Eşqbazlıq və onun qaydaları haqqında | Qabusnamə

Aşiq olmaq barədə bil, ey oğul, kimin təbiəti zərif olmasa, o aşiq ola bilməz. Eşq təbiətin zərifliyindən doğur, zəriflikdən doğan hər şey isə, şübhəsiz, zərif olar. Odur ki, deyiblər:Təbiət lətif olduqda, məlum şeydir ki, o, zərif təbiətə qoşulmağa meyl göstərəcəkdir.

Bu eşqdir, incəlik, lətiflik istər,
Hər yerdə özü tək zəriflik istər.

Görürsənmi, cavanlar qocalara nisbətən daha tez aşiq olurlar. Çünki cavanların təbiəti qocalarınkına görə daha incədir. Kobud təbiətli bədniyyət adam aşiq ola bilməz. Bu elə bir xəstəlikdir ki, ona yalnız incə ruhlu adamlar tutular. İstər kobud təbiətli ol, istərsə incə təbiətli, çalış aşiq olma. Aşiqlik çox başıbəlalı bir işdir, xüsusilə, yoxsulluqda. Aşiq olan yoxsul canına qəsd etmiş olar. Bil ki, yoxsulluq olan yerdə aşiqlik can vermək kimibir şeydir, xüsusilə, qocalıq vaxtı, çünki qoca pul xərcləməsə, məqsədə nail ola bilməz.
Mənim dediyim kimi: 

Pulsuz idim, tutmuşdum bu azardan,
Pulsuzluqdan məhrum oldum o yardan.
Bu halıma uyğun bir məsəl də var:
“Pulsuz gedən boş qayıdar bazardan”.

İşdir, əgər birindən xoşun gəlsə, ürəyinə salıb onun haqqında fikirləşmə, həmişə qəlbinə eşqə qalib gəlməyi öyrət, heç zaman şəhvət əsiri olub iztirab çəkmə. Bu, ağıllı adamlara yaraşmaz, çünki aşiqlikdə insan ya vüsalda olar, ya fəraqda.

Bil, bir saatlıq vüsal bir illik ayrılıq oduna yanmağa dəyməz. Aşiqlik şirin də olsa, başdan-ayağa məşəqqət, ürək ağrısı, iztirab və əziyyətdir. Fəraqda olsan, əzabdasan, məşuq ilə bir yerdə olsan, sevgilin hal əhlidirsə, ürəyini çəkəcək, naz-qəmzəsi ilə səni əldən salacaq. Onun şıltaqlığı, sonra isə ayrılıq qorxusu vüsaldan da ağır olacaq, çünki ardınca fəraq gələn vüsal fəraqdan da ağır olar. Məşuqən mələk təbiətli olsa belə, yenə məzəmmətdən yaxanı qurtara bilməzsən, həmişə sənin qeybətini qırar və məşuqən haqqında şayiələr yayarlar. Deməli, özünü saxla və aşiqlikdən qaç.

Ağıllı adamlar özlərini aşiqlikdən qoruya bilərlər, çünki ilk baxışdan aşiq olmaq mümkün deyil. Əvvəl göz görür, sonra könül bəyənir. Elə ki könül bəyəndi, ürəyin ona mail oldu, könül ikinci dəfə görmək istəyir. Əgər sən öz şəhvətini ürəyinin ixtiyarına versən, ürəyini isə şəhvətə tabe etsən, sonra məşuqəni bir daha görmək üçün tədbir düşünməyə başlarsan.Görüş ikinci dəfə baş tutduqda könül ikiqat meyl edir, qəlb daha çox döyünməyə başlayır, insan üçüncü görüş eşqinə düşür. Elə ki üçüncü dəfə gördün, əhvalatı açıb söylədin, söz deyib cavab eşitdin, iş bitdi. Çuvalı suya verdin, it də getdi, ip də getdi. Bundan sonra özünü ələ almaq istəsən də, bacarmazsan, çünki iş işdən keçmiş olar, vaxt uzandıqca eşqin də artar, qəlbin hökmünə tabe olmağa məcbur olarsan.

