Süjet və kompozisiya

Yazıçı qələmə almaq istədiyi fabulanı əsərə çevirərkən fantaziyasında yaratdığı müxtəlif obraz formalarını, konflikt və vəziyyətləri sıralandırmaqda sərbəstdir. Müəllif qələmə almaq istədiyi hadisələri istədikdə əvvəldən sona, istədikdə isə sondan əvvələ doğru nəql edə bilir. Bu yazıçının müəllif niyyətindən, həyat biliyindən, fantaziyasından, hansı epizodlara daha artıq əhəmiyyət verməsindən asılıdır. Epizod hadisəni təşkil edən ayrı-ayrı hərəkətlər və hissələrdir.

Süjet. Bədii əsərin yazılması prosesini fabulanın konkret süjetə (fransızca: predmet, məzmun) çevrilməsi kimi də təsəvvür etmək olar. Məsələn, sadə bir fabula götürək: şəhərə nabələd bir kişi Bakıya öz oğlunu axtarmağa gəlir və onu tapa bilməyib kəndə qayıdır və oğlunu evdə tapır. Bu fabulanı qalın bir kitab həcmində də, balaca bir hekayə kimi də yazmaq olar. Amma konkret yazıçı bu süjeti, ilk növbədə, öz qayəsinə və həyat biliyinə, yəni əvvəlcədən malik olduğu material və obraz bazasına əsasən qələmə alır. Yazı prosesində yazıçı ağlına gələn epizodların hamısını yazmır, onlar içərisində seçmə aparır, mühüm saymadığı epizodları atır, mühüm olanları isə yazır. Əsər hazır olanda onun mətni müəyyən hadisə və epizodların ardıcıllığından ibarət olur: hazır əsərdəki bu hadisə və epizod xətti əsrin süjetini təşkil edir.

Əvvəllər süjet termini müasir elmdə işlənən mövzu (tema: yunanca əsas fikir) termininə yaxın olmuşdur. Bu iki termində mənaca bağlılıq vardır: süjet əsərin əsasında duran hadisələri bildirməklə onun mövzusuna müəyyən qədər işıq salmış olur. Mövzu termini əsərdəki hadisələrin insan və cəmiyyət həyatının hansı sahəsinə aid olduğunu göstərməyə xidmət edir. Əsərləri adətən məhəbbət, qəhrəmanlıq, tarixi, əmək, bioqrafik, inqilabi, ailə məişət, elmi, səyahət və s. mövzulara aid edirlər.

Süjet əsasən hadisələrin inkişaf xəttidir, onların sıralanmasıdır. Süjet yaratmaq ustalığı yazıçının fəhmlə apardığı seçimlə müəyyən olunur. Yığcam hekayə ustası olan E.Hemenquey deyirdi ki, yazıçı yazı zamanı çox şeyi yazmaya bilər, buraxa bilər, amma bir şərtlə ki, o nələri buraxdığını aydın bilsin. Bu qeyd süjetqurma prosesində fantaziyanın və seçimin rolunu qeyd edir: yazıçı tanımadığı şəhərdə oğlunu axtaran atanım sərgüzəştlərini min epizod kimi də yaza bilər, on epizod kimi də. Yaxşı yazıçı epizodları azaltmağa və bununla obrazın konkretliyini və görümlü-lüyünü artırmağa çalışır. Söz obrazın təbiəti yığcamlıq sevir, o nə qədər yığcam olsa, daha əsan təsəvvürə gəlir.

Ədəbiyyatşünaslıqda süjet termini çox vaxt fabulaya yaxınlaşır və ya onunla eyniləşir. Bu terminlər şərti və bir-birinə yaxındır. O biri tərəfdən, kiçik hekayə janrında, yığcam süjetli digər əsərlərdə yazıçının əsər üzərində düşünərkən qurduğu fabula ilə əsər hazır olandan sonra alınan süjet yaxın olur. Ona görə də bir çox hallarda süjet həm də fabula mənasında işlənən termin olur. Əgər yazıçı əsəri yazmadan yeni süjet tapdığını deyirsə, bu halda o, süjet terminini həm də fabula mənasında işlədir.

