Axmaqlama ədəbiyyatı

Romantizmlə birgə, eyni universal hadisənin nəticəsi sayılan dadaizm (“dada”- fransızca “zövq üçün minilən oyuncaq taxta at”, “at” — yıxılış, ümidsizliyə qapanmaq); italyanca “ana və kübe”; rusca və rumınca “taxta at və süd ana (baxıcı)”; “mənası olmayan söz”, “xobbi” və s.) dini inancları, ictimai bağları, etik dəyərləri olmayan, həyatdan bezən, “hirsi ruh halına gələn” gəncliyin duyğularının üsyanıdır. Dadaçı gəncliyin əllərində itirəcək bir şey qalmadığından “vətən duyğusu”, “etika”, “mühakimə” kimi anlayışlardan vaz keçərək, yaşamaq arzusunda olan insanları böhrandan çıxarmağa, onlar üçün tamamilə fərqli bir dünya qurmağa səslənişidir. Gənc dadaistlərin bildiyi, inandığı və hər zaman söylədiyi tək bir həqiqət var ki, o da həyatın etibarsızlığı ilə bağlıdır. “Heç bir şey möhkəm və davamlı ola bilməz” fəlsəfəsinə istinad edən dadaçılar üçün, əslində “bütün fəlsəfələr, buraxılmış köhnə bir diş fırçasından daha az qiymətlidir”.
Axmaqlama ədəbiyyatı
Avropanın müxtəlif bölgələrindən, birinci dünya müharibəsinə münasibətdə tərəfsiz ölkə (və həm də kosmopolit ölkə) kimi tanınan İsveçə axışıb gələn bir çox gənc aydınların dəstəyi ilə, Zürihdə savaşın barbarlığına qarşı təməli qoyulan dadaizm, savaşa yol açan güclərə duyulan nifrətdən və ümidsizliyə qapılan toplumun müstəqillik ehtiyacından doğur. Pozulmuş cəmiyyət nizamına qarşı olan, yox olmaqdan qurtulmaq istəyən insanlığı təmsil edən, fərdin azadlığına önəm verən dadaizm, təlqindən çox, düşündürməyə və sorğulamağa meyllidir.
Dadaizm var olanları rədd edir, sistemlər üstü bir əllə yeni bir dünya qurmağa can atır.
“Bütün inqilablar zamanın xüsusi qaçış səbəbiylə yaranıb”. Birinci dünya savaşı ərəfəsində “siyasi nüfuza qarşı inqilabi hərəkat” olaraq dəyərləndirilən dada, savaşın cəmiyyətdə formalaşdırdığı böhran, ümidsizlik və çarəsizlik mühitinin çıxış nöqtəsini döyuşə və xaosa qarşı reaksiya ilə bağlayır; dadaçılıqda xaos, təbiətin bir parçası olaraq qəbul edilir. Tutumlarıyla ictimaiyyəti sarsıtmaq və çaşdırmaqla cəmiyyəti itaətkarlıqdan, müqavimətsizlikdən çəkib çıxarmağa çalışan dada, bir tərəfdən müharibə ilə bağlı döyüş taktikalarını, texnoloji inkişafa kor-koranə bağlılığı lağa qoyur, digər tərəfdən isə burjua (“burjua” — “obrazsız adam”) sinfinə xas olan sənətin dəyərini heçə saymaqla, ənənəvi estetikçiliyə qarşı çıxır.
Dada ictimai etibarsızlığa qarşı baş qaldırmanı qanun halına gətirir. Cəmiyyətə yeni estetik qayğı və anlayış qazandırmaq məqsədiylə sənətçiləri, bütün qayda və doqmalardan xilas olmağa çağırır. Hər bir inkişafı, ya onu görən insanın şərhinə, yaxud da onu qəbul etməsinə bağlayan dadaçılıqda, inkişaf, insanın nə duyub-hiss etdiyi anda baş verir.
