Mən Nəsimiyəm - Şiringül Musayeva -İkinci hissə

İkinci hissə
 Nənəm də Allahı, Ayişə kimi, haradasa bizim bilmədiyimiz bir dərgahda  oturmuş, oradan bütün dünyanı seyr edən vəziyyətdə təsəvvür edir. Amma nənəm Ayişə kimi insanın da  heyvan olduğunu qəbul etmir.Ona  görə insan çox ali məxluqdur, görəvləri var və bu dünyaya ona görə gəlir ki, cənnət və cəhənnəm əhli olduğu müəyyənləşsin
 Onu Ayişə ilə tanış etmək istəyirəm .Bilmirəm necə başlayım bu işə .Nənəm dindar olsa da ,yəqin ki ,irticaçı      deyil  ; cavan oğlan və qızın dostluğuna  necə baxar...bu barədə fikrim o qədər də aydın deyil .Düzü, heç onun mənim fikirlərimə nə münasibət bəsləyəcəyi də  məlum deyil.Amma nənəm mənə elə əziz bir varlıqdır ki ,bu barədə onun bilməsini istəyirəm.
Gözümü açandan onu namaz qılan ,dua, zikir   edən görmüşəm, heç Allah kəlməsi düşməyib dilindən
Yuxudan tez durdum .Samovar həmişəki kimi süfrənin ayaq tərəfində dızıldayırdı. Nənəmin mehriban səsi  sanki məni ovsunlayırdı:
-Gəl ay saqqalın ağarsın, gəl .Cay elə indicə dəmlənib. Qışlaqdan  bibioğlun İbad da qoyun pendiri göndərib, anan da təndirə çörək yapıb, gəlsənə .Yeyənə minnət.
-Nənə, maşallah ,yenə Günəş kimi nur saçırsan .
-Gəl, gəl… yenə şair   kəlamlarına başlama görək .Bura sənin şeir məclisin deyil.(Nənəm şeir məclisimizdən xəbərdardı)
Şahi Xəndan dedi bunu?
-Hə ...Deyir orada bir ağsaqqal da peyda olub? İnsanın Allah olduğunu söyləyir ?
-...Səncə, düz deyir, nənə? (Dalağım sancdı .Onun  Nəimiyə münasibəti, həm də mənə münasibəti olacaqdı  )
-Əlbəttə düz demir.İnsan nəkarədir ki, Allah olsun?
-Ay nənə ...-istədim öz fikirlərimi ona izah edim.
-Kəs səsini –dedi.Dinsizlərin küfrünü süfrəmin başında səsləndirmə .Otur çörək ye.
Bu an sözlərimi ona deməkdən vaz keçdim.Amma onu Ayişə ilə görüşdürmək istəyirdim
-Nənə, o kişinin-Nəiminin Ayişə adlı bir qızı var .O da atasının dediklərini qəbul etmir.Amma nənə, sənin dediklərini də qəbul etmir.Deyir ki, insan adicə bir heyvandır...Həm də bütün bunlara  çox üzülür. On beş yaşı var...
-Onun indidən belə şeylər düşünən vaxtıdımı? Kişi uşağın beynini zəhərləyib.Gətir görüm yanıma, baxım ona .(Nənəm ,yəqin ki, türkəçarə üsullarından birini ona tətbiq etmək niyyətindəydi))
-Oldu ,nənə .Gətirərəm...
                                                 ...           ...              ...
Nənəm Ayişəni çox tez sevdi.
-Ayişə, bizə tez –tez gəl .Olurmu? Gəncliyimi mənə xatırladırsan .
-Olur.
-Ayişə sən dünyanın işləklərin fikirləşmə .Nəyinə lazım ...Dünyaya gəlmisən ...yaşa getsin .Günəş hardan çıxdı, hardan batdı ,-bunlar bizlik məsələlər deyil .Quşlar nədən yarandı, nədən öldü? Otlar nədən soldu, yarpaqlar nədən töküldü .Bunları dərindən fikirləşsən dəli olmaq olar. Bizim beynimizin müəyyən fikirləşmək sərhədləri var, o sərhədi keçmək lazım deyil.Hər şeyi Allah yaradıb və belə məsləhət bilib. .Vəssalam...Biz əlimizdən gələn qədər yaxşı insan olmalı, Allah adamı olmalı, onun qoyduğu yol ilə getməliyik.
 Bax Şamaxıda sən yaşda olan qızlar həna toxuyur, köynək toxuyur, corab hörür .Əslində hamısı varlı qızlarıdır, amma işsiz durmurlar, sənət öyrənirlər, qızlar sənət, iş bilməlidir.
-Gəl əyləş .Sənə corab toxumaq öyrədəcəm .
Ayişə nənəmin yanında əyləşib corab toxumağa başladı .Nənəm ilk toxuduğu corabların burnunun, dabanının əyri olmasından, bəzən çox böyük olmasından, başmağa sığmamasından danışır, Ayişə də qəhqəhə çəkib gülürdü .Düzü, Ayişənin gülməsinə sevinirdim. Qəlbinin bu yaşda sakit olması çox gərəkliydi...elə gənc ,elə təcrübəsizdi ki...
 Qapı açıldı nənəmin böyük qızı, bibim Xanım içəri daxil oldu, Ayişəni görüb heyrətləndi :
-Bu Təbriz gözəlini hardan tapmısınız?
-Əlinin Təbrizli  dostunun qızıdır.
-Təbrizlilərdə belə qoçaqlıq var,-qızları oğlanlarla dostluğa qoyurlar? Neçə yaşın var ?
-On beş .
-Nişanlısan ?
-Yox .
                                      ...        ...        ...
 
 
   Nənəm Ayişənin bir neçə günə gəlin köçəcək bacıları üçün yorğan salırdı .Qonşumuz Nabat xala  da ona kömək edirdi. Ayişə də  iynə- sap hazırlayırdı. Nənəm işləyə-işləyə söhbətindən də qalmırdı .
