Sığınacaq | Herman Hesse

Uzun illərdən bəri ülvi bir arzu həyatıma yoldaşlıq edirdi. Nəinki yoldaşlıq edir, hətta məndə kök salmışdı, o, mənim şirəmlə qidalanırdı. Hətta bəzən bizim sevdiyimiz və xatirələrini istədiyimiz, evlərimiz – gücümüz bir olan dostlarımız, qohumlarımız kimi.

Kənardan bu arzu gözəl görünür və bir o qədər də qeyri-təvəzökar təsir bağışlayırdı. Onun məzmununu bir sözlə ifadə etmək olardı: sığınacaq. Müxtəlif vaxtlarda bu sığıncaq fərqli şəkil alırdı. O gah sahildə qayığı olan Firvalştedt gölünün kənarında evcik olur, gah da ən yaxın yaşayış evindən piyada dörd saatlıq məsafədə yerləşən Alp meşələrində yaşayan taxta çarpayılı odunçu daxmasına çevrilirdi. Bəzən o, Cənubi Tessin qayalıqlarında, işıqlı şabalıd meşələri yaxınlığında, ən hündür meynəlik səviyyəsində, qapı-pəncərəli, yaxud bütün bularsız mağara və ya daş koması olurdu. Başqa bir dəfə kayutasında tək-tənha üçaylıq səyahətə çıxmağa imkan verən bilet də sığnacaq ola bilərdi. Bəzən isə o daha adi görünüş alır – heç olmasa, torpaqda açılmış hər hansı bir oyuq, üstü güllü-çiçəkli, yaxud tabutlu-tabutsuz, qazılmış balaca qəbir olurdu.

Ancaq arzumun mənası və məzmunu dəyişməz qalırdı. Kənddə evcik olsun, yaxud bərə kayutası, dağda koma, yaxud Toskanda bağ, Tessin bağlarında mağara, yaxud qəbirstanlıq torpağında oyuq – mahiyyət elə həminki idi: sığınacaq! Bu dünyadan qaçıb kənddə zahid həyatı yaşayan və heç nəylə qayğılanmayan mehriban xəstəhal şvab pastorunun şeiri mənim arzumun devizi olaraq qalırdı: “Məni burax, rahat burax, ey dünya!”

Mənə elə gəlirdi ki, bu arzularımın son həddidir: haradasa etibarlı və sakit, meşəli, dənizə açılan bir sığıncaq, gizlin bir yer, bir kaha tapasan və daha heç nə lazım deyil: hər halda, nə qayğı gətirən və fikirlərini oğurlayan adamlar, nə məktublar, nə teleqramlar, heç bir qəzet, heç bir mədəniyyət alverçisi...

Qoy ora bulaq, yaxud şəlalə olsun, qoy orda şam ağaclarını üstündə sakitcə qızaran günəşin işığı boylansın, qoy kəpənəklər uçuşsun, yaxud keçilər otlaısn, kərtənkələlər yumurta qoysun, yaxud qağayılar yuva qursun — əhmiyyəti yoxdur, başlıcası budur ki, yuxunu və öz arzunu qoruyub saxlayasan. Əgər özüm çağırmasam heç kimin bu sığınacağa girmək hüququ yox idi. Bir kimsə o sığınacaq barədə hətta heç nə bilməməliydi, heç kim məndən heç nə istəyə bilməz, məni heç nəyə məcbur edə bilməzdi. Mən orada heç bir ev kitabında, heç bir vergi siyahısında göstərilməzdim.

Bəli, mənim arzum, mənim təsəvvürüm gözəl idi, o, şirin, təvəzökar səslənirid, o, məşhur nümunələrə, şairlərə istinad edirdi. Və məgər, mənim buna haqqım yox idi? Məgər hakimiyyət axtarmayan, dünyanın ondan tələb etdiyi hər şeyə bacardıqca əməl etməyə çalışan, adi şair və sakit  bürger, məgər mənim üçün özünə bir məskən, cənubda hansısa yer, dağlar arasında bir guşə, mağara, örtük, kaha arzulamaqdan daha adi və başa düşülən bir aruz ola bilərdimi? Tutaq ki, şəhərkənarı balaca ev, yaxud gəmi kayutası çox iddialıdır, ancaq komadakı həsir yataq, kiçik adsız qəbir yeri haqqında bunu heç cür demək olmaz.

