Anamın kitabı

ANAMIN KİTABI - bu əsəri çox xoşlayıram.

"Anamın kitabı"- 1920-ci ildə Cəlil Məmmədquluzadə tərəfindən qələmə alınıb. 
Cəlil Məmmədquluzadənin bu dram əsəri XX əsrin əvvəllərindəki Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqındadır. Pyesin əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşməkdədir.

Əsərin əsas surətləri bir atanın, bir ananın övladları olan üç qardaşdır: Rüstəm bəy, Mirzə Məmmədəli və Səməd Vahid. Bu qardaşlar ilk növbədə geyimləri ilə fərqlənirlər. Rusca ali təhsil almış Rüstəm bəy "intelligent" paltarındadır, yəni pidjak və jilet geyib, qalstuk taxır. İranda oxumuş Mirzə Məmmədəlinin başında uca İran börkü, əynində uzun İran geyimi.. İstanbulda oxumuş Səməd Vahid isə başına qırmızı fəs qoymuşdur. Qardaşların geyimləri kimi zövqləri, dünyagörüşləri də fərqlidir. Ataları mərhum Əbdüləzim vətənpərvər və qeyrətli bir kişi olduğu halda , oğlanları milli ənənələrdən tamam uzaqdılar, demək olar ki, yaddırlar. Onlar təhsil aldıqları dillərə meyl göstərirlər Onlar o qədər fərqlidilər ki, bir ailədə, bir otaqda belə qalıb işləyə bilmirlər.

Qardaşların bütün günü evdə kitab oxumaları hökümət nümayəndələrini şübhəyə salır. Senzor Mirzə Cəfərin bu 3 qardaşın kitablarını yoxlamaq üçün gəlişi səhnəsində onlar arasında daha bir neçə fərq olduğu anlaşılır. Məlum olur ki, qardaşların soyadları müxtəlifdir, kitabları da bir-birindən fərqlənir. Rüstəm bəy Əbdüləzimovun kitabları lüğətlərdən ibarətdir, Mirzə Məmmədəli xələfi-mərhum Əbdüləzimin kitabları günün tutulması haqqında, Əbdüləzimzadeyi- Səməd Vahidin kitabları isə "həpsi əşardır"- yəni şer və əruz haqqındadır.

Əsərdəki hadisələr son nəticədə Vətəni təmsil edən Ananın, yəni Zəhrabəyim surətinin üzərində mərkəzləşir. Oğullarının bir-biri ilə dil tapa bilməmələri ananı dərdə salır. Ananın sözlərinin təsirsiz qaldığını görən Gülbahar qardaşlarının bir-biri ilə yadlaşmasında onların kitablarını günahkar bilir. Buna görə də o həmin kitabları yandlıraraq, anasının qoynunda gəzdirdiyi vəsiyyəti oxuyur. Müəllifin "Anamın kitabı" rəmzi adını verdiyi bu kitab əslində Vətənin kitabıdır. Kitabda ata öz övladlarına Ana ətrafında birləşməyi vəsiyyət edir.

Cəlil Məmmədquluzadənin "Anamın kitabı"pyesi yüksək ideyasına və dərin məzmununa görə bu gün də böyük tərbiyəvi əhəmiyyət daşıyır.
 

3 şərh

Bilici

Ümumiyyətlə Mirzə Cəlil kimi dahi yazıçılar yalnız dövrünün deyil, millətinin, xalqının, vətəninin həmişə olmuş və olacaq problemlərini əks etdiriblər.


Bizə düşən bu yazılardan nəticə çıxarmaqdır.

bloqçu
Düzdür.

Bu gün yaşanan problemlər o vaxtda da var idi. Sadəcə bu günkü kimi işıq üzündə deyildi və xalqın mənafeyini düşünən, maariflənməsini istəyən dahi şəxslər  problemlərin aradan qalxması üçün az səy göstərməyiblər. Amma nədənsə insan övladı heç nəyi dəyərləndirmir, heç nəyi düşünmür — nə keçmişi nə də gələcəyi…
2ral
Problem ondadır ki,üstündən yüz il keçməsinə baxmayaraq vəziyyət yenə əvvəlki kimidir. Yenə də azərbaycanlıların böyük qismi belə bölünüb:
Nihat-Türk litseyini qurtarıb,Qafqaz Universitetində oxuyur,Sezen Aksuya qulaq asır,nurçulara yaxındır.
Əkbər- balaca yaşlarından namaz qılır,hər şeyi islamla bağlayır,gənc yaşlarından valideynləri onu halal süd əmmiş bir qızla nişanlayıb.Sami-Yusufa qulaq asmağı xoşlayır.
Ruslan-məktəbdə rus bölməsini qurtarıb,kruqu rusdilli uşaqlardır.Kirkorova qulaq asır,rus forumlarında vaxtını keçirir.

Azərbaycan gənci hələ də özünü tapa bilmir.