-Bilirsən, Nabat, ailə başçısı ki, oldun gərək hər şeyi fikirləşəsən, götür –qoy edəsən .İndi zəmanə sakitdir, şükür .Amma sabaha etibar yoxdur.Rəhmətlik atam deyərdi: ailə başçısı özü üçün yox, ailəsi üçün yaşamalıdır,kəndin başçısı kəndi üçün ,ölkənin də başçısı ölkəsi üçün çalışmalıdır.Bax, mən belə görmüşəm .Anam, atam heç uşaqlar arasında fərq görməzdi ,hamımızı eyni mehribanlıqla dindirərdi.Yeməyimizin,içməyimizin üstündə əsərdi .Hamımıza da iş öyrədərdi. Atam o qədər varlıydı istəsə qapısında on nökər saxlayardı, amma saxlamırdı .Deyirdi: öz işinizi özünüz görün .Mən gənc qız idim həyətimizi süpürürdüm, evləri yığışdırırdım .Anam da xörək bişirərdi ,məni də öyrədərdi .Belə baxanda iş insanın cövhəridir .Bu yaşımda da qıvrağam .Bir uşaqlar xırda olanda Gülbacı ( bizim evimizdə işləyərmiş) qolumdan tutub .Onu da qonşumdan, qohumumdan, bacımdan ayırmamışam .İndi də evimin əziz adamı sayılır. Biz gedəcəyik, dünyada insanlıq qalacaq .
-Elədir .- Nabat  xala döşəyi çevirə -çevirə deyir.Ona görə də Allah başından tökür .Həmişə səni dili dualı, ona- buna köməyə qaçan görmüşəm .
-Bunu mənə atam, anam, babam öyrədib .Həmişə evimizdə belə görmüşük: filankəsin ağartısı yoxdur, ağartı vermişik, filankəsin qızı gəlin köçür(imkanı yoxdur ) cehiz vermişik.
Bu gül balalar Təbrizdən gəlib, ataları bir nurani, ağsaqqal kişidir, üç qızı var. Alim adamdır, köçəridir malı-pulu hardan olsun, kömək lazımdır.Kürəkənləri də çox ağıllı, tərbiyəli oğlanlardır.Böyük kiçik yeri biləndirlər.
-Əli  hardan tanıyır bunların atasını?
-Əli axı şeir yazır .O kişi də bunların şeir məclisinə gəlir .Birlikdə şeir yazırlar, dünyanın işlərini, gedişatını götür-qoy edirlər.
Nabat xala güldü:
-Dünyanın işlərini ha götür qoy etsək də əlimizdən bir iş gəlməz.
-Elədir.Amma bu dil ki, bizə verilib danışmalıyıq
-Ay nənə, nə maraqlı söhbət edirsiz -onların söhbətlərinə müdaxilə etdim.
-Elə bilirsiz elə siz məclis qura bilirsiz? Bizim də məclislərimiz toy, xına axşamları, yorğan salınan  vaxtlar olur.Nə bilmişdin .Vallah elə biz də sizin dediklərinizə yaxın müzakirələr edirik .Bircə  şeir qoşmuruq .
-Sənin şeirlərini toylarda çox oxuyurlar.-Nabat xala mənə baxıb dedi-Hərdən də Nəsimi adlı bir cavanın qəzəllərini oxuyurlar Camaat çox bəyənir .Bizim kişi deyir: bu Nəsimi kimdirsə, şeirin Allahıdır.
-Əstəğfürullah de, ay qız .
-Nəsimi mənəm, nənə .
-Nəsimi adı hardan çıxdı?
Təxəllüsümdü .Nəimi dostumun, mürşidimin adına uyğun götürmüşəm.
-Xeyirli olsun canım .İnşəAllah dünyada tanınasan .Bu şeirlər, bu təxəllüs sənin üçün xeyirli olsun
-Hələ evlənmirsən?- Nabat xala nədənsə Ayişəyə baxdı
-..Yox
Vaxtdır, evlən.
 O yay Ayişənin bacıları gəlin köçdü .Anam da, nənəm də, bibilərim də onların toyunda iştirak etdi. .Şamaxı camaatı,dediyim kimi, çox safdır. Nəimi mənim dostumdur, xeyirxah,  ağıllı, adamdır, təhsillidir, alimdir, əxlaqlıdır. Vəssalam .Bu bəs edir ki, hamı onun hörmətini saxlasın .Qaldı onun fəlsəfi görüşləri ...Heç kəs bunu xırdalamır, dərininə getmirdi.
 
 
                                     ...                   ...     ...
Ayişə ilə dağları gəzmək o yay  sevimli məşğuliyyətimiz olmuşdu. Artıq Ayişənin üzü gülürdü.Qəlbimdə çox gözəl bir hiss –sevgi oyanırdı.Və bu hiss məni dağlara,  düzlərə, meşələrə, şəhərlər gözəli Şamaxıya daha artıq məftun edirdi.
-Çox gözəl şeirlər yazırsan, Nəsimi.
-Bir dağlara ,- bu uca zirvələrə, bu tərtəmiz havaya, başımız üzərində düran masmavi səmaya, o səmada qaçışan ağappaq buludlara bax, Ayişə .Belə dünyada yaşamaq və şeir yazmamaq olarmı?
Ayişə təbiətinə xas olan şeytanlıqla
-Bəs mən nədən yazmayıram,əcəba? –dedi və  güldü
-Yaxşı ki, səninlə bir dövrdə doğuldum, Nəsimi .Əbədi yaşama inanmasam da sənin şeirlərində əbədi yaşayacağıma inanıram.