Süjet ədəbi əsərdə obrazların ardıcıllığını əks edən bir anlayışdır. Ona görə də qədimlərdən bəri yaradıcılıqda süjetlərin roluna xüsusi əhəmiyyət verilib. Dini ədəbiyyat erasında bütün süjetlər müqəddəs kitablara əsaslanırdı. Müqəddəs kitaba aidlik bir növ süjetin mədəni əhəmiyyətini və statusunu təyin edirdi: şair Yusif və Züleyxa əhvalatını yazırdısa, hamı bu süjetin Bibliya və ya Qurandan götürüldüyünü bilir və buna görə həmin süjetə ortodoks dindarlar belə irad söyləyə bilməzdilər. Ədəbiyyat və sənətə şübhə ilə yanaşan müsəlman ortodoksları üçün süjetlərin qurandan götürülməsi və ya daha qədim kitablardan götürülməsi onların mədəni və estetik statusunu və dəyərini göstərirdi.

Lakin intibah dövründən başlayaraq süjet yaradıcılığının dini kitablardan uzaqlaşması baş verir: intibah klassikləri antik ədəbiyyata və qədim tarix kitablarına, xronikalara üz tutur və orada süjetlər götürürdülər. Farsdilli ədəbiyyat Quranla bağlı olmayan süjetləri Firdovsinin “Şahna-mə”sindən, qərb intibahı xadimləri isə antik müəlliflərdən götürürdülər. Məsələn, Vilyam Şekspirin süjetlərinin çoxu tarixi xronikalardan götürülmüşdür. Deməli, hələ intibah dövründə də süjetin (indiki terminlə mövzunun) dini olmasa da digər qədim və mötəbər kitablardan götürülməsi onun mədəni əhəmiyyətini xeyli dərəcədə təyin edirdi.

Yalnız romantizm və realizm erasında insanların adi və gündəlik həyatları ədəbi əsər süjeti üçün yararlı, estetik baxımdan dəyərli sayılmağa başladı. Bu isə ədəbiyyatın predmetinin tarixi insana tərəf dönüşü ilə bağlı idi.

Geniş mənada götürəndə süjet də obraz formalarından biridir və digər obraz formaları kimi ədəbi tərəqqi boyu dəyişmişdir, təkamül etmişdir. Ona görə də tarixi aspektdə götürülən süjet janr nəzəriyyəsinin və tarixi poetikanın əsas anlayışlarından biridir. Müxtəlif ədəbiyyatşünaslıq məktəbləri, xüsusilə mifoloji və formalist məktəblər müxtəlif ədəbiyyatlarda və əsərlərdə özünü göstərən gəzəri və təkrarlanan süjetləri araşdırmağa çalışmış, onların köklərini, ilk mənbəyini axtarmışlar. Nəticədə süjetlərin qədim kökləri olduğu, bunların isə insan həyatının ümumi tərəflərini əks etdiyi üzə çıxıb. Sevgi, xəyanət, qəhrəmanlıq və s. ilə bağlı süjetlərin təkrarlanması onların bütün adamlara və cəmiyyətlərə məxsus əxlaqi təzahürlər və ehtiraslar olması ilə bağlıdır. Ədəbiyyatşünaslıq tarixində süjetləri məzmun və hadisəlik cəhətdən araşdırıb sistemləşdirmək təşəbbüsləri çox olmuşdur.

XX əsrin əvvəllərində “fikir axını” ədəbiyyatında süjetin rolunu azaltmaq, təhkiyəni fikir assosiasiyası və axını üzərində qurmağa cəhd edildi. Lakin bu ədəbiyyat tarixində eksperiment kimi qaldı: süjetsiz nəsr əsərlərini oxumaq oxucu qavrayışı üçün çətinliklər yaradır, ona görə “fikir axını” nəsri elitar bir ədəbi yol olaraq qaldı, XX əsrin ikinci yarısında gərgin süjetli detektiv janrına geniş maraq ədəbi yaradıcılıqda və onun qavrayışında süjetin fundamental əhəmiyyətini təsdiq etdi. Müasir kino nəsrinin inkişafı da süjetin əhəmiyyətini təsdiqləyir və onun hətta artdığını nümayiş etdirir.

