Bədii kompozisiya və süjet. Süjetin ünsürləri

Əsərin ideya məzmununun açılmasında kompozisiyanın kamil şəkildə olmasının böyük əhəmiyyəti vardır. Yazıçı əsərində əsas və ikinci, üçüncü dərəcəli surətlərin, hadisələrin yerli-yerində verilməsinə, süjetin inkişaf tərzinə xüsusi diqqət yetirməlidir, süjetin necə başlanması, davam etməsi və necə tamamlanması üzərində ciddi düşünməlidir. Kompozisiyanın gözəl və aydın olması əsərin ideya məzmununun oxucuya yaxşı çatması üçün mühüm şərtlərdəndir. Kompozisiya məzmunlu bir forma olmaq etibarilə bir tərəfdən əsərdə təsvir edilən varlıqla, o biri tərəfdən də müəllifin dünyagörüşü, bədii metodu və onun əsəri yazarkən qarşıya qoyduğu konkret ideya-estetik vəzifələrlə, o cümlədən seçdiyi janrın tələbləri ilə şərtlənib müəyyənləşir.
Yəni yazıçı dünyanı necə görür və necə dərk edirsə, o cür də formaya salıb göstərir. Əsəri tərtib etmək məharəti, kompozisiya ustalığı sənətkarın ayrı-ayrı dağınıq ünsürləri vahid bir tam halında elə mütəşəkkil hala salmaq qabiliyyətindən ibarətdir ki, o gerçəkliyin düzgün inikasını vermiş olsun. Düzdür, bədii əsər bir-biri ilə üzvi surətdə bağlı xarakterlərin, hadisələrin, problem və ideyaların bütöv bir məcmusudur, lakin bu xarakterlər, hadisələr, problem və ideyalar, müxtəlif ədəbi cərəyanlar da müxtəlif kompozisiyada meydana çıxır. Yazıçıların kompozisiyada, onun qurulmasında tətbiq etdikləri vasitələr rəngarəngdir. Yazıçı əsərdə əks etdirdiyi əhvalatların lap əvvəlki tarixçəsini, bu əhvalatların hansı şəraitdə yaranıb inkişafa başladığını ekspozisiya vasitəsilə bildirir. Müəllifin arzusından və yaradıcılıq qayəsindən asılı olaraq ekspozisiya əsərin əvvəlində, ortasında və axırında verilə bilər. Azərbaycan ədəbiyyatşünaslığında ekspozisiya anlayışı bədii müqəddimə, bədii zəlin sözləri ilə ifadə olunur.
Ümumiyyətlə, bədii əsərin süjet xəttinin inkişafı müəyyən mərhələlərdən keçir. Bu mərhələlər beş hissədən ibarətdir.
  1. Ekspozisiya
  2. Zavyazka
  3. Kulminasiya
  4. Razvyazka
  5. Final
Bu mərhələlərin yerini dəyişmək sırasını pozmaq əsəri tamamilə alt-üst edə bilər. Orta əsrlərdə bizim klassik sənətkarlarımız bu mərhələlərin qrafikasını tərtib etmədən, yəni bu barədə qətiyyən düşünmədən, bədii fəhmin işığında öz möhtəşəm əsərlərini məhz bu mərhələlərə əsasən yaratmışlar. Buna klassiklərimizin xeyli əsərlərindən misal gətirmək olar. Növündən və janrından asılı olmayaraq bədii əsərlərin hamısı kompozisiya üzərində qurulur. Dünya ədəbiyyatında məzmunca bir-birinə bənzəyən bir xeyli əsərlər vardır, lakin onların kompozisiyası qətiyyən bir-birinə bənzəmir. Çünki hər bir sənətkar özünəməxsus şəkildə, öz düşündüyü kimi kompozisiyanı qurur.
Aristotel yazmışdır ki, hər kamil süjetin «başlanğıcı, ortası və sonu olmalıdır», süjet istədiyin yerdə başlanmalı, istədiyin yerdə tamamlanmalıdır. Bu o deməkdir ki, süjet əsərin nəqli tərəfini ifadə etməklə onun formasına əsaslı təsir göstərir. Əsərin ayrı-ayrı hissələri, iştirak edən şəxslər, onların hərəkətləri süjetdə müəyyən sistemdə üzvi surətdə birləşir. Ümumiyyətlə, süjetdə həyat hadisələri bir-biriylə bağlı olmalı, bu hadisələr içərisində göstərilən adamların qarşılıqlı əlaqə və rəftarı insan xarakterinin müxtəlif cəhətlərini, əsərdə iştirak edənlərin fikir, hiss və davranışlarını, xarakterin inkişafı tarixini və yüksəlişini əks etdirmişdir. Lakin süjet elə qurulmalıdır ki, sənətin spesifik yolu, üsul və formalarına riayət etməklə yanaşı, sənətin gözəlliyinə xələl gətirməsin, bədii həqiqəti – həyat həqiqətini daha cazibədar etsin.