Qarşıda xalı kimi döşənmiş, cürbəcür çiçəklərlə bəzənmiş çəmənlik dururdu.Ayişə heyrətləndi
-Bir çiçəklərə bax, Nəsimi.Təbiət nə qədər əsrarəngizdir...Çox istərdim ,sənin dediyin kimi, o bizi sevsin, duysun, eşitsin .
-Sevməzmi? Təbiət bizi çox sevir,Ayişə.
 
-Hər halda mən Təbiətdən incimişəm.
-Nədən ?
Məni niyə sənin kimi şair yaratmayıb?
-Səni şairin ruhunun qidası yaradıb. Daha nə istəyirsən?
Ayişə qaynayan çeşmədən üzümə su atır, şən qəhqəhələrlə gülür və qaçır.Ardınca qaçıram. Cəld qaçır...Amma yaxalayıram, dodaqlarının təzə gilas tamını dodaqlarımda hiss edirəm.Qaçdığı üçün tez –tez nəfəs alır, yanaqları allanmışdır, füsunkar gözləri Günəş kimi şəfəq saçır.
İlahi, belə gözəlliyi mənə bəxş etdiyin üçün sənə sonsuz təşəkkürlərimi bildirirəm.
Nagəhan  könlümə düşdü surişi –qovğayi –eşq,
Aqili divanə qıldı aqibət sevdayi- eşq.
Eşqə düşənlər bilir həm yenə eşqin qədrini,
Ol aşiq   aşiqmidir kim olmadı rüsvayi- eşq.
Sevgilimin sevgisindən özgə sığmaz könlümə,
Sevgilimdən özgəyə qılmaz bu gün pərvayi- eşq.
 
                         ...          ...   ...
-Nəsimi, dağları çoxmu sevirsən?
-Çox ...
-Nədən?
-Dağlara baxarmısan...Sanki göy üzünə toxunur.Əzəmətlə, vüqarla durub, elə bil, ətrafa meydan oxuyur. Dağlarda bir müqəddəslik  var .Həm də Şamaxı dağlıq rayondur, gözümü açıb dağları görmüşəm, qəlbimdə onların əzəmətini hiss etmişəm.Sən yaşda olanda cəmiyyətdən qaçmaq dağların döşünə sığınmaq orada yaşamaq istəyirdim .Dağın- dərənin yetirib-bitirdiyi nemətlərlə qidalanmaq istəyirdim.
-Nədən, əcəba?
— Yəqin ilk yaşam duyğularım, hisslərim qalıb qan yaddaşımda.Biz insanlar ilk yaranışımızda dağların qoynunda yaranmışıq, açıq təbiətdə yaşamışıq.Adəm və Həvva da açıq təbiətdə yaşayıb .Hava ,yəqin o vaxtlar elə də soyuq olmayıb.Hədislərdə belə rəvayət olunur.Bəlkə də otlardan, çiçəklərdən paltar toxuyublar özlərinə.Nə bilmək olar...
-Mən bu yaşıl, uzun, sünbülə oxşar otlardan özümə məmnuniyyətlə paltar toxuyub geyinərdim.
-Mənsə o paltara bu qırmızı, sarı, bənövşəyi, narıncı çiçəklərdən misilsiz bəzəklər vurardım.
-Ah, nə gözəl olardı.
-Gəlsənə yoxlayaq
-Yoxlayaq .
Birlikdə paltar toxumağa başlayırıq
-Nəsimi, bilirsənmi, Allahın olması məni çox sevindirir.Əgər o, olmasaydı özümüzü çox tənha, kimsəsiz hiss edərdik.
-...
-Bəlkə, insan Allahı icad eləyib ki, təsəlli tapsın? Allah olmasaydı yaşamaq çox çətin olmazdımı? İnsan cənnətə, cəhənnəmə inanaraq qəlbində bir təsəlli duyur.
-Elədir, Ayişə, insan cənnəti, cəhənnəmi, Allahı təsəvvür edib qəlbində təsəlli duyur .Əgər Allah olmasaydı belə bu özlüyündə möhtəşəm şeydir. Amma, Ayişə, o var. Biz Allaha inanmasaq belə o mövcuddur, əzəli və əbədidir. Ətrafa bax ,- bütün bu gördüklərimiz ,-Təbiət ,-sən və mən Allahın bir nuru, təcəllasıyıq. Nədən bunu qəbullanmaq istəmirsən
-Mən Allahı qəbul etmişəm .Göylərdə ...
-O  hər yandadır, Ayişə. Bizə şah damarımızdan daha yaxındır .Deməli o həm də bizdədir.
Bax hazırdır .Geyinsənə, Ayişə.
-Qoy  o təpənin arxasına keçim .
 Bir azdan təpənin arxasından Ayişə çıxır .Sanki cənnətdən gəlmiş bir huridir, əyninə bahardan ,-yaşıl otlardan, çiçəklərdən libas geyinib .Heyrətlə ona baxıram.Mənə yaxınlaşır.
 Bənövşə zülfünü salmış gül üzrə ənbərin sayə,
Könül heyranü –zar oldu bu reyhani-səmənsayə.
Lətafətdən edər əksi ləbin ləli bədəxşanə ,
Zərafətdən urar tənə dişin lö-löi-lalayə
Pərişanhal olmuşdur könül zülfün səvabından,
Bu divanə nədən düşmüş bu pica-pic sevdaya
Nə gül bitdi gülüstanda ki, bənzər uşbu rüxsarə,
Nə bir sərv ola bostanda ki, həmta qəddi –balayə.
 
                                ...        ...    ...
 
Son vaxtlar bütün dünyanı od- alov, müharibə bürüyüb. O dövrü seyr edəndə görürsən ki, bir sürü avropalı Şərqə çapır,Şərqi talayır, Bir sürü asiyalı Qərbə çapır, Qərbi talayır, Yunanlar ora hücum edir, Makedoniyalılar bura  hücum edir .Nə isə yerində sakit dayanan yoxdur.Sakit dayananlar at ayaqları, qılınc zərbələri altında qalıb məhv olur. Bir tayfa o birinin arvadını oğurlayır, bu tayfa bu birinin ilxısını oğurlayır,malını talan edir.