“Unudulma həddinə çatmış cəmiyyətin diksinmə məhsulu” sayılan dada, insanı təkliyə sürükləyən gələcəyi heçə saysa da, müharibənin dağıntılarından sonra saf və təmiz insanlıq ümidi ilə yaşayır. Bütün əxlaqi, siyasi və estetik dəyərlərin savaşda məhv edildiyi qənaətinə gəldiyindən, dadanın qalıcı şeylərə (qalıcılıq — sabahı düşünmək, ya da onu qurmaq) münasibəti birmənalıdır; “can ağrısından xilas olmaq istəyən insan, ya özünü yox edəcək, ya da döyüş dəliliyinə qaçaraq gedəcək”.
Dadaizmə görə, “ictimai ritmin pozulması cəmiyyəti toplu halında cinayətə sürükləyir”. Bir azadlıq hərəkatı olaraq formalaşan dada, dünyanı olduğundan daha gözəl görmək istəyi ilə, radikal ifadə yollarına baş vurur, öz lağlağı və alçaldıcı rəftarıyla (postmodernist sənətdən fərqləndirən əsas cəhət) yeni və güclü ünsiyyət üsullarına — təhrikedici xüsusiyyətdə tənzimlənmələrə əl atır. Standartlara qarşı çıxır, sənəti “milli mədəniyyət elementi” olmaqdan çıxarıb “şəhər fenomeni”nə çevirmək məqsədiylə, az qala hər şeyi inkar edir. İnsanın bilinməyən tərəflərini kəşf etməyi hədəfləyir. Yerli ictimai estetikanı (gözəllik, simmetriya və məna) iflasa uğradır, şeirdə yeni formaların yaranmasına rəvac verir, vizual ünsiyyətdə kollaj və fotomontaj kimi texnikaların ortaya çıxışına zəmin yaradır, foto sənətini, ədəbiyyat, teatr və musiqini içinə almaqla, qrafik dizaynın da vizual dilinə inqilabçı xüsusiyyətlər qazandırır və s.
Axmaqlama ədəbiyyatı
Öz vizual parodiyaları ilə rəsmlərə, gündəlik məişət əşyalarına yeni mənalar qatmaqla (Mona Liza reproduksiyası üzərinə saqqal və bığ əlavələri, şüşə rəfi, ya da qar kürəyi kimi ardıcıl istehsal məhsullarını heykəl olaraq sərgiləməsi) sənətin gözə deyil, zehnə xidmət etdiyini vurğulayan Marchel Duchamp hər şeyə tənqidi gözlə baxmağı, cəmiyyətdə baş verən proseslərə aktiv reaksiya verməyi, mövcud olan normaları sorğulamağı, bir şəkildə alçaltmaq bacarığına sahib olmağı, dadaçı sənətçilərdən tələb edir. Muzey eksponatlarını “yüksək sənət əsəri” olaraq dəyərləndirənləri məsxərəyə qoyan bu “provakator sənətçi”nin, ən çox ehtiyac duyulan gündəlik məişət əşyaları üzərində oynamaqla, onlara yeni mənalar qazandırması, dadaist zehniyyətindən xəbər verir. Mətbəx stolunun üstünə pərçim edilən təkər (“Motosiklet təkəri”), içi və çölü qara fonda işlənən ağ çərçivə (“Üç standart stopaj”), başı aşağıya çevrilən unitaz (“Çeşmə”) və s. konseptual incəsənətin inkişafında orijinal təsirə malik olan fotoqrafçı-rəssamın, bədii dünyanın yollarını dəyişdirmək cəhdi ilə bağlıdır.
Sənətin ifadə dilinin böhranda olduğunu və bunun üçün yeni bir izahat dilinə ehtiyac duyulduğunu diqqətə çəkən dadaizm, sözlərin lüğət mənasından imtina edir, hər cür dilə və estetik qaydalara qarşı çıxır. Dadaçılıqda şeirin şəkli, dili, o cümlədən poeziyada sözlər, bilinən mənalar əhəmiyyətli sayılmır; hər kəs istədiyi kimi yazmalı və şeirə yeni mənalar gətirməlidir. Dada, ədəbiyyatın siyasətə alət olmasını qətiyyətlə rədd etdiyindən, sənətin mesaj ehtiva edəcək gücünə qarşıdır.
