Cəfər Cabbarlı

Azərbaycan ədəbiyyatının,mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist Cəfər Qafar oğlu Cabbarlı 1899-ci il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Cəfərin ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin "Dağlı məhəlləsi" adlanan yuxarı hissəsində yaşamışdır.

Cəfərin atası təxminən 1901-1902-ci illərdə ürək xəstəliyindən vəfat etmişdir. Yazıçının anası Şahbikə xanım namuslu və çalışqan bir qadın idi. Onun dörd oğlu var idi. Kiçiyi Cəfər idi. Əri vəfat etdikdən sonra ailənin bütün ağırlığı onun üzərinə düşmüşdür. Şahbikə heç olmasa kiçik oğlunu təhsildən məhrum etməmək üçün Cəfəri əvvəlcə məhəllə mollasının yanında "çərəkə" oxumağa, bir az sonra isə Molla Qədirin yanında Quran oxumağa qoyur. Bu vaxtlar 6-7 yaşında olan Cəfər anasının bişirdiyi çörəkləri alverçilərin dükanına daşımaqla ailəsinə kömək edir. Mollaxananın ona bir şey verməyəcəyini başa düşən Cəfər başqa şəhər uşaqları ilə birlikdə 1905-ci ildə "Stariy Poçtovı-25"də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli "7-ci Müsəlmani və rusi" məktəbinin birinci sinifinə daxil olmuşdur. Cəfərin ilk müəllimləri görkəmli pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi. Cəfər Cabbarlı 1908-ci ildə "7-ci Müsəlmani və rus" məktəbini bitirib bir müddət ailəyə kömək edir. Sonralar Bakıda Alekseyev adına 3-cü Ali-ibtidai məktəbdə oxuyur. 1915-ci il aprelindən 2-də məktəbi bitirən gənc Cabbarlı sənədlərini Bakı Politexnik məktəbinin elektro-mexanika şöbəsinə vermişdir. Hələ ibtidai məktəbdə oxuduğu zaman A. Şaiq və S.S. Axundov kimi yazıçı və müəllimlərin təsiri ilə Cabbarlıda ədəbiyyata həvəs daha da qüvvətlənir və o, Azərbaycan və rus şairlərini mütaliə etməklə bərabər özü də yazmağa başlayır. Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şer, hekayə, opera mətni və hətta roman da vardır.


Bəzi tədqiqatçılar Cabbarlının 1913-cü ildən öz yazıları ilə qəzet idarələrinə gəldiyini göstəririlər. 1990-cı ilin əvvəllərinə qədər belə həsab edilirdi ki, Cabbarlının ilk mənzuməsi 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində çap olunmuş Bahar şeridir. Lakin dramaturqun əsərlərini son illərdə tədqiq edən tədqiqatçı-alim Asif Rüstəmlinin axtarışlarından məlum oldu ki, C. Cabbarlının ilk lirik və satirik şerlərinin tarixini 1915-ci ilin aprel və iyun aylarında çap edilmiş "Bahar" və "Əl götür" şerlərindən deyil, "Həqiqəti-əfkar" qəzetinin 5 noyabr 1911-ci il 2-ci nömrəsində dərc edilmiş "Eşidənlərə" və "Şücaətim" şerlərindən başlamaq lazımdır. 1915-ci ildə Bakı Politexnik məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat almışdır. Cəfər Cabbarlı 1920-ci ildə Bakı Politexnik Məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuşdur. O, burada oxumuş, lakin bu sənət onu maraqlandırmadığından ərizə yazıb həmin fakültədən çıxmışdır.


1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Bakı Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir. Cabbarlı ədəbiyyata yüngül bir həvəslə gəlməmişdi. Onu ədəbiyyata çəkən qüvvə ictimai həyatda fəal iştirak etmək ehtiyacı idi. O, hətta ilk əsərlərində də böyük maarifçi-yazıçılarımızın, realistlərimizin yolu ilə getməyə çalışaraq, hər əsərində ictimai bir fikir ifadə edirdi, onun hər əsəri müəyyən daxili həyəcanın, düşüncənin nəticəsi kimi meydana çıxırdı. 1915-1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövrdür. O, bir-birinin ardınca "Vəfalı Səriyyə yaxud göz yaşı içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin Şah", "Trablis müharibəsi və ya Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi Azərbaycan səhnəsini düşündürən əsərlər yazmış, lirik və satirik şerlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar etmişdir .


Cəfər Cabbarlının yaradıcılığında çox sevdiyim şerlərdən:

Ana




Ölmək

Ölmək! O geniş körpüdən hər kəs keçəcəkdir,
Bir badə ki, ondan bütün aləm içəcəkdir!
Hər süslü çiçək sonda saralmış quru yarpaq,
İnsan da nədir? Əvvəli torpaq, sonu torpaq!

Aləm doğacaq, dirçələcək, məhv olacaqdır,
Dünya boş ikən əvvəli, həp boş qalacaqdır.
Bir tək səni məhv etmədi bu qanlı təbiət,
Həp yoxluğa, həp heçliyə məhkum bəşəriyyət.


Ölkəm

Şiş ucları buludlarla döyüşən
Dağlarında buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən
Tarlaları, düzləri var ölkəmin.

Verimli torpağı, geniş çölləri,
Çalışqan ərləri, igid elləri,
Böyük gəmiləri, dəmir yolları,
Keçidləri, rizləri var ölkəmin.


Göllərində ördəkləri üzərlər,
Çöllərində maralları gəzərlər,
Güllərindən gəlinlər tac bəzərlər,
Ceyran gözlü qızları var ölkəmin.

Quzğun dəniz oynar ayaqlarında,
İşıq saçar nefti torpaqlarında.
Tarixlərin altun yarpaqlarında
Dadlı-dadlı sözləri var ölkəmin.

"Yanar dağlarında yalov coşarmış,
Ona tapınmaya ellər qoşarmış,
Bir cağ varmış, ölkəm azad yaşarmış,
Bu yollarda izləri var ölkəmin.

İpəyindən qızlar çadra geyərlər,
Ölkələrin azad görmək dilərlər,
Bu yerləri bütün ellər sevərlər,
Yalnız bizdə gözləri var ölkəmin".
 

0 şərh