Cahil insanlar, fatehlər, xalq, tayfa başçıları bütün bunlara haqq qazandırmaq üçün bir qəhrəmanlıq ideyasını da ortaya atıblar.Əslində fatehlər hamısı bir istilaçıdır.Özgə torpağında nə işin var qardaşım, onlara hansı sülhü, əmin-amanlığı, xoşbəxtliyi aparırsan, nə vəd edirsən?
Tarix kitablarında fateh deyə təqdim olunan o cahillərin indi burda-Bərzəx aləmində qan içində süründüyünü görsəydiniz...Yanlarından keçən bir dilənçinin belə ətəyindən yapışıb imdad diləməyə hazırdırlar, əgər ətək olsa ...hələ...
Bu cahil İnsanların  mükəmməl ,  elmi yox, təhsili yox ...elə bilirlər etdikləri hər şey qanunidir və qəhrəmanlıqdır
Nə isə ...Teymurləng də, onun nəvəsi Miranşah da gördülər ki, at ayaqları altında qalıb məhv olacaq, qan gölündə boğulacaqlar, qərara aldılar ki,   at ayağı altında qalmaqdansa at üstündə olsunlar.Və beləliklə başqa torpaqlara yürüş etmək ,dünyaya hökm etmək qərarına gəldilər.
Məgər, dünyaya hökm etmək olarmı?
Bir hökmdar, adil padişah var ,-o da Allah. İnsan o zaman Xuda ilə bərabərləşə bilər ki, o kamil insan olsun, şeytani istəklərdən uzaq olsun, qan-qadaya, acgözlüyə, mənəm mənəmliyə nifrət etsin, ən sadə kasıb insanın belə ən ali varlıq olduğunu qəbul etsin .Daha milyonları qana boğub mən hökm etmək istəyirəm, mən fatehəm deməsin.                                       
 Nə isə...Başqalarının torpaqlarına da yürüş edəndə  insan daxilən özünü günahkar sayır.(Əslində də belədir.) Özünü günahkar sayan insan başlayır cürbəcür şeylər icad etməyə ki, öz haqsız gedişinə bir bəraət qazandırsın; bilmir nədən yapışsın, nəyi bəhanə etsin və bu məqamda din köməyə gəlir; dinə müxtəlif don geyindirmək,müxtəlif versiyalar irəli sürmək bir su içimi kimi asandır.Çünki dinin yaradıcıları ortada yoxdur, yarandığı vaxtdan illər, əsrlər ötmüşdür və indiki kütlə onu tam anlayacaq ruhda, təhsildə deyildir.
Əslində dinin də  kökündə bir qorxutma var.
 Dində bu qorxutma çox insanpərvərdir, onun kökündə İlahi nəsnələr durur, Tanrı insanı baş verəcək qan-qadadan, cəhalətdən çəkindirmək istəyir.Amma cahil insana  bu qorxutmaya müxtəlif don geyindirməyə kim mane ola bilər ki...
 
 
Və beləliklə Miranşah ,- bu cahil insan at üstündə  Azərbaycana da gəlib çıxdı. Məlum oldu ki, guya, Miranşah dinin qoruyucusudur, kim Məhəmməd peyğəmbərin çəkdiyi  cızıqdan kənara çıxır həbs və edam ediləcəkdir, guya ,Miranşah əslində bir istilaçı deyil  yürüş etdiyi torpaqlarda ədaləti bərpa edəcəkdir .
                                                 
  Ustadım məclisimizdə bu aralar daha çox  insana kamil insan olmağın vacibliyini, bir-birinə əl qaldırmamağı, küyə getməməyi ,  insanı ayaqlar altında tapdamamağı məsləhət görürdü
 
O gün məclis də soyuq və lal idi .Sanki hamı ağzına su alıb oturmuşdu.
-Hə Nəsimi, necə baxırsan bu işlərə? –Sükutu  Səid pozdu.
-Düzü bir şey anlamıram .Hələ Miranşahı görməmişik .Bizə gəlib çatan şayiələrdir .Bəlkə fəna insan deyil heç .
-Fəna insan olmasa özgəsinin torpağında nə işi var ?– Ustadım müdüxilə etdi-  Miranşah əsl cahil insandır.Belə insanlar çox təhlükəli olurlar. Bir bax qılınc və qalxanla, süvari və piyada ordularla təşrif buyurub. Nə üçün gəlib? Var- dövlət, qızıl qazanmaq istəyir, başqalarının torpağını qəsb etmək istəyir .Daha təhlükəlisi və qorxulusu ad –san, şan –şöhrət yiyəsi olmaq istəyir .Onun fikrincə ad-san qazanmaq üçün mütləq özgə torpaqlarını istila etmək lazımdır .Aldığı təhsil və tərbiyə, yarandığı mühit onu belə yetişdirib .Biz bütün bunlara son qoymalıyıq kamil insan yetişdirməli, cahil insanları tərbiyələndirməli, düz yola yönəltməliyik. Miranşah başa düşsə ki, onun at ayaqları altında qoyduğu hər bir insan Allahın bir nuru, təcəllasıdır mütləq istiladan, işğaldan əl çəkər.
— Ustam çox gecdir, Miranşah çətin kamil insan olar daha –Səid pıçıldadı.
-Ümidsiz olmamalıyıq övladım .Səbir Allahın adıdır .Biz səbr və əzmlə yolumuza davam etməliyik.
