Mal-dövlət toplamaq qaydaları haqqında | Qabusnamə

Ey oğul, bir şey ələ gətirmək mümkünsə, fürsəti fövt etmə, lakin şey üstündə özünü təhlükəyə də vermə. Səy et, hər şeyi özünə layiq, ən yaxşı üsulla ələ gətir. Elə ki gətirdin, möhkəm saxla, heçə-puça xərcləmə, əldə saxlamaq, ələ gətirməkdən çətindir. Xərcləmək lazım gəldikdə çalış, onun əvəzini tez yerinə qoy, əgər hey götürüb əvəzini yerinə qoymasan, Qarun dövləti də olsa, qurtarar. Lakin ona çox da könül salma, əbədi hesab etmə ki, bir gün sona çatdıqda kədərlənməyəsən.

Deyiblər ki: ”Bir şeyi düşmənə qoyub getmək, onu dostdan xahişlə istəməkdən yaxşıdır”. Bir şeyi bərk-bərk saxlamaq onu bərk axtarmaqdan məsləhətlidir. Azda olsa, hər şeyi saxlamağı vacib bil, çünki azı saxlamağı bacarmayan, çoxu da saxlaya bilməz. Öz işini başqalarının işindən üstün tut, kahıllıqdan utan, kahıllıq bədbəxtliyin şagirdidir. Zəhmətdən əmələ gəlir. Görmürsənmi, əmək nemət yaradır, tənbəllik isə dövlət dağıdır?!

Müdrik adamlar deyiblər: “Abadlıq istəyirsinizsə, çalışqan olun, dövlət istəyirsinizsə, qənaətcil olun, çox dost istəyirsinizsə təvazökar olun”. Zəhmət və səy nəticəsində əmələ gəlmiş şeyi tənbəllik və xamlıq üzündən itirmək ağıllı iş hesab edilməz. Ehtiyac günü peşmançılıq fayda verməz. Zəhmət çəkirsənsə, çalış bəhrəsini də özün götür. Şey nə qədər qiymətli olur-olsun, onu layiqli adama müzayiqə etmə, çünki heç kəs, heç bir şeyi özü ilə gora aparmayacaq. Lakin başqalarına möhtac olmamaq üçün gərək insanın çıxarı gəlirinə uyğun olsun, çünki ehtiyac yalnız yoxsulların evində deyil, bütün evlərdə ola bilər. Məsələn, əgər birinin gəliri bir dirəm, çıxarı bir dirəm bir həbbədirsə, o həmişə ehtiyac içində olar. Gəlir bir dirəmsə, çıxar bir dirəmdən bir həbbə az olmalıdır. Belə evdə heç vaxt ehtiyac olmaz.

Nəyin varsa, ona da qane ol, çünki qənaət özü dövlət deməkdir. Qismətində nə varsa, o da sənə çatacaq. Xoş söz və adamların köməyi ilə düzələ bilən işlərə pul sərf etmə. Yoxsul adamın qədir-qiyməti olmaz. Bil ki, qara camaat xeyir görmədiyi halda dövlətliləri xoşlar, zərər çəkmədiyi halda bütün kasıblardan da acığı gələr. İnsanın ən ağır günü ehtiyacdır. Varlılar tərəfindən edilərkən təriflənən hərəkətlər yoxsullar üçün eyib hesab edilər.

İnsanların zinətini onların əliaçıqlığında bil, hər kəsin qiymətini isə onun zinətinə görə təyin et. Lakin israfı düşmən bil, onu uğursuzluq hesab et. Allahın düşmən hesab etdiyi hər şey onun bəndələri üçün uğursuzluq olar. Necə ki deyiblər: “İsraf etməyiniz, o, israfedənləri sevməz”. Böyük Allahın sevmədiyi şeyləri sən də sevmə.

