Əbdürrəhim bəy Haqverdiyev - aşkarlar və gizlinlər arasında

«Xoş o şəxsin halına ki, öləndən sonra onun adı dillərdə diri qala, ehtiram və rəhmətlə yad ola”
İlk nəsr nümunələrinin birində, „Ata və oğul” hekayəsində dilə gətirdiyi bu işıqlı sözlər Əbdürrəhim bəy Haqverdiyevin öz ömrünün də həqiqəti oldu. Dramaturgiyasına nisbətən nəsrinin həyatının daha sonrakı dövrlərinə aid olduğunu nəzərə alsaq, bu fikirlərin ömür təcrübəsinin səsi ilə qələmə alındığını, zaman-zaman həyat amalına çevrildiyini düşünməkdə haqlı olarıq. Onun yaşam məqsədinin yaxşı-pis nədən ibarət olduğunu aydın dərk etməyi bacaran qəhrəmanları hətta rəhmətə layiq olmayan rəhmətliklər olsalar belə yenə “diri”dirlər və çağın adamıdırlar. Ədib üçün ömür payını vicdanla yaşamaq, doğru düşünə, duya bilmək, ətrafına fayda göstərmək, bir sözlə, insan olmaq hər şeydən önəmlidir və onun bütün yaradıcı təxəyyülü məhz bu özülün üzərində formalaşmışdır.
Əbdürrəhim bəy Haqverdiyev
Ə.Haqverdiyevin şəxsi arxivi, məktubları, tərcümeyi-halı, həyat və yaradıcılığının bəzi məqamları haqqında təqdim etdiyi aşkar faktlar arxasında daha dərin, çoxmənalı gizlinlərin dayandığını görməmək olmur. Bir tərəfdən yaşadığı dövrün, mühitin tələbi belə idisə, bəzi məqamlarda bu xüsusiyyətin həm də ədibin oxucusunu, dinləyicisini düşündürmək, „huşyar olmağa”, kəşf etməyə meyilləndirmək istəyindən də irəli gəldiyini düşünürsən.
“Təvəllüdüm 1870-ci ilin may ayının 17-ci günündə Şuşa şəhərinin 20 kilometrliyində vaqe Ağbulaq kəndinin civarında Dolus bulağı adlanan çeşmənin kənarında. Atam Əsəd bəy və anam Hüsnü Cahan xanımdır” (»Tərcümeyi-halım”). Ə.Haqverdiyev nəslinin, atasının şəxsiyyəti, sosial statusu haqqında tərcümeyi-halında ətraflı məlumat verməsə də, babasının, atasının, əmilərinin savadlı, maaarifçiliyə meyilli bəylər olduğunu, atası Əsəd bəyin Şuşa prokurorluğunda məsul vəzifə içraçısı kimi çalışdığını arxivində qoruyub saxladığı sənədlər, məktublar təsdiq edir. Körpə ikən atasını itirdiyindən əvvəl atasının əmisi, dövrün maarifçi ziyalılarından sayılan Əbdülkərim bəyin, sonra atalığı Həsənəli bəy Sadıqovun himayəsində yaşayıb tərbiyə almışdır. Şuşada dövlət dəftərxanasında rus dilindən tərcüməçi işləyən Həsənəli bəy Əbdürrəhimi müasir ruhlu bir şəxsiyyət kimi yetişdirmək istəyi ilə Şuşada 1881-ci ildə açılmış dünyəvi elmləri tədris edən altı sinifli real məktəbə qoymuşdu. 1891-ci ildə Şuşada təhsilini başa vuraraq Tiflisdə 1 saylı gimnaziyanın son VII sinfinə daxil olmuşdur. Öyrənməyə, təhsilə meyilli gəncin altıillik ibtidai təhsili sənədlərin göstərdiyi kimi on ilə tamamlaması səbəbi naməlum qalsa da, Əhməd bəy Ağaoğlunun xatirələri məsələyə müəyyən qədər aydınlıq gətirir.Ə.Ağaoğlu 1881-ci ildə Ə.Haqverdiyev kimi bu məktəbə qəbul olunan ilk azərbaycanlı şagirdlərdən biri olduğunu, məktəbdə təhsil alan cəmi beş nəfər türkəsilli şagirdin daim ermənilərin zorakılığına məruz qaldığını yazır: «Bu beş adamın illərlə davam edən təhsili zamanı erməni uşaqlarından çəkdiklərini sözlə ifadə etmək imkansızdır. Tənəffüsdə biz, beş türk uşağı cəld tərpənib arxamızı divara dayamağı böyük bir fərasət hesab edirdik. Yüzlərlə erməni uşağı birdən üzərimizə hücum edir, birisi başımızdan papağı alıb atır, digərləri təpiklə dörd, beş altun qiymətində olan Buxara dərisini torpaqlar üzərində yuvarlayırlar… Yoldaşlarımdan çoxu dayana bilməyib məktəbi tərk etdilər. Son sinfə qədər türklərdən bir mən dayana bildim”.