Kamil insan olmağın vacibliyini  insanlara başa saımaq bir neçə günün işi deyil, insan əsrlərlə cəhalətdə saxlanılıb, ona qul, kölə olduğu aşılanıb.Bütün bu cəhaləti təmizləmək insanı öz qüvvəsinə inandırmaq lazımdır.Görürsünüz, bütün uşaqlar dünyaya mələk kimi təmiz gəlir, hamısı qayğı, diqqət tələb edir.Sonradan onların bəzisinin ağıllı, qorxmaz, kamil insan, bəzilərinin isə qorxaq, cahil, nadan insan olması düşdüyü mühitdən, aldığı tərbiyədən asılıdır.
Çox istərdim Miranşah kamil insan olsun...Amma ...onun beynini cəhalətlə elə doldurublar ki...Nə etməli ...Amma cəhd edəcəyəm .
-Sabah  Bakıya yola düşürəm .Çalışacam Miranşahla görüşüm. ..
-Ustadım, bu çox qorxuludur .Oturun oturduğunuz yerdə. Onunla görüşmək nəyinizə lazımdır?-Səid dedi.
-Nəyimə lazımdır? Müharibənin nə demək olduğunu bilirsənmi ,Səid .Minlərlə insan öləcək, minlərlə adam şikəst olacaq ,minlərlə uşaq yetim qalacaq .Yetimliyin  uşaq qəlbinə vurduğu yaralardan xəbərsizikmi? Yox ...Lazımdır cəhd edək, onu dayandıraq .Bəlkə, nə isə mümkün oldu .
-Mən də sizinlə gəlim –  dedim .
-Yox  , Nəsimi sən burada qal, məclis başsız qalmasın.Vəziyyətə nəzarət et. Əgər mənim başıma bir iş gəlsə(Miranşah bu –cahil insan)  taktikanı dəyişin, əsas odur sağ qalın, yolumuzu davam etdirin .  Bax mən Təbrizdən gəldim, Şamaxıda öz görəvimi davam etdirdim .Siz də belə.Yolumuz ulu ,müqəddəs yoldur  Bir də Ayişə sənə ,nənənə əmanət .Onu tək buraxma .
-Ustad, getməyin –Səid dedi.
-Getməliyəm .Başqa yol yoxdur .Heç nə olası deyil .Narahat olmayın.Sadəcə, ehtiyat igidin yaraşığıdır .Təlim verirəm ki, başınızı itirməyin.
...    ...  ...
  Ayişə ilə ustadımı Şamaxının girəcəyinə qədər ötürdük.  Yolun kənarları yamyaşıl idi .Aralıdan qıpqırmızı lalələr görünürdü .Hava tərtəmiz və gözəldi .Günəş göy üzündə şəfəq saçırdı.Ustadım  həmişəki adəti üzrə ağ geyinmişdi. Tərtəmiz, nurani sifəti işıqlıydı.
-Hə Ayişə, Nəsimi sağlıqla qalın .Daha gəlmənizə ehtiyac yoxdur.Özüm gedəcəm. Atım da lap sazdır.Tez çataram. Orada müridlərim çoxdur, onlarla da görüşəcəm.
-Ata,  bəlkə getməyəsən, mən sənsiz darıxacam .Bacılarım da yoxdur .
-Darıxma ,qızım, Nəsimi var ,nənə var .Onlar elə mənim kimi səndən muğayat olacaq .Tez qayıdacam, İnşəAllah .Narahat olma .
-Yaxşı yol –Ayişə pıçıldadı
Və ustadım uzaqlaşdı ...Aralıdan onun get-gedə uzaqlaşan  siluetini izləmək çox kədərliydi ...nədənsə...mənim üçün kədərliydi.
Ayişənin onun get –gedə uzaqlaşan, balacalaşan fiqurunu izləyib kədərlənəcəyindən qorxdum, əlindən tutdum .
-Qayıdaq ...Ustadım həmişə  belə səfərlərdə olur.Bu da onlardan biri.
-Qayıdaq –Ayişə pıçıldadı .
Çox kədərliydi...Amma biruzə vermək istəmirdi.
-Bəlkə, bir az lalə də toplayaq –Ayişənin fikrini dağıtmaq istədim-Bir bax hər tərəf lalədir.
-Yox, qoy yaşasınlar .Onsuz da qısa olan ömürlərini bir az da qısaltmayaq.
-...Ayişə ...mələk qəlbli qızcığaz ...
-Şamaxı çox gözəldir...Biz burdan getsək, heç vaxt bu dağları, yamacları, çiçəkləri, bu bənzərsiz çiçək ətirli havanı unutmayacam.
-Nədən gedəsiniz ,Ayişə? Şamaxıda pis keçirmi sizin üçün?
-Yox, pis keçmir.Əslində həyatımın ən gözəl çağlarıdır sanki. Amma atamın fəlsəfi görüşləri ilə əlaqədar, onun bu görüşləri yaymaq istəməsi üzündən yerimizi tez-tez dəyişirik.Bacılarımın fikrini çəkirdi .Onları ərə verməsi üzündən çox sevindi.
-Bacıların gözəl qızlardır.
-Hə ...Amma tez-tez yer dəyişmək… sanki onların ərə getməsinə mane olurdu.
Ayişə çox zəki idi ...
                                   ...            ...        …
     Çox keçmədi ,-bir həftədən sonra eşitdik ki, Miranşah ustadımı edam etdirib .Düzü, vəzuyyətin belə olacağını heç gözləmirdik .Amma gərək gözləyə idik. İndi burdan, -Bərzəx aləmindən seyr edəndə Miranşahın məhz belə hərəkət edəcəyini  görürəm: gözünü açıb sarayda böyüyüb .Sarayın da öz qayda- qanunları var.İndi uzaqdan neçə-neçə əsr sonradan baxanda o qayda qanunları olduğu kimi dərk etmək çətindir.Şahların, sərkərdələrin atalıq hissləri, övladlıq hissləri adi insanınkından fərqlidir.Şahlar öz övladlarını hər gün öpüb oxşamırlar. Şahlar etiraf etməsələr də hər gün qorxu, təhdid altında olduqlarını hiss edirlər. Bu hiss elə uşaqlıqdan onlarla birlikdədir.Və zaman keçdikcə böyüyür, onların xarakterini də bu hiss qəddarlaşdırır.Ümumiyyətlə, ətraf aləmdən hər an təhlükə gözləmək insan psixikasını qəddarlaşdırır.