Lakin əgər sən ilk görüşdə özünü saxlaya bilsən, ürək istədikdə onu ağlın ixtiyarına versən və ağıl ürəyi bir daha onun adını çəkməyə qoymasa, özünü başqa şeylə məşğul etsən və ya şəhvətini başqa şey ilə söndürsən və gözü onu görməkdən məhrum etsən, bir həftədən artıq əziyyət çəkməzsən, daha o sənin yadına düşməz, tezliklə özünü bəladan qurtarmış olarsan. Lakin belə edə bilmək hər adamın işi deyil, çox ağıllı olmaq lazımdır ki, adam bu xəstəlikdən yaxasını qurtara bilsin.

Muhamməd Zəkəriyya özünün “Xəstəliklərin təqsimatı” adlı əsərində eşq xəstəliyi və onun dərmanı haqqında deyir ki, eşq xəstəliyi ara vermədən oruc tutmaq, ağır yük daşımaq, uzun səfər etmək, həmişə işləmək, həddindən artıq kefə aludə olmaq və bu kimi bir xəstəlikdir. Lakin əgər hər görüşü sənə zövq və rahatlıq gətirən bir adamı sevirsənsə, bunu rəva bilirəm.

Şeyx Əbu Səid bul-Xeyrin dediyi kimi, insanlar dörd şeysiz keçinə bilməz: birincisi — çörək, ikincisi — paltar, üçüncüsü — ev, dördüncüsü — sevimli dost. Hər kəsin özünə görə, istər halal, istər haram, arzusu olar. Lakin dostluq başqadır, aşiqlik başqa. Hərçənd o aşiq şair bir beytdə demişdir:

Xoşdur sənin bu atəşin, gözəl yar,
Heç yandıran bir atəş də xoş olar?!

Bil ki, insanlar dostluqdan həmişə ləzzət çəkərlər, aşiqlikdən isə əziyyətə düşərlər. Əgər cavanlıqda aşiq olsan, yeri var, başa düşərlər,üzrlü sayarlar, deyərlər cavandır. Çalış qoca vaxtı aşiq olma. Qocanı üzrlü hesab etməzlər. Əgər qara camaatdan olsan, iş bir az asanlaşar, şah olsan, amandır, belə işlərə baş qoşma, zahirdə heç kəsə könül vermə, çünki qocalıq aşiqliyi şahlara çox baha başa gələr.

Hekayət.  Babam Şəmsülməalının vaxtında xəbər gətirirlər ki, Buxarada bir tacirin iki min dinar qiymətində bir qulu var. Bu əhvalatı, Əhmədi Coğdi əmirin yanında danışır. Əmir Səd Nəxxası çağırıb Buxaraya göndərir, həmin qulu iki min iki yüz dinara alıb Gürgana gətirir. Əmir qulamı bəyənir, onu özünə dəsmaltutan təyin edir. Əmir əlini yuyanda o, dəsmalı tutar, əmir isə əlini qurulayarmış. Bir müddət keçdikdən sonra, bir dəfə əmir əlini yuyur, qulam dəsmalı ona verir. Əmir əlini silə-silə dəsmalı buraxmayıb hey ona baxır, məlum olur ki, qulam onun xoşuna gəlir, sonra dəsmaldan əl çəkir.
Bir az keçdikdən sonra o, Əbul-Abbas Qanimiyə deyir: “Buqulamı azad edirəm və filan kəndi ona bağışlayıram. Fərman yaz, bir kəndxuda qazı da onun üçün tap. Qoy onun evində otursun və saqqalı gələnə qədər evdən xaricə çıxmasın”. Əbul-Abbas vəzir idi, deyir: “Əmr hökmdarın əmridir, lakin əgər mümkünsə, əmir buyursun, görək burada nə hikmət var?” Əmir deyir ki: “Bu gün bir hadisə baş verdi, çox da pis oldu. Yetmiş yaşında şah hara, aşiqlik hara! Mənə yetmiş yaşdan sonra Allah bəndələrini dolandırmaq, ordu, xalq və ölkənin hayına qalmaq lazımdır. Mən eşqbazlıqla məşğul olsam, nə Allah yanında üzrlü sayılaram, nə bəndə yanında”.

