Çaqqallar və ərəblər | Frans Kafka

Biz vadidə düşərgə salmışdıq. Yol yoldaşlarımız yatırdı. Yanımdan ucaboy, ağbəniz bir ərəb keçdi; dəvələri yerbəyer edib yatmağa gedirdi.

Arxası üstə otluğa uzandım; yatmaq istəyirdim, yata bilmirdim; uzaqdakı çaqqalın “gileyli” ulartısı; yenidən qalxıb oturdum. Uzaqdakılar birdən-birə yaxında peyda oldu. Ətrafımda çaqqalların vurnuxması; tutqun qızılı rəngdə parlayıb sönən gözlər; şümşad bədənlər, qamçı altında qanunauyğun və cəld hərəkətlə.

Biri arxadan yaxınlaşdı, qolumun altından sivişib düz qarşımda durdu, sanki, hənirtimə ehtiyacı vardı, sonra yaxına gəlib, az qala, mənimlə göz-gözə danışmağa başladı:

— Bu göz işləyən yerlərdə ən qoca çaqqal mənəm. Səni burada salamladığıma görə özümü xoşbəxt sayıram. Az qala, ümidimi itirmişdim, çünki səni çoxdandır ki, səbirsizliklə gözləyirik; anam gözləyib, onun anası gözləyib, daha sonra onların da ana və nənələri, düz bütün çaqqalların ulu anasına qədər. İnan buna!

— Bu məni bərk heyrətləndirir, – dedim və tüstüsü ilə çaqqalları qovmaq üçün odun qalağını yandırmağı unutdum, – eşitdiklərimə çox təəccüblənirəm. Yalnız təsadüfən uzaq şimaldan gəlmişəm və kiçik bir səyahət etmək fikrim var. İstədiyiniz nədir, çaqqallar?

Bəlkə də, həddən artıq səmimi səslənən bu müraciətdən cəsarətə gəlib ətrafımda sıxlaşdılar; hamısı fınxırtı ilə kəsik-kəsik nəfəs alırdı.

— Bilirik ki, – qoca çaqqal dilləndi, – şimaldan gəlirsən, ümidimiz də elə bunadır. Burada ərəblər arasında tapılmayan ağıl orada var. Bilirsənmi, bu soyuq təkəbbürdən ağıl qığılcımı qoparmaq olmaz. Yemək üçün onlar heyvanları öldürürlər və leşdən zəhlələri gedir.

— Belə bərkdən danışma, – dedim, – yaxınlıqda ərəblər yatır.

— Doğurdan da, qəribsən, – çaqqal dedi, – yoxsa bilərdin ki, dünya bina olandan çaqqal heç bir ərəbdən qorxmur. Onlardan qorxaq? Belə bir xalqın içinə düşməyimizin özü bədbəxtlik deyilmi?

— Ola bilsin, ola bilsin, – dedim, – mənə yad olan şeylər barədə hökm verə bilmərəm; deyəsən, bu, çoxdanın davasıdır; bəlkə, qanınızdadır; ola bilsin, elə qanla da sona yetsin.

— Çox ağıllısan, – qoca çaqqal dilləndi; hamısı təngnəfəs vəziyyətdən yeyin-yeyin nəfəs aldı, baxmayaraq, sakit dayanmışdılar; açıq ağızlarından və bir-birinə qapanmış dişlərinin arasından ara-sıra acı, dözülməz bir qoxu vururdu, – çox ağıllısan; dediklərin bizim qədim nəsihətimizə uyğun gəlir. Biz gərək onların qanını içək ki, davamıza son qoyulsun.

— Oho! – İstədiyimdən də çılğın dilləndim. – Onlar özlərini müdafiə edəcək; sizi tüfəngləri ilə sürü-sürü qıracaqlar.

— Bizi düz başa düşməmisən, – dedi- uzaq şimala da xas olmayan insan düşüncəsi ilə. Biz onları öldürməyəcəyik. Tər-təmiz yuyunmağımıza heç Nilin suyu da bəs eləməzdi. Biz ki onların başını görən kimi qaçıb uzaqlaşırıq, təmiz havaya, vətənimiz səhraya.

Bu arada uzaqlardan gəlib onlara qoşulan çaqqallar da daxil olmaqla hamısı başını aşağı salıb onu pəncələri ilə təmizlədi; sanki, özlərinə də dəhşətli görünən iradələrini gizlətməyə çalışırdılar və mən yaxşı halda çaqqalların başı üstündən sıçrayıb onları tərk edərdim.

— Nə etmək niyyətindəsiniz, – soruşub yerimdən qalxmaq istədim; amma bacarmadım; cavan çaqqallardan ikisi dişlərini arxadan pencəyimə və köynəyimə keçirmişdi; oturmalı oldum.

— Onlar sənin ətəyindən tutub saxlayırlar, – qoca çaqqal cidd-cəhdlə dilləndi, – ehtiram əlaməti olaraq.

— Deyin məni buraxsınlar! – həm qocaya, həm də cavanlara üz tutub qışqırdım.

— Buraxmayıb nə edəcəklər?! – Qoca çaqqal dilləndi. – Əgər bunu istəyirsənsə. Amma bir az çəkəcək, çünki, adətimizə görə, dişlərini bərk batırıblar, indi də gərək asta-asta çəkib çıxarsınlar. Ona qədər xahişimizi dinlə.