Bu ədəbi axın, daha çox poeziyaya qarşı təsirlidir (dadanı kübizmdən fərqləndirən əsas cəhət); şeirin sərbəst mövzuda yazılmasını, poeziyada insanı çaşdırmaq üçün imiclərdən istifadəni məqbul sayır. Dadaizmdə sənət, “təsadüfün məhsulu”dur, ona görə də sənət, heç bir məna kəsb etmir, heç bir fikir yükü daşımır, çünki nəticə dəyişmir. Sənətdə məna aramaq işini dadaçılar, tamaşaçının öhdəsinə buraxır.
“Dadanın varoluşunu ictimai şərtlər tənzimləyir”: Birbaşa cəmiyyətə nüfuz edən dada, sənətin hər budağına (musiqi və az da olsa arxitekturadan başqa) təmas edir. Həqiqətə çatmaq yolunun (dada, “həqiqət” anlayışını qəbul etmir) məntiqsiz nizamdan keçdiyini vurğulayarkən, məntiqi nizama alternativ olaraq məntiqdənkənar bir nizam yaratmış olan dada, əvvəlcə bir sərgi açır, əsərlərini sərgilədikdən sonra, üst-üstə yığaraq onları atəşə verir. Yəni, “Sənət öldü, yaşasın sənət!” və yaxud da “Dadaizm öldü, yaşasın dadaizm!”
Dadanın təməl düşüncəsi — anlamsızlıq, texnikası — azad fikirlərdi. Sənətlə həyatı iç-içə görmək istəyən bu avanqard axın, “zaman, yer”, “məna və məzmun” anlayışlarını qəbul etmir, empirik düşüncəyə (maraq, qəbul etmə, təhlil etmə) imkan tanımır. Dadaistlərə görə, məntiqin sərhədlərinə sığmayan insan, o sərhədləri aşıb keçməlidir. Dadaçılıqda, ağla uyğun aldanışları ortadan qaldırmaqla, təbii və məntiqsiz nizama yenidən qovuşmaq cəhdi var; “məntiqli mənasızlıqlar, məntiqsiz axmaqlıqlarla əvəz olunmalıdır”. Dada, axmaq olanlar üçün var, ancaq bu mənasızlıq anlamına gəlməz. O, var olana ironik baxar, onu alçaldar. Təbiət kimi axmaq və ağıla zidd olsa da dada, təbiətdən yanadır, sənətin qarşısındadır. Sənətçini təbiətin yanında görür, mənanı təbiətdə arayır. Dadaçılıqda, təbiət öz mənasını itirəndə sənətin dəyəri ölür.
Axmaqlama ədəbiyyatı
Burjuaziyaya məxsus bütün dəyərləri sorğulama gücünü özündə tapan dada “hər kəs üçün kifayət qədər maraqlı bir hekayəsi olan müasir sənət növü”dür, vəziyyət komediyasının birə-bir eynisidir. Vəziyyətin dadası olanlar, diksinmə qarışıq bir nifrətin arasında doğulduqlarından qaydalara qarşıdırlar, sərhədsizliyi qəbul edirlər. Sərhədsizlik, bir gücdür; dadaçılar, bu gücün içində yaşar.
Öz siyasi, teatral və əyləncəli biçimləri ilə, ağıla gəlməyən bir nizamı kəşf etməyi hədəfləyən dadaizmin, hücuma keçdiyi ilk sahə “əlahəzrət sənət”dir.
Dada “bir sənət axını deyil, sənəti sorğulama hərəkəti, bir axmaqlama ədəbiyyatı”dır; dadaçılıqda, “ən eybəcər olan sənətdir”.