Zaman –zaman  verilən təhsil, qarşılarında baş əyən minnlərlə adam bunu onlarda formalaşdırır. Bundan əlavə şahlarda, sərkərdələrdə qəribə bir şöhrətpərəstlik olur. Onlar tarixin yaddaşında qalmaq istəyirlər. Bu insanlar bəzən fitrətən zəki ,tarixin yaddaşında qalmağa layiqli, bəzən isə küt, nadan olurlar .Miranşah da, ustadım dediyi kimi, küt qəddar eyni zamanda şöhrətpərəst birisiydi .Belə insanlar çox tez təsirə düşür, düşünmədən ağlasığmaz, qəddar addımlar atırlar.Onun Fəzlullahı hədəf seçməsi ,edam etməsi haradan qaynaqlandı, əcəba?
 Deyilənə görə bir gün Miranşah
-Şəhərdə vəziyyət necədir ?- deyə elə -belə sözgəlişi eşikağasından soruşub. Onun bu sualına eşikağası,  daha yaxşı xidmət etdiyini,ətraf aləmdən məlumatlı  olduğunu göstərmək üçün
-Şəhərdə hürufilik  baş qaldırıb, şahım,- deyib
Miranşah ötəri, ağızucu
-Nə,- hürufilik ?-deyə soruşub
Eşikağası  gözü önünə addım- addım yox, sürətlə qalxacağı vəzifə nərdivanlarını gətirərək canfəşanlıqla davam edib:
-Qəribə bir cərəyandır, insanın Allah olduğunu söyləyirlər.
Bu ifadə Miranşahın laqeydcəsinə verdiyi sualı dərinləşdirməsinə səbəb olub.( Bəzən Tale çox xırda, əhəmiyyətsiz görünən  şeylərin səbəbinə dəyişə bilir.)
-Necə yəni Allah?
Eşikağası bir az da həvəslənib
-Bəli, şahım, belə söyləyirlər.Meyxanalar, məclislər təşkil edir, orada şeirlər oxuyurlar.
Miranşah gülərək
-Şeirdən, şairdən bizə zərər gəlməz.Qoy söyləsinlər ,-demiş və keçmək istəmişdir.
Eşikağası içində baş qaldıran şirin arzuların, ümidlərin yıxılacağı qorxusuyla
-Şahım, müqəddəs peyğəmbərimizin, dinimizin əksini deyən bir toplumdan sizə ziyan gəlməzmi ?-demiş
Miranşah ayaq saxlamış
Eşikağası davam etmiş:
-Bunlar xırda insanları, kölələri belə Allah mərtəbəsinə qaldırırlar .Allah olduğunu düşünən kölədən, əsgərdən, ordu sərkərdəsindən sizə ziyan gəlməzmi?( Bu arada eşikağası öz nitqinin bəlağətinə heyrətlənmişdir)
 Miranşah dəhşətli dərəcədə qəzəblənmiş, hürufiləri məhv etmək qərarına gəlmişdir.
 Elə  bu məqamda da ustadım onun qəbuluna düşmüşdür.
-Gəl, gəl görək ,“Ağsaqqal “ –Miranşah istehza ilə ustadıma baxmışdır.Eşitdim Allahlıq iddiasındasan ?
-Oğlum, Şahım mən filosofam, ilahiyyatçıyam. Bunu belə deyəndə bir az qəribə səslənir.Çünki, əsrlərlə bizim beynimizi səhv məlumatla doldurublar. İnsanı aşağılayıblar.Amma Allah insanı aşağılamayıb .O insanı hər bir yaradılmışdan yüksək tutub, belə olmasaydı, şeytana insana səcdə etməyi əmr edərdimi? Bizim dinimizin kökü burdan qaynaqlanır: insan hər bir yaradılmışdan üstündür.Tanrı ona öz ruhundan üfürüb.Bu nə deməkdir? O deməkdir ki, Tanrının ruhu bizdə yaşayır.
Miranşah beyninin dumanlandığını hiss edir. Eşikağası cəld
-Zaman-zaman torpağa kömülən insanlara Allahmı deyirsən, qoca?-deyir
Miranşah özünə gəlir
-Nə sərsəmləyirsən ,qoca-bağırır.Onda dünyada bu qədər Allahmı var? Sən indi Allahsanmı ?
-Bəli, şahım, hər bir kamil insan Allah nurudur. Bizim ruhumuz Allahındır və ona qovuşacağıq.
Miranşah qəzəblə və bir qədər də hökmünü göstərmək amacı ilə
-Edam edilsin –deyir.
Ustadım
-Övladım bir məni dinləyin –deyir.
-Nə dinləyim… .Deyirsiniz mənim tabeliyimdə olanlar da Allahdır?
-Əgər kamil insanlardırsa ,bəli .Kamil insan ...-Ustadımın sözü yarımçıq qalır.Miranşah əli ilə “Aparın” işarəsi verir.
Və ustadımı amansızlıqla, dinləmədən, tələsik edam edirlər.Ustadım onu müşaiət edən müridlərindən birinə” Nəsimi, Ayişəni də götürüb Şamaxıdan çıxsın .Bu həm onun , həm də Şamaxı camaatının təhlükəsizliyi üçün vacibdir”- tapşırığını verir.
Miranşah isə öz hərəkətinə haqq qazandırmaq və camaatı qorxu altında  saxlamaq üçün edam meydanında elan edir: “Bir nəfər də  hürufini sağ buraxmayın”
Xəbər ildırım sürəti ilə Şamaxıya yayıldı.Və sonuncu məclisdə “Hərə bir tərəfə dağılsın”-əmri aldıq .
