Hans Xristian Andersen

Çox sevdiyim Viktor Hüqonun belə bir aforizmi var: “ İnci palçıqda əriməz”. Hansın da məhz inci kimi saf qəlbi ətrafdakı ona gülüb lağ edən insanların çirkabında məhv olmadı, daha da gözəlləşdi, özünün təsvir etdiyi kimi çirkin ördək balası ququşuna çevrilə bildi.

Əgər nağıllar toplusu dərc etsək, Danimarkalı yazıçı Hans Xristian Andersenin nağılları olmadan o toplu tam olmaz; “ Çirkin ördək balası”, “ Düyməcik”, “ Noxud üstündə yatan şahzadə qız”, Qalay əsgərcik”, Qar Kraliçası” və s digər sehirli nağılları daxil etmədən nağıllar toplusu tamamlanmamış görünərdi. Maraqlı burasıdır ki, müəllifin özünün də həyatı sehirli nağıla bənzəyib, bəzən kobud insanların təhqirləri, bəzən həyatın anlaşılmaz haqsız təsadüfləri, bəzən isə şöhrətin geniş qapıları ilə rastlaşan Hans yaşamış olduğu müxtəlif olaylardan dolayı psixi sarsıntılar keçirmişdi. Yazıçının qəribə qorxuları vardı, o yanmaqdan qorxurdu, harasa gedəndə həmişə özü ilə ip aparardı ki, qaldığı oteldə yanğın olsa qaça bilsin, diş ağrılarından, diş çəkdirməkdən, kiminsə onu zəhərləyəcəyindən, pul xərcləməkdən qorxurdu. Həyatı boyu üç qadını sevmişdi, heç birindən qarşılıqlı sevgi görmədi və həyatının sonuna qədər subay qaldı. Yaşlı çağlarında onu əxlaqsız qadınların əhatəsində də tez-tez görmək olurdu, yazıçı onlarla söhbətlə kifayətlənib yenə də öz tənhalığına çəkilirdi, son sevdiyi qadın Cenni Lində xəyanət edə bilmirdi.

Andersen Aprelin 2-si, 1805-ci ildə Danimarkanın Odens şəhərində dünyaya göz açıb, ailənin tək uşağı idi. Atası ayaqqabı ustası, anası isə paltaryuyan işləyirdi. Atasının savadı olmasa da o, oğlunu qədim Danimarka nağılları və Min bir gecə nağılları ilə tanış edə bilmiş, uşaqda nağıla qarşı həvəs oyada, təxəyyülünü inkişaf etdirə bilmişdi. Lakin Hansın 11 yaşı olanda atası ölür, anası ikinci dəfə ailə qurur və Hansı kasıb uşaqlar üçün əsas biliklər verən orta məktəbə yollayır. O, indi daha özünü də saxlamalı idi, əvvəlcə dərzi şagirdi, sonra dərzi kimi çalışır. Artıq 14 yaşında ikən anasına daha Odensdə qala bilmədiyini və mütləq məhşur olmaq üçün Kopenhagenə getmək istədiyini bildirir. Anası onun bu sözlərinə inanmır və poçtalyona əlavə pul ödəyir ki, uşağın 3 gündən sonra geri qayıtmasına kömək etsin. Lakin anası və heç kim uşağın iradəsinə inanmasa da Andersen bir də heç vaxt bu şəhərə yaşamaq üçün geri dönmür.

