Mən Nəsimiyəm - Şiringül Musayeva - Birinci hissə

            Birinci hissə                                                                                                                                 
Nəzmi Nəsiminin yəqin Allahü nurun şərhidir,
Ol nuru hər kim bilmədi, həqdən nəsibi nar imiş.


  Mən Nəsimiyəm...İnsanlar  neçə -neçə əsr bundan əvvəl məni diri-diri soydular, şaqqalara ayırıb 15-ci əsr Hələb darvazasından asdılar.Soyulub belə biabırçı şəkildə şaqqalara ayrılmağı indi də xəcalətlə xatırlayıram Düzünü deyim,  belə alçaldıcı ölümü   heç xəyalıma gətirməzdim.Və o vaxtkı açıları ,ağrıları, dəhşəti hələ də hiss edirəm, hərdən sümüklərim sızlayır.Hərçənd, mən və sümüklərim indi başqa-başqa aləmlərdəyik, amma o vaxtkı yandırıcı ağrılarım və ruhum arasında  sanki bir bağ qalıb. Deyirlər axı insan öldükdən sonra da  bu dünyada olanları hiss edir. (Qoy mən  materiya dünyasına da   bu dünya deyim,  indi olduğum Bərzəx aləminə də, çünki mənim və eləcə də bütün bəşəriyyətin taleyi yalnız qiyamət günündən sonra aydınlaşacaq Yəni indi o dünyadan danışdığımı söyləsəm bir az ifrata varmış olaram)
 Deyim ki, Bərzəx aləmi adlanan mənim indi yaşadığım  dünya  əslində insanların yaşadığı materiya dünyasının davamıdır, burada cənnətə düşəcək insanlar gül- çiçək, misilsiz qoxular, nurlar içərisində uyuyur. İndi deyə bilərsiniz :neçə -neçə əsr uyumaq ...bu ki dəhşətdir.
  Heç bir dəhşət-filan yoxdur, sanki bir andır uzanmısan, elə indicə qu tükündən də yumşaq yastığa baş qoymusan. Əlbəttə, bu mən və mənim kimilər üçün belədir. Cəhənnəmə gedəsi insanlar üçün nə ölçü götürülüb bilə bilmərəm. Çox güman ki, onlar cəhənnəm haqqında din alimlərinin verdiyi əlamətlər içərisində çapalayırlar; bir tərəflərindən ərimiş qır axır, bir tərəflərində dəhşətli alov dilimləri zəbanə çəkir və onlar, şəksiz-şübhəsiz, bitməz-tükənməz əzab içərisindədirlər.
 Nə isə… Bu barədə danışıb içində cəhənnəmə gedəcəyini hiss edən insanları çox da  üzməyim. Çünki buna mənim indi  icazəm yoxdur. Amma qoy o insanlar xatırlasınlar: əbəs yerə deyilməyib ki, ey insanlar yaşadığınız bu dünya bir andır, onu yaxşı işlərə həsr edin, mənalı yaşayın ki, sonradan o biri dünyaya keçidiniz,  o dünyanız gözəl olsun, həm də gələcək nəsillər sizi hörmətlə yad etsin.
 Bunlar barədə maddi dünyada o qədər danışıblar deyiblər, hətta bu fikirləri tədris edən məktəb və mədrəsələr,universitetlər açıblar ki...saysız -hesabsız. Mən  bunları bir balaca xatırlatmaqla söhbətimin əsas məğzinə keçid almaq istəyirəm...
 Nə isə...Deyim ki ,şəriət alimləri, din xadimləri bu məsələləri uzun –uzadı anlatsalar da insanlar heç Allahı dərk etmirlər.Bu nəylə əlaqədardır?
 Din xadimləri, şəriət mollaları özləri də  Allahı dərk etmir. Bu üzdən də onu düzgün təbliğ etmir,  əmrlərini istədikləri kimi əyişdirirlər.
 Allah nədir və yaxud kimdir?
 Bəşər tarixində 124 min peyğəmbər olub.Peyğəmbərlər belə Allahın nə olduğunu, bizdən nə istədiyini, bizə nə təlqin etdiyini bəşəriyyətə olduğu kimi qandıra bilməyiblər.Bəzən mən insanların nədən bu qədər korafəhm olduğuna təəccüblənirəm, nədən insanların bəsirət gözü bu qədər bağlıdır, həyatı, dünyanı, bir-birini anlamaqda belə çətinlik çəkirlər?
 İnsanlar kainatı anlamırlar...
Özlərini necə anlayırlarmı?
  Özlərini də anlamırlar… Heç bir bəşər övladını Tanrı səbəbsizcəsinə yaratmayıb.Tanrı onlara müxtəlif şəkil, forma verib və hər birini bir amala bənd edib. Allahı dərk etmək, sevmək, onun qoyduğu qaydalara uyğun yaşamaq, -bəşər övladının dünyadakı missiyası budur.
 Yaradanı dərk etmək… Allahı Təbiət və özü vasitəsi ilə dərk etməlidir insan .Çünki o Allahı başqa cür dərk edə bilməz. Maddi olmasa, bizi əhatə edən kainat olmasa, üzərində yaşadığımız Yer olmasa  və biz özümüz olmasaq; fikrimiz, dühamız, göylərə ucalan xəyallarımız olmasa, Allah barədə fikirləşə bilərikmi?
  Yaşadığımız bu dünyada onu yalnız maddinin köməyi ilə dərk edə bilərik; ozümüz də maddi varlığıq,- bu üzdən .Bəziləri sözü önə çəkir.Amma insan olmasa, söz də olmaz. Söz insanın atributlarından biridir.( Mən indi müasir insanların işlətdiyi, anladığı sözlərdən istifadə edəcəyəm, qüsura baxmayın) Təbiət və özümüz ,–biz Allahı bu iki şeydə-mövcudatda axtarmalıyıq.
