Gözümü yumuram, görürəm səni

Gözümü yumuram, görürəm səni
Vaxtında doyunca baxmadım sənə
Ya sən ürəkdən sevmədin məni
Ya da mən biganə yanaşdım sənə.

Ani bir qasırğa ayırdı bizi
Əlini qopardı mənim əlimdən
Sovrulub silindi sevginin izi
Get sözü daş olub düşdü dilimdən.

Gözümü yumuram, görürəm səni
Həmən o dodaqlar, həmən o gözlər
Ya sən ürəkdən sevmədin məni
Ya da öz sehrini itirdi sözlər.

Günəş tək qüruba çəkildi, itdi
Sanki buludlar gizlədi ayı
Bir səhər başlayıb, bir gecə bitdi
Heç kəsə qalmadı məhəbbət payı.

Gözümü yumuram, görürəm səni
Həmən o sözləri eşidirəm mən
Ya sən ürəkdən sevmədin məni
Ya da sevgini görmədin məndən

Müəllif: Tural Rəhmanlı

 

0 şərh