Çox güman ki, „dayana bilməyib məktəbi tərk edənlər” içərisində həssas duruma malik Əbdürrəhim bəy də var imiş, amma yenə də bütün çətinliklərə rəğmən məktəbə qayıdaraq təhsilini başa vurmağa nail olmuş, orta təhsilin son sinfini Şuşa ermənilərinin azğın icmasına nisbətən yumşaq mühitdə, Tiflis gimnaziyasında yekunlaşdırmışdır. Əhməd Ağaoğlunun yazdığına görə 1887-ci ildə təhsilini davam etdirmək üçün Peterburqa gedir və orada tanış olduğu qafqazlı gənclər onu Qafqazlı Tələbələr Birliyinin yataqxanasına aparırlar. Dörd il sonra bu institutun tələbəsi olan Əbdürrəhim bəy Haqverdiyev tərcümeyi-halında belə yazırdı: “1890-cı sənədə Şuşada və 1891-ci sənədə Tiflisdə realni məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim. Peterburqda əvvəl Yollar institutuna daxil olub və sonra bir para səbəblərdən oradan darülfünunun Şərq şöbəsinə keçib, 1899-cu sənədə ikmali-təhsil alıb Qafqaza qayıtdım”.

Şuşada eyni vaxtda eyni məktəbdə təhsil alan Ə.Ağaoğlu və Ə.Haqverdiyevin Bakıda, Tiflisdə fəaliyyət dövrləri də bəzən eyni zaman kəsiminə təsadüf edir və doğma xalqının heysiyyatını hər şeydən uca tutan, mənəviyyatına, mədəniyyətinə canla-başla xidmət göstərən bu iki şuşalının bir-birini tanımaması, bir-birilə ünsiyyətsizliyi şübhə doğurur. Ə.Ağaoğludan fərqli olaraq, Ə.Haqverdiyevin məqalələrində, bədii əsərlərində ictimai-siyasi və daha çox milli məsələlərə nisbətən ehtiyatla yanaşdığını müşahidə etmək olar. Daha çox adi, sadə insanların həyatının, yaşam tərzinin, dünyagörüşünün yazarı olmağa, onların gözü ilə „görməyə”, dili ilə “danışmağa” çalışır. „Mozalan bəyin səyahətnaməsi”ndə ədib Gəncə vağzalında jurnal vərəqləyən bir yerlinin dilindən yazır: “Neyləyirsən savadı, məgər mənim savadım var? Budur, bu qəzetəyə məndən iki şahı pul alıblar, üstünün böyük yazılarını güclə, hıqqına-hıqqına bir tövr oxuyuram, onun da mənasını anlamaram, burada yazılıb „Şutyonok”, indi Allah bilsin nə sözdür, ancaq kimdir qəzetin adına baxan, dadına bax. Gör necə bədənlər çəkiblər, indi başına daş düşmüş müsəlman belə surətləri görüb dinindən dönəndə deyirlər: “dəli olub”. Mən ölüm, rəfiq, bir bu buxağa bax, gör heç ömründə belə şey görübsən?”
Dövrün, dünyanın ictimai-siyasi havasını dərinliklə araşdırmağı bacaran ədib əslində bu epizodla vətəninin anlamaq qabiliyyəti olan hər bir vətəndaşına ictimai durumumuz haqqında ironik bir mesaj göndərmişdi. Moskavada dərc olunan „Şutyonok” (redaktor-naşir A.V.Yemelyanov (Kazanski) 1907-1917-ci illər arasında çarizmi, Rusiya siyasətini amansızlıqla tənqid edən və çarı, onun ailəsinin Qriqori Rasputinə bağışladığı hüdudsuz imtiyazları sarkastik bir şəkildə açıb göstərən və dəfələrlə bu səbəbdən məhkəmələrə, qapadılmaya məruz qalan populyar satirik jurnallardan biri idi. Yazıçı personajının diliylə təsvirinə başladığı qüsurların, milli problemlərin içərisində yerindəcə yeridilmiş bircə detalla ən əsas məsələni, Rusiya dövlətinin bütün dünyada məşhur təcavüzkar, işğalçı daxili və xarici siyasətini, hakimiyyət başındakı çarının ailəsini, xanımlarını, özünü karikatura şəklində göstərən bir dərginin səhifələrindən vətən övladının yalnız qadın şəkilləri axtarmaq səviyyəsində olduğunu nəzərə çatdırmış, anlayan üçün xəcil bir səhnə yaratmışdı. Elə həmin əsərdə xalqın fəxr yeri olan qədim Azərbaycan şəhərinin şərəf nüfuzuna yaraşmayan yeni adına maraqlı bir eyham da var: “bir kişi əlində fanar, gəldi otağı dolana-dolana xəbər verdi: „Yelzavetpol, bilet”. Biletləri yığıb apardı və bir az keçəndən sonra maşın fısıldayıb dayandı. Bura Gəncə imiş”.