Dada dünyada yaşanan bütün neqativ hallara görə, sənəti günahlandırır; dadaçıların özlərinə “sənətçi” deməkdən çəkinmələri bununla bağlıdır. Dadaistlər böyük sənəti yaradıb, ona tapınan bir cəmiyyətin dünya savaşına meydan verməsini ikiüzlülük hesab edir:
“Sənət, insanı axmaq yerinə qoymasaydı, alman kişiləri fransız və rusları süngüləriylə süsləməyə gedərkən bel çantalarında Hötenin kitabını özləriylə daşımazdılar”.
Dadaizmə görə, sənət əhvalında “gerçək sənət” deyə bir şey yoxdur, yalnız “sənətçilər” var. Sənətçinin yaradıcılığı isə, “yaratma mitosunun qəmli qalığı”ndan başqa bir şey deyildir. Dada sənəti, əslində, sənət forması olaraq sənətsizlikdir; hər şeyi rədd edər, bir tək ümidsizlikdən od alar; duyğulara xitab edən müasir sənət anlayışına da rəğbətini gizlətməz.
Dadaizmin təməl düşüncəsi, özündə heç bir məna ehtiva etməyən “söz”dür; dadaçılıqda, “yazılı və vizual sənət yaradan insan, məntiq sərhədlərindən çıxdığı üçün özünü şüuraltı tam ifadə edər”. Nəsrin, təsadüfə bağlı bir ünsiyyət vasitəsi, şeirin isə öz halıyla canlı bir güc olduğunu vurğulan Tristian Tzaranın (dadanın atası) dram texnikasıyla və ya məntiqi bir oyun fantastikası ilə əlaqəsi olmayan “Qazdan ürək” adlı üçpərdəli səhnə oyunu, tamamilə vizuallığa söykənir.
Kardon geyimlərdə səhnəyə çıxan insan əzələsi, boynu, gözü, ağzı, qulağı nəğmələrin diliylə, heç bir anlam daşımayan əlaqəsiz ifadələrlə hər şeyi lağa qoyur. Oyunda oxunan mahnıların nəqərat hissəsindəki sözlərin üst-üstə təkrarı, məntiqsizliyə işarədir. Ağıla gələn müstəqil sözlərin müəyyən üsullarla, ardıcıl şəkildə sıralanmasından ortaya çıxan mənasız (unsinn), məntiq bağı olmayan anlamdan kənar (ohne-sinn) bədii parçalar (səs şeiri, anlamsız şeir və şans şeiri), dadaistlərin qəbul etdiyi yeni şeir formalarıdır. “Şeir necə yazılır?” sualına dadaçıların verdiyi cavab çox orjinaldır:
“Qəzetdəki xəbərlərdən əlaqəsiz şəkildə sözlər kəsilir, onlar bir torbanın icinə qoyulur, qarışdırılır və sonra sıra ilə sözlər çəkilir, bunlar yan-yana düzüldüyündə əlimizdə nəfis dadaist bir seir olur”.
Dadaizmlə bağlı təsis olunan jurnal səhifələrində (“Dada” (1917), “Ədəbiyyat” (1919-1924) məşhur qələm sahiblərinin — Andre Breton, Luis Aragon Philippe Soupauld, Paul Eluard və b.), dadaçı gəncliyə xitabən söylədikləri ifadələrin mahiyyətində bu fikir yatır: “Diqqət çəkmək istəyirsinizsə, xalqa aydın olmayan dildə yazın!”
