Xoca Əhməd Yəsəvi

Türk dünyasının bəşər mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlər arasında məşhur sufi şair və mütəfəkkir Xoca Əhməd Yəsəvinin xüsusi yeri var.

Əhməd Şeyx İbrahim oğlu Yəsəvi 1103-cü ildə indiki Qazaxıstanın Seyram (Seyraş) şəhərində ruhani ailəsində dünyaya göz açıb. Altı-yeddi yaşında ikən valideynlərini itirən Əhməd böyük bacısının himayəsində qalır. Bundan sonra Yəsi şəhərinə köçür. İlk təhsilini də bu şəhərdə məşhur şeyx Arslan Babadan alır. Ustadının vəfatından sonra Buxara, İsfahan, Səmərqənd kimi şəhərlərə səfər edir.

O dövrün məşhur alimlərindən fiqh (hüquq), hədis elmlərini və şəriət qayda-qanunlarını öyrənir, qısa müddət ərzində görkəmli din alimi kimi tanınır. Lakin təriqət yolunu tutan Əhməd dövrünün məşhur sufi alimi Yusif Həmədaninin yanına gedir.

Təsəvvüf elminin sirlərinə vaqif olmaq istədiyini bildirir. Müəllimi onu ayaqüstü sual-cavab edir və iti zəkasına və dərin düşüncəsinə heyran olur. Belə bir düşüncə sahibinə xoş münasibət göstərir və yanında saxlayır.

Y.Həmədaninin ölümündən sonra Əhməd Yəsəvi bir müddət Buxarada yaşayır. Özünü mürşidinin xəlifəsi kimi təqdim edir. 50 yaşında Yəsi şəhərinə qayıdır və öz təlimini yayır. Bildirir ki, varlığın əsası və Tanrıya qovuşmağın yeganə yolu eşqdir. Həqiqi iman eşqin məhsuludur. Zahidlik və abidlik həqiqətə qovuşmağın – vəhdətə çatmağın yeganə yolu deyil: 

Zahid olma, abid olma, aşiq ol sən,
Möhnət çəkib eşq yolunda sadiq ol sən,
Nəfsi təpib, dərgahına layiq ol sən,
Eşqsizlərin həm canı yox, imanı yox.

Yüzlərlə müridi olan Əhməd Yəsəvi sadə ömür yaşayıb. Əl işləri sənəti ilə də məşğul olan mütəfəkkir taxta qaşıq düzəldib, gündəlik ruzisini onunla qazanıb. Deyilənə görə, Xoca Əhməd düzəltdiyi qaşıqları xurcuna yığar və öküzün üstünə qoyarmış. Sonra da öküzü bazara ötürərmiş. Qaşıq almaq istəyən heybədən qaşığı götürər və pulunu da yerinə qoyarmış...

Araşdırmalarda göstərilir ki, insanlığa böyük məhəbbətlə yanaşan Əhməd Yəsəvi 63 yaşında evinin qabağında dərin quyu qazdırır. Ömrünün qalan hissəsini quyuda oturub Allaha dua etməklə keçirir. 1167-ci ildə Yəsi şəhərində dünyasını dəyişir. Bu itkini türklər dərin kədər hissi ilə qarşılayır. Onu böyük hörmət və ehtiramla evinin yaxınlığında dəfn edirlər. Məzarı üzərində kiçik bir türbə də tikirlər. XIV əsrin axırında Şərqin böyük hökmdarı Əmir Teymur onun türbəsini ziyarət edir. Şahın əmri ilə təriqət ustadının məzarı üstündə möhtəşəm bir memarlıq abidəsi ucaldılır.

XII əsrdən adı bütün türk ellərində böyük hörmət və ehtiramla yad edilən Xoca Əhməd Yəsəvi həm də qüdrətli söz ustadı kimi tanınıb. Görkəmli türkçü, mütəfəkkir Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir?” əsərində Əmir Teymurun “Türk mədəniyyətinə etdiyi xidmətlər”i xatırladarkən Əhməd Yəsəvi türbəsini də yada salır. Tanınmış ədəbiyyatşünas, şair Salman Mümtazın araşdırmalarında onun adı daha çox çəkilir.

