağını açıb tutun gövdəsindəki gülləni səliqə ilə çıxarıb qoydu cibinə.
   
   Ayrılanda Akademikin Atası dedi:
   
    — Bilirsiz oğul, müstəntiq kimi yox, qonaq kimi nə vaxt gəlsəniz bu qapı sizin üzünüzə açıqdır. Üz-gözünüzdən də görünür ki, yaxşı insansınız, müstəntiqdən çox müəllimə oxşayırsız.
   
    — Müstəntiq necə olur ki?
   
    — Vallah, nə bilim, işim düşməyib. Amma deyirlər, çığırırlar, bağırırlar, hətta söyürlər, nə bilim, döyürlər.
   
   
   
   ***
   
   Kriminalist kabinetə daxil olan kimi eksperti yanına çağırdı, dəsmalı cibindən çıxardıb ona uzatdı:
   
    — Bunu götür, təcili ekspertizadan keçirt və gətir mənə. İçində güllə var. 
   
   Otaqda var-gəl edir və Tanrıya yalvarırdı ki, şübhəsi doğru çıxmasın, ailənin ikinci bir faciəni yaşamasını heç istəmirdi. Bu cinayətin açılması rütbə demək idi, mükafat, vəzifə demək idi. Amma bu dəqiqə onu nə rütbə, nə mükafat, nə də vəzifə maraqlandırırdı. İndi otaqda var-gəl edə-edə Tanrıya yalvarırdı ki, bu cinayəti kim edir-etsin, Akademikin ailəsindən başqa.
   
   Ekspertin cavabı gecikmədi və Tanrı Kriminalisti eşitmədi — güllələr eyni silahdan atılmışdı.
   
   
   
   ***
   
   Akademikin Atası darvazanı açıb qarşısında yenə Kriminalisti görəndə əsəbini saxlaya bilmədi:
   
    — Oğul, ya bizim hamımızı qandallayıb aparın, ya da qoyun sürünək. İnciməyin, demişəm, yenə deyirəm, qonaq kimi gəlmisinizsə buyurun içəri. Yox, müstəntiq kimi gəlmisinizsə, qayıdın geri. Rəsmi çağırın, ya da polis göndərin.
   
   Kriminalist başını bulayıb girdi həyətə:
   
    — Ağsaqqal, mən indiyədək həmişə sizə və ailənizə hörmətlə yanaşmışam. Heç vaxt ifadənizi almaq üçün prokurorluğa çağırmamışam, özüm gəlmişəm. Dərdinizə şərik olmuşam. İndi də xahiş edirəm hövsələnizi basın. Mən bu həyətə sonuncu dəfə gəlirəm. Gəl əyləşək, bir məsələyə aydınlıq gətirək. — dedi və həmişəki kimi keçib oturdu tutun altındakı stulda.
   
   Akademikin Atası:
   
    — Oğul, əsəbləşməyin, vallah, day yorulmuşam. Kənd yeridi, hər ağızdan bir avaz çıxır.
   
   Kriminalist hövsələsizlik etmədi:
   
    — Xahiş edirəm, oturasız. Mənim ikicə sualıma cavab verin, vəssalam, mən də çıxım gedim.
   
   Bu vaxt Ana da eyvana çıxdı:
   
    — Ay kişi, kimdi gələn?
   
    — Heç, rəis qonaq gəlib, sən bir çay qoy.
   
   Ana hirsli-hirsli Kriminalistə baxdı, amma bir söz demədi və keçdi evə.
   
   Kriminalist əlindəki çantadan bir sənəd çıxarıb qoydu stolun üstə:
   
    — Buyurun, bununla tanış olun.
   
   Akademikin Atası sənədlə tanış olanda rəngi ağappaq ağardı, heç sonadək oxumadı, qoydu stolun üstə, həyatında ilk dəfə əlləri əsdi, bir xeyli dili söz tutmadı. Nəhayət, özünü ələ aldı:
   
   -And olsun Allaha, bu olan şey deyil. Burda nə isə bir yanlışlıq var.
   