Huqo Ballın rəhbərlik etdiyi bir “cadugər qazanı”nda gün boyu zəng, zınqırov, toxmaq səsləri, yalançı fişənglər, taqqıltılar, qəhvə dəyirmanın cırıltıları fonunda bəsit bir sazın müşayiəti ilə, müxtəlif dillərdə səsləndirilən şeir parçalarının başdöndürücü qaynaşmaları (dadaçılıqda dinləyicinin münasibəti önəmli sayılmaz) dadaçı sənətçiləri, xalqın gözündə “kommunizmin qışqırdıcısı” olaraq tanıdır ki, bu da “melodiyası çəkilməz və eyni zamanda bitməz bir mahnı” olaraq dəyərləndirilən dadaçı sənətin dağıdıcılıq gücü ilə bağlıdır. “Cabaret Volter”in ətrafında təşkil olunan yay gecələrində axmaqlamağa, lağ etməyə, ciddi zarafata, əyləncəyə, oyuna, dada musiqiləri fonunda tənqidə dayalı dada rəqsləri, dada şeirləri dəyişməz dəyərləri, saxta nüfuzları, qoxumuş təşkilatları gülünc vəziyyətə salmaq üçündür, çünki dada, xalqın gözünü açmaqda və onu maarifləndirməkdə görəvlidir.
Axmaqlama ədəbiyyatı
Doğaçlamada usta olan dadaçılar, öz çıxışlarında alışıq olduqları dünyanı tərsinə çevirmiş göründüklərindən, ilk başdan nəyə uğradıqlarının fərqində olmasalar da (əslində elə istənilən də bu idi), sənətdə bütün qəliblərə (“dahilik”, “üstün insan” kimi) qarşı çıxdıqlarından, şifahi və yazı dilini anatomik təhlilə məruz qoymuş, hecaların yerlərini dəyşdirməklə, yeni sözlərin yaranmasına rəvac vermiş, onlara səs və söz kollajları əlavə etməklə, şeir dilinin romantikliyini, bürokratiya dilinin boş qəliblərini, siyasi nitqləri, böyük sözləri, demaqoqluğu ortadan qaldırmağa imkan tanımışlar.
Dadaizmin əsas gerçəkliyi hər şeyin sənət (kabare, teatr, sərgi, müzikxol, sirk və s.) ola bilməsindədir. Sonradan Bertold Brextin “özgələşdirmə təsiri”ndən daha çox faydalanan dada, vərdişlərdən xilas olmaq üçün, bir qədər kənara çəkilərək, ətrafda olub-bitənləri müşahidə gözüylə dəyərləndirməyə çalışır. Küçə afişaları, elanlar, bildiriş, karikatura, fotomontaj, kabare, yumor jurnalları, gəzintilər, manifestlər, rəqs və musiqilər bu işdə onun köməyinə gəlir.
Dadaizm, “bir psixo-ictimai davranış tərzi”dir: “Cəhənnəm zınqırovlarının müşayiəti ilə qaçış halında olan şikəst dünyanı, yerində dayana bilməyən, gözyaşları içində ata minən yeni insanları tədavü etdirmək” işini dada, “şarlatan ədəbiyyat həkimləri”nin öhdəsinə buraxır: “Madam ki, müharibə hər şeyi dağıdır, məhv edir, o halda sənət nəyə yarar ki?” Savaşın insan psixologiyasında açdığı yaraların sənətdə əksi, dadaçılar üçün şərtdir; “sənətlə bağlı hər kəs öz mövqeyini ortaya qoymalıdır”.
Hər cür süniliyi rədd edən dada, sənəti və həyatı basmaqəlib bir şey kimi görənlərə qarşıdır. Planlaşdırmanın əleyhinə olduğundan, dadaizmin başı həmişə dumanlıdır; o, qabına sığmaz, əllə tutulmaz, gözlə görülməz.
Dadaçılıq – başlı-başına bir reaksiyadır; heç nəyi izah etməz, yalnız reaksiya verər, az qala hər insana qarşılıq göstərər, ona təsir edəcək bir fikir söylər, yol göstərər.
Dada — “ölümcül, pessimist sənət anlayışı”dır və həm də “sənətin əleyhinə sənət”dir. Sənətə aşırı tənqidi münasibəti (bu ona “anti-art” statusu qazandırır) dadaizmin, bir şeylərə qarşı dirəniş cəhdi ilə bağlıdır. “Mədəniyyət içərisindəki zərərli meydana gəlmələrə etiraz etməyi vəzifə bilən” dadaistlər, öz ironik və tənqidi münasibətləri ilə, sənət əsərlərinin nəzəri dəyərlərini ortaya çıxarmaqda fayda görmüşlər.
