Sallaqxana N-5 və ya uşaqların səlib yürüşü. | Vonnequtun romanları

Bütün zamanların ingiliscə yazılmış 100 ən yaxşı romanından biri hesab edilən “Sallaqxana N-5” o vaxt işıq üzü gördü ki, bəni-insan övladı (Armstronq) ilk dəfə aya ayaq basdı, Amerika əsgərləri Vyetnam kəndi May-Layda dinc əhalini qırıb-çatdı...
Sallaqxana N-5 və ya uşaqların səlib yürüşü
Belə bir zamanda Vonnequt qısa zamanda kult yazıçıya çevrildi. Kitabın çağından çox keçməmiş “Sallaqxana N-5” romanı “zərərli kitablar” siyahısına düşdü və bütün məktəb kitabxanalarından yığışdırıldı. Şimali Dakotada onun kitablarını tonqala atıb yandırdılar. Vonnequtun ironiyası burda da işə düşdü: “Mən yeniyetmə olanda insanları yandırırdılar, indi isə kitabları yandırırlar. Zərər yoxdur – bu da inkişafdır.”

Amerikada hələ də “Sallaqxana N-5”dən sonra Vonnequtun birdən-birə necə məşhurlaşmasının və sonra necə sürətlə də “unudulmasının”  sirrini  çözmək istəyənlər, təhqiqat aparanlar var. Amma bu şöhrətin arxasında əslində, tam obyektiv səbəblər də tapmaq olar. Həmin illərdə Amerika Vyetnamla öz tarixinin “ən populyar olmayan” müharibəsini aparırdı və belə bir vaxtda Vonnequt bir müsahibə verib milyonlarla müharibə əleyhdarının fikrini ifadə etdi: “Bu müharibə göstərdi ki, biz nə qədər qəddar, amansız ola bilirik”.     

Romanda Vonnequt 1945-ci ilin fevralında başına gələn, hələ gənc ikən şahidi olduğu qırğını –Drezden bombalanmasını xatırlayır və bu kitab elə bir zamanda çap olunur ki, Vyetnam müharibəsi bütün ictimai şüuru zədələmişdi, ənənəvi liberal dəyərlər baş-ayaq olmuşdu, hamıda kəskin pessimizm, ümidsizlik vardı; heç nəyin bir də düzəlməyəcəyi barədə fikirlər hamının ürəyində özünə mülk qurmağa başlamışdı. Frensis Ford  Koppola elə bil məşhur filminin adı ilə o günlərdə olan bütün adamların fikri ifadə edib: “Apokalipsis bu gün”.

Bax, belə bir zamanda Vonnequtun romanı ortaya çıxır və ağrını süngər kimi içinə çəkib özündə yox eləyən, gülüşdən qırışmağı unutmuş çöhrələrə gülüş gətirən, bütün olmuş səhvlərə və olmaqda davam edən axmaqlıqlara qarşı kəskin ironiyası ilə kulta çevrilir. Romandakı bir qəhrəmanın dediyi cümlə o zamanı və Vonnequtu yaxşı ifadə edir: “Lənət gələsiniz, xeyirxah olmaq lazımdır”.   

Romanın əsas personajı Billi Piliqrimdir. O, 1922-ci Nyu-Yorkda, İliumda bərbər ailəsində doğulub. İkinci Dünya Müharibəsində hərbi xidmətə çağırılana qədər bir semestr İlium Optometriya İnstitutunun gecə növbəsində təhsil alıb. Billi Avropada könüllü xidmət göstərəndə almanlar tərəfindən əsir götürülmüşdü. (Eynilə Vonnequt kimi) 1945-ci ildə fəxrlə ordudan tərxis olunduqdan sonra Optometriya İnstitutunda təhsilinə davam edir. Buradakı ikinci ilində o, institutun sahibi və təsisçisinin qızı ilə nişanlanır. Bir müddət yüngül əsəb pozğunluğundan əziyyət çəkir. Onu Plasid Gölü yaxınlığındakı hospitala yatırırlar. Burada şok müalicəsi alandan sonra buraxılır. Vonnequt roman boyu tez-tez abzasların sonunda, hansısa vacib informasiyanı verəndə, təsirli bir səhnə yazanda “olan işdir” cümləsindən istifadə edir ki, bu cümlə özündən həm ironiya daşıyır, həm də fanilik hissini qüvvətləndirir, məsələlər humanizm çaları qatır.