  Soyuq, yağışlı bir  payız günündə  Ayişəni də yanıma alıb Şamaxıdan uzaqlaşmalı oldum. Yola düşməzdən bir gün öncə nənəm molla gətirib Ayişə ilə mənim kəbinimi kəsdirdi və bundan sonra birlikdə yola çıxmanın mümkünlüyünü söylədi.Atalar bu yerdə deyib :«Sən saydığını say, gör fələk nə sayır”.
 Şəhərin yaş, çınqıl döşənmiş küçələri ilə addımlayıb Cümə məcsidinə tərəf endik Ayişə tez-tez dönüb arxaya baxırdı. Qohumlardan heç kəsi bizi müşayiət etməyə qoymadım .Onların təhlükəsizliyi üçün belə lazım bildim .İnsan üçün ona əziz olan qohumlardan  ayrılmaq çox çətindir. Boğazıma acı bir qəhər dirənmişdi, lakin ağlamırdım, daha döğrusu Ayişənin yanında ağlaya bilməzdim. Amma  mənim yerimə (elə Ayişənin də yerinə ) Şamaxı ağlayırdı .Şəhər bizi bozarmış üzlə yola salırdı Damların kirəmitlərindən, novçalardan su şırıldayırdı .Göylər də bomboz idi .Günəş bozarmış buludların arxasından sezilmirdi .Ustümüzə ara vermədən çisəyən payız yaşışı yağırdı .Yağış  su keçirməyən örtülərimizdən, üst geyimlərimizdən süzülüb ətrafa tökülürdü .İçimdə dibsiz bir uçurum açılmışdı, şəhərdən uzaqlaşdıqca bu uçurum böyüyürdü.
 Cümə məcsidinin yanında bizi iki qüvvətli atla Şahi Xəndan gözləyirdi.Gözəl üzü çox qəmgin idi. Daha bir də bir- birimizi  görməyəcəyim qorxusu qəlbimə doldu  .Boynunu qucaqlayıb ağlamaq keçdi içimdən .Amma onu və Ayişəni üzmək istəmədiyim üçün   fikrimdən vaz keçdim.
-Qardaşım,  təki gün xoş olsun. Gün xoş olandan sonra hər yer vətəndir dedim.
-Əlbəttə, -Şahi Xəndan gülümsündü –çalış ağıllı ol, özünü qoru, tədbirli ol, gözünü yumub özünü oda atma .Sənin himayəndə bir qadın da var .Sən həm özün üçün, həm də onun üçün yaşamalısan .
-Bundan əmin ol .Ağıllı və tədbirli olacam. Həm sizin üçün, həm də Ayişə üçün .Ara sakitləşsin gələcəm də .Nə var ki ...-İstəyirdim qəlbi təskinlik tapsın .-Nənəmə, anama göz ol darıxmasınlar ..dedim
-Oldu.
Üzümə baxmırdı… yəqin ki, ağlamaqdan qorxurdu...Onun gözlərimdən qaçırdığı gözlərini ,  o gün bomboz bozarmış Şamaxını, arxamca axan su səsini unutmadım heç ...
 Yolboyu nənəmin səsi qulaqlarımdaydı ...”Mən daha dağlara üz tutmayacam, baxmayacam, o dağların gülünü iyləməyəcəm”
 O  dağların havasını qoxlamayacam bir də ...içimdə bir səs elə hey təkrarlayıb dururdu...aramsız təkrarlayıb dururdu...
                            ...      ...    ...
Uzun bir yolçuluqdan sonra  gəlib Hələbə yetişdik. Hələb şəhərində dünyanın hər yerindən adam var :başqa millət, xalq nümayəndələrinin burada çox olması  şəhəri bir qədər sirli və müəmmalı edib.Burada elə məhəllələr, küçələr var ki, içində azmaq belə olar.Şəhər əhalisinin çoxu xırda ticarətlə məşğuldur.İsti yay günlərində mis, saxsı qablarda sərin su satan uşaqlar burada qarışqa kimi qaynaşırlar.Uşaqların rəngi günəşdən qapqara yanıb, amma su satmağa həvəsli görünürlər, hətta uşaqlar arasında su satmaq uğrunda rəqabət də olur.Bəzi uşaqlar qovrulmuş fındıq, qoz və başqa çərəz satırlar.Amma əhalinin daha çox sərin suya tələbatı var .Şamaxıdan fərqli olaraq burada küçədə gənc qızlar heç gözə dəymir, şəhər qarışıq olduğu üçün gənc qızların görünməsi xətalı sayılır, amma kobud geyimli qaravaşlar şəhərin qarışıq küçələrin ələk –vələk edir;kimisi nabat, kimisi də ətriyyat dükanından ətriyyat almağa tələsir.Hələbin sirli evlərində isə bu qaravaşları nərmə- nazik xanımlar gözləyir.Bəzən şəhərdə sirli söhbətlər gəzişir ki ,bu xanımlar özləri də qaravaş paltarında Hələbin küçələrində gəzişirlər.
