İmadəddin Nəsiminin yaradıcılığına nəzər

XIII-XIV əsrlərdə baş vermiş mühüm ictimai-siyasi və tarixi hadisələr Azərbaycanda sabitliyin pozulmasına səbəb oldu. Çingiz xanın yürüşlərinin vurduğu yaralar sağalmamış Toxtamışın, Teymurun basqınlarına məruz qalan Azərbaycan böyük itkilər verdi. İşğalçılara qarşı vaxtaşırı baş verən üsyanlar insan qırğınına, şəhər və kəndlərin dağılmasına səbəb olurdu. Yerindən-yurdundan didərgin düşən əhali başqa ölkələrə üz tutur, xəstəlik, aclıq və ölümlə qarşılaşırdı.

Digər tərəfdən, orta əsrlərdə hakim olan ideologiyanın ağır təzyiqləri XIV- XV əsrlərdə açıq və gizli mübarizə üçün zəmin oldu. Müxtəlif təriqətlərin, cərəyanların yaranmasının bir mühüm səbəbi də məhz bu idi. Azərbaycanda, eləcə də Yaxın və Orta Şərqdə ən geniş yayılmış təriqət isə hürufilik idi. Bu təriqətin başçısı və nəzəriyyəçisi Azərbaycan alimi və şairi Şeyx Fəzlullah Nəimi olmuşdur. Hürufiliyə görə, Allah insanda və mövcud olan bütün varlıqlarda təcəssüm tapır. Elə buna görə də insan öz varlığındakı ilahi nuru dərk etməlidir. Bunun üçün o, daim əqli-mənəvi təkamül yolu keçməli, təkmilləşməli, qəlbini saflaşdırmalıdır. İnsanı müqəddəs sayan hürufilərin fikrincə, kamil insan tanrı səviyyəsinə yüksələ bilər. Deməli, insana əzab vermək və onu öldürmək olmaz.

Bununla da hürufilər ictimai haqsızlığa, zülmə qarşı çıxır, islam dininin bir sıra ayinləri ilə razılaşmırdılar. Hürufilərin feodal hakim dairələri, islam xadimləri tərəfindən təqib və edam edilmələrinin mühüm səbəblərindən biri bu idi.

Göründüyü kimi, Nəsimi keşməkeşli bir dövrdə yaşamışdır. Onun doğulduğu il və yer barədə fərqli fikirlər var. Həyatı haqqında da gerçəklikdən çox rəvayət və əfsanələr əks etdirən məlumatlar mövcuddur.

Dini və dünyəvi elmləri dərindən mənimsəyən gənc, həssas şair insana amansız, qeyri-humanist münasibətlə heç cür barışa bilmirdi. Bu, onu düşünməyə, yollar aramağa sövq edir. Əvvəl sufizmə meyil edən Nəsimi sonralar Nəiminin görüşlərinə tərəfdar çıxır. Hürufilərin mövqeyi onun ürəyincə idi. Nəsimi elə bir elmi-fəlsəfi dayaq axtarırdı ki, onun köməyi ilə insana öz adının uca, mövqeyinin yüksək olduğunu anlamağı öyrətsin. Böyük ehtirasla, coşqunluqla hürufi ideyalarını yayan, təbliğ edən şair təqib olunur. Ölkədən-ölkəyə keçməyə məcbur olan Nəsimi əqidəsindən üz döndərmir, alovlu şeirləri ilə çoxlu tərəfdar tapır. Hələb şəhərində həbs edilən bu cəsur sənətkar 1417-ci ildə ağır işgəncələrlə edam olunur.

İctimai-fəlsəfi lirikanın ən qüdrətli yaradıcılarından olan Nəsimi şeirlərini müxtəlif janrlarda yazmışdır. Bədii irsində qəzəl, qəsidə, tuyuq, rübai, müstəzad və s. yer almışdır. Zəngin irsi qalan şairin əsərlərini mövzusuna, ideya istiqamətinə görə iki böyük qismə ayırmaq olar: təriqət şeirləri, dünyəvi şeirlər.

Bundan əlavə, onun dini mövzuda yazdığı əsərləri də vardır.

