Qoşalıq və ya tənhaların qəm nəğməsi

Hardasa belə bir əfsanə oxumuşam. Guya hər bir insan iki yerə bölünüb. Bu bölünmüş insanlar yer üzündə öz yarılarını axtarırlar. Kim tapırsa, birləşib bütöv, xoşbəxt olur.
“Mənim yarım” sözü elə bu rəvayətdən yaranmayıbmı? Kim öz yarını tapa bilmirsə, qalır yarımçıq.
Bəziləri, bəlkə də çoxları öz yarı əvəzinə başqasının yarını tapır, sonra səhv etdiyini başa düşüb ayrılırlar.
Çoxları da heç ayrılmır. Ömürlərini özgələrinin yarıları ilə başa vururlar, ona görə də heç vaxt bütöv olmurlar.
Niyə belədir axı görəsən? Niyə hər şey qoşa olanda gözəl olur? Tənha qadın...Tənha kişi…
Heç vaxt inana bilmərəm ki, dünyada elə bir tənha qadın (yaxud kişi) tapılsın ki, özünü xoşbəxt hiss etsin.
Yarımçıq insan deyilmi tənhalar? Nədir axı bunun sirri? Bəlkə də ona görə ki, qoşalıqdan gəlir dünyaya insan övladı?
Tənha quşun yuva qurduğunu görən olubmu? Bəlkə Günəş elə tənha olduğuna görə alışıb-yanır?

Kim bilir, bəlkə tənha olduğu üçün belə solğundur Ay?
İnsan bədəninin neçə üzvü qoşadır. Qulaqlarımız, gözlərimiz, kirpiklərimiz, qaşlarımız qoşa deyilimi?
Qoşa deyilmi sifətimiz? Qoşa deyilmi dodaqlarımız?
Qoşa deyilmi damaqlarımız? Burnumuz birdir, bəs qoşa deyilmi onun dəlikləri? Birdir başımız, bəs qoşa deyilmi beyin yarımkürələrimiz?

Ürək birdir, ancaq ürəyin şöbələri qoşa deyilmi? Böyrəklərimiz, ağ ciyərlərimiz qoşa deyilmi?
Onurğa sütunu insan kürəyini iki yerə bölmürmü? Qoşa deyilmi ayaqlarımız? Qollarımız qoşa deyilmi?
Hər iki olan qoşadırmı? Qoşalıq və iki olmaq eynidirmi? İki olmaq ayrı-ayrı iki ədəd birin mövcud olmasıdır.
Qoşanın bir birləşən yeri var axı...qoşalıq həm də bir olmaqdır. Yəni, kökü eyni olur qoşanın.
Ayaqlarımız və ya qollarımızın biri o birindən uzun yaxud gödək olanda anormallıq əlaməti sayılır.
Gözün birinin o birindən balaca olması eyib hesab edilir.

Qoşalıq bərabərlikdir həm də. Cütlük bütövlükdür. Kimlərdir həyatda ən xoşbəxt?
Kimlərdir ən bədbəxt? Öz tayını, öz yarını tapıb bütövləşənlər xoşbəxtlər xoşbəxti deyilmi?
Öz yarılarını tapmayanlar dünyanın ən bədbəxti deyilmi?
Hər şeyin əlacı var. Şirin şeydən doyub bezəndə turş nəsə axtarırıq.
Yanan odu su ilə söndürürük. İstidən alışıb yananda sərin bir axtarırıq.
Budur odun əlacı. Soyuqdur istinin çarəsi. Hər şeyin əlacı var.
Hər şeyin çarəsi var. Bəs həyatda öz yarılarını tapmayanların əlacı nədir görəsən?

Öz yarılarının başqa birinə zorla calaq edildiyini görənlərin dərdinə dərman varmı görəsən?
Öz yarısını gec də olsa tapan, amma ona yalnız xəyalən qovuşanlar bədbəxtdir yoxsa xoşbəxt?
Öz yarılarını tapmayanların al-əlvan çılçıraqları o evi nurlandıra bilərmi, ilahi?
Öz yarılarını tapanların evində yanan zəif şam şölələri ən işıqlı çılçıraqdan işıqlı deyilmi?
Qoşaların ruhu ayrıdır, yoxsa birdir, ay Allah?
Qoşa olanlar xoşbəxtdir. Yarımçıqdır tənhalar! Tənhaların evlərinin divarları qəm nəğməsi dinləyir hər gecə.

Tənhaların göz yaşları içlərinə axır hər gecə.
Tənhaların dodaqlarında qəm nəğməsi oxunur hər gecə.

Mahnı qulaqlarımda əks-səda verir...

Hamı gəzir yarısını
Qoca gəzir qarısını...
gəzir....

© Sevil Gültən
 
loading...

9 şərh

pascal

Oxumağa başlayanda, dedim yəqin, yenə ctrlA-nın öz qələminin məhsuludur. :) Sonda başqa imza gördüm. Olsun. Dəyişik topikdir. Bəyəndim. +

asel
doğrudan da dəyişik topikdir. +
Ramil
«Günəşi göylərdə təklik yandırır». Şeir parçasıdır. İndi o şeiri tapa bilmirəm.
_BUMERANQ_
Yunan mifologiyasına görə yaradılışın əvvəlindəki kişi ilə qadın bugünkünə heç bənzəməzdi.
Belə ki, onların sadəcə bir gövdəsi vardı və ayrı-ayrı istiqamətə baxan iki üzü (biri qadın, biri kişi) vardı. Sanki iki canlı kürək-kürəyə yapışdırılmış kimi idi. Bu varlıq elə güclü idi ki, heç kim ona zərər verə bilməzdi, heç kim onu arxadan vura bilməzdi.
Qısqanc yunan tanrıları bu varlıqların çox yaşaya bilməsindən qorxdular və Zevs  dedi ki, bu varlıqların güclərini əllərindən almaq üçün bir planım var...və şimşəyin köməyi ilə bu varlıqları ikiyə bölməklə qadınla kişini yaratdı.
Beləliklə insanlar artmağa başladılar, amma eyni zamanda da hər kəs gücdən düşdü və yollarını itirdilər .
Onların öz güclərini təzədən qazanmaq üçün bir şansları vardı, öz yarılarını tapmaqla...

Gücünüzü qazanmaq diləyi ilə…
kagizgemiler
tamam ferqli və çox maraqlıdır..əgər insan tam ola bilmərsə kimdəsə qalmışdır demək ürəyindən bir parça.inşallah hər kəs düzgün yarısın tapar .çoxsağolun
BaRLeLiTa
Topiki çox bəyəndim..Əla yazılıb
babayeva_sabina
maraqlıdı
 əməyə hörmət
ctrlA
dəyərləndirən hamıya təşəkkürlər :)
seyidova
elede olurki yarını tapırsan bilirsenki senin yarın odu amma ele sebebler olurki qovuşa bilmirsen ona..mence qarşıiıqsız sevgidende acıdı qarşılığı olub bütövleşe bilmeyen sevgi :(