Kompozisiya (latınca — düzmək, tərtib etmək) süjet təşkil edən epizodların zaman və məkanca düzülüş prinsipidir. Yazıçı bu düzülüşdən adətən süjetin əsası olan əhvalatı gərginləşdirmək, oxucunu nigaran saxlamaq və daha artıq cəlb etmək üçün istifadə edir. Epizodların kompozisiya kimi düzümünü əhəmiyyəti müasir kino seriallarında əyani şəkildə görünür. Serial müəllifləri nəinki epizodları yarıda saxlayır, hətta filmlərin hissələrini bitməmiş gərgin epizodlarla tamamlayırlar. Elə hallarda olur ki, müəlliflər oxucunu və ya tamaşaçını gərginlikdə saxlamaq üçün qəhrəmanların məhəbbət etirafı kimi səhnələri bir neçə seriya uzadırlar, onların arasına çoxlu ikinci dərəcəli epizodlar salırlar. Bu kompozisiya ustalığı hesab olunur.

İri roman və povestlərdə müəllif məkan və zamanca yaxın olan paralel epizodlar fikirləşir və onları yerləşdirərkən, düzərkən kompozisiya qurmanın nisbiliyi və ixtiyariliyindən istifadə edirlər. Məsələn, süjeti hadisənin sonundan əvvəlinə doğru nəql etmək kompozisiya düzümünə məxsus bir üsuldur. Məsələn, detektiv əsərlərində əsərin iştirakçılarında hansısa caninin kim olduğunu bilir. Lakin bunun üzə çıxması, tamaşaçıya və oxucuya məlum olması epizodu mütləq əsərin finalında getməlidir. Əgər caninin kim olması barədə bir epizod, replika əsərin əvvəlində və ya ortasında verilirsə, bu müəllifin qeyri-professionallığı əlamətidir. Belə aydınlaşmadan sonra oxucunun əsəri sona qədər maraqla oxuması mümkün deyildir.

Epik romanda, dram janrında, kinodramaturgiyada kompozisiya qurmaq ustalığı birinci dərəcəli əhəmiyyət kəsb edir. Səhnə üçün nəzərdə tutulan əsərdə hadisələrin tamamlanması, düyünün və ya konfliktin açılması kompozisiyanın əsas niyyətini təşkil edir. Hadisələr elə düzülməli, epizodlar elə ardıcıllıqla gəlməlidir ki, sonuncu epizodda hadisə də, qəhrəmanların taleyi də, konflikt də bitsin. İri romanda kompozisiyanı düzmək daha mürəkkəbdir: belə əsərlərdə hadisələr iki, üç və bəzən daha artıq xətt üzrə inkişaf edir. Belə halda epizodları və vəziyyətləri növbə-ləşdirmək xüsusi ustalıq tələb edir. Kompozisiya bütün hallarda müəllifin oxucu marağını hiss etməsi və əsərdə hadisələrin növbəliyi ilə onu idarə etmək istəyi ilə bağlı olur.

Bundan əlavə əsərin kompozisiya düzümü onun bədii bütövlüyünü yaradan vasitələrdən biridir. Kompozisiya hissi yazıcıya nəinki maraq yaratmaq üçün, həm də əsərin obraz kimi bütövlüyünü və görümlü olmasını təmin etmək üçün lazımdır. Peşəkar yazıçılarda heç zaman süjeti ağırlaşdıram, onu gərəksiz və yükü az olan epizodlarla yükləyən kompozisiya quruluşuna təsadüf edilmir. Gərəksiz epizodlar məhz kompozisiya tərtibi zamanı hiss edilir və atılır. Ona görə də kompozisiya səliqəsi ədəbi əsərin bədii bütövlüyünün əsas əlamətlərindən biridir.

Ədəbi əsər kiçik olduqca onun kompozisiya tərtibi daha çətin olur və daha artıq peşəkarlıq tələb edir. Bu mənada, hekayə və novella janrlarında bəzən kompozisiya ustalığı ilk plana keçir. Yığcam hekayədə fabula, süjet və kompozisiya yazıcının xüsusi forma hissində, xüsusi ədəbi bütövlük hisində birləşirlər. Ona görə də dünya ədəbiyyatında hekayə ustaları barmaqla sayılacaq dərəcədə azdır.

