Cavab verməklə düşünməyin fərqi | Əli Nesin

Bu gün qəribə, ibrətamiz təcrübə yaşadım. Bunu sizə danışmaq istəyirəm, hətta, mütləq danışmalıyam.
Bir orta məktəbin şagirdləri gəldi kəndə (Söhbət Əli Nesinin yaratdığı “Riyaziyyat Kəndi”ndən gedir — red.). Beşinci sinifdən səkkizinci sinifədək, 40-50 şagird idi. İlk sualıma hər kəs o dəqiqə doğru cavab verdi. Elə məqsəd də bu idi — dərsə həvəslə başlasınlar deyə.

İkinci sualı verdim. Əlbəttə, bir az çətin idi. Ohoo… Hər ağızdan bir səs, əllər havada uçuşur, cavablar havada toqquşur. Birindən başqa da hamısı səhv. 

Baxdım ki, cavab verməyə çox tələsirlər, heç düşünmürlər. «Sizə 5 dəqiqə möhlət verirəm, dedim, — 5 dəqiqə də düşünün, sonra cavab verin. Vaxt bitməyincə kimsə əl qaldırmasın». 

Razı salmaq asan olmadı. Bəziləri cavab vermək istədi, qoymadım, «düşünün», dedim, — «bir az da düşünün». Beş dəqiqə sonra cavabları aldım. İki nəfər doğru tapmışdı, digərləri yenə də səhv idi.

Beş dəqiqə də vaxt verdim. Yerlərində dinc dura bilmir, cavab vermək üçün yanıb-qovrulurdular, özlərinə sığışmırdılar. Doğru cavab verənlərin sayı artdı. Sonra məsələnin cavabını lövhədə yazdım.

Üçüncü sual əməlli-başlı çətin idi. Amma nə xeyri? Yenə cavabı saniyəsində tapmaq üçün çabalayırdılar. On dəqiqə vaxt verdim. Faydası olmadı. Bir 10 dəqiqə daha.

Düşünmək istəmirlər, doğru zənn etdikləri ilk cavabda qələmi qoyurlar yerə. Baxdım ki, mümkün deyil, mütləq nə isə etməliyəm, belə davam edə bilməz. Ümidimi itirmək üzrəyəm… Dramatik çarə tapmalıyam.

«Sinifdən çıxacağam. O biri tərəfdəyəm. İstər tək çalışın, istər birgə, amma bir-birinizi razı salın, mənə bir cavabla gəlin. Cavabı yox, həqiqəti axtarın. Lövhədə də işləyə bilərsiz. Sinif sizindir. Axşama qədər vaxtım var. Hə, görüm hünərinizi!» — deyib sinifdən çıxdım.

Pəncərədən arabir içəri göz qoyurdum. Qəribə gərginliklə çalışırdılar. İyirmiyədək şagird lövhənin önündə, bir o qədəri də partalarda. Özlərini unutmuşdular, kimisi sakit, kimisi səs-küylüydü. Göz yaşardan səhnəydi. Sinifdəki hakim güc çölə çıxan kimi necə də beyinlərini işlədirlər, maraqlıydı...

Bir saata yaxın çalışdılar. “Bunları videoya çəkim” düşündüm. Videoya çəkən zaman 3-5-i doğru cavabı tapdı. Sevinc nidalarını eşitməliydiniz! Yaşamağa dəyər səhnəydi.* Cavabı hər kəsə açıqladıqdan sonra aramızda belə söhbət oldu:
— Xoşunuza gəldimi?
— Gəldi! 
— Cavab vermək daha yaxşıdır, yoxsa cavabı tapmamış düşünmək?
— Düşünmək!
— Həqiqəti anlamağa çalışmaq çətindirmi?
— Bəli!
— Amma çox zövqlü deyilmi?
— Elədir.
— Cavabın nə olduğu fərq edirmi?
— Xeyr!
— Cavab vermək düşünməklə müqayisə edəndə nə qədər bəsit, nə qədər cılız işdir, elə deyilmi?
— Elədir! Möhtəşəm sınaq idi həqiqətən. İlk dəfəydi bunu edirdim, mütləq tez-tez etməliyəm.

Tərcümə: Səyyarə ELXAN

0 şərh