İdealist estetika nümayəndələri belə hesab edirlər ki, süjet sənətkar tərəfindən özbaşına yaradılır və bütünlüklə onun yaradıcılıq fantazisiyası ilə müəyyən olunur. Əslində süjetin mənbəyi real aləmdə baş verən proseslərdir. Bir qayda olaraq, süjet qəhrəmanların ictimai- tarixi şəraitdən kənarda deyil, əksinə, həmin şəraitlə əlaqədə göstərilməsinə xidmət edir. Süjet sənətkarın estetik idealı və dünyagörüşü ilə bağlıdır. Süjetin bədiiliyi, dinamiklik və konkretliyi hadisələrin reallıq və aydınlığından, faktların səciyyəviliyindən, surətlərin tipikliyindən, qarşılaşma səhnələrinin inandırıcılığından və konfliktin dərinliyindən asılıdır. «Faktları, onların sözlə ifadəsini bacarana qədər, daha canlı şəkildə göz qabağına gətirərək, işləyib düzəltmək lazımdır: məhz belə olduqda, hər şeyi tamam aydın şəkildə görərək və sanki hadisələrin özündə bilavasitə iştirak edərək şair lazım olanı tapa bilər və ziddiyyətlər heç zaman onun nəzərindən qaça bilməz». (Aristotel)
«Poeziyanın təhkiyə və hekzametrlə təqlid növünə gəlincə, aydındır ki, burada da fabula, faciədə olduğu kimi, öz əvvəli, ortası və sonu olan müəyyən bir bütöv və bitmiş hərəkəti təmsil edərək, möhkəm dramatik səciyyə daşımalıdır ki, bütöv və vahid bir canlı kimi özünəməxsus xüsusi zövq oyada bilsin» (Aristotel).
Aristotelin «Poetika»sında süjet əvəzinə «fabula» sözü işlənmişdir. Filosofun estetikasında fabula geniş, əsəri tam əhatə edən anlayışdır, «əhvalatların əlaqəsi», «hərəkətin və xüsus hal-hərəkət adamların təqlid olunmasıdır». Buna görə də sənətkarlar «metr» (vəzn) yaradıcısı olmaqdan daha çox fabula yaradıcısı olmalıdırlar. Fabulanı elə qurmaq lazımdır ki, səhnə tamaşasından ayrılıqda da baş verən hadisələrin cərəyanı haqda deyilənlərə qulaq asan hər kəs əhvalatlar açıldıqca sarsılsın və acımaq hissi keçirsin.
Lakin fabula əslində süjetdən fərqlidir. Fabula latın dilində təmsil, nağıl deməkdir. Həm fabula, həm də süjet məzmunla, məzmunu şərtləndirən hadisə və əhvalatlarla, surət və xarakterlə bağlıdır. Lakin süjet naturanın, faktın, hadisə və əhvalatın özü deyildir. Varlığın, real bir əhvalatın düşüncəyə, təfəkkür və xəyala toxundurulan, dəyişdirilən, uydurmalarla inkişaf etdirilən, zənginləşdirilən, ya böyüdülən, şişirdilən, ya da kiçildilən formasıdır. Fabula isə tarixi bir həqiqətin, ya müasir bir gerçəkliyin əsərdə dəyişdirilməməsi, xəyala və düşüncəyə toxundurulmamasıdır, faktın özü, naturası – əslidir. Fabula süjetlə sıx bağlıdır, hadisələrin xronoloji ardıcıllıqla təsvir olunduğu bədii əsərdə fabula və süjet məfhumları bir-birinə uyğun gəlir. Lakin bədii əsərin süjeti çox vaxt kompozisiya cəhətindən fabula ilə uyğun gəlməyə bilər. Lakin bununla belə, fabula süjetin açılması üçün köməkçi vasitə kimi genişlənməkdə olan hadisələrin ardıcıllığının müəyyənləşməsinə və süjetin özünəməxsus quruluşu ilə sənətkarın izlədiyi qayənin başa düşülməsinə kömək edən müəyyənləşdirici amildir.
 
Müəllif: VÜQAR ƏHMƏD
Mənbə: ƏDƏBİYYATŞÜNASLIQ, filologiya fakültəsinin tələbələri üçün dərslik,2007
 

0 şərh