 Təbiət hər vasitə ilə bizə kömək etməyə, özünü bizə anlatmağa çalışır.Əlbəttə, Təbiət bütün bunlara Təbiət kimi cəhd edir.İnsan dünyaya gəlir, yaşayır, müəyyən bir yaş həddinə ,-yetkinlik yaşına  çatır.Və bu yaş həddində o kainatla özü arasında qəribə, sirli bir bağlılıq hiss edir: sanki Kainat, gözəgörünməz varlıq-Allah kodlar vasitəsi ilə özünün var olduğunu, mövcudluğunu ,Təbiətin, yaradılışın kökündə durduğunu gənc və gözəl, yetkin varlığa  hiss etdirir, çünki o Allahdır, olduğu kimi insanın gözünə görünə bilməz, insan onu maddiyyat kimi görmə və tanıma qabiliyyətinə malik deyil. Biz onu yalnız ruhumuzla hiss edə bilərik və ruhumuz Təbiətin ,Yaradılışın kökündə sirli bir nəsnə durduğunu hiss edir.İnsanın  bütün iliyi, qanı, hər hüceyrəsi ehtizaza gəlir ...daha artıq bilmək, öyrənmək, dərk etmək istəyir. Ruh Allahı dərk edir...amma Tanrı maddi olmadığı üçün insan nə isə dərk etdikləri ilə kifayətlənə bilmir.Təcrübəsizlik, bu dünyanın məlum maneələri daha artığını dərk etməyə imkan vermir.
 Lakin Allahla bağlılığını hiss etmiş, onu dərk etmiş insan daha əvvəlki insan deyil.O Təbiəti, onun mayasındakı əzəli və əbədi cövhəri, — Yaradanı dərk etmişdir. Dərk etmişdir ki, bütün bu gözəl, intəhasız kainatı, gecəni, gündüzü, Ayı, Günəşi, Yeri, ulduzları, havanı, suyu, dənizləri, dağları, insanı yaradan bir qüvvə var.Və bu qüvvə ilə onun arasında möhtəşəm bir bağlılıq var.O qüvvə Allahdır və o Allah insanda, onun ruhunda da təcəlla etmişdir. Bax bu ...bu… cahil insanlar tərəfindən qavranılmır. Belələri özünün Allahın bir nuru, təcəllası olduğunu qavraya bilmir.
Nədən?
   Əvvəla, gənclik, təcrübəsizlik...İnsan özünün Allahın bir parçası olduğunu hiss edir,- təhtəlşüurda hiss edir, bunu instinktləri ilə dərk edir, əzəli və əbədi kodlarla bunlar ,-bu bilgilər ona ötürülür...Lakin cəmiyyət  bir axın kimi onu sürükləyir, o Allahı Təbiətdə yox, özündə yox, qeybdə axtarır. Qeyb də Təbiətin davamıdır...Təbii ki, Yaradan orada da var...Allahın olmadığı yer yoxdur...Lakin biz dünya gözü ilə qeybi görmürük,hiss edirik. O var və o bizim davamımızdır.
 Amma  dediyim kimi, kamilliyə çatmamış insan cəmiyyət tərəfindən bir məcraya sürüklənir...milyonlarla insan sürüklənir...
   İnsan ölümlə qarşılaşır, ölümü dərk edir...
 Necə yəni ölmək? Ölüm ona bir kabus kimi ,yox olmaq kimi görünür...İnsan sarsılır...çox sarsılır...
Həyatsa  davam edir...İnsan müxtəlif istiqamətlərə sürüklənir, tale onu çox atıb-tutur, bəzən daşa –qayaya çırpır...Bəzən göz açmağa aman belə vermir...Bəzən   nələrəsə nail olur...
 Lakin o nələrlə qarşılaşır qarşılaşsın həyatının ilk dönəmlərində açılan bəsirət gözü qapanmır ki...qapanmır...Həyatı nə vaxtsa duymuş bəşər övladı sonradan  bunu nə qədər dansa belə mümkün deyil ...Qulağı eşidən birinin özünü karlığa vurması, nitqi olan birinin özünü lallığa vurması mümkün olmadığı kimi, həyatı ,Tanrını duyan insanın da onu  təzədən duymaması, inkar etməsi  mümkün deyil .Yəni Tanrını nə vaxtsa iliklərinə qədər duymuş bir insanın sonradan bəsirət gözü qapanmayacaq və o Allahı dərk etməkdə, kamilləşməkdə davam edəcək. Və o kamilləşdikcə Allahı daha çox sevəcək.
 Başqa birisi ,- cahil insan, bəsirət gözü açılmayan  isə Allahı duymayacaq, kütlə halı almış insan nəsillərinə qoşulacaq ,müxtəlif axınlar onun bəsirət gözünü daha da bağlayacaq.
Bu çox dəhşətlidir...Nədən əcəba belədir? Bütün insanların bəsirət gözü açılmır?
 Bu elə bütün dini kitablarımızda deyilən şeytan əməlidir. Və insanları düz yoldan sapdırmaq, həqiqəti anlamaqda maneə törətmək şeytanın tarixi missiyasıdır...
 Nə etməli...
 Mənim haqqımda cürbəcür şayiələr dolaşır: hələ də materiya dünyasında biri məni şair,biri dinsiz, biri mücahid, biri qəhrəman adlandırır. Son dövrlərdə mənim dindar olduğumu da söyləyənlər var .Şükür…
Deyirəm: materiya dünyasının camaatı da qəribə camaatdır. Əvvəlcə dinsiz deyib edam edirlər, sonra da dindar idi, şeirlərində Allahı təbliğ  edirdi, seyid idi, qəbri nədən ziyarətgah olub- deyə baş sındırırlar.Hərçənd, materiya dünyasının adamı çox azdır (Öz aramızdır Bərzəx aləmində min, milyon  illərin adamı toplaşıb) amma  sözləri, hərəkətləri keçərlidir; yəni Bərzəx aləmində də, min, milyon ildən belə ,-qiyamətdən sonra bərqərar olacaq cənnət və cəhənnəm dünyasında da bu materiya dünyasının əməlləri çox rol oynayacaq.
 Nə isə...Bərzəx aləmindən baxanda materiya dünyasının adamları qaranlıqda sayrışan milyonlarla sarımtıl zərrəciklərə oxşayırlar.Bu da Allahın möcüzələrindən biridir ki, materiya dünyasını,-əslində daş –kəsək,  dağ -daş dünyasını aralıdan belə işıqlı göstərir ki, biz Bərzəx aləmindən onları seyr edə bilək. Bəzən materiya dünyasının hoqqabaz alimləri belə şeyləri “Materiyanın  Günəşi əks etdirməsi və s.” adlandırırlar.Nə bilim Vallah...
