İblis | Cübran Xəlil

Xəlil CibranCamaat huri (Livanlılarda müqəddəs ata) Samaana ruhani və dini məsələlər üzrə böyük nüfuz sahibinə baxan kimi baxırdılar. Zira, günahların səbəbləri, cənnət, cəhənnəm və qır qazanı haqqında heç kim ondan çox bilmirdi.

Onun işi Şimali Livanın kəndlərini gəzmək və moizələr oxumaqla camaatın nəfsini günahlardan çəkindirmək və iblisin qurduğu tələlərdən onları xəbərdar etməkdən ibarət idi. İblis  hurinin ən qatı düşməni idi və Samaan gecə-gündüz onunla müharibə aparırdı.

Fəllahlar (Livan kəndliləri) huri Samaana hörmət edir, onun moizə və dua­la­rının müqabilini böyük həvəslə qızıl və gümüşlə ödəyirdilər; yığılan məhsulda da Samaanın öz payı vardı.

Payız günlərinin birində huri Samaan səhralıqdan keçərək ucqar bir kən­də doğru yollanarkən qəfildən həzin bir inilti eşitdi. Ətrafına boylanaraq bax­anda yolun kənarında, otun üzərində uza­nılı halda çılpaq bir kişi gör­dü. O, ağır yaralanmışdı, yara­sın­dan hələ də qanın sızdığını görmək olur­du. “Mənə yazığın gəl­sin, – deyə yaralı yalvardı, – məni xilas elə, ölü­rəm!”

Huri Samaan qətiyyətsiz şəkildə yaralıya baxdı və öz-özü­­nə fikirləşdi: “Yəqin quldurdur, yoldan keçəni soymaq is­tə­yib, əvəzində özü zərər çəkib… Onun artıq son nəfəsidir, məni onun yanında görsələr elə biləcəklər ki, mən öldürmüşəm onu”.

O öz yoluna davam etmək istəyəndə yaralı bir də dilləndi:

“Tək qoyma məni burda, sən getsən, mən yəqin öləsiyəm”.

Huri Samaan yenə düşündü, yaralıya kömək etmək istə­mə­diyini anlayınca sarsıldı və rəngi ağarmış halda dodaqları əsə-əsə öz-özünə: “Bu, yəqin kimsəsiz dağlarda sərgərdan gəzən dəlilərdən birisi olacaq,” – deyə pıçıldadı. “Onun yarası dəhşətlidi. Mən nə edə bilərəm axı? Qəlblərin həkimi bədən xəstəliklərini sağalda bilməz”.

Yoluna düzəlmək istəyəndə yaralı dağı-daşı əridə biləcək səslə çağırdı: “Ya­xın gəl, biz səninlə uzun zamandan bəri dost olmuşuq. Sən huri Sa­maan, müqəddəs atasan, mən isə nə quldur, nə də ki, dəliyəm. Qoyma məni bu kimsəsiz yerdə ölüm, yaxın gəl, mən sənə kim olduğumu deyəcəm”.

Huri Samaan can verənə yaxınlaşıb ona sarı əyildi. O, qar­şısında ta­­nış olmayan, ziddiyyətli bir sifət gördü. Bu üzün ciz­gilərində sanki ağıl­la biclik, eybəcərliklə gözəllik, məkrlə yum­şaqlıq birləşmişdi. O di­kə­lə­rək səndirlədi: “Sən kimsən?”– de­yə soruşdu. Can verən zəif səslə cavab verdi: “Qorxma, mə­nim atam, biz səninlə çoxdan dostuq. Kömək elə mənə qalxım, ya­xındakı bulağa çatdır məni. Yaralarımı yu və öz yaylığınla bağla”.

Huri çığırdı: “De görüm, axı sən kimsən? Mən səni tanı­mıram, yadıma da gəlmir ki, səninlə hardasa görüşmüş olam”.

Yaralı xırıldadı: “Yaxşı bilirsən, mən kiməm. Min dəfə görmüsən məni. Canından əzizəm sənə mən”.