Kopenhagendə aktyorluq üçün iş axtarır, lakin çirkin xarici görünüşünə görə heç kim onu aktyorluğa qəbul etmir. Ümumiyyətlə uşaqlıqdan çirkinliyinə görə təhqirlər eşitməyə vərdiş etmişdi, onu ələ salırdılar, əlbəttə bu onun psixikasına təsir etməyə bilməzdi, sonralar Çirkin Ördək Balası nağılında yazacaqdı: " Ququşu yumurtasından çıxmısansa ,ördək yuvasında doğulmağın elə də böyük əhəmiyyəti yoxdur”. O, inanırdı ki, ona xarici görünüşünə görə qiymət verən insanlar bir gün onun daxiliniə də qiymət verəcəklər, əslində o, özü çox gözəldir, təxəyyüldə gözəlliklər yarada bilər və buna görə də bir gün mütləq məhşur olacağına inanırdı. Ona inanmayıb lağ edən insanlar onu ticarətlə məşğul olmağa çağırırdılar, o, isə heç kimə məhəl qoymadan teatrlara üz tuturdu. Ancaq bir gün onu Danimarka Kral Teatrına işə götürürlər, aktyor kimi yox, sadəcə gözəl sofrano səsi olduğu üçün işə qəbul olunur, lakin tezliklə səsini də itirir. Bu zaman teatr yoldaşlarından biri ona yazmağı məsləhət bilir. O, bu məsləhəti ciddi qəbul edir və yazmağa başlayır. Teatrın direktoru Conas Kollin də ona rəğbət bəsləyirdi və təhsil alması üçün Hansı qrammatika məktəbinə göndərir. Bundan sonra Andersen 1827-ci ildə Elsinor məktəbində də təhsil alır. Andersen heç vaxt yaxşı oxuyan, çalışqan şagird olmur, həmişə fikri dağınıq olurdu və qrammatik səhvlər edə-edə yazırdı, o, heç vaxt yazısını düzəldə bilməmişdi. Lakin buna baxmayaraq 1822-ci ildə artıq “Palnatokun məzarındakı ruh” adlı ilk hekayəsini nəşr etdirə bilmişdi.

Təhsil aldığı illər onun həyatının ən kabuslu və depresiyaya düşdüyü illər olduğunu yazıçı sonralar etiraf edirdi, belə ki, digər şagirdlərdən yaşca çox böyük olması və bu səbəbdən müəllimlər və şagirdlər tərəfindən təhqirlərə məruz qalması onu depresiyaya düşməyə, özünə qapanmağa vadar edirdi və ömrünün sonuna qədər də bu vəziyyətdə yaşamağa məhkum oldu.

Təhsili Kral Teatrının müdriyyəti tərəfindən maliyyələşirdi, bu təhqirlərdən sonra ona evdə xüsusi müəllim vasitəsilə təhsil verildi, daha sonra Kopenhagen Universitetinin də məzunu ola bildi.

Təhsilini bitirdikdən sonra çox illərini səyahətlər, şeirlər, dram əsərləri yazmaqla keçirdi. Onun ilk sehirli nağıllar kitabı sürətlə məşhurlaşmağa, hətta Danimarka sərhədlərini aşıb, ölkələr gəzməyə başladı. Əslində bu nağıllar onun özü, öz başına gələn əhvalatlar idi. Anasının hələ qız uşağı ikən dilənçilik etməyə məcbur qalması onu “ Kibritli Qızçığaz “nağılı yazmağa səbəb oldu, nağılda dünyada bəxti gətirməyən insanların yazıqlığından söhbət açırdı. Çikin ördək balası isə əlbəttə ki özü idi. Bir oğlan uşağı ona köhnə qalay əsgərcik hədiyyə edir, Andersen onu nağıla çevirir, və ya qız uşağının hədiyyə etdiyi gül ləçəkləri, yenə də yazıçının əsərində öz yerini tapır. Andersen uşaqların ona verdikləri hədiyyələri atmırdı, mücrüdə saxlayıb, hərdən onları qoxulayırdı.

Demək olar ki, bütün sehirli nağıllarını 1835-1850- ci illər arasında yazmışdı, ümumilikdə isə 170 nağıl, 5 roman, bir neçə pyes, şeir və oçerk müəllifidir. Əsərlərinə cizgi filmləri, filmlər çəkilib, 150-dən çox dilə tərcümə olunub.

1867-ci ildə Odens şəhərinə qayıdır, minlərlə insan onu alqışlayır, yazıçıya fəxri ad təltif olunur, ona Danimarkanın milli sərvəti adı verilir. 1872-ci ildə çarpayısından yıxılır və ağır zədələr alır, tezliklə isə qaraciyərində xərçəng xəstəliyi aşkarlanır və yazıçının ölümünə səbəb olur. Ölümündən əvvəl onu necə dəfn edəcəkləri haqda dostları ilə danışır və dəfn mərasimini planlaşdırır. Dəfndə iştirak edəcək orkestrin bəstəkarına deyir ki, orada çoxlu sayda uşaqlar olacaq, orkest mümkün qədər o kiçik addımlara uyğun ifa etsin.