    — Siz savadlı adamsız, sənəd əlinizin altındadı. Bu ekspertizanın rəyidi və heç bir yanlışlıq ola bilməz. Hər üç güllə eyni bir silahdan atılıb. O silah da bu dəqiqə sizin emalatxananızdadı. 
   
   Akademikin Atası başını əllərinin arasına aldı:
   
    — Axı, bu mümkün deyil. O tüfəngi bizdən başqa kimsə götürə bilməz. Kimin nəyinə lazımdı gəlib burdan tüfəngi oğurlasın, gedib Polkovniki atsın, sonra yenə gətirib yerinə qoysun, tüfəng tapılmır? Elə bir düşmənimiz də yoxdur bizi şərə salmaq istəsin. Özünüz dəqiqləşdirmisiz, həmin gün mən kənddən çıxmamışam, oğlum da bütün günü işdə olub, neçə xəstəni əməliyyat edib. Xanımım da kəndin arvadları ilə qonşu kənddə yasda olub. Özünüz hamısın araşdırmısız. Bu mümkün olan iş deyil. Ya ekspertizanın rəyi səhvdi, ya da bu bir şeytan əməlidi!
   
   Kriminalist sənədi götürüb qoydu çantaya:
   
    — Ağsaqqal, faktı özünüz gördüz. Yəqin ki, Polkovniki kimin öldürdüyünü də özünüz aydınlaşdıra bilərsiz.
   
   Akademikin Atası:
   
    — Dayanın, icazə verin bir siqaret yandırım. — dedi və bir siqaret çıxardıb yandırdı və tüstünü acgözlüklə ciyərlərinə çəkdi, xeyli fikrə getdi, durub həyətdə var-gəl eləməyə başladı.
   
   Ana çay gətirdi, ərini dalğın görüb soruşdu:
   
    — Ay kişi, nə olub?
   
   Akademikin Atası sanki diksindi, bir xanımına baxdı, bir Kriminalistə baxdı, bir stolun üstəki sənədə baxdı.
   
    — Ay kişi, sənlə deyiləm? Deyirəm nə olub?
   
   Siqareti yerə atıb tapdadı və dedi:
   
    — Heç, sən qalx evə, bizim bir az söhbətimiz var.
   
   Ana qayıtdı evə.
   
   Akademikin Atası yenidən əyləşdi:
   
    — Oğul, mənə hər şey aydındı. Gəl bir kişilik elə, — daha «siz» deyə yox, sən deyə müraciət etdi: — bütün nəslim ömrü boyu sənə borclu olar. Allah da səndən razı qalar. Gəl sən razı olma ki, o boyda oğul dərdi çəkən bir ana bu yaşında həbsxanaya düşsün, həbsxanada ölsün. Sənin üçün nə fərqi, əsas odur ki, qatili tapmısan! Mən etiraf edirəm. Polkovniki mən vurmuşam. İkimiz də müsəlmanıq. Bunun bircə yolu var, ya məni həbs edirsən, ya da bu namus məsələsidi, xanımımı atacam, amma həbsxanaya düşməyə qoymayacam. Söz sənindir. Sənin də anan var, bacın var. Nə fərqi, mən öldürmüşəm, yoxsa xanımım. Əslində bunu mən etməliydim, kişiliyim çatmayıb. O məndən kişi çıxıb. Əsas odur ki, cinayəti açmısan. Rütbəni alacaqsan, bəlkə prokuror da qoyacaqlar. Amma heç vaxt vicdan əzabı çəkməyəcəksən. Özün deyirdin ki, soğan satarsan, vicdanını satmazsan. İndi nə soğan sat, nə də vicdanını, sadəcə olaraq bir kişilik elə.
   