Huri qeyzlənərək söylədi: “Ax səni yalançı! Ölüm aya­ğın­da adam yalan danışmamalıdı. Mən sənin idbar sifətini heç za­man görməmişəm. Deməsən sən kimsən, səni elə beləcə qanı axa-axa qoyub gedəcəm. Öl, cəhənnəm ol”. Yaralı dikələrək hu­rinin gözlərinə diqqətlə baxdı və onun dodaqlarında bic tə­bəs­süm oynadı; yumşaq, sakit və dərin səslə: “Mən – İblisəm”, – dedi.

Bu sözləri eşidəndə huri Samaan dəhşətə gələrək elə çığırdı ki, səsi bütün vadiyə düşdü. Yalnız indi can verənin kənd kilsəsinin divarından asılmış, qiyamət gününü əks etdirən şəkildəki demonları xatırlatdığını sezməyə başladı.

“Allah qəsdən mənə sənin cəhənnəmlik sifətini göstərdi ki, mən daha çox nifrət edim sənə! Səni görüm lənətə gələsən!”  – deyə qışqırdı.

İblis söylədi: “Tələsmə, müqəddəs ata, vaxtı da boş-boş söhbətlərlə alma. Yaxşısı budur, yaxın gəl və mənim yaralarımı sarı, nə qədər ki, həyat tamamilə tərk etməmişdir bu bədəni” .

Huri cavabında: “Hər gün Allahın prosvirasına (Kilsədə ibadət vaxtı yeyilən fətir. Xristian təsəvvürlərinə görə İsanın bədəni) toxunan əl sənin cəhənnəm tullantılarından yaradılmış bədəninə toxun­ma­­yacaq! Öl, əbədiyyətin dili və bəşəriyyətin ağzı ilə lənət­lən­miş məxluq. Öl, zira, sən əbədiyyətin düşməni və bəşəriyyətin qənimisən”.

İblis ağrı içində hərəkətə gəlib, dirsəkləndi və cavab verdi: “Sən nə da­nış­dığını bilmirsən və ruhunu nə boyda günahla yüklədiyinin fərqində də de­yilsən. Bir qulaq as mənim hekayətimə. Mən bu kimsəsiz vadilərdə gə­ziş­diyim zaman bir dəstə mələyə rast gəldim. Məni amansızcasına əzişdirdilər. Əgər onlardan birinin iti qılıncı olmasaydı, mən onların hamısının axırına çıxa bilərdim. Amma bir silahsız silahlıya qarşı nə edə bilər ki?”

İblis bir anlığa susdu, sinəsində qaralan yarasını əli ilə örtüb sözünə da­vam etdi: “Silahlı mələk – deyəsən o, Mikayıl idi – mahir döyüşçü idi və əgər mən yerə yatıb özümü ölülüyə vurmasaydım, məni öldürməyənə qədər əl çəkməyəcəkdi”.

Huri gözlərini göyə tutub təntənəli bir şəkildə söylədi: “Eşq olsun Mikayıla ki, bəşəriyyəti mənfur düşməndən xilas elədi”!

İblis etiraz etdi: “Mənim bəşəriyyətə qarşı düşmənçiliyim sənin özünə qarşı düşmənçiliyindən böyük deyil. Sən Mikayılı tərifləyirsən. Hansı ki, onun sənə heç bir xeyiri dəyməyib. Məni bu ağır dəqiqələrimdə lənətləsən də, bil ki, sənin firavanlığının və səadətinin səbəbi mən olmuşam və indi də mənəm. Sən mənim xeyirxahlığımı dansan da, mənə minnətdar olmaq istəməsən də, həmişə mənim sayəmdə dolanmısan. Məgər sən indi o qədər varlısan ki, daha heç nəyə ehtiyacın yoxdur? Məgər bilmirsən ki, sənin arvadının və çoxsaylı uşaqlarının çörəyi kəsilə bilər mən ölsəm? De görüm onda nə edəcəksən? Nə işlə məşğul olacaqsan, mənim adım belə qalmasa? İyirmi beş ildir ki, sən bu dağlarda gəzir, insanları mənim tələlərimdən agah edirsən; camaat isə sənin bu moizələrinin müqabilini qızılla, tarlalarının məhsulu ilə ödəyir. Nə verəcəklər sabah sənə, əgər bu gün bilsələr ki, onların düşməni İblis artıq ölüb və onun hiylələri daha onlarçün qorxulu deyil? Nə işə yarayacaqsan, İblisin ölümündən sonra? Məgər sənə, müdrik din xadiminə, məlum deyilmi ki, məhz iblisin varlığı keşişlərin peyda olmasına səbəb olmuşdur və bu köhnəlmiş ədavətə səbəb qızıl və gümüşlər dindarların cibindən siz vaizlərin və ruhani ustadların cibinə axmaqda davam edir? Məgər sənin kimi bir üləma bilmirmi ki, səbəbin aradan qalxması ilə nəticə də yoxa çıxacaq? Mənim ölümümü sən necə arzulaya bilərsən, bilə-bilə ki, bununla həm mövqeyini itirəcək, həm maaşından məhrum olacaq, həm də arvad-uşağını ac qoyacaqsan? ”