Əsərin əvvəlindən başlayaraq kompozisiya ardıcıllığını əks edən bir sıra terminlər işlənir. Bu terminlərin əksəriyyəti əsasən dram nəzəriyyəsinə aid əsərlərdə yaranmışdır. Dram əsərinin kompozisiyasını qurmaq nəsrə nisbətən çətindir və daha artıq peşəkarlıq tələb edir. Səhnə əsərində nəqli təsvir yoxdur, ansan qəhrəmanların hərəkətləri və bu hərəkətlər əsasında inkişaf edən münasibətləri vardır.

Ekspozisiya — (latınca: ilkin izahat) əsrin başlanğıc hissəsində gələn epizod və hadisələrə deyilir. Bu hadisələr süjetin sonrakı inkişafı, surətlərin münasibətlərinin açılması üçün əsas olur. Ekspozisiyanın düzgün qurulması əsərin sonrakı inkişafının təbii və məntiqi davam etməsi üçün çox zəruridir.

Ekspozisiyadan sonra gələn hadisələr adətən zavyazka, yəni düyün yaratma adlanır. Zavyazka əsərdə baş verməli olan düyünlü hadisənin ilk epizodlarıdır. Həmin epizodla əsərdə əks mövqedə və qütbdə duran obrazlarının münasibətlərini aydınlaşdırır. Bu münasibətləri tədricən, hadisələr fonunda, onların nəticəsi kimi verə bilmək dramaturqun sənətkarlığının mühüm göstəricisi sayılır.

Zavyazka hadisələri və düyünü kulminasiya nöqtəsinə gətirib çıxarmalıdır. Kulminasiya isə — əsərin əsasını təşkil edən hadisə öz gedişinin ən gərgin nöqtəsinə çatır və onun qəhrəmanların əsərdəki taleyini tamamlayan nəticələrini ortaya çıxarır. Bu hissədə münasibətlər aydınlaşır, əsas hadisə baş verir və ya hadisənin üstü aşılır.

Razvyazka — düyünün açılması deməkdir və əsərdəki hadisələrin bitməsidir. Peşəkar yazıçı hadisələrin bütün mərhələlərində olduğu kimi, razvyazkanı da hadisələri tələsdirmədən qələmə alır. Əsas surətlərin bir çox xüsusiyyətləri və müəllifin əsas fikri məhz razvyazka mərhələsində qabarıq şəkildə üzə çıxır. Teatr və kinoda razvyazka final termini ilə adlanır. Teatrda isə final tamaşanın son epizodudur.

Ədəbiyyat elmində bədii əsərin süjet, kompozisiya quruluşuna, bütövlüyünə aid bir sıra terminlər işlənir. Proloq və epiloq terminləri müəllifin əsərin əsas süjetinə aid olmayan və onu şərh edən giriş və son söz kimi yazılan hissələridir. Epiloq və proloq əsərin qalan mətnindən ayrılır. Proloq (yunanca: ön söz) əsərin mətnində xüsusi səhifədən başlanan müəllif qeydləridir. Müəllif əsər, qəhrəmanların taleyi haqqında oxucunu maraqlandırmalı olan sözlərini deyir. Epiloq (yunanca: son söz) əsər bitdikdən sonra adətən qəhrəmanların sonrakı taleyi barədə müəllifin qeydlərindən ibarət olur. Müasir nəsrdə proloq və epizod az hallarda yazılır.

Əsərin birinci səhifəsinin başında yazılan başqa bir müəllif qeydinə epiqraf (yunanca: qəbirüstü yazı) deyilir. Epiqrafda ya əsərin həsr edildiyi şəxsin adı göstərilir, ya da onun məzmunu ilə bağlı hikmətli fikir və ifadə verilir. Bəzi hallarda əsərin ayrı-ayrı hissələrinə də ayrıca epiqraflar verilir.


Müəllif: tənqidçi Rəhim Əliyev
Mənbə: "Ədəbiyyat nəzəriyyəsi" kitabı, Bakı, 2008

 

0 şərh