Uzun illər, uzun saatlar mən öz arzumun həsrətini çəkirdim, həmişə — bağçada gəzəndə və işləyəndə, qatar kupesində yatıb-duranda, yuxusuz gecələrdə ona qayıdırdım. Mən onu qururdum, çəkirdim, rəngləyidim, gün-gündən incələşən, göz oxşayan, ürəkaçan arzumu musiqi kimi səsləndirirdim, onun meşənin kölgəliklərində tamamlayır, keçilərin mələşməsində tapırdım, onu öz həsrətimin sapları ilə toxuyur və ona bütün sevgimi verirdim. Mən öz əzizimi ülvi işığa qərq ediridm, mən onu ana kimi sığallayır, sevgilim kimi əzizləyirdim. Xatırlasam onun qədər sevdiyim, qayğısını çəkdiyim, qanımla isitdiyim, gücümü və ehtirasımı verdiyim az şey tapmaq olar yer üzündə, bəlkə də heç tapılmaz.

Və mənim sevgili arzum, hərdən elə işıq saçır, elə həyəcanlandırır və skitləşdirir, elə həssaslıqla və qəlbən səslənir, elə çəhrayı işıqla alovlanırdı ki..!

İllər ötürdü və hərdən olurdu ki, məni tərpədən bəzi səslər, qəfil səslənən çağırışlar, oyanmalar arzuma xətər toxundurur və bunlar onun cəvahir əlvanlığına xırda çatlar salır, hansısa simini kökdən salır, birdən onun tacında öləzimiş yarpaq nəzərə çarpırdı. Mən cəld çatları düzəltməyə, yeni sevgi, təzə qan əlavə etməyə çalışır, yeni arzumu bulandırdığım üçün özümü danlayırdım! Və beləcə, o yenidən toxunulmaz və gözəl olurdu. İndidən deyim ki, bütün itkilərdən sonra o, indi də əvvəlki tək diri görünür və bərq vururdu.

Lakin təsəvvürümlə bir araya sığmayan fikirlər məni tez-tez ağuşuna alırdı. Dostlarımla söhbətdə hər hansı söz, kitabın bir ifadəsi, Bibliyanın şeiri, Getenin misrası məni qeyri-ixtiyari götürür, tənhalıq, dostların gedişi, sevincin itirilməsi mənimlə öz kobud dilində danışır, mənim içimdə ağrı öz yuvalarını toxumağa başlayırdı. Bütün bunlar yalnız səslər, yalnız çəkindirmələr idi, hər birinə ayrı-ayrılıqda fikir verməmək də olardı, amma hamısı birlikdə onlar eyni yaranı bir-bir zəhərləyir, qanadır və qoparırdı. Və hamısı da mənim arzumun əlehinə idi. Şekspir ona gülür, Kant onu təkzib, Budda inkar edirdi. Bircə ağrı hərdənbir məni ona qaytarırdı. Bəlkə də, mənə öz sığınacağımı tapmaq nəsib olsaydı, bu ağrı sakitləşib yox olardı? Bəlkə, mağaradan, təbiət qoynunda axan bulaqdan, küydən, yeknəsəqlikədn uzaqda yuxunun və aclığın, təbəssümün və azad nəfəsin, fəaliyyət təşnəsinin olduğunu yeniədn bilərəm?

Ancaq ağrı daha da güclənir, davamlı olurdu, o, mənim arzumun əlehinə idi. Bəzən mən artıq görürdüm ki, onun bir qəpik belə qiyməti yoxdur. “Sığınacaq” məni sağaltmayacaq, ağrı nə meşədə, nə də daxmada əl çəkən deyil. Mən heç yerdə dünyanın özümlə, özümün dünya ilə birliyimi tapa bilməyəcəm.

Bütün bunlar ləng baş verir, təkrarlanırdı və yüz dəfələrlə arzu olunan görüntü qayıdır, bulaq sevincək qızılı şırnaqla axır və göl könüloxşayan rəngli yuxulara layla çalırdı. Amma xəbərdarlıqlar da daha aydın səslənir, başlıcası isə, ağrı daha da güclənir və tez-tez Əyyub peyğəmbər mənə qardaş kimi görünürdü.