İblis bir anlığa susdu və üzündən yalvarış dolu ifadəni silərək sözünə əminliklə davam etdi: “Özündən razı görünsən də, vallah səfehsən. Qulaq as, mən sənə bizi bir-birimizə bağlayan həqiqəti söyləyim. İnsan ilk dəfə günəşi görəndə əllərini uzadaraq söylədi: “Bu göy qübbəsinin arxasında böyük Allah vardır, xeyirin yaradıcısı!” Sonra isə kürəyini işığa çevirdi və yerdəki kölgəsini görüb dedi: “Torpağın dərinliyində qorxulu iblis yaşayır, şər törədicisi”. Və o özlüyündə: “Mən iki qüdrətli qüvvə arasındayam. Birinə sığınmalı, digəri ilə döyüşməliyəm”, – deyə düşündü.

Beləcə əsrlər bir-birini əvəz edir, insansa əvvəlki tək iki qüvvə arasında yaşayırdı: onlardan birinə şükr eləyirdi, çünki bu qüvvə onun ruhunu göylərə qaldırırdı; digərini isə lənətləyirdi, çünki o onun ruhunu zülmətə qərq edirdi. Lakin o nə şükranlığın mənasını anlayır, nə lənətin əhəmiyyətini dərk edirdi və beləcə onu çiçəklərlə bəzəyən yay və onu əsim-əsim əsdirən qış arasında bir ağac təki yaşayırdı. Məhz sivilizasiyanın səhərində insan cəmiyyətində ailə, sonra isə tayfa yarananda, bacarıq və meyllər əsasında əmək bölgüsü yaranıb tayfanın bir qismi əkinçilik, digəri ev tikintisi, bir başqaları toxuculuq və ovçuluqla məşğul olmağa başlayanda, yer üzündə ilk din xadimləri yarandı. Və birinci dəfə insan həyati əhəmiyyət daşımayan və heç bir təbii ehtiyacı ödəməyən bir fəaliyyətlə məşğul olmağa başladı”.

İblis bir anlığa fasilə verdi. Sonra elə güldü ki, qəhqəhəsi bütün vadiyə yayıldı. Lakin gülüşü ona həm də onun yarasını xatırlatdı və o, ağrıdan üzü əyilmiş halda böyründən yapışdı. Özünü düzəldib sözünə davam etdi: “Hə, elə o zamandan din xadimləri yarandı. Bu hadisə belə olmuşdu. TayfadaLa Visadlı birisi vardı. Adının mənasının nə olduğunu bilmirəm. O, ağıllı, lakin çox tənbəl idi. Əkinçilikdən, maldarlıqdan və ovçuluqdan, bir sözlə, əzələ gərginliyi tələb edən bütün işlərdən zəhləsi gedirdi. O zamanlar qidanı yalnız zəhmətlə əldə etmək mümkün olduğundan,La Visgecələrin çoxunu ac qarına yuxulamalı olurdu. Bir yay axşamı tayfa üzvləri başçının alaçığının qabağına yığışaraq öz qayğılarını müzakirə edən zaman kimsə ayı göstərərək çığırdı: “Gecənin allahına baxın! Onun üzü qaralmış, gözəlliyi yoxa çıxmışdır, o, göydən asılan bir qara daş parçasına dönmüşdür”. Başlarını qaldırıb göyə baxan insanlar dəhşətə gəlib əsməyə başladılar. Sanki zülmət özü əlləri ilə onların ürəklərini sıxırdı, zira, onlar görünməmiş bir mənzərənin şahidi olurdular: gecənin allahı getdikcə qara dairə formasını alır, sanki qara pərdə ilə hər yeri örtərək torpağın rəngini dəyişir, dağları, daşları görünməz edirdi. Bu zaman əvvəllər ayın batmasını müşahidə etmişLa Visvəziyyətdən faydalanmaq məqamının yetişdiyini anlayıb irəli yeridi, əllərini göyə uzadaraq var səsi ilə danışmağa başladı: “Diz çökün və başınıza kül ələyin. Qara şər allahı işıqlı gecə allahına hücum etmişdir: əgər o qalib gəlsə, bizim hamımız öləcəyik, yox əgər məğlub olsa – yaşayacağıq. Diz çökün, dua edin və başınıza kül tökün. Gözlərinizi yumun və göyə baxmayın, kim xeyir allahının şər allahı ilə döyüşünü görsə, gözünün işığını və ağlını itirəcək, ömrünün axırınadək kor və dəli qalacaqdır. Başınızı aşağı əyin və ürəklərinizdə xeyir allahına qələbə arzulayın”.