“1968-ci ilin əvvəllərində aralarında Billi də olmaqla bir qrup optometrist Optometrislərin Beynəlxalq Konfransında iştirak etmək üçün İliumdan Monreala uçdular. Təyyarə Vermontdakı Şuqarbuş dağında qəzaya uğradı. Hamı öldü,  Billidən başqa. Olan işdir. Billi Vermont hospitalında sağalan vaxt, arvadı karbon qazı ilə zəhərlənərək ölmüşdü. Olan işdir.”

Təyyarə qəzasından sonra Billi Piliqrim evinə qayıdır və bir müddət susqun, sakit  həyat tərzi keçirir. Bir dəfə o, heç bir xəbərdarlıq etmədən Nyu Yorka gedib, gecə söhbətləri aparan bir radio verilişində çıxış edir və tez-tez zamandan qopduğunu deyir. İddia edir ki, 1967-ci ildə onu uçan boşqab oğurlayıb. Bu boşqab Trafalmador planetindən gəlibmiş. Onu üryan halda bu planetin insanxanasında sərgiyə çıxarıbmışlar. Yadplanetlilər onu özü kimi dünyalı olan keçmiş film ulduzu Montana Uayldheklə cütləşdirmişdilər.
Bundan sonra roman boyu biz onun müxtəlif zamanlara səyahəti və orda başına gələnləri oxuyuruq. Bu “zamandan qopmaların” əksəriyyətində o, müharibə illərinə düşür.

Vonnequt Piliqrim soyadını təsadüfən seçməyib. Sözün mənası “zəvvar” deməkdir. Bu mənada Billi zaman zəvvarıdır. Onu oğurlayan uşaq boşqabın gəldiyi Trafalmador planetinin də adı boş yerə seçilməyib. Trafalmador – “biz hamımız” deməkdir.

 

​​“Sallaqxana N-5” romanının əvvəlindəki Drezden bombalanması haqda kitab yazmaq istəyən və köhnə döyüş yoldaşıgilə gedən, beləliklə mətnin bir hissəsinə çevrilən  Vonnequt və gerçəklikdə bunları həqiqətən yaşamış Vonnequt, üstəgəl romanda Billi Piliqrimin gözündən uydurulmuş roman dünyasında, alternativ reallıqda o günləri xatırlayan Vonnequt -  bütün bu vonnequtlar bir güzgünün sınması, parçalanması effektini yaradır.

Romanın əvvəlində Vonnequt Drezdenlə bağlı necə material yığması və köhnə müharibə yoldaşı Bernard V. O’Heyrə zəng vurub o illəri xatırlamaq, söhbət etmək üçün görüş istəməsi də təsvir edilib. Yalnız bu məlumatları alandan sonra biz romanın lap əvvəlindəki iki ithafı başa düşürük: “Meri O’Heyr və Gerhard Müllerə həsr olunur.”

Vonnequt yazır ki, Meri O’Heyr onun köhnə döyüş dostu Bernarın həyat yoldaşıdır. Meri onun bu kitabı yazmağının əleyhinədir. Çünki: “Meri isə hələ də səs-küy salmağa çalışırdı. Nəhayət, o,  kola götürmək üçün yenə mətbəxə gəldi. Soyuducudan bir az da buz götürüb əlüzyuyana çırpdı, hərçənd kifayət qədər buz parçası var idi. Sonra o, necə hirsli olduğunu görməyim üçün üzünü mənə çevirdi və hiss etdirdi ki, bu qəzəbin səbəbi mənəm. O, öz-özünə danışırdı və dedikləri geniş bir söhbətin kiçik hissəsi kimi səsləndi.

— Siz o vaxtlar uşaq idiniz. – dedi Meri.

— Nə? – dedim.

— Siz müharibəyə gedəndə uşaq idiniz, yuxarıda oynayan övladlarımız kimi!