 Ya da  bu parıltılar- bəzi  filosofların lap qədim dövrlərdə dediyi  kimi – cismimizin Tanrıdan ayrılmış zərrəciklər olması səbəbindən yaranır. Nə bilmək olar...Dünyanın sirrini dərk edib qurtarmaq olurmu ki?
Elə bilməyin öldün hər şey bitdi: dünyanı, onun sirlərini dərk etdin. Hələ hər şeyi dərk etməyə çox zaman var .
 Bütün bunlar bir  yana dinsiz kimi edam edilmək çox ağrılıdır. Bir şey ki ,mən Allahı ilk gəncliyimdə dərk etdim və ömrümün sonuna qədər bu dərk etmə ancaq böyüdü,  çoxaldı, mən Yaradanın böyüklüyü qarçısında ancaq heyrətlənməklə məşğul oldum. Bütün şeirlərimdə onun tərənnümü var.
 “ Qurani – Kərim”də deyilir ki, insan Yer üzünün ən ali varlığıdır, Tanrı Yeri, Göyü, dağları, daşları, çayları, dənizləri, şəlalələri, otları ,çiçəkləri, bütün bitkiləri insan üçün yaradıb.Hətta o dünya, -cənnət və cəhənnəm də bizlər üçün yaradılıb. Mən də elə buncuğazı deyirdim :o dünya da, bu dünya da məndə təcəlla etmişdir.

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri la məkan mənəm, kövnü məkanə sığmazam.

Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün, 
Kəs sözüvü və əbsəm ol, şərhü bəyanə sığmazam.


“Bibliya”da, “İncil”də də elə bunlar söylənilib.  
Nədən Allah Şeytana insana səcdə etməyi əmr etdi?
Nə üçün  Allah, hətta insanı cənnətdən qovduqdan sonra özü İsa Məsih şəklində Yerə endi və yenə də onu xilas etmək istədi .Əcəba, niyə  İsa Allahın ruhu sayılır?
 Bunlar çox açıq şəkildə Allahın nə demək istədiyini söyləyir, insana ip ucları verir.Amma Adəm övladı yenə də onu anlamır.Əksəriyyəti anlamır.Tək-tək anlayanları da maddiyyat aləmində hökm sürən  cahil kütlə edam etdirir.Hətta Allahın özünü ,-ruhunu belə edam etməyə qalxışdılar.
Materiya dünyasının adamları nədən belə zalımdır? Öldürməyi, məhv etməyi çox sevirlər, hər an buna hazırdırlar?
 Səbəb çox sadə: insan hər an ölüm təhlükəsi ilə üz-üzədir və çoxu bunu, özünə etiraf etməsə də, əbədi yox olmaq kimi qarşılayır.Və ölüm  ( o dünya olmasa)çox rəhmsiz bir olaydır.Təsəvvür et duyan, düşünən, sevən  varlıq bir andaca yox olur.
Və bu “rəhmsizliyi” hiss etmək, ona məruz qalmaq  insanları bir-birinə qarşı acımasız edib. Bəli...bəli ...insanlar bir-birinə qarşı çox acımasızdırlar...Az qalırlar bir-birinin ətini şişə çəksinlər .
  Bir insanın günahına görə bütün insanlığın cənnətdən qovulması...Bu cəza  özü  insanin qəzəbini tətikləyir...  Bağışlanılmamaq duyğusu  ...
  İndi belə danışıb  vaxtilə məni edam edənlərin törəmələrini sevindirməyim, bəzisi dodağının altında donquldanmasın :”Gördünüz… Gördünüz dinsizi?...Allahın işlərinə də baş aparır.” Əstəğfürullah ...Mən bunu indi deyirəm .Bağışlayasınız ...Bərzəx  aləmində xeyir və şər əməllər yoxdur .Şeytan da bizdən əl çəkib ...Düşünürük özümüzçün...
 Dediyim kimi materiya dünyasının  adamları çox amansızdır, eyni zamanda anında küyə gedirlər.Ətraf aləmi dərk etmək, gözəllikləri görmək, onları özlərində yaşatmaq əvəzinə hər an bomba kimi partlamağa, cəhalətə yuvarlanmağa  hazırdırlar.
Hərdən onlara çox acıyıram: əcəba, bu cahillik və rəzilliklər onların uğrunda hər alçaqlığı törətməyə qabil olduqları ömürlərini çoxmu uzadır ?
Əsla. Məni vəhşicəsinə şaqqalayanlar məndən çox yox ,beş –on il sonra hamısı burdadır. Burada qaranlıq və əzab içərisində qiyaməti gözləyirlər.Bu barədə mənə mələklər xəbər verir.
                                                      ...  ...   ...
 Şamaxı dağlıq zonadır, şəhər dağın yamacında yerləşir. Bizim evimizdən baxanda  dağlar görünürdü. Şamaxının  qışı çox sərt olurdu .Elə indi də sərt olur.Qar noyabrın axırı özünü vurur yerə, bir də martın axırı, hətta  aprelə qədər  qalır.
 Yüksək zirvələrdə isə qar həmişə, hətta avqust ayında da  durur.
  Çobanlar qoyun -quzunu hər gün dağa, dağ ətəklərinə aparır, qışda dağların çır -çırpısı ,quru ağacı camaatın sobasına, yazda, yayda ,payızda  yetirib –bitirdiyi nemətləri süfrəsinə ayaq açır; şomu, turşəng, yemlik, cürbəcür göbələklər, meyvələr ...Hələ bu dağların göy otunu yeyən inəklərin südünü, qaymağını, pendirini, qatığını, ayranını demirəm .Yəni camaat həm maddi cəhətdən dağlarla qidalanır, həm də mənəvi cəhətdən.Daim Təbiətlə, uca dağlarla təmasda olan  Şamaxı camaatı elə Təbiət kimi, dağ havası kimi də safdır. Burda hamı bir- birini, nəslini –kökünü tanıyır, hamı bir-birinə hörmət edir.Camaat çox toxgözdür, maddi nemətlər sel kimi axıb gedir .Kimin evinə getsən təzə südü,qatığı, ayranı var, pendiri var .İnəyi olmayanların da evi ağartı ilə doludur,-hərə bir pay göndərir.
 Şamaxı camaatı fitrətən Allaha inanır.Hamının dilində Allah kəlməsi dolanır,  yatanda da, duranda da Allah...Alllah deyirlər.