Dadaizm təkcə öz inqilabının müxalifi deyil, eyni zamanda müxalifin də müxalifidir. Savaş ağrılarını öz ağrıları kimi yaşadıqlarından, sonu görünməyən nihilizmə yuvarlanan dadaçıların bir qismi, çağın böhranını aşa bilmədiyindən intihara sürüklənmiş, digər qismi isə, öz sənəti ilə içində yaşadığı həyatı, istədiyi kimi ifadə etməyə çalışmışdır; “dadaçılar, ya cəsur olmuşlar, ya da dəli”.
Özünün təsis etdiyi “Maintenant” jurnalını səyyar bir meyvə-tərəvəz avtomobiliylə küçə-küçə satan Artur Cravan (dadaçıların “baş tacı”) “dünyanın bütün lokomotivləri eyni anda fit çalsa, çarəsizliyimi dilə gətirə bilməzlər” ifadəsiylə pessimizmə yuvarlandığını etiraf edir. Dadaist şairin, dəvət aldığı ilk müstəqillər sərgisinin açılışında (Nyu York, 1917) əynindəki paltarlarını soyunaraq, öz təsirli çıxışı ilə ortalığı qarışdırıb çaxnaşmaya yol açması, “fırtınalı ruhlarında sürətli şok yaşayan” dadaçı gənclərin, heç bir şeydən çəkinmədiklərinin, hər yerdə çevrilişlərin, yanğınların və çürümələrin böyük nümayişinə hazır olduqlarının ifadəsidir.
Savaş zamanı tərəfləri tanımaq istəmədiyindən, hər iki cəbhəyə birdən atəş açan, itaətsizlik idealını izah edən, iddiasız şair Jacques Rigautun hərəkətlərində döyüş baş roldadır. Vache də, insan duyğularının məhvinə yönəlik sonu görünməyən savaşların mənasızlığı və bu işdə sənətin heç bir işə yaramadığı qənaətindədir:
“Həyatın gerçəyi ölümün şeirini oxuyursa, həyatın da canı cəhənnəmə”.
Pessimizmin şahzadəsi, müharibə ilə bağlı acılarını öz əqidədaşları ilə bölüşmək üçün ən çox sevdiyi üç dostunu qəhvəyə qonaq etmək adıyla tək qaldığı bir otel otağına dəvət edir. “Qəhvə keyfi” bitər-bitməz Vache, dostlarından içkini bəyənib-bəyənmədiyini xəbər alır və cavab müsbət olunca “Heç olmazsa gedərkən xoşbəxt olmanızı istədim” deyir. “Madam ki, bu dünya murdar bir döyüşün əlində, ərdəmlərinin qanını içərək yaşayır və madam ki, siz də mənim kimi düşünürsünüz; sevimli dostlarımsınız, sizi bu murdar yerdə buraxmaq istəmədim. Qəhvələrinizə zəhər qatdım. Biz birlikdə xilas oluruq bu dünyadan”. Hər üç dadaçı şairin intihar hadisəsinin (“ədəbiyyatın intiharı”) mahiyyətində inqilaba səsləniş var: “Biz şüurumuzda ölümü seçdik, amma siz it kimi gəbərib gedəcəksiniz. Nə qədər ki, burjuanın oyuncaqları olaraq qalacaqsınız, öz həyatınız olmayacaq”.

Dada sabaha qarşıdır, dada, düşüncənin ölümüdür. Dada bakirə bir mikrobdur, dada, axmaq və ölüdür. “Ürəkləri ehtirasdan daş dövrü çılpaqlığını yaşayan, aralıqsız həyəcanlı olduğundan əhliləşmək istəməyən” və “təkbaşına, mühərriksiz bir gəmiylə okean gəzintisinə çıxan, ancaq geri qayıtmayan” dadaistlərin bir şüarı var: “Zəkanla heyran buraxa bilmirsənsə, axmaqlıqlarınla heyrətə sal”.
