İvan Andreyeviç Krılov

KrılovBöyük rus şairi İvan Andreyeviç Krılov 1768–ci il fevralın 13-də Moskva şəhərində anadan olub. O, sistemli təhsil almış, müstəqil olaraq ədəbiyyatı, riyaziyyatı, fransız və italyan dillərini öyrənib. On dörd yaşından yaradıcılığa başlayıb və bir çox satirik əsərlər yazmış. 1782-ci ildə 14 yaşında əyalət mülkədarlarının adətlərini təsvir edən «Qəhvədan» adlı komik operasını yazmışdır.

İvan Andreyeviç Krılov 1786-1788-ci illərdə «Quduz ailə», «Yazıçı dəhlizdə», «Dəcəllər» adlı komediyalarını yazmışdır. Jurnalistlik fəaliyyətinə 1792-ci ildə yazdığı «Qaib» povesti ilə başlamışdır. Krılovun satiraları II Yekaterinanın narazılığına səbəb olduğundan o, bir müddət ədəbi fəaliyyətdən əl çəkmiş və əyalətdə gizlənmişdi. Onun 1807-ci ildə yazdığı «Moda dükanı», «Qızlara nəsihət» komediyaları, "İlya Muromets" komik operası şöhrət qazanmışdır. 

1809-cu ildə Krılovun təmsillərdən ibarət ilk kitabı nəşr olunmuşdur. Krılov yaradıcılığı rus təmsilinin zirvəsi səviyyəsinə yüksəlmişdir. Xalq ədəbiyyatı ilə yaxından tanış olan, rus xalqının zəngin danışıq dilini dərindən bilən Krılov öz təmsillərini hər kəs üçün anlaşılan canlı bir dildə yazmışdır. O, rus xalqının atalar sözlərindən, məsəllərindən, nağıllarından istifadə edərək öz təmsillərini xalq ruhuna yaxınlaşdırmışdır. Bunun nəticəsində də Krılovun bir çox mənalı, hakimanə cümlə və fıkirləri artıq atalar sözü kimi rus dilinə daxil olmuşdur.

O, atalar sözü, nağıl və məsəllərdən məharətlə faydalanmış, rus ədəbi dilinin inkişafında mühüm rol oynamışdır. Əsərləri bir sıra dillərə tərcümə olunmuşdur. İ.A. Krılov “Aşçı və pişik”, “Aslan və ağcaqanad”, “Aslan və tülkü”, “Ayı və çöllü”, “Bülbüllər”, “Bulud”, “Bəxt və dilənçi”, “Çibin və arı”, “Çiçəklər”, “Cırcırama və qarışqa”, “Çərpələng”, “Durnabalığı və pişık”, “Eşşək və bülbül”, “Fil və alabaş”, “Hörümçək və arı”, “Hünü və çoban”, “Iki çəllək”, “İlan və quzu”, “Kəndli və ilan”, “Kəndli və ölüm”, “Maraq edən meymun və güzgü”, “Pişik və bülbül”, “Qarğa və tülkü”, “Qartal və köstəbək”, “Ququ və göyərçin”, “Qurbağa və yupıter”, “Qurd və tülkü”, “Siçan və kəsəyən”, “Sığırçın və göyərçin”, “Simic və toyuq”, “Şəlalə və bulaq”, “Tülkü və üzüm”, “Tələyə düşmüş ayı”, “Zəhmətkeş ayı” kimi nağılların müəllifidir.

Təmsilləri XIX əsrin 30-cu illərindən Azərbaycanda da geniş yayılmışdır. «Eşşək və bülbül» təmsilini A.A. Bakıxanov Azərbaycan dilinə tərcümə etmişdir. Krılov 1844-cü il noyabrın 21-də Peterburqda vəfat etmişdir.


azertag.az

0 şərh