Ədəbiyyat nəzəriyyəsinin predmeti və başqa fənlərlə əlaqəsi

Ədəbiyyatşünaslıq ən qədim elmlərdən biridir. Bu elmin qədim və dövrümüzə qədər gəlib çıxmış klassik nümunəsi — Aristotelin “Poetika” əsəri yeni eradan əvvəl dördüncü əsrdə Yunanıstanda meydana çıxmışdır. Sonrakı iyirmi dörd əsr ərzində dünya xalqlarının yüzlərcə dilində milli ədəbiyyatlar yaranmış və inkişaf etmişdir. Ədəbiyyatların belə milli əlvanlığına baxmayaraq onların hamısını birləşdirən ümumi xüsusiyyətlər vardır. Bunlar ədəbi dilin, bədii qavrayışın, bədii əsərin quruluşunun və yaradılması prosesinin ümumi xüsusiyyətlərinə aiddir. Bu xüsusiyyətləri, onları əks edən əsas anlayış və terminləri ədəbiyyatşünaslığın əsasları və ədəbiyyat nəzəriyyəsi öyrənir.

Ədəbiyyatşünaslığın əsasları ədəbiyyat elmi haqda ümumi məlumat verir və onun əsas anlayış və terminlərini yığcam, sistemli şəkildə izah edir. Bu fənn adətən filoloji təhsilin əvvəlində, birinci kurslarda tədris edilir. Yalnız ədəbiyyat tarixi və dünya ədəbiyyatı barədə geniş biliklər alındıqdan sonra ədəbiyyat nəzəriyyəsi bu bilikləri nəzəri cəhətdən əlaqələndirəm və müqayisəli şəkildə izah edən və sistemləşdirən bir fənn kimi öyrənilir. Ədəbiyyat nəzəriyyəsinin əsas termin və anlayışlarını yaxşı mənimsəmək və təsəvvür etmək üçün ı üç-dörd ədəbiyyatın tarixini, təcrübəsini az-çox bilmək zəruridir.

Ədəbiyyat tarixini ilk dəfə fransız filosofu F.Bekon 1605-ci ildə öz traktatlarından birində müstəqil elm adlandırmışdır. Bu elmin Avropa universitetlərində tədrisi isə XIX əsrdən başlanır. İlk ədəbiyyat tarixi kursları yunan-Roma ədəbiyyatları tarixinə aid idi, sonralar konkret Avropa ədəbiyyatlarının tarixləri də müstəqil fənlər kimi tədris olunmağa başlamışdır.

Bu ədəbiyyatlar sırasında Qərbi Avropa ədəbiyyatı kursu xüsusilə vacibdir, Rusiya və Azərbaycanda müstəqil fənn kimi tədris olunur. Ədəbiyyat nəzəriyyəsinin əsas nəzəri və terminoloji əsasları bu ədəbiyyatlarda, xüsusilə qədim yunan-Roma ədəbiyyatında yaranmış və digər xalqların ədəbiyyatlarına keçmişdir. Yunan-Roma ədəbiyyatının əsas nümunələri Y11-1X əsrlərdə ərəb dilinə də tərcümə olunmuşdur və nəticədə ərəb dilində müsəlman ədəbiyyat nəzəriyyəsi — Şərq poetikası və onun terminoloji bazası da yaranmışdır. Bu terminlərin bir qismi şərq yolu ilə Azərbaycan dilinə keçmişdir. Ona görə bir sıra müsəlman xalqları, məsələn biz azərbaycanlıların dilində paralel olaraq həm Avropa ədəbiyyat nəzəriyyəsi məktəbinə, hə də qismən müsəlman ərəb dilli poetika məktəbinə aid terminlər işlənir. Məsələn, poeziya-şeir, oda-qəsidə, proza-nəsr, stil-üslub və s. Müasir elmi dilimizdə bu anlayışlar elmi sinonimlər kimi işlədir.

Qərb-xristian və şərq-islam ədəbi termin ənənəsindən başqa Azərbaycan dilində və başqa xalqlarda ədəbi terminologiyanın üçüncü milli bir qismi də mövcuddur. Hər xalqın və hər dilin özünə məxsus olan milli ədəbi terminologiyanın əsas mənbəyi, ilk növbədə, həmin dildə olan şifahi xalq ədəbiyyatıdır. Bu terminlər keçmişlərdən el içində yaşayıb yaratmış söz ustaları tərəfindən işlənib yaddaşlarda möhkəmlənmişdir. Bayatı, qoşma, nağıl, oxşama kimi terminlər buna misal ola bilər. “Dədə Qorqud” dastanlarında da dastan mənasında “boy”, təhkiyə mənasında “söyləmə” kimi mühüm terminlər işlənir. Əlbəttə, bütün dünyada yunan-Roma mənşəli terminlərə üstünlük verilir və onları işlətmək elimi dəqiqlik və yekmə-nalıq baxımından daha münasibdir, Qərb dillərini öyrənmə zamanı da yardımçı ola bilir.