Dadaistlər tüpürdükləri hər şeyi bir sənət əsəri hesab edir, yəni onların nəzərində hər bir şey sənət əsəri ola bilər. Dadaizmdə, sənət, heç bir anlam daşımaz və heç bir suala cavab verməz. Sənətin vəzifəsi, var olanı yansıtmaqdan ibarətdir, yəni sənət üz örtüsü rolunu oynamaqdan imtina etməlidir. Dadaistlərə görə, duyğu yoğunluğu içində, öz hissləriylə oynamaqdan zövq alan sənətçi, eyni zövqü başqalarına yansıtmamalı, sənətini özü istədiyi kimi təqdim edən sənətçini, kimsə bəyənmək məcburiyyətində qalmamalıdır. “Sənət sənət üçündür” nəzəriyyəsinə önəm versə də, savaşın topluma diktə etdiyi şərtləri hesaba alan dada, sənətlə həyatın inteqrasiyasına nail olmaqla, yeni bir qarşı duruşun ortaya çıxışını tətikləyir. Digər sənət axınlarından fərqli olaraq dadizmdə dünyaya meydan oxumaq və qaydalara etirazçı münasibət var.
Çağın arzularını yüksək səslə qışqıran dadaizm ədəbiyyata öz dağıdıcı təsirini göstərən futurizmdən (İtaliyada milliyyətçilikdən faşizmə keçid futurizmlə bağlıdır) qaynaqlanır. Naturalist və həqiqi sənət qaydalarını, forma və dil anlayışlarını heçə sayan Freyd psixologiyasının poetik tətbiqindən faydalanaraq, burjuaziyanın qarışdırıcı mexanizmlərinə qarşı təsirli bir mücadilə içində olması dadanı sürrealizmə (planlı davranış bütününə meyl) sürükləyir. Dadaizmin axınlar arasında sönük qalma səbəbi, bütün axınları öz içində barındırmasıya bağlıdır, yəni, hər şey olub, heç bir sey ola bilməmək (sürrelaizm-neodadaizm).
Çağın böhranına, bərabərsizliklərinə, balanssızlıqlarına qarşı bir təpki olaraq meydana atılan, XX əsrin əvvəllərində baş verən iki böyük tarixi hadisənin sənətdə yaratdığı meyllərdə (inqilabçı sənət və fərdiyyətçi sənət) təzahür edən dadaizm, birinci dünya savaşının tezliklə bitəcəyinə ümid bəslədiyindən, sosialist inqilabının ilk başdan təqdir etmiş olsa da (kilsələrin səs-küylü doğaçlama və dadaçı şeir nümayişlərinə buraxılmasını tələb etməsi bununla bağlıdır), sonradan rus inqilabçılarına qarşı laqeyd qalmışlar.
İkinci dünya savaşından sonra, öz fəaliyyətlərini davam etdirmək üçün Avropaya üz tutanlardan və ənənəvi sənətə önəm verən Hitlerə əsir düşənlərdən fərqli olaraq, digər qisim dadaçıların taleyindən dünya bu gün bixəbər olsa da, özü-özünü inkar edən dada, “sənət öldü” deyənlərin hayqırtılarındadır.
Sürrealizmin önünü açan, futurizmin vizual əlifbasını zənginləşdirən, sənətçini öz gerçəyinə daha çox yaxınlaşdıran, özbaşına (spontane) olanı planlı davranışlarla sintez edən dadaizm, radikal kommunizmdə bir sistem axtarışı olmaqla yanaşı, həm də sistem əleyhdarı olan bir sistemdir. Bu sistem incidici və çevirici deyil, üstəlik kapitalizm kimi əleyhdarı olmadan yaşaya bilməyən bir sistemdir; paralel kainatlar kimi...
 
 

Müəllif:  Məleykə Məmmədova

0 şərh