Onun dedikləri ilə razı olduğumu bildirmək üçün başımı yellədim. Biz müharibə vaxtı uşaqlığın son dəmlərini yaşayan axmaq bakirlər idik.

— Ancaq siz bunu olduğu kimi yazmayacaqsınız, elə deyil? – Bu sual deyildi, ittiham idi.

— Mən, mən bilmirəm, – dedim.

— Əla, amma mən bilirəm, — dedi o, – Siz uşaq yox, əsl kişi olduğunuzu yazacaqsınız və filmlərdə sizi Frenk Sinatra, Con Ueyn kimi məşhur, müharibə sevən iyrənc gədələr oynayacaq. Müharibə elə gözəl təsvir olunacaq ki, biz daha çox qırğın görmək istəyəcəyik. Yuxarıdakılar kimi övladlar döyüşəcək.

Mən anlamışdım. Onun qəzəbinin səbəbi müharibə idi. O, nə öz uşaqlarının, nə başqalarının uşaqlarının müharibələrdə ölməyini istəmirdi. O, düşünürdü ki, kitablar və filmlər insanları müharibələrə təşviq edir. Ona görə mən sağ əlimi qaldırdım və söz verdim:

— Meri, — dedim – Bu kitabın nə vaxtsa bitəcəyindən əmin deyiləm. Yəqin ki, indiyə qədər beş min səhifəyə yaxın yazmışam və hamısı zibil qabına atılıb. Əgər mən nə vaxtsa, bu kitabı bitirsəm, şərəfimə and içirəm ki, orada Frenk Sinatra və Con Ueyn üçün rol olmayacaq.

— Bilirsiniz, – dedim – Mən onu “Uşaqların səlib yürüşü” adlandıracam.”

Bəs  Vonnequtun o biri ithafa layiq gördüyü kimdir? Özü yazır ki, biz əsir olanda bizi əsirlərin olduğu sallaqxanaya aparan taksi sürücüsünün adı Gerhard Müller idi. Təbii ki biz bu adın da, o biri adlar kimi uydurma olduğunu bilirik. Çünki Gerhard Müller, əlbəttə ki, məşhur alman futbolçusunun adıdır və ithafın ikinci tərəfinə dünyaca məşhur bir futbolçunun adını yazmaqla Vonnequt elə birinci tərəfindən uydurma olmasına işarə edir.

Romanın necə yazıldığının nəql edildiyi birinci fəslin sonunda Vonnequt əsərin ilk və son cümləsini yazır; sanki əvvəlcədən başlanğıc və son haqqında məlumat verməklə oxucunun bir azdan oxumağa başlayacağı Billi Piliqrimin zamanda sıçrayışlarına hazırlayır, təbii  ki, eyni zamanda postmodern romanlara xas olan o məşhur fəndi  təkrarlayır. Əsər öz diliylə deyir ki, mən  quramayam :

“Kitab belə başlayır:

“Qulaq as-
Billi Piliqrim zamandan qopmuşdu.”

Və belə bitir:

“Cik-çirik?”

Vonnequta görə yazıçının əsas vəzifəsi bircə dənədir: “insanları məmur, general, prezident olana qədər tutmaq və onları humanizmlə zəhərləmək. Humanizmə yoluxmuş insan heç vaxt məmur olmaq, general olmaq, prezident olmaq istəməz.”

Kurt Vonnequt  dünya müharibəsində milyonlarla insanın öldüyü, amma nədənsə “elm əsri” adlandırılan bir dövrün  — XX əsrin idi. (Bu yerdə yadımıza Adornonun sözü düşür: Osvensimdən sonra şeir yazmaq barbarlıqdır) Elə buna görə də “Pişik beşiyi” Vonnequt həm dərin hüznlə, həm də özünəməxsus ironiya ilə yazırdı: alimlər nə icad edirlər etsinlər, silah alınır.

Olan işdir.

Mənbə: Internet resursları

Həmçinin bax: Pişik beşiyiYüngülvari bioqrafiyaVonnequtun ədəbi düşüncəsi

0 şərh