BeləcəLa Visheç kimin eşitmədiyi qorxulu ifadələr uy­dur­maqda davam edərək xeyli danışdı. Bir qədər sonra ay ye­ni­dən öz gözəlliyi ilə işıqlanmağa başlayanda, o, səsini bir qədər də ucaldaraq sevinclə elan etdi: “İndi isə qalxın, ay camaat, gö­yə baxın; gecənin allahı düşmənə qalib gəlmiş və budur o ye­ni­dən ulduzlar arasında öz səyahətini davam etdirir. Bilin ki, öz dua­larınızla siz ona qaranlığın şərini üstələməyə kömək etmiş ol­dunuz. Budur o indi daha əzəmətli və daha gözəl olmuşdur”.

Adamlar qalxaraq aya baxdılar. Ay əvvəlki tək parlaq işıq­la işıqlanırdı. Adamların qorxusu əminliklə, həyəcanı isə se­vinclə əvəz olundu. Onlar yallı getdilər, dəf və şeypurlarını çal­dılar, vadinin ən ucqar guşəsi belə onların sevinc sədaları ilə doldu.

Elə həmin gecə tayfanın başçısıLa Visiyanına çağırıb de­di: “Sən bu gün görünməmiş bir iş gördün. Heç birimizin an­la­ya bilmədiyi gizli sirrə vaqif olduğunu nümayiş etdirdin. Odur ki, səni təbrik edirəm, bu gündən tayfada məndən sonra ən ali şəxs olacaqsan. Mən tayfanın ən güclüsü və cəsarətlisi, sən – ən çox biləni və müdriki; bizimlə allahlar arasında va­si­təçi ol, onların iradəsi, arzuları və istəklərindən bizi xəbərdar elə, allahların xeyir-duasını qazanmaqda bizə yardımçı ol”.

La Vishiyləsində bir addım da irəli gedərək onu əmin etdi: “Mən yuxuda allahların mənə açdığı bütün sirrləri sənə söyləyəcəm, zira, mən səninlə onlar arasında vasitəçiyəm”. Tayfa başçısı sevincindənLa Visə iki ayğır, yeddi inək, yetmiş qoyun və yetmiş quzu bağışladı və söylədi: “Əmr edəcəm, sənə yaxşı bir ev tiksinlər və hər payızda məhsulun müəyyən hissəsi sənə çatacaq, ağa kimi yaşayacaqsan”.

