Səməd Behrəngi

Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbriz şəhərində, fəhlə ailəsində anadan olub. İbtidai təhsilini Təbrizdə «Tərbiyyət» məktəbində alıb. Sonra Təbriz pedaqoji texnikumunda təhsilini davam etdirib. Tələbəlik illərində «Xənde» (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini bu dövrdə yazıb. Əmək fəaliyyətinə Azərşəhr (Tufarqan) mahalının Mamağan, Gögan ibtidai məktəbində müəllim kimi başlayıb.

Təbriz Universiteti filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil alıb (1956-1961). Azərbaycan nağıllarını toplayaraq fars dilinə tərcümə edib və həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib. Eyni zamanda fars dilindən Azərbaycan dilinə çevirdiyi tərcümələri dövri mətbuatda çıxıb.

İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. Bundan sonra “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və s. hekayə və nağıllarını yazıb. İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Birinci yeri tutduğuna görə kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilib. Azərbaycan xalq ədəbiyyatını toplayaraq, tədqiq və təbliğ edib.

Həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar. Ədəbi irsi zəngindir. Bakıda “Məhəbbət nağılı” adı ilə seçilmiş əsərləri kütləvi tirajla buraxılıb. 1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub.

0 şərh