Elif Şafakla müsahibə

“Kişilik də forma kimi əynimizə geyindirilib”

Elif Şafak-Dünyanın müxtəlif ölkələrindən oxucularınız var. Ən çox hansı ölkədən yazırlar?
— Son vaxtlar mənə Azərbaycan, Hindistan, Pakistan, İran, İndoneziya və Ərəbistandan yazırlar. Əvvəllər çox fikir vermirdim. “Twitter”də aktiv izləyirlər.

“İsgəndər” kitabı qadına təcavüz mövzusu ilə diqqət çəkmişdi. Kitab çıxandan sonra təcavüzə məruz qalan qadınlardan sizə yazanlar olub?
—  Çox maraqlı məktublar və e-maillər aldım oxuculardan. Universitetlərdən, həbsxanalardan təkcə qadınlar yox, arvadlarına, yaxud ailə üzvlərinə xəsarət yetirən, təcavüz edən kişilərdən peşmançılıq məktubları gəlirdi.
Mən “İsgəndər”də kişiləri pisləməmişəm. Demək istədiyim bu idi: Kişilik də əynimizə forma kimi geyindirilir.
Bizdə qadın hərəkatları hər şeyi qadınların üstünə fokuslayır, qadının hekayəsini önə çəkir, halbuki atalıq, ərlik, qardaşlıq anlayışının dəyişməyə daha çox ehtiyacı var. Təbii, qadının hekayəsi də vacibdir, amma kişinin hekayəsini bilmədikcə təcavüz cinayətlərini həll edə bilmərik.
Biz qadınlar da cəmiyyətin kişi mərkəzçi olmağında az rol oynamırıq. Oğullarımızı elə böyüdürük, ərimizi güclü görmək istəyirik.

“Sosial media informasiyanı ucuzlaşdırdı”

Aktiv “Twitter” istifadəçisisiniz. Amma sosial medianın olmadığı vaxtlarda da kitabınız çıxıb. Yazıçının gözündə bu günlə dünən arasındakı fərq nədədir?
—  Türkiyədə ədəbiyyat və mədəniyyətdən əvvəllər İstanbul, Ankara və İzmirdə danışılırdı. İndi o steriotip qırılıb artıq. Müxtəlif bölgələrdən yazırlar “Twitter”də. Bildiyiniz kimi, mən həm ingilis, həm də türkçə yazıram tvitləri. Bir də görürəm adanalı bir oxucum isveçdəki başqa bir oxucuma cavab yazır, müzakirə aparırlar. Belə şeylər xoşuma gəlir.

Pis tərəfi nədir, sizcə?
— İnformasiyanı ucuzlaşdırdı. Bir də nifrət sözünü asanlaşdırdı. Bunlara fikir vermək lazımdır, internetə o qədər də başıboş mövzu kimi yanaşmaq olmaz. Texnologiya qabaqda gedir, hüquq arxada. Bütün dünyada bu tip mövzular müzakirə obyektidir, biz də diqqətli olmalıyıq.

Bu il iki mükafata namizədsiniz – Man Asian və Women Prize. Dünya yazıçıları arasındasınız. Nə cür dəyişikliklər qatır mükafatlar həyatınıza?
— Mükafat almaq yaxşıdır, insanı həyəcanlandırır. Amma romanları yazan tərəfim utancaq, yağışlı havanı sevən, içinə qapanıq, düşüncəli biridir. Onu belə şeylər maraqlandırmır. Yazıçılığın Türkiyədə daha ictimai imici var. Bu, İngiltərədə fərqlidir. Məsələn, İngiltərədə yazıçılara siyasi suallar vermirlər, ictimai bir fəallıq gözləmirlər. Biz bu baxımdan daha fərqliyiq. Yazıçılardan çox şey gözləyirik. Yazı danışmır, yazıçı danışılır.

Niyə elə?
— Bizdə şəxslər önə çəkilir, fikirlər bir neçə nəfərin üzərinə cəmlənir. Sənətin özündən çox sənətçi, ədəbiyyatın özündən çox ədəbiyyatçı gündəmə gəlir. Məncə, bu, səhv yanaşmadır.

