Əjdaha | Rey Bredberi

Rey BredberiBataqlıqlı düzənlikdə hərəkət yox idi, sadəcə, gecə mehi qısa otları tərpədirdi. Artıq uzun illərdir ki, böyük kor səma qalxanının altından bir quş belə uçmamışdı. Lap çoxdan bir neçə balaca daş xırdalanıb toza çevriləndə özlərini canlı kimi aparmışdılar. İndi bu çöllükdə yalnız gecənin özü tənha tonqala sarı əyilmiş iki kişinin qəlbində tərpənirdi. Qaranlıq onların damarlarına ehtiyatla dolur və onların gicgahları ilə biləklərində sakitcə döyünürdü. 

Tonqalın işığı onların saç-saqqallı sifətlərində oynayır, gözlərinin içində narıncı cır-cındır kimi əks olunurdu. Onlar bir-birinin güclə sezilən yüngül nəfəs almalarını və kərtənkələninki qədər aramlı göz qırpmalarını dinləyirdilər. Nəhayət, kişilərdən biri tonqalın çör-çöpünü qılıncı ilə qarışdırmağa başladı.

— Etmə, axmaq! Bizi ələ verəcəksən!
— Heç nə olmaz – ikinci dilləndi. — Onsuz da, əjdaha bizim qoxumuzu lap uzun məsafədən də duya bilər. Aman Tanrım, necə də soyuqdur. Kaş ki, indi qalada olaydım.
— Biz yuxunun deyil, ölümün quyruğundayıq.
— Niyə? Niyə? Əjdaha heç vaxt şəhərə ayaq basmır axı.
— Sakitləş, axmaq. O, bizim şəhərdən başqasına yollanan tənha səyahətçiləri yeyir!
— Qoy yesin də, biz də evə gedək.
— Dayan. Dinlə.

İkisi də dondu.
Onlar uzun müddət gözlədilər, lakin onların atlarının dərilərinin əsəbi əsməsi zamanı sanki məxməri zınqırovların üzəngiyə dəyərkən çıxardığı azacıq cingilti səsindən başqa heç bir səs yox idi. 
— Ah, – ikinci kişi əsnədi və dedi: — Lap dəhşətli yuxular məkanıdır bura. Hər nə olursa, burada olur. Biri günəşi üfürür, gecə olur. Sonra da ki, sonra da… Aman Allah, qulaq as! Deyirlər ki, bu əjdahanın gözləri alov kimidir. Nəfəsi isə ağ buxar kimi, onun qaranlıqda var-gəl etməsini də görmək olar. O, kükürdlü alov və şimşəyin içində qaçır və otları yandırır. Qoyun-quzu dəhşətə gələrək dəli olub qırılır. Qadınlar dünyaya qorxunc məxluqlar gətirir. Əjdaha qeyzə gələndə, hətta qala divarları da dağılıb toza dönür. Onun qurbanları dan yeri açılarkən təpə boyu ora-bura atılır. Gör bir neçə cəngavər bu əjadahanın canını almaq üçün gedib və məhv olub, elə bizim məhv olacağımız kimi.
— Bəsdir daha! Bezdim.
— Bezərsən də. Bu dağınıqlığın içində hansı ilin də olduğunu unutmuşam.
— İsa Məsihin doğumundan doqquz yüzüncü il.
— Yox, yox, – ikinci kişi gözüyumulu halda pıçıldadı. — Bu bataqlıq düzənlikdə Vaxt məfhumu yoxdur, yalnız Daimilik var. Hiss edirəm ki, əgər yolla geriyə doğru qaçsam, şəhər yoxa çıxacaq, insanlar hələ doğulmamış olacaq, əşyalar dəyişəcək, qalalar qayalardan yonulmayacaq, meşələr qırılmamış olacaq. Soruşma ki, bunları haradan bilirəm, bunları bataqlıq bilir, mənə də deyir. Və biz burada − od püskürən əjdahanın məkanında tənha qalmışıq, Tanrı bizi qorusun!
— Qorxursansa, silah-sursatını üstündə saxla.
— Nə mənası? Əjdaha heçdən gəlir, biz onun yerini bilmirik. Sonra da dumanda yoxa çıxır, getdiyi yeri də naməlumdur. Yaxşı, gəl silahlanaq, ölümü hazır vəziyyətdə qarşılayaq.
Elə zirehini yarıyacan geyinmişdi ki, ikinci kişi dayandı və geriyə boylandı. 