Ədəbiyyat nəzəriyyəsinə yaxın olan fənlərdən biri də ədəbi tənqiddir. Tənqid müasir ədəbi prosesi izləyən və araşdırıb qiymətləndirən elm sahəsidir. Tənqid mətbuatla qırılmaz şəkildə bağlı olsa da, öz təbiəti etibarı ilə nəzəri bir elmdir. Ədəbiyyat tarixinə və nəzəriyyəyə aid bütün klassik traktatlar bir qayda olaraq müasir ədəbiyyatdakı faktlar və mübahisələrlə bağlı yaranmışdır. Sonradan bu əsərlərin nəzəri əhəmiyyəti ədəbiyyat tarixçilərinə məlum olmuşdur.

Ədəbiyyat nəzəriyyəsinin əsas vəzifələrindən biri ədəbi termin və nəzəriyyələrin tarixi aspektdə öyrənilib mənimsənilməsidir. Bu fənn termin və nəzəriyyələr arasında əlaqələri onların yarandığı ardıcıllıqla bərpa edir. Sovet vaxtı yazılan ədəbiyyat nəzəriyyəsi dərsliklərində buna əhəmiyyət verilmir və klassik filologiyanın ənənələrinə laqeydlik göstərilirdi. Marksist ədəbiyyat nəzəriyyəsi çox zaman ədəbiyyatın spesifikasına laqeydlik göstərir və dialektik və tarixi materializm adlandırılan öz rəsmi fəlsəfi doktrinasını ədəbiyyat nəzəriyyəsinə və estetikaya da süni surətdə tətbiq edirdi. Bunun nəticəsində sovet vaxtı buraxılan ədəbiyyatşünaslığın əsaslarına dair dərsliklərdə partiyalılıq və xəlqilik, yaradıcılıq metodu, forma və məzmun vəhdəti, ideyalılıq və tipiklik kimi ədəbiyyatın spesifikasını çox zəif əks etdirən nəzəri problemlər işıqlandırılırdı. Bu gün onlar ədəbiyyat nəzəriyyəsinin əsaslarında ciddi yer tuta bilməz

Biz sayırıq ki, ədəbiyyat nəzəriyyəsinin əsas məqsədlərindən biri ədəbi termin və anlayışların yarandıqları tarix ardıcıllıqla və onların ilkin mənalarını açaraq şərh edilməsidir. Bu istiqamətdə klassik filologiya məktəbində də təşəbbüslər olmuş və tarixi poetika adı almışdır. Bundan başqa Hegel kimi böyük nəzəriyyəçilər ədəbiyyat nəzəriyyəsinin kateqoriyalarını tarixi ardıcıllıqla və insan təfəkkürünün inkişafına paralel şərh edilməsinə xüsusi əhəmiyyət vermişlər. Biz də sayırıq ki, tarixilik prinsipi ədəbiyyat nəzəriyyəsinin şərhində və izahında əsas metodoloji istiqamət və əsas olmalıdır.

Ədəbiyyat nəzəriyyəsinin əsas problemlərindən biri ədəbiyyatın insan fəaliyyətinin sahələrindən biri kimi mənşəcə ciddi surətdə izah edilməsidir. Ədəbiyyat necə yaranıb, o insanların hansı ehtiyaclarını ödəyir? Marksist ədəbiyyatşünaslıq bu suallara ancaq ümumi şəkildə cavab verir və ədəbiyyatı ictimai şüurun formalarından biri kimi səciyyələndirirdi. Lakin bu, qaneedici sayıla bilməz, çünki ədəbiyyat mənşə və funksiyaca ictimai olduğu qədər də fərdi şüur formasıdır və biz bu kitabda həmin məsələyə geniş yer ayırmışıq. Ədəbi qavrayış, bədiilik, yaradıcılıq prosesi, ədəbi obraz kimi ədəbiyyat nəzəriyyəsinin fundamental anlayışları məhz fərdi yaddaş və şüurla ilk növbədə bağlıdır.

Biz ədəbiyyat nəzəriyyəsini ədəbiyyatın termin və anlayışlarının törəmə tarixi kimi şərh etməyə əsas diqqət yetirmişik. Bu prosesdə elə problemlər ortaya çıxıb ki, onlar ənənəvi ədəbiyyat nəzəriyyələrində heç zaman qoyulmayıb. Bunlardan biri dilin mənşəyi və ya semiotikanın ortaya qoyduğu vahid mətn mədəniyyəti və onun mənşəyi məsələsidir. Bu problemi əhatəli şəkildə qoymaq üçün biz dilin mənşəyi haqqında öz nəzəriyyəmizi şərh etmişik və ədəbiyyatın mənşəyini də bu nəzəriyyə işığında izah etmişik.