Və bir dəfə mənim beynimi yeni anlam döyəcləməyə başladı, əvvəlkindən daha betər, daha aydın, düşməncəsinə, daha müdhiş.
Görün, mən nəyi anladım: “Sənin ülvi arzun, sadəcə, yalan, sadəcə, səhv, sadəcə uşaq sadəlövlüyü və sabun köpüyü olmayıb. O, səni yeyib, sənin qanını sorub, sənin həyatını oğurlayıb. Sən nə vaxtsa ona həsr etdiyin sevginin yarısını da olsa dostuna, qadına, uşağa ayırmısanmı? Bu qədər qayğı, bu qədər isti, gün, gecə, ilham saatları vermisənmi? Bəs indi sən qorxmursan? İndi sən görürsənmi kimi yemləmisən, ürəyində kimi gəzdirmisən? İndi bilirsənmi ki, sənin yorğunluğun və ağrıların, qocalmağın, zəifləməyin kimə görədir? Ona, ona, ona görə, sənin arzuna görə, ona – ilana, ona – qaniçənə görə!

Bu dərk də o saat qələbə çalmadı, mənim içimdə dərin kök salsa da, indi də bəzən şübhələrə və məğlubiyyətlərə məruz qalır.

Sonra daha bir gün gəldi – mənim arzumu düz ürəyindən vurdu. Arzum sonuncu sınağa çəkildi – çin oldu, ona həyata keçmək imkanı verildi. Sığınacaq tapıldı, cənub gölünün üstündəki hündür dağlarda balaca, sakit, gözdənkənar, gözəl evcik, sığınacaq, örtük, rahatlıq yuvası, yuxugörmələr beşiyi. Onu əldə etmək olardı, o, mənə təklif olunmuşdu.

Bax elə burdaca arzu ələ keçdi. Öz bütün yalanlarıyla tutuldu. Həyata keçməyə imkanı olan kimi o, sadəcə, qorxdu. O, çin olma qistəmir, o, qorxur, bəhanələr axtarır, geri çəkilməyə cəhd edir, etiraz edir, dəli kimi havalanırdı.

Ah, başqa cür ola da bilməzdi! O, bu qədər aldatmışdı, bu qədər vəd etmişdi, həddən çox vəd etmişdi. O, elə hey alırmış və alırmış, indi birdən özü verməli olmuşdu. Verməyə isə heç nə yox idi. O, ünvanı səhv vermiş dələduz kimi aradan çıxmaq istəyirdi və indi burdaca ifşa olunmuşdu. Bu öldürücü zərbə idi.

Lakin vampirlər öldürücü zərbələrə də dözə bilirlər, onlar qəfildən yenə dirilirlər, onlar yenə buradadırlar, yenidən yemək, yenə də isti qanla qidalanmaq istəyirlər. Və bu arzu da hələ ki, yaşayır. Onun öz yuvaları, öz fəndləri var. Amma indi mən onun düşmən olduğunu bilirəm. Sonuncu dəfə anlayan gündən bilirəm.

Bütün anlayışlar kimi sonuncu dəfə o, yaxşı tanıdığım şəkildə peyda oldu, mən onu çox görmüşdüm. Bu bir kitabdan təsadüfən oxuduğum, çoxdan əzbər bildiyim köhnə müdrik deyim idi. Amma indi o, təzə idi və mənim içimdə səslənirdi.

Allah dərgahı cənnət bizim içimizdədir.

Mən yenə də nəyin dalınca gedəcəyimi, nəyi rəhbər tutacağımı, öz qanımı nəyə verəcəyimi tapdım, anladım. Bu nə istəkdi, nə də arzudu, bu məqsəddir.

Bu məqsəd, yenə də sığınacaqdır. Ancaq nə mağaradır, nə də gəmi. Mən o sığınacağı öz içimdə axtarıram, dağlardan, mağaralardan etibarlı, tabutdan, qəbir çalasından etibarlı və rahat, tək qaldığım, dünyanın əli yetmədiyi məkan, yaxud nöqtə axtarıram. Budur mənim məqsədim. Ora heç nə keçə bilməz, çünki ora mənimlə yoğrulub. Qoy orada lap boran və ağrılar olsun, qoy orada lap qan da tökülsün.

Mən hələ bu məqsədimdən çox uzaqdayam, mən hələ yolun lap başlanğıcındayam. Ancaq indi bu əsl mənim yolumdur. Adi arzu deyil.

Ey dərin sığınacaq! Sənə heç bir tufan yetməz, səni alov yandıra bilməz, səni heç bir müharibə dağıda bilməz. Öz cismimin dərinliyində balaca yuva! Daxma, balaca tabut, balaca beşik, mən sənə can atıram.

Tərcümə: Rafiq Haşımov

0 şərh