 Burada xalq arasında bir hallallıq var; piştaxta arxasında alver edən satıcıdan tutmuş, ayaqqabı tikənə, xalça toxuyana, cəhrə əyirənə, çörək bişirənə, mollasına, zahidinə qədər...Görmədim ki, burada  kimsə birini aldatsın. Şamaxılılar çox səxavətlidir. Sadə  , elə də var –dövləti olmayan çərçilər belə Hatəmül -ənbiya səxavətinə malikdirlər.Yaxşı yadımdadır :  səkkiz –doqquz yaşlarım olardı.Hər yay tərtəmiz yuyulmuş ulağında şəhər camaatına  teyranı daşıyan Malik kişi (çərçi) yenə də bal kimi teyranı( ağ  tut) gətirmişdi .Nənəm  həmişə ondan teyranı alar, həm də bu sadə qocaya çaydan, sudan təklif edərdi.Qonşumuz Nabat xala  o gün teyranı almamışdı .Malik kişi onun arxasında gizlənib suyuq  baxışlarla nənəmin aldığı teyranı tabağına  baxan Cəfəri şirin –şirin dindirirdi
-Ordan bəri dursana, qadan alım .Gəl görüm bura .Gəl ...- Sonra isə birdən –birə
-Ay Nabat bacı, gün məni yaman vurub –dedi- heç halım yoxdur bir də küçədə gəzim, teyranı paylayım .Get bir iri teşt gətir.İri olsun ha –dedi.
 Nabat xala maddım-maddım baxırdı .Nənəm :
-Sən narahat olma ,Malik kişi,budur, mən böyük bir tabaq almışam, onlarla böləcəyəm dedi.
-Nədir? Mənə kömək etmək istəmirsiz?- dedi .Özüm gətirim, Nabat qızım?
-Yox...yox...Bu dəqiqə .
Və Malik kişi bir xurcun teyranının hamısını məcbur Nabat xalaya verdi .Və dedi:
-Pul-filan lazım deyil .İstidi gəzə bilmirəm.Sağ ol ki, yükümü yüngülləşdirdin .Çay içim, sərinlənim gedim....
O gedəndən sonra arvadlar bir xeyli onun xeyirxah insan olması barədə danışdılar.
  Burada qohumlar arasında isti, şirin münasibətlər mövcuddur; elə bir məhlədə, eyni küçədə bir-birinə çox yaxın yaşayırlar.  Heç vaxt bu nəslə mənsub  adam gedib yad bir nəslin yanında ev tikdirməz. Hər nəslin öz ağsaqqalı, hörmətli adamları olur .Hamı onların yerini bilir, hörmətini saxlayır.Onlar da sözün əsl mənasında ağsaqqal olur, həmişə ağıllı məsləhətləri ilə  gənclərə yol göstərir, xeyirdə, şərdə böyüklük edirlər.
 Biz ,-bir məhlənin uşaqları bir ailənin uşaqları kimiydik.Bayramlarda böyük nənələr bizə bəxşişlər alar, fındıqçalar, sandıqçalar hazırlayardılar.  Analarımız bizim üçün birlikdə yumurta boyayar, səməni halvası bişirərdi.
 Hər səhər nənəmin səsi məni yuxudan oyadardı. Bəzən yuxuda belə qaynayan samovarın səsi qulaqlarımda, isti külçələrin, qoğalların ətri burnumda olardı. Nənəmin səsi indi, bu Bərzəx aləmində də qulaqlarımdadır: “Gəl, Əli nə çox yatdın .Gəl isti kökə bişirmişəm, süd çörək  də var .Şahi Xəndan Qəleybuğurt balı gətirib, gəlsənə ,canım, ürəyim, gözəl gözlüm. “
 Seyid nəsli  olmağımız bizi el arasında xüsusilə hörmətli etmişdi .Babamın, nənəmin canına and içərdilər .Babamın xüsusi kəraməti hələ də dillərdə dastandır oralarda .(Ağır xəstələri şəfalandırar, çözülməz dərdləri cözərdi.)
 Dediyim kimi, burada insan birbaşa  Təbiətlə ,-Allahla təmasdadır.Təbiət, Təbiət vasitəsi ilə Allah insanın ruhuna sirayət edir.  İlahi nəsnənin işartıları özünü hər yerdə biruzə verir; bəzən hansısa bir dağda, bəzən hansısa bir ağacda, bəzən hansısa bir insanda .İlahi varlıqların, məkanların, dağların olması ta həyatlarının ilk dövrlərindən insanlara məlumdur. İlahi varlıq, dediyim kimi, özünü bizə ,-insanlara  bəzən madiyyat kimi hiss etdirir   Bəs  o ilahi varlıq özünü bizə necə hiss etdirsin? İnsanlar onu madiyyat kimi daha yaxşı anlayır. Kamil insan isə onu ruhən də hiss edir.
   Qeyd eliyim ki, Mənim Allahı ilk duyma anım çox gözəl oldu… Qarlı, dumanlı, çiskinli bir havaydı.Qar ayağımın altında xırçıldayırdı.Hava sözlə ifadəsi mümkün olmayacaq bir tərzdə təmiz idi. Yamacdakı təkəm-seyrək kollar, ağaclar   sırsıra bağlamışdı, bəzi kollar qar topuna bənzəyirdi.Hər tərəf ağappaq idi. Dağın yamacında addımlayır, mübhəm, sirli, mənə bu qədər yaxın və məndən bu qədər uzaq  olan Allah haqqında fikirləşirdim. O ilahi nəsnə ilə bu an aramda qırılmaz bir bağ olduğunu hiss edirdim. Hiss edirdim ki, o İlahi nəsnə bu  səssizliyə bürünmüş dağlar ,  düzlər  vasitəsi ilə, bu ciyərlərimə dolan, qanımı, hər hüceyrəmi dolaşan hava vasitəsilə mənə nə isə anlatmaq istəyir.Özünün lap yaxında olduğunu ,  havada,  suda  ,  dağda ,  torpaqda,  səmada olduğunu hiss etdirir .Bütün bunlarla birlikdə məndə ,mənim daxilimdə, mayamda, ruhumda olduğunu hiss etdirir. Bəli ...O vardır...O hər yandadır, bu möhtəşəm, əzəli və əbədi Təbiətdədir, dilsiz göylərdədir, dibsiz dənizlərdədir, qulaqlarımda çınlayan əzəli və əbədi zaman axınındadır və bunlarla bərabər bax mən insan oğlunda, bu xırdaca məxluqdadır.
