Kəskin qələmli Tofiq Fikrət

Ötən yüzilliyin əvvəllərində Osmanlı Türkiyəsində mübariz ruhlu yaradıcılığı ilə seçilən şairlərdən biri də Tofiq Fikrət olub. Onun dərin məzmunlu ədəbi irsi Azərbaycan şairlərindən Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət və başqalarının yaradıcılığına təsir göstərib.

Tofiq Hüseyn oğlu Fikrət 1867-ci ildə İstanbulda ziyalı ailəsində dünyaya göz açıb. Erkən çağlardan poeziyaya maraq göstərib və ilk şeiri “Tərcümani-həqiqət” qəzetində dərc olunub. Qalatasaray liseyində təhsilini başa vurduqdan sonra Gədikpaşa Ticarət Məktəbində fransız və türk dili, eləcə də hüsnxət üzrə müəllim kimi işə götürülür.

 Gənc şair 1894-cü ildə “Mirsad'” jurnalı ilə əməkdaşlıq edir. Rəcaizadə Əkrəmin dəvəti ilə “Sərvəti-fünun” jurnalının redaktoru olur. 1895-ci ildən mətbuatda “Tofiq Fikrət” imzası ilə nəşr olunmağa başlayır. “Sərvəti-fünun”da istedadlı gənclərin sənətə gəlişinə şərait yaradır. Lakin 1900-1901-ci illərdə sərvəti-fünunçular arasında anlaşılmazlıq yaranır. Getdikcə dərinləşən ziddiyyətlər jurnalın ətrafına yığılan gənclərin qütblərə ayrılmasına səbəb olur.

 Tofiq Fikrət bu hadisədən sonra Robert kollecində işə düzəlir. Orada işlədiyi illərdə hökumətə müxalif şəxs kimi diqqəti çəkir. Bu səbəbdən evində axtarış aparılır. Az vaxt ərzində bir neçə dəfə həbs olunur. Bu zamandan etibarən Sultan II Əbdülhəmid rejimini tənqid edən məşhur “Sis” və “Tarixi-qədim” əsərlərini yazır.

Rəssamlıq və musiqi ilə də məşğul olan şair daha çox poeziya sahəsində uğurları ilə tanınır. “Xəluqun dəftəri”, “Rübabın cavabı”, “Şərmin”, “Doxsan beşə doğru'” şeir kitabları onun zəngin yaradıcılığından xəbər verir. Onun bədii irsində divan ədəbiyyatı ilə o dövrün Qərb ədəbi ənənələri bir-birini izləyib. Şeirlərində ictimai həyatın dözülməz tərəflərinə toxunulur, vəziyyətdən çıxış yolları barədə fikirlər irəli sürülür.

Araşdırıcılar 1902-ci ildə qələmə aldığı “Sis” şeirini onun yaradıcılığının şah əsəri hesab edirlər. O, bu əsərə görə “Sis şairi” də adlandırılıb. Şeirdə İstanbul dəhşətli, darıxdırıcı bir duman qatında göstərilir. Zülmət rəmzi kimi təsvir olunan duman şəhərin zülm altında inləməsinə işarədir. Müəllif İstanbulun timsalında bu vəziyyəti bütün ölkəyə şamil edir:

Üstündə coşan kiryələrin həpsinə bihiss,
Həp levsi-riya dalğalanır zərrələrində.
Bir zərrəye-səfvət bulamazsan içərində
Həp levsi-riya, levsi-həsəd, levsi-tənəffü.

Şeirdə ölkədəki acınacaqlı vəziyyət təsvir edilir, dövrə, hakim təbəqəyə etiraz əsas yer tutur. “Tarixi-qədim” (1905) şeirində ilk olaraq qoca bir heykəldən bəhs edilir. Heykəl tarixin simvolu və onun şahididir. Şeirdə qeyd olunur ki, insanların haqqı həyatda öldürmək deyil, yaşamaq və yaşatmaqdır. Ona görə də əsərdə insanlar öz yaşamaq həvəslərini bəyan edir, qantökən, ocaq söndürənlərə nifrətlərini bildirirlər.

Keçdiyin yer ölüm, ələm dolsun,
Nə əkindən əsər, nə ot, nə yosun.
Sönsün evlər, sürünsün ailələr.

Şairin xəyali düşüncələrinə yer verilən əsərdə bütün neqativ halların üzərinə qalın bir pərdə çəkilir. Onun xəyalən görmək istədiyi cəmiyyətdə müharibə, ölüm, səfalət, pislik və amansızlıqdan əsər-əlamət yoxdur...

Tofiq Fikrətin 1907-ci ildən sonra yazdığı şeirlərin böyük bir qismində inqilaba çağırış meylləri üstünlük təşkil edir. O, xalqın nicatını inqilabda görür. Beləliklə, müəllifin türk ədəbiyyatında əks-səda doğuran “Millət şərqisi” meydana gəlir. Ədəbi tənqidçilər bu şeiri şairin vətən məhəbbətindən doğan, onun gələcəyini xoşbəxt görmək arzularını əks etdirən əsər kimi təqdim edirlər.

 Şair inqilab ruhlu şeirlərində qadın azadlığı məsələsinə də toxunub. İlk növbədə qadınların təhsil almasını ön plana çəkən ədib “Bir qız məktəbi üçün”, “Para və həyat”, “Validə”, “Ninni” və s. şeirlərində qadın problemlərindən geniş bəhs edib. 1911-ci ildə çap olunan “Xəluqun dəftəri”, 1914-cü ildə işıq üzü görən “Şərmin” kitabları ilə şair gənclərdə özünə qarşı rəğbət oyadır. Azadlıq carçısı kimi tanınan şair 1915-ci ildə, 48 yaşında vəfat edib.

Mədəniyyət qəzeti
Savalan Fərəcov

0 şərh