Çövkan oyunu haqqında | Qabusnamə

Ey oğul, bil, əgər çövkan oynamaqdan həzz alsan, çox oynamağı özünə adət etmə, çox adamlar çövkan oynamaqdan zərər görüblər.

Hekayət. Belə deyirlər ki, Əmr Leysin bir gözü kor imiş. Xorasan əmiri olduqdan sonra bir dəfə çövkan oynamaq üçün meydana gedir. Onun Əzhər Xər adlı bir sərkərdəsi var imiş, gəlib onunatının cilovundan tutur və deyir: “Qoymaram səni top vurub çövkan oynayasan”.
Əmr Leys deyir: “Necə olur ki, siz vurmağı özünüzə rəva görürsünüz, çövkan oynamağı mənə rəva görmürsünüz?” Əzhər cavabında deyir: “Ona görə ki, bizim iki gözümüz vardır, əgər top gözümüzə dəysə, bir gözümüz kor olar, bir gözümüz qalar və bununla işıqlı dünyanı görə bilərik, sənin isə bir gözün vardır, bədbəxtlikdən əgər top o gözünü də çıxartsa, gərək Xorasan əmirliyinin fatihəsi oxunsun”. Əmr Leys deyir: “Bütün eşşəkliyinə baxmayaraq düz deyirsən, söz verirəm ki, nə qədər sağam, topa əl vurmayam”.



Əgər ildə iki dəfə çövkan oynamağa həvəs göstərsən, razı qalaram. Lakin at üstündə çox oynamaq lazım deyil, qorxusu var. Top vurmaq üçün süvarilərin sayı səkkizdən artıq olmamalıdır.

Sən meydanın bu başında dur, bir nəfər də o başda dursun, altı nəfər isə ortada top vursun. Top sənin tərəfinə gələrsə, onu vurub geri qaytar və atı da o qədər çap, lakin qarmaqarışıqlığa soxulma ki, həm sədəmədən özünü qoruyasan, həm məqsədə çatmış olasan. Böyük adamların çövkan oynamaq qaydaları bundan ibarətdir, kömək isə Allahdandır.

0 şərh