İndiyə qədər belə hesab olunub ki, əvvəlcə şifahi ədəbi dillər və folklor formalaşıb, sonra isə onların əsasında yazılı dil və ədəbi dillər yaranıb. Biz bu geniş yayılmış nəzəriyyəni yanlış hesab edirik. Bu kitabda fonetik dilin inkişafı və müasir sərhədsiz, vahid mətn mədəniyyətini yaratması yazının yaranmasının nəticəsi mimi izah edilmişdir. Bu nəzəriyyəni geniş şərh etmək üçün biz dilin mənşəyi, ədəbi dillərin formalaşması prosesini də ədəbiyyat nəzəriyyəsinin predmetinə daxil etmişik. Məsələnin belə qoyuluşu zamanı mifin və mifyaratmanın dilin mənşəyi və təbiəti ilə ayrılmaz bağlılığı üzə çıxır.

Belə halda yazılı dil anlayışı və onun nəzəriyyəsi ədəbiyyat nəzəriyyəsinin tərkib ünsürü olur və müasir dilçılıkdə olduğundan fərqli bir məna qazanır. Yazılı dilin normativliyini hazır bir şey kimi alıb araşdıranda o mətbuat dili anlayışı ilə eyniləşir. Lakin ədəbi dillərin formalaşmasına tarixilik prinsipini tətbiq edəndə, o yazının və xüsusilə vahid mətn mədəniyyəti anlayışının tarixi baxımda izah edən bir elmə, dilin mənşəyinin təkamül nəzəriyyəsinə çevrilir.

Belə olan halda yazılı kitab dilinin formalaşma tarixi marksizmdə vulqar şəkildə qoyulan ədəbi təsir, tərcümə, təqlid və təbdil problemləri milli ədəbiyyatların mənşəyinin əsas forması kimi ortaya çıxır.

Ədəbiyyat nəzəriyyəsinin bağlı olduğu elmlər sırasında ilk növbədə dilçiliyi və onun leksika, üslubiyyat, ədəbi dil və s. kimi bölmələridir. Əslində ədəbiyyat və dil elmi ayrılmazdır və yaxşı ədəbiyyatçılar dil elmlərini tam həcmdə bilməlidirlər. Dil elminin əsas predmeti olan yazılı mətnlər dilçilikdə dil qanunları baxımından öyrənilir. Ədəbiyyat elmində isə dil əsasən mənayaratma və obrazyaratma baxımından, digər tərəfdən isə semiotika elminin irəli sürdüyü vahid mətn mədəniyyətinin nəzəriyyəsi və tarixi baxımından öyrənilir. Semiotika insanların istifadə etdiyi bütün işarə sistemlərinin ümumi əsaslarını öyrənir, ədəbiyyat nəzəriyyəsi isə ancaq söz işarəsinin və sıralarının bədii funksiyalarını və təbiətini öyrənir.

Ədəbiyyat nəzəriyyəsi fəlsəfi elmlər, xüsusilə estetika ilə bağlıdır. Tarixən estetika ədəbiyyat haqqında elmin tərkibindən çıxıb müstəqil elm olmuşdur. Estetika bədii yaradıcılığın ədəbiyyatdan fotoya qədər bütün sahələrini əhatə edən universal kateqoriyaları və qanunları öyrənir. Ədəbiyyat nəzəriyyəsi isə ancaq ədəbi yaradıcılığa aiddir, yəni ancaq söz vasitəsilə reallaşan bədii yaradıcılıq sahəsini öyrənir. Ədəbiyyat nəzəriyyəsini ədəbi qavrayış və ədəbi yaradıcılıq, ədəbi qiymətləndirmə kimi bölmələri fəlsəfənin təfəkkürü öyrənən qneseologiya (idrak nəzəriyyəsi) və psixologiya ilə bağlıdır. Ədəbiyyatın bu fənlərlə əlaqəsi ədəbi yaradıcılığın da insanın dünyanı mənimsəməsi və dərk etməsi prosesinin bir sahəsi olması ilə əlaqədardır.

Ədəbiyyat nəzəriyyəsi dinlərin tarixi və nəzəriyyəsi ilə bağlıdır. Mif, din, ədəbiyyat eyni kökləri olan, dünyanı sözlə izahın bir-birini tamamlayan tarixi formalarıdır. Ədəbiyyat nəzəriyyəsi dinin ehkamlarını da kanonikləşdirilib Allaha aid edilmiş ədəbi obrazlılıq forması kimi izah edir. Dünyanı izahetmə baxımından dini mətnlərin hamısı ədəbi mətnlərlə eyni təbiətlidir.

Müəllif: tənqidçi Rəhim Əliyev
Mənbə: "Ədəbiyyat nəzəriyyəsi" kitabı, Bakı, 2008

 

 

0 şərh