İlahi, nədən özünü belə zərrə-zərrə, sirli şəkildə hiss etdirirsən? Olmaz ki hər insan oğlunun gözünə görünəsən, qarşısında durasan ,”Mən sizin Allahınızam “- deyəsən?  
Sən, məgər olduğun kimi görünə bilməzsənmi?
Ah...hamının onu anlamasını, onun hər yerdə var olduğunu bilməsini istəyirəm.
Mən səni, -sənin var olduğunu ,-həm bu dağlarda, bu göylərdə, bu an məni saran bu tərtəmiz, bənzərsiz hava axınında olduğunu  iliyimlə, qanımla, hər hüceyrəmlə hiss edirəm .Budur, möhtəşəm kainat mənim qəlbimə möhtəşəm sözlər nəql edir və mən o sözləri pıçıldayıram:


 Səni dil necə şərh etsin, a can kim,
Nə bilsinlər səni kim, can, nədənsən?
Üzün çün qul hüvəllahi əhəddir  ,
Həqiqət möcüzü həqdən gələnsən.
Vücudun zatı mütləqdir, məgər kim,
Nəyə kim baxar isəm onda sənsən.   
...    ...  …
   Son vaxtlar nənəm, anam, hətta Şahi Xəndan belə mənim hər gün geyinib evdən çıxmama, dağları dolaşıb  çarıqlarına qar dolmuş halda geri dönməmə təəccüblə baxırdılar. Mənsə saatlarla dağları dolaşır, ilahi  ehtişamı duyur, eyni zamanda  içimdə bir təlatüm hiss edir, bəzən için-için ağlayır, nəyisə arayıb-axtarırdım. Nəyə isə can atırdım, nə isə istəyirdim.O İlahi varlığı istəyirdim, onu görmək arzusunda idim .


Ay ilə gün sücud edər surəti-canfəzayinə,
Ay ilə gün nədir kim,düşməyə xaki –payinə.
Cami cahannümadır ol, sən də iki cahanı gör,
 Çün görəsən sən olmusan cani –cahanə ayinə.
Faili –mütləqiyəqin kim ki,dilər görə bu gün,
Baxsın anın camalına, həqqi görər bu ayinə.


 Gözüm bu əsnada  üzü mənə tərəf gələn başı çalmalı, uzun əbalı, ağ saqqallı bir kişiyə sataşır.Kişinin nurlu siması dərhal məni özünə cəlb edir.
Salamlaşırıq
Mənə baxır və gülümsəyir
-Belə havada dağda gəzirsənsə, əlində də heç bir ov, filan yoxsa...demək ...hal əhlisən...
Təbiəti sev oğlum .Təbiət bizi şox sevir. Biz də onu ,onun bizi sevdiyi kimi sevəriksə, inan bütün sirlərini bizə açar. Əslində açmayıbmı? Bir ətrafa bax...bu bənzərsiz təmizliyə, sakitliyə, gözəlliyə bax. Hər tərəf sakitdir, amma, elə bil, möhtəşəm bir varlıq:”Məni duymursunuzmu?”- deyə pıçıldayır. Deyilmi?
İlahi bütün hisslərimi, duyğularımı, fikirləşdiklərimi haradan bilirdi?
-Elədir ...- qəlbimin mübhəm duyğularla dolub daşdığı  bu vaxtda Tanrı bu ağsaqqalı göydənmi nazil etmişdi...-Siz kimsiniz?
Şamaxı əhli olmadığı bəlli idi .Çünki biz- Şamaxılılar bir-birimizi adnan da olmasa üzdən tanıyırıq.
-Nəimiyəm
-Çox gözəl -Tanımırdım
-Bəs sən?
-Adım Əlidir.
-Əli?
-Seyid nəslindənəm. Bizim nəsil uşaqlarına dini adlar qoyur.
-Çox gözəl .Səni tanıdığıma şad oldum, Əli .Mən də filosofam, aliməm, ilahiyyatçıyam .İnanıram səninlə dostluğumuz alınacaq.
… Nə gözəl- mən də özlüyümdə düşündüm, deməli onunla İlahi varlıqdan, onun təcəllalarından danışa biləcəyik .
 Sanki məni illərdir tanıyırdı; qəribə, axıcı səsi ruhumu sığallayırdı.
-Təbiət böyük nəsnədir. Bizi yaradan qüvvə birbaşa onunla əlaqədardır.Hətta mən deyərdim o qüvvə elə Təbiətdir. Təbiət olmasa biz dünyaya gəlmərik, bir-birimizi görmərik, duymarıq, bir-birimizlə danışmarıq.   Allahı dərk etmərik .Allah özünü bizə Təbiət vasitəsi ilə dərk etdirir .Çünki biz hələlik maddi aləmdəyik. Nə vaxtsa mənəvi aləmə gedəcəyik və orada bizim maddi olmayan ruhumuz maddi olmayan Allaha qovuşacaqdır.
 Tanrı heç bir insanı səbəbsiz yerə yaratmayıb .Bizim hər birimizin bu dünyada bir missiyası var .Və Allah bu  dünyada bizi təkbaşına buraxmır, hamımıza özünün var olduğunu sezdirir .İstəyir onu dərk edək, onun qoyduğu qaydalara uyğun yaşayaq, kamil insan olaq   . Kamil insan olsaq, elə bir növ Allah olacayıq .Əslində Allah bizim hamımızda təcəlla edir, biz Allahın bir parçasıyıq, amma bunu dərk etmirik.Allah həm bizdədir, həm də bizi əhatə edən Təbiətdədir.Biz onun zərrələriyik .Onu dərk etməli, təmiz ,pak həyat keçirməli və kamilləşməliyik .Kamil insan olsaq, dediyim kimi, ona dönəcəyik.   
...İlahi, möcüzənə, köməyinə min şükür.Daxili aləmimlə, ehtizaza gələn qəlbimlə, beynimdə tüğyan edən fikirlərimlə elə tək və tənhaydım ki ...