 Hələb şəhərindəki qaynarlıq mənim yadıma “Min bir gecə “ nağıllarını salır.Çox güman ki, Hələbdə harınlamış, şəhvət əsiri əyanlar, sultanlar və hər an onların toruna düşməyə hazır olan qadınlar da var .Bəzən yandırıcı istidə gözünün sürməsi axan qadınlara çox rastlaşıram. Qadınlar...bu zərif və zəif məxluqlar orta əsrlərdə kişilərin istismarına çox məruz qalıblar.Hökm yiyəsi olan cahil insanlar,-fatehlər həmişə məğlub etdikləri ölkənin gözəl qadınların cinsi istismara məruz qoyublar; onları sərvət kimi əldə etdikləri varidatın baş köşəsinə oturdublar, onlardan həm özləri istifadə edib, həm də əyanlarına dost-tanışlarına ərməğan ediblər.Təsəvvür edirsizmi hansısa şahın gözünün nuru qızı hansısa yüzbaşının yasovulun, sərkərdənin, döyüşçünün cariyəsinə çevrilir...Kişilərin doymaz ehtirasları kasıb qızlarını da varlı qızlarını da cariyəyə çevirib (Bəzən isə onları fahişəliyə qədər alçaldıblar) İşləməyi qadına qadağan edən orta əsr əxlaqı ona fahişəliyi layiq bilib.Nə etməli ...
 Kişilərin çoxu əl işləri: dülgərlik, ustalıq, bənnalıqla məşğuldur .Qazancları ailələrini birtəhər saxlamağa bəs edir, yəqin.Nə isə…
...   ...    ...
Ayişə ilə tələsik kəbin kəsdirib yola düşmüşdük .Lakin hələ də ər -arvad olmamışdıq
-Ayişə, canım mənim, nədən belə qaşqabaqlısan?
-...
Bilirəm...çox şeylər oldu...Bütün bunlar bizim üçün dəhşətli və gözlənilməz oldu.Lakin hər şey keçəçək, hər şey keçicidir.Üzülmə olurmu? Zaman hər şeyi qaydasına qoyacaq
-Keçəcəkmi? Nəsimi, insanlar atamı qətl etdilər.Onun heç kimlə işi yox idi, o xeyirxah idi, təhsilli idi, alicənab idi :yetimlərə, qocalara, aclara kömək edirdi.Təbrizdə imkanımız yaxşı idi,  kasıbları pulsuz oxudurdu.
-Bütün bunlar atanı kamil insan etdi, o Allah kimi kamil oldu və indi Allahın hüzuruna çıxmaq üçün Bərzəx aləmində gül-çiçəklər, nurlar içərisində uyuyur.
-Uyuyur...Mən bunun belə olduğunu haradan bilim? Yox əgər belə deyilsə? O əbədilik yox olubsa?
-Belədir, Ayişə .Sən bütün insanlığa, yüz iyirmi dörd min peyğəmbərə qarşımı gəlirsən?
-Ah ,Nəsimi nədən atamı edam etdilər? O ki dindən kənar bir şey söyləmirdi.
-Söyləmirdi...Düzdür...Amma insanlar hamısı kamil insan deyil, cahil insanlar çoxdur.
 
-Nədən cahil insanlar həmişə hökm yiyəsi olurlar?
-Olmayanlar da var.Bir çox cahil insan var ki, heç bir hökmü, səlahiyyəti yoxdur.Bunlar dünya işləridir, kökü dərindədir; Allahı eşitməyən şeytan özünə haqq qazandırmağa çalışır.İnsanlar “Quran”da adı keçən bir məsələni anlasalar,-nə üçün Allah şeytana  insana baş əyməyi tapşırdı,- bunu anlasalar. Hər şey çox gözəl olar .Və insanlar “Allah məndə təcəlla edir, onun ruhu məndə yaşayır”-deyənləri asmaz.
                            ...    ...   ...
-Ayişə gəzəkmi şəhəri?
-...
-Nədən istəmirsən?
-İnsanları görmək istəmirəm. Onların günəşdən yanmış qaralmış, tüklü sifətləri  mənim yadıma atamın edamını salır.Onlar çox rəhmsizdirlər, Nəsimi.İnsanlar çox rəhmsizdirlər. Sənsə deyirsən ki, insanlar Allahdır.Belə rəhmsiz, qansız, düşünə bilməyən kütləyə Allah demək olarmı?
-...
İnsanlar nədən etiraz etmədi? Cəllad nədən etiraz etmədi? O qansız Miranşah nədən atamı dinləmədi, anlamadı?
-Onlar hamısı cahil insanlardır.
-Nədən cahil insanlar belə çoxdur.Bəs birdən bir az da çoxalsalar? Kamil insanları qətl edib qurtarsalar?
-Olmaz elə şey ...Kamil insan həmişə olacaq.Elə bir zaman gələcək ki, daha çox olacaq, cahil insanlar onların qarşısında öz bəd əməllərin gizləyəcəklər, onlar kamil insanlara baxıb tərbiyələnəcəklər.
-Ah ,Nəsimi buram çox ağrıyır, əlini köksünə qoyur.
Artıq mövzunu dəyişməyin, onu bu söhbətlərdən uzaq tutmanın vacibliyini dərk edirəm.
 
             ...     ...   ...
-Çayın sahili gözəldirmi ,Ayişə?
-Gözəldir-Ayişə  axıb gedən sulara tamaşa edirdi.
-Nə qəribədir ...Ayişə .İnsan taleyini bilməz ...Düz deyiblər.
-Mənim üçün elə də gözlənilməz deyil  bura gəlməyimiz .Ömrüm belə səfərlərdə keçib .
-Bilmədən yenə də söhbəti onun üçün ağrılı nöqtəyə çəkmişdim, odur ki, tez mövzunu dəyişdim.
-Ayişə mənimlə evli olmaqdan narazı deyilsən ki ...Bir az tələsik oldu .Məni sevirsənmi Ayişə?
-...
-Mən səni çox sevirəm .Bunu biləsən.
-Təşəkkürlər.
Yavaşca onu özümə tərəf çəkirəm .Etiraz etmir.Bədəninin incə təması nəfəsimi kəsir.Onu köksümə daha bərk sıxmaq istəyirəm, özümə etiraf etməsəm də nəfəsi kəsilincəyə qədər daha bərk ...Başım gicəllənir, sanki qulaqlarımda əzəli və əbədi bir musiqi gurlayır.
Osa yavaşca məni itələyir...

0 şərh