La Visgetmək üçün qalxdı, lakin tayfa başçısı onu saxlayıb soruşdu: “Bu şər allahı dediyin kimdir ki, gecənin işıqlı allahı ilə döyüşə girməyə cə­sa­rət edir? Biz əvvəllər heç onun barəsində eşitməmişdik”.La Visalnını ovuş­duraraq ona belə cavab verdi: “Mənim ağam, bil ki, qədim zamanlarda, on­da ki, hələ insan da yaranmamışdı, bütün allahlar Süd Yolunun arxasında can bir qəlbdə yaşayırdılar. Onlara allahlar allahı şahlıq edirdi. O, ba­ca­rıq­da hamıdan üstün idi və əbədiyyətin qanunlarında gizlədilmiş bir çox sirrlə­rin açarı yalnız onda idi. Lakin on ikinci əbədiyyətin yeddinci əsrində al­lahların allahına nifrətlə dolu olan Baatar öz atasına belə söylədi: “Nə üçün sən bütün yaradılmışlar üzərində mütləq hakimiyyətindən əl çək­mir­sən, varlığın və əbədiyyətin sirlərini bizdən gizlədirsən? Məgər biz sənin ölümsüzlüyündə və gücündə sənə bərabər olan oğul və qızların deyilikmi?”

Allahların allahı qəzəblənərək cavab verdi: “Mütləq haki­miy­yəti, sirri və qüdrəti mən əbədi olaraq özümçün sax­laya­cam, zira, mənəm hər şeyin əvvəli və hər şeyin sonu”. Baatar söylədi: “Əgər sən öz güc və qüdrətini mənimlə bölüşməsən, mən və mənim övladlarım və övladlarımın da övladları sənə asi olacağıq!” Onda allahların allahı göylərin ənginliyindəki taxtından qalxaraq Süd Yolunu qılınc edib belinə bağladı, günəşi isə qalxan kimi sinəsinə tutaraq elə bağırdı ki, sonsuzluq lərzəyə gəldi: “Şər üsyankar! Rədd ol, qaranlıq və rəzalətin hökm sürdüyü aşağı dünyaya və orada qal, nə qədər ki, günəş külə dönməyəcək və ulduzlar toz olub səpələnməyəcək”. O saatdan etibarən Baatar ali dünyadan şər ruhların yaşadığı aşağı dünyaya sürgün edildi. O, and içdi həyatın sirrinə ki, dünyanın sonunadək atası və qardaşları ilə mübarizə aparacaq, onlara iman gətirən hər bir ruha qarşı duracaqdır”.

La Visə diqqətlə qulaq asan tayfa başçısının rəngi saralmış, alnı isə qırışmışdı. O soruşdu: “Deməli, şər allahının adı Baatardır?”La Viscavab verdi: “Allahların yanında onun adı Baatar idi. Aşağı dünyada isə o özünə başqa adlar götürdü: Baalzebul, Balial, Şeytan, Əhrimən, Mara, Abdon, Devil və nəhayət İblis. Ən məşhuru İblisdir”.

Başçı “İblis” kəlməsini küləyin əsdirdiyi quru yar­paq­la­rın xışıltısını xatırladan titrəyən səsi ilə bir neçə dəfə tək­rar­la­yan­dan sonra soruşdu: “Bəs nə üçün İblis allahlara olan nifrətini insanlara da yönəltmişdir?”

La Viscəld cavab verdi: “İblis ona görə insanlara nifrət edir ki, onlar onun qardaş və bacılarının törəmələridirlər”. “De­mə­li, İblis insanlara qohum düşür?”— deyə başçı səsləndi. La Visqəsdən dumanlı şəkildə cavab verdi: “Bəli, mənim ağam. Bu­na baxmayaraq onların ən qatı düşmənidir: gündüzlər o, in­sanlara fəlakət, gecələr isə qorxulu yuxular gətirir. O bir qüv­və­dir ki, fırtınanı onların evlərinə doğru istiqamətləndirir, əkin­lə­rini yandırıb külə döndərir, özlərini və heyvanlarını cürbəcür xəstəliklərə düçar edərək tələf edir. O, qüdrətli, kinli və məkrli allahdır. O, insanların dərdinə sevinir, sevincinə qüs­sə­lənir və biz onun davranışını və xasiyyətini yaxşıca öyrən­mə­liyik ki, onun şərindən uzaq ola bilək, tələlərinə düşməyək”.

Başçı başını tutub pıçıldadı: “Mən indi bildim fırtınanı bi­zim evlərimizə yönəldən və heyvanlarımızı tələf edən hansı qüv­vədir. Bir azdan bu hamıya ayan olacaq və insanlar sənLa Visə alqış deyəcəklər. Zira, sən onların qatı düşmənlərinin sir­ri­nin üstünü açmış və onun tələlərindən qurtulmağın yollarını öyrənmisən”.