 Osa danışırdı… Qulaqlarım, ruhum onun sözlərini dinləmir, sanki içirdi
-Bax, oğlum insan bu dünyaya müəyyən bir missiya üçün gəlir, hər  insanın bir görəvi var. Orta hesabla yetmiş, həştad il ömür sürən bu insan yaşadığı zaman kəsiyində bu görəvi icra etməlidir. Təhkim olunduğu görəvi icra etmək insanı sakitləşdirir, o ruhən sakit olur, eyni zamanda xoşbəxt olur.İnsan öz işini icra etməzsə özünü bədbəxt hiss edir. İnsanlara həyatı başa salmaq, Təbiəti duymaqda kömək etmək, öz görəvlərini anlamaqda və həyata keçirməkdə köməkçi olmaq lazımdır .Bilmək lazımdır ki, bu dünya sonsuz zamanın müqabilində bir andır, həm də bizə verilmiş fürsətdir .İnsanın ruhu qocalmır .Bədən uşaq olur, sonra gənc, daha sonra yetkin və yaşlı olur.Ruh isə həmişə eyni vəziyyətdədir.Bax sən və mən,- biz əslində ruhən eyni yaşdayıq, cismən ayrı .Gənc vaxtlardakı ruhumuz da 80 yaşındakının eynisidir. Məsəla: mən gənc yaşlarımda qəflətən özümü bitkin bir qoca kimi hiss edirdim,- sanki dünyanın hər üzünü görmüşdüm.Qeyb aləmində süzürdüm sanki. Bu aləm, indi yaşadığımız bu aləm materiya dünyası olsa da ruhumuz burada materiya kimi yaşamır.O ruh kimi yaşayır.Bir dəqiqə bundan əvvəlki zaman anındaca yox olur, sonsuz zamana qarışır. Biz bu dünyadan sadəcə keçirik.Və ətrafımızdakı dağlar, dərələr, bu miss kimi hava, göylər, yerlər ,-hamısı onun yaratdıqlarıdır və bizim onu dərk etməmiz üçün yaratdıqlarıdır...
                ...          ...           ...  
 Nəimi ilə ,-ustadımla tez dostlaşdım. Onu böyük qardaşım Şahi Xəndanın təşkil etdiyi soz məclislərinə aparırdım.Çox keçmədi ki, məclisin ən hörmətli söz sahiblərindən biri oldu.Məclisi çox vaxt  Şahi Xəndan açar, Şamaxı şairləri, Nəimi davam etdirərdi.Nəlimi danışmağa başlayanda hamı heyrətlə dinləyər, sanki camaatın ruhu dincələrdi. El arasında,  üləmalar arasında tanınmağa başlamışdıq, müxtəlif mədrəsələrə, məcsidlərə dəvət alır, çıxış edirdik. Nəimi sözlə Tanrını izah edir, mən isə onu şeirlərimlə vəsf edirdim.
 Çox keçmədi şeirlərim dildən-dilə düşdü. Ustadıma hörmət əlaməti olaraq Nəsimi təxəllüsü götürdüm.Şirvanşah  bizi saraya dəvət etməyə başladı.Sarayda şənimizə bir büsat qururdular ki,  gəl görəsən .Hətta qadınlar da kilim arxasından çıxışlarımızı dinləyirdi.Və şah bizə bahalı hədiyyələr ərməğan edirdi.Günlər beləcə keçirdi ...
                            ...                 ...                       ...
 Tez -tez Nəimigilə gedərdim.Ustadın bir –birindən gözəl üç qızı vardı ..Adətə görə qızlar naməhrəm kişidən gizlənməli idi, amma məndən gizlənmirdilər. Anaları rəhmətə getmişdi.Üçü də aralarında yaş fərqi az olduğu üçün eyni yaşda görünürdü. Şamaxı qızları çox gözəl olur. Bu qızlar da gözəl idi.
Kiçik qız çox vaxt içəri girər, atası ilə mənim söhbətlərimə qulaq asardı. Düzü, bu mənə qəribə gələrdi .
 Bir dəfə o yenə çay gətirmək bəhanəsi ilə otağa daxil olmuş, yandakı taxtın üstə əyləşmişdi. Bizə qulaq asdığı hər halından bəlli idi, heç bunu gizlətmirdi də.
Nəimi, -ustadım ona baxıb gülümsündü:
-Gəl, Ayişə, gəl yanımızda otur .
Qız yaxınlaşıb atasının böyründə oturdu.
— Belə ...Əli  bu mənim kiçik qızımdır .On beş yaşı var .Bacıları nişanlıdır, bu bahar köçürəcəyəm İnşəAllah İmkanım yox idi. Şamaxıya gələndən bar –bəhər üstümə yağır.Qızların toy tədarükünə yetəcək qədər pul qazanmışam .Daha doğrusu Şamaxı camaatı bu pulları mənə ərməğan edib.Bu isə — qıza baxıb güldü- mənim oğlum sayılır.Oğlum yoxdur,- o üzdən deyirəm.  Ayişə hələ evlənmək istəmir Və evlənməyə “pis” baxır.
-Necə yəni? – sual edici baxışlarla onlara baxdım.
-Ayişənin özəllikləri çoxdur. Onu yaxından tanımaq lazımdır ki, başa düşəsən. Çox maraqlı fikirləri var .Və fikirləri mənimlə əks cəbhədə durur. Ona görə Ayişəyə icazə verirəm: yanımıza gəlib bizə qulaq assın.Bəlkə həqiqəti dərk edər .Həm də səndən çəkinmirəm .Bilirəm ki, bunu öz aramızda saxlayacaqsan , həqiqəti dərk etməkdə Ayişəyə köməkçi olacaqsan.
Ayişə Allahı biz dərk etdiyimiz kimi dərk etmir...O,  Tanrını qəbul edir, amma çox uzaqda, bizdən kənarda; hardasa göylərdə əyləşmiş,- buludların ötəsində,- bizi eləcə seyr edir.Və bizlərlə, heyvanlar arasında da heç bir fərq görmür Ayişə .
Diksindim ...
-Bəli deyir ki ,insan və ya heyvan – nə fərqi var ki...İnsan da doğulur, heyvan da; insan da yeyir, yatır ,heyvan da; insan da ölür, heyvan da...Və bütün bunlara çox üzülür.Bəzən günlərlə ağlayır.
Ayişəyə baxdım: mələk kimi siması, günahsız gözləri ...İçimdə nə isə sızladı...