Gecə və düzənliyin heçliyi ilə dolu olan qaranlıq bir məkanda vaxtı demək üçün tozdan yararlanan saatların üzərindən külək tozanaq qaldırdı. Bu yeni küləyin içində parlayan qara günəşlər vardı və haradasa üfüq xəttinin arxasında bir payız ağacı öz üzərindən solmuş yarpaqlarını silkələyib tökürdü. Bu külək torpağı əridir, sümükləri ağ mumtək uzadır, qanı qaynadır və beyindəki qatı məhlula çevirirdi. Külək minlərlə ölü ruhdan ibarət, çaşqın və daima hərəkətdə idi. Qaranlığın içində yüngül duman, onun da içində qatı duman vardı, bu yer insan məkanı deyildi, burada nə il vardı, nə saat, ancaq bu iki adam qəfil şaxtanın, çovğunun simasız boşluğunda və şimşəklərin yaşıl çatlarının arxa fonunda hərəkət edən ağ ildırım mövcud idi. Yağışın fəryadı torfu tamamilə yaş etdi, hər şey yoxa çıxdı, yalnız nəfəssiz sükut və soyuq fəsildə yeganə istiliyi olan tənha qalmış iki adam qaldı. 
— Orada, – birinci kişi dedi. — Bax, orada...
Çox uzaqdan dəhşətli səs-küy və nərilti ilə gəlirdi − əjdaha.

Kişilər sükut içində zirehlərini geyindilər və atlarına mindilər. Gecəyarı səhrası getdikcə daha da yaxınlaşan əjdahanın nəriltisinin dəhşətli parıltısından parça-parça oldu. Onun qarmaqarışıq sarı işığı gözlənilmədən təpənin arxasında parladı və sonra uzaqda olduğundan aydın seçilməyən qara qat-qat bədən təpənin üzərindən uçdu və dərəyə atılaraq gözdən itdi. 

— Cəld!
Onlar atlarını dərəyə sarı yönəltdilər. 
— O, burdan keçir.
Onlar atların gözlərini bağladılar və möhkəm kişi əlləri nizələri ovuclarında sıxdı. 
— Allahım!
— Doğrudur, O, bizə kömək olsun.
Elə həmin an əjdaha təpəni aşdı. Onun nəhəng kəhrəba rəngli gözü onlara zilləndi, onun əksi onların zirehlərinin üzərində qırmızı parıltılarla oynadı. Dəhşətli və qorxunc bir nərə ilə əjdaha özünü irəli atdı. 
— Allah, özün kömək ol!
Nizə qapanmayan sarı gözün altına dəydi və əyildi, kişi yəhərdən yıxıldı. Əjdaha onu vurdu, ayaqladı və əzdi. Təsadüfən qara çiyni ilə o biri atı və üzərindəki adamı da itələdi, onlar yüz fut uçub nəhəng qayaya çırpılaraq məhv oldular, əjdaha isə altında, üstündə, hər yanında olan çəhrayı, sarı, narıncı alovun içindəcə, başının üstündə də qatı tüstü dumanı ilə birlikdə yoluna davam etdi. 
— Gördün? – kimsə sual verdi. — Hər şey eynilə sənə dediyim kimi oldu.
— Eynilə. Haqlısan. Harri, Allaha and olsun ki, zirehli cəngavər idi. Biz onu vurduq.
— Dayanmayacaqsan?
— Bir dəfə istəmişəm. Amma heç bir şey tapa bilməmişəm. Adamı lap əsməcə tutur. Burada nə isə bir qəribəlik var.
— Axı biz kimisə əzdik.
— Gör necə yüksək səslə fit çalırdım. Adam isə yerindən tərpənmədi.
Külək dumanı dağıtdı. 
— Stokliyə vaxtında çatacağıq. Yenə kömür at, Fred.
Yeni bir fit bomboş səmadakı şeh damcılarını yerə səpdi. Od və nərilti içində gecə qatarı dərənin içindən keçdi və şimalın soyuq uzaqlığında birdəfəlik yoxa çıxdı. Qatarın arxasınca donuq havada qoyduğu qara tüstü və buxar o, ötdükdən bir neçə dəqiqə sonra əridi. 

İngiliscədən tərcümə: Svetlana Quliyeva

0 şərh