Başçının yanından evinə yollananLa Visbugünkü uğu­ru­na özü də inanmır, sevincindən nəşələnirdi. Bu gün ilk dəfə idi ki, başçı və tayfanın digər üzvləri rahat yata bilmədilər; yu­xu­da onları qorxulu ruhlar incidir, şər qüvvələr qarabaqara iz­ləyirdi”.

İblis danışmaqdan yorulmuş kimi bir anlığa susdu. Huri Sa­maan isə ona diqqətlə baxırdı. Onun üzündə çaşqınlıq ifadəsi do­nub qalmışdı və budur onun dodaqlarında xəstə bir təbəssüm dar­tılmağa başladı. İblis yenidən sözünə davam etdi: “Beləcə yer üzündə din xadimləri yarandı. Mənim səbəbimə.La Vismə­nimlə düşmənçiliyi özünə peşə seçən ilk şəxs oldu. Onun ölü­mündən sonra bu yeri onun oğlanları və nəvələri tutdular və bu peşə inkişaf etdi. O həddə qədər ki, o yalnız yetkin ağıl, həs­sas şüur, təmiz ürək və zəngin təxəyyülə malik insanların mə­nim­­­səyə biləcəyi müqəddəs bir sənət səviyyəsinə yüksəldi. Ba­bil­də insanlar mənimlə cadular vasitəsi ilə döyüşən kahin qar­şı­sın­da gündə yeddi dəfə səcdə edirdilər; Nineviyada mənim giz­li sirlərimi bilməyə iddialı şəxsi insanlarla allahları birləşdirən qı­zıl bənd sayırdılar; Fiva şəhərində mənim düşmənimi günəşin və ayın oğlu adlandırırdılar; Biblosda, Efesdə və Antioxiyada in­sanlar mənə öz uşaqlarını qurban verirdilər; Yerusalim və Ro­­mada isə camaat canını mənə nifrətdə ustalaşmış şəxslərə tapşırırdı.

Günəşin altında yaradılan hər bir şəhərdə mənim adım di­nin, elmin, incəsənətin və fəlsəfənin məhək daşı idi. Mənə görə mə­bədlər tikilir, universitetlər və məktəblər yaradılır, saray və qalalar ucaldılırdı.

Mən insanlarda qətiyyət oyadan qətiyyətəm. Mən insan­la­­rın əllərini hərəkətə gətirən ələm. Mən onların id­ra­kı­na kəsər gətirən fikirəm. Mən – əbədi və ölümsüz İblisəm ki, öz­lə­ri­ni diri saxlamaq üçün insanlar mənimlə döyüşməyə məh­kum­durlar. Əgər onlar mənə qarşı durmasalar idrakları yuxulayar, tənbəllik canlarını alar, süstlük isə bədənlərini məhv edər.

Mən – ölümsüz və əbədi İblis, – kişilərin ağlında və qadınların ürəklərində əsən, onları həyəcanlandıran səssiz fırtınayam. Mənim qorxumdan onlar monastırlara üz tutur və orada məni öz qorxuları ilə təsdiq edirlər. Mənim iradəmlə onlar qumarxanalara, şənlik evlərinə yönəlir və orada mənim arzularıma itaət nümayiş etdirirlər; gecənin sükutunda dua oxuyaraq məni öz çarpayısından uzaqlaşdırmağa çalışan monarx məni öz yatağına çağıran fahişədən çox fərqlənmir.

Mən ölümsüz və əbədi İblisəm, qorxu təməli üzərində ucal­dılmış mo­nas­tır və səcdəgahların əsl memarı mənəm; mə­nəm şəhvət və həzz təməli üzə­rində qurulmuş əxlaqsızlıq yu­va­la­rının daimi sakini. Mənim ölümümlə dün­yadan qorxu və həzz yo­xa çıxacaq və onların dalınca da insan ürəyinin ümid və ar­zu­ları. Həyat da simləri qırılmış ud kimi soyuq məzarlığı xatırladacaq.

Mən ölümsüz və əbədi İblisəm. Mən yalanın, riyanın, məkrin və alçaqlığın ilhamvericisiyəm və əgər bu xüsusiyyətlər dünyanı tərk edəsi olsa, bəşəriyyət baxımsız bağa bənzəyəcək ki, orda yalnız xeyir kollarının tikanları bitəcək.

