Ömrünü türkçülüyə həsr edən ziyalı - Yusuf Akçuralı

XIX yüzilliyin sonlarından etibarən sütunları zəifləyən Osmanlı dövlətində türkçülüyün yaşadılması üçün ziyalı və mütəfəkkirlər geniş mübarizə aparırdılar. Bu prosesdə fəal iştirak edənlərdən biri də tatar türkü, görkəmli publisist və naşir Yusuf Akçuralı idi.

Yusuf Həsən bəy oğlu Akçuralı 1876-cı ildə Rusiyanın Simbirsk şəhərində dünyaya göz açır. İki yaşında atası vəfat edir. Bu itkindən sonra anası Bibi Qəmər Banu da ağır xəstələnir. Onun müalicəsi üçün ailə 1883-cü ildə İstanbula köçür. Bir müddət sonra Bibi Qəmər Banu dağıstanlı Osman bəylə ailə qurur. Osman bəy Yusufa doğma övladı kimi baxır, təlim-tərbiyəsi ilə yaxından məşğul olur.

Yusuf 1892-ci ildə orta təhsilini başa vurur, 1896-cı ilədək İstanbul Hərbiyyə Məktəbində oxuyur. Burada təhsil aldığı müddətdə yeni-yeni formalaşan türkçülük hərəkatları ilə maraqlanır, dövrün ideoloqlarının əsərlərini oxuyur. Onun ən çox təsirləndiyi isə tez-tez evlərində qonaq olduğu, əmisi qızı Zöhrənin həyat yoldaşı, Türk dünyasının məşhur şəxsiyyətlərindən İsmayıl bəy Qaspralı olur. O, həmçinin Vələd Çələbi, Nəcib Asim, Bursalı Məhəmməd Tahir kimi türkçülərin irsini də mənimsəyir, bu arada Osmanlı tarixini və fransız dilini mükəmməl öyrənir. Qısa müddət ərzində “Gənc Türklər” hərəkatının fəal üzvü kimi diqqət çəkir.

Siyasi görüşlərinə görə həbs edilən Y.Akçuralı Sultan Əbdülhəmidin əmri ilə 1897-ci ildə Trablis şəhərinə sürgün olunur. “İttihad və Tərəqqi” partiyasının sultanla apardığı danışıqlardan sonra ona bəraət verilir. Yusuf dostu Əhməd Fəridlə birlikdə Parisə mühacirət edir. 1899-1903-cü illərdə Fransanın Siyasi Elmlər Akademiyasında oxuyur. Bu məşhur elm ocağında tanınmış Avropa alimlərindən dərs alır. Eyni zamanda Fransada böyük gücə malik olan “Gənc Türklər” hərəkatının üzvləri ilə əlaqələrini möhkəmlədir. Təhsilini başa vurduqdan sonra 1904-cü ildə Rusiyaya qayıdır. 

Y.Akçuralının ilk mətbu yazısı 1897-ci ildə qələmə aldığı, İstanbulun “Məlumat” dərgisində dərc olunan “Şəhabəddin Mərcani” adlı bioqrafiya xarakterli məqaləsidir. Bu məqalə Rusiya və Osmanlı türklərinin bir-birilərini tanımasına həsr olunub. İstanbulda oxuyarkən tətil vaxtlarını Kazanda və Simbirskdə keçirən Y.Akçuralı Rusiya türklərinin həyatını maraqla öyrənmiş, dövrün tanınmış ziyalılarından Qəyyum Nasir, Şəhabəddin Həzrət və İ.Qaspralının düşüncələrini mənimsəmişdi. Parisdə yaşadığı vaxtlarda isə milliyyətçi aydınlarla tanışlığı onun fikirlərini daha da qətiləşdirmişdi. O, süquta doğru gedən Osmanlıdan xilas olmanın ancaq milliyyətçiliklə mümkün ola biləcəyini dərk edirdi. 

Müəllifin türkçülüklə bağlı görüşlərini əks etdirən, parçalanmaqda olan Osmanlını ayaqda saxlamaq yollarından bəhs edən “Üç tərzi-siyasət” adlı ilk yazısı 1904-cü ildə Qahirədə nəşr olunan türk qəzetində işıq üzü görür. Məqalə mübahisəyə səbəb olur, bir neçə müəllif həmin qəzetdə ona cavab yazır. 

Mənbələrdə Y.Akçuralının bir neçə əsərində Mirzə Fətəli Axundzadənin fəaliyyətinə toxunduğu bildirilir. O, M.F.Axundzadəni türkçülük hərəkatına daxil olan bir mütəfəkkir kimi qəbul edib. Çünki görkəmli dramaturq Azərbaycanda və Osmanlı dövlətində istifadə olunan ərəb qrafikalı əlifbanın çətinliklərini gündəmə gətirmişdi.

Y.Akçuralı “Kazan müxbiri” qəzetində işə düzəlir və bir müddətdən sonra nəşrin redaktoru olur. O, eyni zamanda siyasi fəaliyyətini də genişləndirir. Rusiya Müsəlmanları İttifaqını yaradır, türkçülüyə aid maraqlı məqalələrlə çıxış edir. Siyasi proseslərdə daha yaxından iştirak etmək məqsədilə Rusiya Dövlət Dumasına seçilmək üçün böyük səylər göstərir. Bu prosesin qarşısını almaq məqsədilə 1906-cı ildə həbs edilir. Azad olunduqdan sonra, 1908-ci ildə İstanbula gedir. Türkçü dərnəklərin qurulmasında yaxından iştirak edir və “Türk yurdu” dərgisini yaradır. O, Türkiyə Cümhuriyyəti elan edilənə qədər bir sıra vəzifələrdə çalışır. Cümhuriyyət dövründə isə Türkiyə Böyük Millət Məclisinə üzv seçilir. Həmçinin 1932-ci ildən Türk Tarix Qurumuna rəhbərlik edir.

Yusuf Akçuralı 1935-ci ildə İstanbulda vəfat edib, Ədirnəqapı məzarlığında dəfn olunub.

Savalan Fərəcov
«Mədəniyyət» qəzeti
 

0 şərh