O, 1923-cü ildə “Maarif və mədəniyyət” jurnalında dərc etdirdiyi “Türkmən şairləri” məqaləsində Əhməd Yəsəvidən daha çox söz açıb, onu Azərbaycan ədəbi ictimaiyyətinə tanıtmağı məqsədəuyğun hesab edib. Daha sonra “Kommunist” qəzetində dərc etdirdiyi “Ədəbiyyatımızda Nəvai təsiri” məqaləsində qeyd edib ki, Əhməd Yəsəvi kimi simalardan kiçik-kiçik məqalələr yox, həm də böyük-böyük kitablar yazmaq lazımdır...

Böyük ədib və pedaqoq Abdulla Şaiq “Ədəbiyyatdan iş kitabı” (1928) dərsliyində təsəvvüfün yayılması və türk ədəbiyyatına təsirindən bəhs edərək yazıb: “Təkyələrin artması və hökmdarların bu cərəyana (sufilik cərəyanına) bağlanması ilə türk aləminin hər bucağında dərvişlər və mürşidlər yetişdi. Bu məslək xalq içərisində intişar tapdı. Türküstanda Əhməd Yəsəvi, Anadoluda Şeyx Cəlaləddin Rumi, Yunus İmrə, Azərbaycanda Həsənoğlu, Həbibi, Nəsimi kimi böyük sufi şairlər yetişdi”.

Bu məsələdən folklorşünas alim Bəhlul Abdullanın “Yəsəvilik və Azərbaycanda şaman-dərviş mədəniyyəti” məqaləsində də ətraflı bəhs edilir. Müəllif qeyd edir ki, əgər İslam dini türk ellərinə yayılmasaydı, onda Əhməd Yəsəvi də Dədə Qorqud kimi bir sənətkar, şəxsiyyət olardı.

Əhməd Yəsəvi təliminin ideya-fəlsəfi mahiyyəti, dini-mənəvi kökləri, bütün Türk dünyasında sürətlə yayılması səbəblərinə görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayev də münasibət bildirib. Həmkarlarından fərqli olaraq o, yəsəviliyi dar, məhdud çərçivədə deyil, geniş kulturoloji miqyasda dəyərləndirib. Y.Qarayev yazır: “Yəsəvilik hər şeydən əvvəl mədəniyyət hadisəsidir. Türklüyün sivilizasiyalara verdiyi dini-mənəvi dəyər və sərvətdir. Özü də bu sərvət – sufilik Yəsəvidən sonra türkləşməyib. Əksinə, Yəsəvinin fəaliyyəti ilə həqiqi sahibinə — türkün özünə qayıdıb. Əgər təsəvvüfdən əvvəl Qorqud olmasaydı, Yəsəvi bu qədər tez yetişməzdi. Əgər şaman-ozan ənənəsi olmasaydı, dərviş-ərən ənənəsi bu qədər kütləvi hal ala bilməzdi. Həm islam əxlaqına, həm də təsəvvüf fəlsəfəsinə bir doğmalıq və yaxınlıq türkün ruhunda və fitrətində əzəldən olub”.

Yəsəviliyin Azərbaycan ictimai-siyasi və ədəbi-mədəni fikrinə nüfuzu Nəsimi, Xətai, Füzuli kimi klassik şairlərin, habelə Dirili Qurbani, Miskin Abdulla, Abbas Tufarqanlı və başqa aşıqların əsərlərindəki təsəvvüf motivləri ilə aşkara çıxıb. 

Sonda xatırladaq ki, 2016-cı il UNESCO tərəfindən “Xoca Əhməd Yəsəvi ili” elan edilmişdi. Bu münasibətlə TÜRKSOY-un təşkilatçılığı ilə türkdilli ölkələrdə, o cümlədən Azərbaycanda tədbirlər keçirilib.



Savalan FƏRƏCOV
«Mədəniyyət» qəzeti

0 şərh