Mən ölümsüz və əbədi İblisəm. Günahın anası da mə­nəm, atası da. Əgər günah yox olsa, bütün günah döyüşçüləri və onların ailələri də yox olacaq.

Mənəm şərin ürəyi. Mənim ürəyimin dayanması ilə bə­şərdə hər hansı hərəkət də dayanacaq. Sən bunumu istəyirsən? İstəyirsən ki, səbəb ölərək özü ilə birlikdə nəticəni də aparsın? Mənəm hər şeyin səbəbi! Sən imkan verəcəksən ki, mənim canım çıxsın bu səhralıqda? Sən doğrudan istəyirsən ki, səni mənimlə bağlayan əzəli əlaqə qırılsın? Cavab ver, din xadimi!”

İblis əllərini qabağa uzatdı, boynunu yuxarı qaldırıb dərindən nəfəs aldı; ağrı və əzabdan rəngi bozarmış halda o, əsrlərin Nil çayı sahilində qoruyub saxladığı heykəllərdən birinə çox bənzəyirdi. Huri Samaana parıldayan gözləri ilə baxıb yorğun səsi ilə davam etdi: “Danışmaq əldən saldı məni. Ölüm ayağında gücə qənaət etmək əvəzinə mən sənə adi həqiqətləri izah etməli oldum. İndi sən hər şeyi bilirsən. Seçim sənindir. İstəyirsən məni evinə apar və yaralarıma qulluq elə, istəyirsən at, get məni burda, ölümün əlində”.

Ona qulaq asa-asa huri Samaan məzlumcasına əllərini bir-birinə sür­türdü. Sonra isə üzr istəyirmiş kimi dilləndi: “Hə, sən çox şeyə açdın mənim gözümü. Cahilliyimə görə məni bağışla. Mən indi bildim ki, sən insanları azdırmaq üçün yaranmısan. Azmaq isə insan nəfsini dərk etmək üçün bir ölçüdür. Məhz bu ölçü ilə Uca Allah ruhları tərəziyə çəkir. Mən anladım ki, sənin ölümünlə azma, şirniklənmə də yoxa çıxacaq. Onunla bərabər insanı ayıq və ehtiyatlı olmağa sövq edən ruhani məqam da yox olacaqdır.

Sən yaşamalısan, çünki sən ölsən və insanlar bundan xəbər tutsalar, cəhənnəm qorxusu da yoxa çıxacaq, camaat ibadətdən uzaqlaşacaq və günaha batacaqdır.

Sən yaşamalısan, zira, insan nəslinin əxlaqsızlıqdan və gü­nahdan xilas olması sənin həyatından asılıdır. O ki, qaldı mənə, mən sənə olan nifrətimi insanlara olan sevgimə qurban verəcəm”.

İblisi elə gülmək tutdu ki, yer əsdi. Dedi: “Sən necə də ağıllısan, müqəddəs ata! İlahiyyat sahəsində tayın-bərabərin yoxdu. Ağlının gücüylə sən mənim varlığımın mənasını mənim özümdən də yaxşı dərk etdin.

Hə, indi ki, bizi bir-birimizə bağlayan ilahi ehtiyacı yaxşıca anladıq, getmək lazımdır burdan. Yaxın gəl mənim qardaşım və məni evinizə apar. Mən o qədər də ağır deyiləm. Vadiyə gecə düşür, bəsdir bu torpağı qanımla suvardığım”.

Və huri Samaan qollarını çırmayıb əbasının ətəklərini belinə keçirtdi, İblisi dalına alıb evinə tərəf yollandı.

* * *

Sükuta qərq olmuş və gecənin qara pərdəsinə bələnmiş va­dilərin arası ilə öz kəndinə doğru irəliləyən huri Samaanın be­li arxasındakı çılpaq bədənin ağırlığından ikiqat əyilmiş, qara əba­sı və uzun saqqalı yaralının qanına batmışdı, dodaqları isə öl­məkdə olan İblisin sağalması üçün oxuduğu duaları təkrarlayırdı.

0 şərh