Bəli, cavan nə etsə, üzrlüdür, lakin adam nə qədər cavan olsa da, gərək dəlicəsinə eşqini büruzə verməsin, beləliklə, siyasət və hörmətə sədəmə vurmasın.

Hekayət. Qəzneydə eşitmişəm, Məsudun xidmətində on qulam var imiş, onu da onun şəxsi paltar saxlayanı imiş. Onların arasında Nuştəkin adlı bir qulam sevimlisi imiş. Lakin heç kəs, o cümlədən bu on qulam da bilmir ki, Soltanın sevimlisi kimdir, çünki Soltan Nuştəkinə nə bağışlayırmış, hamıya da ondan verirmiş ki, hərə elə bilsin Məsudun sevimlisi odur. Soltanın bu bəxşişləri verməkdə məqsədi isə Nuştəkin imiş. Beş il bu minval ilə keçir. Bir gün Soltan sərxoş ikəndeyir: “Mənim atam Ayaza nə bağışlamışdısa, onların hamısını bütün pul, qəbz və iqtaları ilə birlikdə Nuştəkinə verilməsi haqqında fərman yazın”. Yalnız bundan sonra bilirlər ki, onun sevimlisi Nuştəkin imiş.

Hərçənd mən bu əhvalatları danışıram, lakin bilirəm ki, aşiq olanda mənim dediklərimə əməl etməyəcəksən, ona görə, eşq haqqında qocavarı bir rübai demək istəyirəm:

Kimdə həyat ola, həm natiq ola,
Gərəkdir o, Əzra, ya Vamiq ola.
Əgər ikiüzlü deyilsə insan,
Mütləq gərək sevə, ya aşiq ola!

Hərçənd mən belə demişəm, amma sən mənim rübaimə fikir vermə, ona əməl etmə, çalış aşiq olma. Birini sevməli olsan, eləsini sev ki, sevməyinə dəysin. Əlbəttə, məşuq Ptolemey ya Əflatun olmayacaq, lakin bir az ağıllı olmalıdır. Bilirəm, Yəqub oğlu Yusif də olmayacaq, lakin bir az gözəlliyi, incəliyi olmalıdır ki, camaatın ağzını bağlaya biləsən və sənin üzrünü qəbul etsinlər. Axı camaat bir-birinin qeybətini qırıb, bir-birinə eyib tutmağa adət etmişdir. Birindən soruşdular:“Eybin varmı?” Dedi: “Yox”. Dedilər: “Eyib tutanın necə?” Dedi: “Nəqədər istəyirsən!” Dedilər: “Onda dünyada ən eyibli adam sənsən”.

Qonaq getsən, sevgilini özünlə aparma, aparsan, xalqın qabağında onunla mazaqlaşma, bütün fikir-zikrini ona vermə, qorxma, onu heç kəs yeməz. Elə təsəvvür etmə ki, o, hamının gözünə sənə görünən kimi görünür. Bu barədə şair belə deyir:

Mən yazığın halına vay olsun o gün ki, sən
Mənə görünən kimi, hamıya görünəsən.

Sənin gözünə hamıdan gözəl göründüyü kimi, başqalarının dagözünə hamıdan çirkin görünə bilər. Bir də ona fasiləsiz olaraq meyvə, noğul vermə, dəqiqəbaşı qonaq etmə, hər saatdan bir çağırıb qulağına söz demə, guya mən xeyirli-zərərli şeyləri gizli deyirəm; camaat biləcək ki, sən nə dedin.

0 şərh