 -Belə ...Nəsimi biz Ayişəyə kömək etməliyik ...
                                                            ...    ...    ...
 
  Qarşıda, sağ tərəfdə, məndən bir az irəlidə addımlayan qadının incə vücudu  diqqətimi cəlb edir. Hətta libası, geyim tərzi  belə mənə tanış gəlir. Deyəsən bu Ayişədir ...Özüdür ki var… Yanımdan ötəndə mənə salam verir.
-Salam,ustadım..
-Ayişə sənsən? Hardan gəlirsən?
-Dükançıdan,- müşk almağa getmişdim .
-Aldınmı?
-Ala bilmədim .Yoxdur.
-Gedək Hacı Səttarın dükanına, şəhərin ucqar məhəlləsindədir .Amma müşk həmişə olur.
-Gedək...
Küçələr buz bağlamışdı, hava eləcə qar qoxuyurdu.Yolboyu əkilmiş ağacların budağından sırsıra sallanırdı. Şəhər  öz halından məmnun görünürdü .
Küçələrdə adam çox az idi. Daş evlər hündür barılarla əhatələnmişdi Ayişə ilə səssiz addımlayırdıq .
 
-Çoxmu uzaqdır? –Ayişə soruşur.
Yox, az qalıb .Bizim şəhəri xoşlayırsanmı,Ayişə ?
-Sizin şəhərin gözüm önündə ucalmış daş hasarlarını görürəm hələ ki .
Ayişə çox zəkalı və hazırcavabdır,-xarakteri də sanki bir dəliqanlı. Başqa qız olsaydı bir kişinin böyrünə düşüb getməzdi.
-İndi havalar soyuqdur, Ayişə, qoy yaz gəlsin səni Şamaxı dağlarına aparacam .Şamaxı yazda bir başqa olur .Təbətin gözəlliyindən vəcdə gəlirsən .
-Mən şair deyiləm vəcdə gələm.
-Baharda bütün canlılar vəcdə gəlir...şair olmayanlar da...
-Mən baharda daha çox üzülürəm, ustadım .
-Nədən ?
-Açmış çiçəklərin, yarpaqların solacağı,  boy atmış otların biçiləcəyi, quzulara yem olacağı ağrısıyla...
-Sən indi baharı yox, qışı düşün, Ayişə ...Bax bu qarlı hava, uzaqdan görünən uca dağlar sənə nələrsə anlatmırmı?
-Yox, xocam .Bu dəqiqə  bu yollar mənə xatırladır ki,  müşk almalıydım.
-Ay...-Ayağı qəfil sürüşən Ayişə  zərif budaq kimi havada yelləndi.
Onu yıxılmaqdan son anda qurtardım .İncə beli əllərimin arasındaydı, müşk qoxulu saçları çiyinlərinə dağılmışdı  .Qəlbim titrədi .Tez dikəldi.Mən də özümü toparladım.Ətrafda kimsə yox idi .Yolumuza davam etdik .
Hacı Səttarın dükanında müşk var idi .Alıb geri döndük .Ayişəni darvazalarına qədər ötürdüm .
Qapıda
-Ayişə dedim...
-Bəli, xocam-dedi
-Gedək sabah Şamaxı ətrafındakı dağlara .Sənə anlatmaq istədiyim bir şeylər var(Ustadımın tapşırığı ilə Allahı dərk etməsində ona yardımçı olmaq istəyirdim. O da bunu anlamamış deyildi)-Bu vaxtlar dağlar çox pak olur, ilahi bir ab-hava olur dağlarda .
Qəribə baxışlarla üzümə baxırdı ...
-Söhbət edərik ,Ayişə.
-...
 -...Atana deyəcəm ...Bu gün onunla məclisimiz var.
-Yaxşı .     
                                              ...    ...    ...
Səhər Ayişəgilin darvazasını döydüm.Qapını nazik, incəcik  bir oğlan açdı .Heyrətləndim
-Salam .Siz kimsiniz?
-Əsil siz kimsiniz? Qapını döyürsünüz, hələ məni sorğu –sual da edirsiniz(Səsi qəribə və boğuq idi)
-Burada mənim xocam yaşayırdı,-Nəimi
-Yenə də yaşayır.
-Ah..(Birdən onun Ayişə olduğunu anladım) Şeytan qız ...
-Xocam ,(güldü) dağlara əntaridə getməyimi düşünmürdüz hər halda. Atam dedi olmaz .Şamaxı camaatı oğlan və qızın birlikdə dağa çıxmasından şübhələnər, o üzdən .
-Çox gözəl ...
Ayişə çox maraqlı  və söhbətcil idi .
Yolu necə getdik bilmədim.Təbiət insafən səxavətlə bənzərsiz təmizliyini,səssizliyini ətrafa yayırdı. 
Dağları sevirsənmi, Ayişə ?
-...Sevirəm ...
-Dağlarda bir möhtəşəmlik var, deyilmi?
-...Var
-Musa peyğəmbər Tur dağına Xuda ilə danışmağa gedərdi. Məhəmməd peyğəmbərə də ilk vəhy dağlarda gəlib.Mən də dağlarda özümü daha anlaşıqlı, möhtəşəm hiss edirəm...Hiss edirəm ki, səbəbsiz yerə dünyaya gəlməmişəm .Dünyanın, dağların, havanın .,suyun bir parçasıyam, Allahın bir parçasıyam .Allah bu an həm bu Təbiətdə, həm də məndə əks edir, təcəlla edir .Ətraf hamısı onun yaratdıqlarıdır.O yaratdıqları ilə bizim qəlbimizə dolur, oranı fəth edir, onun yaratdıqlarına baxıb mən də yaratmaq istəyirəm .O özü buna imkan yaradır .Hətta öz yaratmaq istəyini, bacarığını da mənə,-bizə təlqin edir.Belə olduğu surətdə mən,- biz onun bir parçası deyilikmi?
-Xocam,  Təbiətin bir parçası ola bilərsiniz, amma Allahın bir parçası...olmanız mümkün deyil .
-Nədən ,Ayişə? Elə uşaq kimi beyninə inkarı salıb dayanmısan.Nədən Təbiəti, sonsuz gözəllikləri anlamaq istəmirsən?