— Özünüzü belə aparsanız, dinləməyəcəm, – dedim.

— Gəl bizi sınağa çəkmə, – deyib, ilk dəfə olaraq, təbii səsi ilə gileyləndi, – yazıq məxluğuq, bacardığmız bircə dişləməyimizdir; hər şeydən ötrü – istər yaxşlıq olsun, istər pislik – yalnız dişimiz kara gəlir.

— Nə istəyirsən axı? – bir balaca mülayim soruşdum.

— Ağa, – səsini qaldırıb dedi, çaqqalların hamısı da ağızlarını göyə tutub uladı; bu, ucqar qəriblikdə qulağıma bir avaz kimi doldu. – Ağa, gərək sən dünyanı ikiyə bölən davamıza son qoyasan. Görkəmindən ulularımızın dediyi adamsan, bunu edəcək adam. Ərəblərdən barış istəyirik; nəfəs almalı hava, üfüqə qədər onlardan təmizlənmiş məkan; ərəbin kəsdiyi qoyunun fəryadını eşitmədən; qoy heyvanlar öz əcəli ölsün; onların qanını sərbəst içək, leşlərini sümüyə qədər təmizləyək. Təkcə təmizlik, təmizlikdən başqa heç nə istəmirik, – hamısı ağlayıb hıçqırmağa başladı, – sən bu fani dünyada buna necə dözürsən, a qəlbi kövrək, a şirin içalat? Onların ağı da murdardır, qarası da; saqqallarının özü bir dəhşətdir; göz qıyıqlarına baxanda tüpürmək istəyirsən; qollarını qaldıranda qoltuqları cəhənnəm kimi ağız açır. Ona görə də, ey dəyərli ağa, sənin hər şeyi bacaran əllərinin köməyi ilə qayçını götür boğazlarını üz!

Onun başınşn işarəsi ilə çaqqallardan biri yaxınlaşıb köpək dişində pas basmış bir tikiş qayçısı gətirdi.

— Axır ki, qayçı da gəldi və işlər bitdi! – Küləyin əksinə olaraq, ayağını sürüyə-sürüyə bizə yaxınlaşan ərəb sarvanımız qışqırıb nəhəng qaçmısını havada oynatdı.

Hər şey gözlənilməz oldu, ancaq çaqqallar bir xeyli uzağa çəkilib durdular, bir-birinə sığınaraq; o qədər heyvan elə sıx dayanmışdı, elə quruyub qalmışdı, alovla dövrələnmiş dar xalxal təsiri bağışlayırdı.

— Beləcə, ağa, bu tamaşanı da görüb dediklərini eşitdin, – deyə ərəb əsil-nəcabətinin icazə verdiyi qədər şən güldü.

— Deməli, heyvanların nə istdəiyini bilirsən? – soruşdum.

— Əlbəttə, ağa, – dedi, – bu ki hamıya bəllidir; nə qədər ki ərəb sağdır, bu qayçı çöldə dolaşacaq və son günə kimi bizdən əl çəkməyəcək. Böyük əməl üçün o, hər avropalıya təklif olunacaq; hər bir avropalı onların gözündə buna qadir insandır. Bu heyvanlar ağılsız ümidlərindən əl götürmür. Xalis dəlidirlər. Buna görə də onları sevirik, onlar bizim itlərimizdir; sizinkilərdən çox-çox gözəl. Baxsan, pis olmaz, gecə dəvələrdən biri ölüb, cəmdəyini bura gətirmişəm.

Dörd nəfər gəlib, ağır leşi qabağımıza uzatdl. Yerə təzəcə ot qoymuşdular ki, çaqqallar ulamağa başladılar. Sapa düzülmüş kimi qarınları üstdə, hərdən də duruxa-duruxa bizə yaxınlaşdılar. Ərəbləri, nifrəti yerli-dibli unutmuşdular, kəskin iy verən cəmdək onların ağlını başlarından almışdı. Biri artıq onun boğazından yapışıb birinci dişləmlə şah damarı tapmışdı bədəninin hər əzələsi nəhəng alovu söndürmək üçün su nasosu kimi dartılıb titrəməyə başladı. Bundan sonra hamısı dağ boyda cəmdəyin üstünə döşəndi.

Bu vaxt sarvan onları eninə-uzununa qamçıladı. Çaqqallar başlarını qaldırdılar; yarıməst, yarıhuşsuz; qarşılarındakı ərəbi gördülər; qamçının zərbəsini daddılar; bir sıçrayışla arxaya çəkildilər və xeyli geri qaçdılar. Dəvənin qanı gölməçələnib buğlanırdı, bədəni bir neçə yerdən cırılmışdı. Çaqqallar dözə bilmədilər; yenidən özlərini leşin üstünə atdılar; sarvan da qamçısını yenidən qaldırıdı; onun qolundan yapışdım.

— Haqlısız, ağa, – dedi, – qoy işlərində olsunlar; həm də yığışmaq vaxtıdır. Onları özün gördün. Qəribə heyvanlardır, deyilmi? Həm də bizə necə də nifrət edirlər!

Tərcümə: Çərkəz Qurbanlı

0 şərh