Nəsimi öncə sufizmə meyil etdiyindən ilk təriqət şeirləri, təbiidir ki, sufiyanə olmuşdur. Lakin sufi ideyalarının təbliğinə həsr olunmuş əsərləri kəmiyyətcə hürufi şeirlərindən azdır. Şairin həm doğma türkcəmizdə, həm də fars dilində yazdığı şeirlərin böyük bir qismində hürufilik ideyalarının ifadəsinə önəm verilmişdir. Bu qəbildən şeirlər sənətkarın hürufilik görüşləri, mənsub olduğu təriqətin mühüm müddəaları barədə aydın təsəvvür yaradır. Bu baxımdan onun “Söz”, “Sığmazam”, “Mənəm, mən” rədifli, “Daim ənəlhəq söylərəm, həqdən çü Mənsur olmuşam”, “Mərhəba, insani-kamil, canımın cananəsi” misraları ilə başlayan qəzəlləri, eləcə də digər janrlarda olan əsərləri yüzillər boyu diqqəti özünə çəkmişdir.

Belə əsərlərdə hürufi termin və anlayışlarına xeyli yer verilmişdir. Onların şərhi şeirdəki əsl mətləbin başa düşülməsini asanlaşdırır. Məsələn, yuxarıda adıçəkilən qəzəllərin birində deyilir:

Çün bizə məlum olubdur məniyi-ümmül-kitab,
Arifəm, səmimə sığmaz zahidin əfsanəsi.

Buradakı “ümmül-kitab” (“kitabın anası”) Quranın “Fatihə” surəsi anlamındadır. Həmin surənin daxili mənasını ilahi sirlər təşkil edir və bu sirlər arif olan hürufilərə məlumdur. Belə bir uca məqama yüksələn ariflər — hürufilər üçün zahidin dedikləri mənasız sözlərdən başqa bir şey deyildir.

Nəsiminin təriqət şeirlərində insan həm ilahi, həm də bəşəri keyfiyyətlərə malik olub öz gücü və ucalığı ilə seçilir. Hürufi təliminə əsaslanan şair insanı müqəddəsləşdirir, onun alçaldılmasını, incidilməsini lənətləyir. Əslində, Nəsimini hürufi ideyalarına cəlb edən də insanın şərəfli mövqeyə ucaldılması idi.

Nəsiminin ikinci qisim - dünyəvi şeirləri də az deyildir. Onlar mövzuca rəngarəngdir: dünyəvi məhəbbətin və gözəlliyin tərənnümünə həsr olunanlar, ictimai-fəlsəfi məzmunda yazılanlar, təbiətə həsr edilənlər və s. Bu əsərlərin böyük bir qismi qəzəl, bir qismi isə başqa janrlarda qələmə alınmışdır. “Neylərəm?”, “Etməgil”, “Yanaram” və s. məhəbbəti tərənnüm edən qəzəllər kimi dillər əzbəri olmuşdur.

Təriqət şeirlərindəki yar, dilbər ilahi gözəlliklə bağlıdırsa, bu qəzəllərdə tərənnüm edilən sevgili, məhbub adəm övladı olub bəşəri xislətlidir, real gerçəkliyin, maddi aləmin yetirməsidir. O, lirik qəhrəman üçün ən qiymətli varlıq, həyatın mənasıdır:

Dilbəra, mən səndən ayru ömrü canı neylərəm?
Tacü təxti, mülkü malu, xanimanı neylərəm?
İstərəm vəsli-cəmalın, ta qılam dərdə dəva,
Mən sənin bimarınam, özgə dəvanı neylərəm?

Məşuqun zahiri gözəlliyinin təsvirinə həsr olunan (“Düşdü yenə dəli könül gözlərinin xəyalinə”, “Əcəba, bu huri üzlü məhi-bədr, ya pərimi?” və s.) qəzəllərdə, eləcə də bu mövzuda digər janrlarda yazdığı şeirlərdə daha çox həyati, gerçək gözəl tərənnüm obyekti olaraq götürülmüşdür.

Nəsiminin dünyəvi əsərlərinin bir qismini ictimai-fəlsəfi məzmunlu şeirlər təşkil edir. Bu da məlumdur ki, şairin müxtəlif mövzularda yazdığı bütün əsərlərində fəlsəfi fikirlər önəmli yer tutur. Onun ictimai-fəlsəfi şeirlərində əhatə edilən məsələlər isə çoxdur; dünyanın dərk edilməsi ilə bağlı düşüncələr, dünyanın faniliyi və onun vəfasızlığından şikayət, rəzilliyi özünə peşə edənlərdən narazılıq və s.

Yoxdur vəfası dünyanın, aldanma anın alına,
Rəngindən oldu münfəil, hər kim boyandı alına.
Arısı yalandır, saqın, dadlısına aldanma kim,
Acıdır anın şəkkəri, ağı qatılmış balına.

Şairin bədii irsində təbiətə həsr edilmiş şeirlər sayca az olsa da, onlar ideya-bədii keyfiyyətinə görə ədəbiyyatımızda ən yaxşı əsərlərdən sayılır.

0 şərh