-Hamısını anlayıram, xocam. Amma Allahın məndə təcəlla etməsi ...Ah, xocam ...anam öldü ...Mən ondan heç bir xəbər tuta bilmirəm...-Yerdə ölmüş sərçə nəşinə kədərlə baxdı- Bax ,xocam anamla bu sərçə arasında heç bir fərq görə bilmirəm .Və bu məni çox üzür.-Ayişə ağlamağa başladı –İnsanların ölümlü olmaları məni çox üzür.Tək insanların yox, elə bu sərçələrin də ölümlü olması kədərlidir.Nədən hava belə soyuqdur.Quşlar bu soyuqda üşüyür, hər tərəf qardır, quşlar yem belə tapmır, aclıqdan ölür. Gərək dən gətirəydik.
 Nədənsə, qanım qaraldı .Cibimdə sərçələr üçün dən olmamasına təəssüfləndim .Ayişənin də öz dünyası vardı .Hələ kamil insan olmasına çox qalırdı. Amma Ayişəni cahil insan kütləsinə də şamil etmək olmazdı.Humanist,  günahsız qızcığaz… Həyatın kədərli olayları ilə çox tez qarşılaşmışdı.
                                    ...               ...         ....
 Artıq bahar gəlir, yazın nəfəsi hər yerdə duyulurdu.Hər tərəfdə qar əriyir, sel axırdı. Dağlarda hələ  qar olsa da kolların dibində bənövşə görünürdü .Ayişə uzun müddətdən sonra mənlə təkrar  dağa gəzməyə çıxmışdı .
 Bu vaxtlar Şamaxı dağları bir möcüzə olur.Ayağımızın altında sanki kiçik çaylar axırdı, hardansa köç edən durna səsləri gəlirdi .Həmişə bu səsləri eşidəndə özümü qəribə bir halətdə hiss edərdim Mənə elə gələrdi milyon illərdir bir hiss, duyğu kimi yaşayıram.Və durnaların səsi elə zamanın öz səsidir.Milyon illərin ötəsindən gəlir. Içimdə baş qaldırmış coşqu ilə Ayişənin əlindən tutdum
-Ayişə bu səslər sənə bir şeylər pıçıldamırmı?
-Nə məsəla?
Zamanın əzəli və əbədi olduğunu, ruhunun sanki bu zamanla həmyaş olduğunu, milyon illər bundan əvvəl sanki bu səsləri dinləmişsən kimi...Və hələ də milyon illər bundan sonra dinləyəcəksənmiş kimi...
-...
-İçində bir ilahi işartı, pıçıltı hiss edirsənmi?
-...
-Ayişə, mən də cavanam .Ayişə, mən heç insanlar haqqında, dünya haqqında, Allah haqqında fikirləşmirdim. Amma Təbiəti çox sevirdim ,  demək olar ki, hər gün dağa gəzməyə gəlirdim.Bilirsənmi bir gün nə oldu, Ayişə?
-Nə oldu ?
— Bir gün dağın döşündə oturub ətrafı seyr edirdim .Hər tərəf çox gözəl idi ,-elə indiki kimi. Hardan isə durna səsləri gəlirdi, kolların dibində zərif bənövşələr görünürdü, havada ilahi bir titrəyiş, canlanma duyulurdu,- baharın gəlişi, Təbiətin oyanışı hər şeydə duyulurdu. Ayişə birdən –birə içimdə sanki nə isə oyandı, pardaqlanıb açıldı, mən Yaradanı  hiss etdim, onun varlığını duydum, anladım ki, o hər şeydə var, hər yanda var, mənim özümdə də var, içimdə var .O məni səbəbsiz yerə yaratmayıb, bütün ətrafı, bənzərsiz gözəllikləri duymaq üçün yaradıb.Və mənə elə gəldi ki, mən bu gün yox milyon illər bundan əvvəl yaranmışam, həmişə mövcud olmuşam və həmişə mövcud olacam. Eynən Allah kimi .Deməli mən də elə Allaham, onun bir zərrəsiyəm, Təbiətin bir zərrəsiyəm, bu maddi dünyada bu cür dövr edirəm, ruhum isə sonda ona qayıdacaq, o bütövə, tama qovuşacaq.
-Əli ...Mən də Təbiətin bütün gözəlliklərini duyuram.Dünyanın əzəli və əbədi olduğunu duyuram Bu xırdaca bənövşələrə baxarmısan? Bir bax, zərif canlarının hərarəti ilə ətraflarındakı qarı əridiblər. Mən onlara baxanda hönkür-hönkür ağlamaq istəyirəm .Hələ bu durna qatarları,-  uzaq ellərdən uçub gəlirlər. Bu yollarda başlarına nələr gəlir görəsən ?.
 Quşlar  necə sevinclə yuva hörür .Bir azdan balaları çıxacaq, onları çox sevəcəklər, bir-birlərini çox sevəcəklər, bir-birinin hər anı üçün narahat olacaqlar.Və ölüm hər zaman insafsızcasına  başlarının üstündədir .Bunlar məni üzür, Əli. İstəyirəm quşlara deyim: qurmayın bu yuvanı, çıxartmayın balaları, -onlar hamısı öləcək…. Bütün bunlar ,-onların həyat eşqi, yaşamaq həvəsi və birdən qəflətən ölmək ehtimalları məni çox üzür .Bütün yaradılmış amansızcasına ölür, Əli .
 Yaradan yaratdıqlarını öldürməsəydi, yaradılmışlar əbədi yaşasaydı daha ədalətli olmazdımı ?
Ayişə ağlamağa başladı ...
-Biz də eləcə  öləcəyik .Baxmayaraq ki, həyatı çox sevirik ,  bir-birimizi; atamızı, anamızı, bacı qardaşlarımızı çox sevirik və həyat belə gözəldir, amma biz öləcəyik.
-Ayişə, sən Allahı dərk etsən ...anlayarsan ki, biz ölməyəcəyik,  ona dönəcəyik.Elə bu heyvanlar, quşlar da ona dönəcək .Burada çox sirlər var, sadəcə hələlik onu anlamırıq.Biz Allahın sirlərini dərk etmək iqtidarında deyilik. Allah bütün bunları,- canlıları hansısa bir məqsəd üçün yaradıb.Amma bizi fərqli yaradıb .Sən bunları başa düşəcəksən ...
-Düşməyəcəm! Mən səni dinləmək istəmirəm.  Mən ağlamaq istəyirəm… .Evə getmək istəyirəm...

0 şərh