   Kriminalist qalmışdı odla-suyun arasında: qarşısında iki yol vardı, biri vəzifə borcu, biri də insanlıq borcu. Yaşı altmışı keçmiş dərdli bir qadını həbs eləmək ona çox ağırıydı. Gözünün önünə öz anası gəldi: polislər qollarına qandal vurub aparırlar, tükü ürpəndi. Cinayəti açmağına açmışdı, indi nə fərqi vardı, ananı yox, atanı həbsə alsın, dünya dağılmayacaqdıkı. Dünyada hər gün milyonlarla haqsızlıq olur, dağılmır ki, birini də o eləsə nə olacaq. Hələ yuxarılara məruzə eləməmişdi, həqiqəti yalnız və yalnız özü bilirdi. 
   
   Bir siqaret yandırdı və siqaret çəkib qurtaranadək danışmadı, sonra çaydan bir qurtum içdi, sənədi qaytarıb qoydu qovluğa və qalxdı ayağa:
   
    — Yaxşı, ağsaqqal, siz deyən olsun. Xahiş edirəm, silahı da gətirib verəsiniz, biz gedək.
   
   Akademikin Atası sakitcə qalxıb getdi həyətin aşağısındakı daxmaya, qıfılı açıb keçdi içəri, tüfəngi götürüb gətirdi və qoydu stolun üstə:
   
    — Buyurun.
   
   Kriminalist tüfəngi götürdü:
   
    — Gedək?
   
    — Gedək.
   
    — Evdəkilərlə görüşmürsüz?
   
    — Lazım deyil. İstəyirsən xanım bir dəqiqədə bütün kəndi bura yığsın? Sakitcə getsək yaxşıdı.
   
   Həyətdən çıxıb oturdular Kriminalistin maşınına, körpünün üstə Akademikin Atası çox acizanə dedi:
   
    — Oğul, səndən son bir xahiş də edə bilərəm?
   
    — Eşidirəm.
   
    — Mümkünsə icazə ver sonuncu dəfə oğlumla vidalaşım, bəlkə bir də qismət olmadı.
   
   Kriminalist maşını saxladı:
   
    — Vidalaşın. 
   
   Akademikin Atası maşından düşdü, çayın kənarındakı qəbiristanlığa girdi və getdi oğlunun məzarının üstə.
   
   Kriminalist də maşından düşüb körpünün məhəccərinə söykənib bir siqaret yandırdı.
   
   Durmuşdu oğlunun qəbri üstə, əllərini göyə açıb dua oxuyurdu.
   
   Kriminalistsə məhəccərə söykənib siqaret çəkə-çəkə bu mənzərəni müşahidə edirdi. 
   
   Axırıncı dəfə diz çöküb qəbrin torpağını sığalladı, oğlunu qucaqlayırmış kimi məzarı qucaqladı və hıçqırdı...
   
   Kriminalist siqareti atdı, maşının qapısını açıb silahı götürdü, bir silaha baxdı, bir oğlunun qəbrini sonuncu dəfə qucaqlayan ataya baxdı… baxdı...
   
   … Və silahı tulladı çaya, keçib oturdu sükanın arxasında və maşını sürüb getdi.
   
   Bu vaxt Akademikin Atası qalxmışdı, maşına tərəf gəlirdi. Kriminalistin tüfəngi çaya tulladığını və bir söz demədən maşını sürüb getdiyini görəndə donub qaldı. Xeyli beləcə dayanıb təəccüblə gedən maşının ardınca baxdı.
   
   Darvazadan içəri girəndə xanımı həyətdə gözləyirdi:
   
    — Hara getmişdin?
   
    — Qonağı yola salırdım.
   
    — Yenə nəyə gəlmişdi?
   
    — Polkovniki öldürəni tapıb.
   
   Ana əlini atdı üzünə, oturdu stula, təngənəfəs oldu və təəccüblə:
   
    — Tapıb?
   
    — Hə, tapıb!
   
    — Kim öldürüb?
   
   Xanımının başını sıxdı sinəsinə və dedi:
   
    — Allah!
   
   SON 
 

0 şərh