Hər bədbəxtliyin bir səbəbi var, yoxsulluğun da səbəbi israfçılıqdır. İsrafçılıq yalnız mal-dövləti xərcləməkdə deyil, yemək, işləmək, danışmaq hər iş olur-olsun, israf etmə, çünki israf bədəni taqətdən salar, ruhu incidər, ağlı çaşdırar, ömrü söndürər. Görmürsənmi, çırağın ömrü yağa bağlıdır?! Lakin çırağa həddindən artıq yağ töksən, o dərhal sönər. Ölümə səbəb olan həmin yağ qaydasında tökülsə, həyata səbəb olar. Belə məlum olur ki, ölümə səbəb həmin israfdır. Deməli, çırağa həyat verən yağdır, lakin həddini aşdıqda israf meydana çıxır, həyat verən həmin yağ dönüb öldürücü olur. Allah da ona görə israfı düşmən hesab etmişdir.

Alimlər də heç bir işdə israfı bəyənməyiblər, çünki israfın nəticəsi həmişə ziyan olur. Lakin öz həyatını acı eləmə, ruzi qapısını üzünə bağlama, imkan daxilində özünə yaxşı bax, lazım olan heç bir şeydə səhlənkarlıq etmə. Öz işində səhlənkarlıq göstərən bəxtindən fayda götürə bilməz və arzularına çata bilməz. Xülasə, ələ gətirə bildiyin şeyləri xeyirli işlərə sərf et, var-dövlətini paxıl adama tapşırma, qumarbazlara, əyyaşlara etibar etmə. Mal-dövlət toplamaqda səhlənkarlıq etmə, rahatlıq zəhmətdədir, zəhmət isə dincəlməkdə.

Bu günün rahatlığı sabahın zəhməti olduğu kimi, bu günün də zəhməti sabahın istirahəti olar. Zəhmətli-zəhmətsiz hər nə əlinə gəlirsə, çalış bir dirəmdən iki dang evinə və ailənə xərclə. Lazım gəlsə, ehtiyacın olsa belə, bundan artıq xərcləmə. Beləliklə, iki dang xərclədikdən sonra o biri iki dangı ehtiyat topla və onu yadına salma. Onu varislərinə və qocalıq günlərin üçün saxla ki, köməyinə çatsın. Yerdə qalan o biri iki dangı isə bəzək-düzək işlərinə sərf et. Lakin elə bəzək-düzək şeyləri al ki, onlar xarab və məhv olmasınlar. Məsələn: daş-qaş, qızıl, gümüş, bürünc, mis və bunun kimi.

Bundan artıq bir şeyin olsa, torpağa ver, çünki torpağa nə versən, artıqlaması ilə geri alarsan, mayan da həmişə yerində qalar, qazancın da bol və halal olar. Hər məcburiyyət və zəruriyyət ucundan avadanlığını satma və demə ki: “Nə olsun, bu gün məcburən satıram, başqa vaxt alaram”. Əvəzini mütləq ümidi ilə hər dəfə çətinlik üz verdikdə, avadanlığı satsan, ola bilər ala bilməyəsən, əvvəlki də əldən getsin, ev boş qalsın. Beləliklə, çox çəkməz ki, sən müflislərin müflisi olarsan.

Bir də ki, hər zərurət üzündən borc alıb girov qoyma. Pulu sələmlə verib sələmlə alma, borc istəməyi ən böyük rəzalət və həyasızlıq hesab et, bacardıqca özün də heç kəsə bir dirhəm belə borc vermə, xüsusilə, dostlara, çünki dostlardan borcu istəmək ən ağır işdir. Lakin borcu verdikdə onu artıq özününkü hesab etmə, ürəyində elə tut ki, o pulu dostuna bağışlayıbsan. Özü qaytarmayınca istəmə ki, bunun nəticəsində dostluq pozulmasın, çünki dostu düşmən etmək asandır, düşməni dost etmək isə çox çətindir. Birincisi — uşaqların, ikincisi isə ağıllı qocaların işidir. Adamların ən yaxşısı olmaq üçün varından müstəhəqq adamlara pay ver, başqalarının malında isə gözün olmasın. Etibarlılıqda, ad qazanmaqda öz malını özününkü bil, özgə malını özgəninki.

0 şərh