Hans Xristian Andersen Avqustun 4-ü 1875-ci ildə Kopenhagen yaxınlığında, dostu Moritz Melkorun evində vəfat edir.

Ölərkən sinəsində ilk qarşılıq görmədən sevgidiyi qadın Riborq Voiqtdən aldığı məktub tapılır. Andersenin sonrakı sevgidiyi qadınlarlar da onun sevgisini cavabsız qoymuşdular. Son sevdiyi qadın Ceni Lind idi, incəsənət adamı olan bu qadına hədsiz gözəlliyinə görə İsveç Bülbülü ləqəbini qoymuşdular. Ona vurğunluğunu Andersen özünün Bülbül nağılında təsvir edir, lakin Lind də digər qadınlar kimi Anderseni rədd edir və onu qardaşı kimi sevdiyini etiraf edir. 1844-cü ildə Andersenə vida məktubunu “Allah səni hifz etsin, səmimiyyətlə sənin bacın Cenni “ sözləri ilə bitirir.

Onun sevgi etiraflarına cavab gəlmədi, qarşılıqlı sevgi yaşaya bilmədi, bəlkə də buna görədir ki, uşaqlar üçün yazdığı sehirli nağıllarında iki gənc i qovuşdururdu, öz həyatındakı uğursuzluğu qələmi vasitəsilə inkar etməyə, uşaqlara sevginin sonda qələbə çalmasına inandırmağa çalışırdı. Çirkin ördək və ya sevimli ququşu, necə istəyirsiz elə də adlandırın, o, bu dünyadan tənha uçub getdi.

Nağıllarından çıxarışlar və ya aforizmə çevrilmiş cümlələri
Su pərilərinin göz yaşı olmur, ona görə də daha çox əzab çəkirlər. ( Kiçik Su Pərisi)

Sözlərin ifadə edə bilmədiyi yerdə musiqi dillənər.

Sadəcə yaşamaqla keçinmək olmaz, azadlıq, günəş işığı və bir qədər də güllərə ehtiyacımız var, dedi kəpənək.

Həyatından zövq al, ölü qalmaq üçün zamanın çox olacaq.

Həyatın özü ən gözəl sehirli nağıldır.

O, qəlbində ölüm düşüncəsilə gülürdü və rəqs edirdi. ( Kiçik Su Pərisi)

Baxdığın hər şey sehirli nağıla çevrilə bilər, toxunduğun hər şeydən bir hekayə düzəldə bilərsən.

Bütün dünya bir sıra möcüzədir, ancaq biz onlara adi şeylər deməyə öyrəşmişik.

Dünyanın işinə yarımaq üçün xoşbəxt olmalısan.

Ölüm küləkdən də sürətli yeriyir və heç vaxt götürdüyünü geri qaytarmır.

Əgər ruhumun dərinliyinə baxsaydın, həsrətimin səbəbini bütünlüklə anlayardın və mənə yazığın gələrdi. Hətta açıq, şəffaf gölün də özünəməxsus dərinlikləri var hansı ki heç bir dalğıc onları tanımaz.

“ — Sən öldüyündə dünyanın bütün gözəllikləri bitəcəkmi?
— Yox, dedi, Qoca Palıd, hətta o mən düşünə biləcəyimdən də daha çox davam edəcək.
— Lap yaxşı, dedi, kiçik May Böcəyi, bizim yaşamaq üçün eyni zamanımız, sadəcə fərqli üzülüşməyimiz var”

Həyatım əsərlərimin ən gözəl illustrasiyasıdır.

Bizim hamımız əlimizdəki ən gözəl şeyi başqasına verib, iqtidarımızda olanı təklif etməli deyilikmi?

Sən xəyalpərvərsən, bu da sənin bədbəxtliyindir.

Bəziləri gözəllik üçün, bəziləri isə istifadə olunmaq üçün yaradılıblar, ancaq bəziləri də vardır ki, bu ikisi bir arada olmasa yaşanmazlar.

Axmaq suala cavab vermək asan deyil.

Ən əsas şeylər gözlərə görünməz qaldığı üçün yalnız ürək onları daha aydın görə bilər.

“Kəndli” olmaq hissindən daha betər bir hiss var, o da odur ki, şəhərlilər elə bilir ki, bütün kəndlilər cahildirlər.

Aygül Qurbanlı
 

0 şərh