-Fikirlər sizə yönələndə çox narahat olursunuz deyəsən…
— İki şeyi öyrənmişəm. Kitab oxumağı dəli kimi sevməyən insan yazıçı olmamalıdır, bu birinci. İkincisi, didiklənməyi nəzərə almayan yazıçılıqdan gözünü çəkməlidir. Bu ölkədə şairlər, yazıçılar nə vaxt didiklənməyib ki?!

“Siravi insanları dəyərləndirən roman yazıram”

Yeni romanınızda müəllim-şagird münasibətindən bəhs etdiyini demişdiniz. Dəyişiklik yoxdu mövzuda?
— Yox, dəyişiklik yoxdur. Davam edirəm yazmağa.

-Necə kitab gözləyir bizi?
— Oxucularımı təəccübləndirən roman olacaq, çünki yazanda özüm də təəccüblənirəm. İndiyə qədər yazdıqlarımdan fərqli və əhatəlidir. Tariximizin yaxşı bildiyimiz bir dövrünü sıravi insanların sözləri ilə yazıram. Ancaq sultanlara, vəzirlərə deyil, “adi insanlara” qiymət verən hekayə gəlir.

Osmanlı tarixindəndir?
— Bəli, o dövrdən gələn hekayədir. Əsərdə həm sənət tarixi, həm siyasi tarix var. Beləcə bir çox mövzunun kəsişmə nöqtəsi var.

Bir də heyvanlar var, elədirmi?
— Heyvanlar da var. Bir də sevgi. Qarşılıqsız sevgi.

“Eşq”dən sonra təzədən sevgi ilə bağlı nəsə yazmaq çətin deyil?
-  Mənim üçün hər kitabımın yeri xüsusidir, amma bir şeyi bir dəfə yazandan sonra ondan qopuram, zehinlə və ruhən başqa hekayəyə keçirəm.

“Valideynlər uşaqlarının şagirdidir əslində” 

-Londonda yaşayırsınız. Uşaqlarınız öyrəşib ora?
— Öyrəşiblər. Bir tərəfdən də qəribə ata-anaya sahib olduqlarını düşünürlər. Başqa ölkələrdə yaşayan iki valideyn… Amma bizdən başqa da minlərlə belə ailə var. Onu da görürlər. Uşaqlar onsuz da çox vaxt böyüklərdən daha müasirdirlər bu cür mövzularda…

Anaların yazıçılığına necə, öyrəşiblər?
— Ona da öyrəşiblər, lağ edirlər mənə: “Bu nədir, bütün gün kitab oxuyursan”. Asan deyil uşaqlara. Ata ofisə işə gedəndə onun ofisdə olduğunu daha rahat qəbul edirlər. Amma evin içində ananın necə və niyə “əlçatmaz” olduğunu başa düşə bilmirlər. Qəfildən gəlib nəsə soruşmaq istəyirlər, onlarla nəsə oyun oynamağımı gözləyirlər. Mən isə yazanda kənar şeyləri düşünə bilmirəm.

Buna görə kitablardan nifrət etmirlər?
— Yox, elə bir nifrətləri yaranmayıb. Əksinə, çox sevirlər, amma mənə çox hirslənirlər.

Analığa öyrəşmisiniz?
— Əlbəttə. Analıq-atalıq bir gündə öyrənilmir. Hər gün daha çox, daha yaxşı öyrənir insan. Valideynlər uşaqlarının şagirdidir əslində. 

Londonda gününüz necə keçir?
— Yazıçıların həyatı darıxdırıcıdır, çünki Allahın hər günü eyni qədər yazmasaq da, fikrimiz yazdığımız hekayədə olur. Onunla birgə depressiyaya düşür, yenidən çıxırıq. Elə anormal, tək adamlıq dünyadır ki. Özümüzü hərdən “balaca allahlar” hesab edirik… Ən yaxşı tərəfimiz sözlərə, hekayəyə və xəyallara olan sevgimiz, məhəbbətimizdir.

0 şərh