Əbdürrəhim bəy Haqverdiyev” Kapitalizmlə mübarizə”, “Dəccalabad”, „Qisas”, “Söhbət”, „Sarı toyuq”, “İanə” və s. əsərlərində olduğu kimi, gündəmin ictimai-siyasi problemlərini daha çox novella və hekayələrində özünəməxsus ironik deyim tərzi ilə qələmə almağa üstünlük vermişdir: „Əddəccalü məhbusun fi təhti Bəhrilxəzər”, yəni Dəccal, Kaspi dənizlərinin altında dustaqdır. Şəkkakə lənət!”, “İranlılar bir qəribə tayfadırlar; hər yerdə olsalar, hökmən gərək aftafaları ilə konsulları yanında olsun”, „Rəhmətlik oğlu, rusun qoşunu Ərdəbildə əyləşib, sən vətən sözünü dilinə gətirirsən? Bəlkə sabah gəlib məktəbi bağladılar (“Dəccalabad”). „Kitablarda yazırlar ki, dəccal xüruc eləyəcək. Xalq Allahdan üz döndərib dəccalın dalına düşəcək. Daha dəccalın xurcu bundan artıq olmaz ki?!” (“Sağsağan”). „Dədə-baba getdi, dilini də özü ilə apardı. Sən göydən düşübsən, nədir? Məgər ətrafı gözlərin görmür? İndi Şura hökumətidir, hər hökumətin bir dili olur” (Sağsağan”). “Kənd yatmışdı. Nə xoruzlardan, nə itlərdən və nə sair heyvandan bir səs çıxmırdı. Qəflətən kəndin ayağında bir xoruz banladı. O saat fikrimə gəldi ki, yəqin sabah bu xoruzun bivaxt banlamağına görə başı cəllad əlində gedəcək: əlbəttə, bir yerdə ki, camaat hamısı yuxuya məşğuldur, küy qalxızıb səs salanın başı gərək kəsilsin!” (»Ayın şahidliyi”).
Onun hekayələrində, xüsusilə də son dövr nəsr nümunələrində əksərən müəllifin öz obrazı var, müəllif hadisəyə giriş verir, «müsahib”lə qarşılaşır, müsahibin portreti, xarakterik keyfiyyətləri barədə qısa və görümlü məlumat çatdırır, danışdığı hadisəyə „qulaq yoldaşı” olur, əsas məzmun və məramı “müsahibin” söylədikləri üzərinə cəmləyir. Söyləyicinin şəxsiyyəti komik, romantik, dramatik mahiyyətli olduğu kimi, söylədikləri də özünə münasib pafosa malik ola bilər, amma bütün məqamlarda „qulaq yoldaşıyla” səmimiyyətin dili ilə danışır, qəbul etdiyi gerçəkliyi söyləyir və bəzən heç gözlənilmədən oxucuya hansısa bir həyat həqiqətinin sirrini açır.
Əbdürrəhim bəy çox az düşüncə adamına xas olan ensikilopedik yazı, fəaliyyət qabiliyyətinə malik olmuşdur. Məşğul olduğu sahənin, münasibət bildirdiyi məsələlərin mahiyyətindən çıxış edərək, yeni, müasir və əhəmiyyətli cəhətlərini axtarıb tapmağa, inkişaf etdirməyə çalışmış, məlumatın dərinliyinə xüsusi önəm verməklə nəzərə çatdırdığı materialın yaşarılığı, öyrədicilik yararının yüksəkliyinə xüsusi diqqət ayırmışdır. Bu baxımdan onun dramaturgiya, teatr sahəsinə gətirdiyi yeni istiqamət metodikası mədəniyyətimizə əvəzsiz xidmətlər kimi dəyərləndirilməlidir. Teatrın Əbdürrəhim bəyin həyat və fəaliyyətinin çox böyük hissəsini əhatə etdiyini, bədii yaradıcılıqda daha çox dramaturgiyaya meyilli olduğunu teatr, dram sənəti haqqında yazdığı dəyərli tədqiqat işləri, məqalələri də sübut edir. Gənclik illərinin marağını sonralar Sankt-Peterburqun sayılan novator səhnələrindən olan “Aleksandriysk” teatrının tamaşaları sayəsində professional səviyyəyə çatdıran ədib ömrünün sonuna qədər bütün çətinliklərə rəğmən bu sahəyə sədaqətlə xidmət etmiş, dünya dramaturgiyasının ən son nailiyyətlərini səhnəmizə gətirməyə səy göstərmişdir. „Yeyərsən qaz ətini, görərsən ləzzətini” komik dramı ilə qədəm basdığı, sonralar “Dağılan tifaq”, „Bəxtsiz cavan”, “Pəri Cadu”, „Ağa Məhəmməd şah Qacar” kimi monumental faciələri, bir sıra irili-xırdalı dram əsərləri ilə zənginləşdirdiyi milli dramaturgiyamızda yeni tendensiyalar müəllifi kimi tanınmışdır. Tarixi dram yazmağın məsuliyyətini tam ciddiliyi ilə dərk edən yazıçı “Ağa Məhəmməd şah Qacar” dramı üçün aylarla həm İranda, həm Peterburq kitabxanasında material toplamaq, tarixi sənədləri araşdırmaqla yanaşı, işləyəcəyi materiala həm də bir rejissor duyumu ilə yanaşaraq, beşpərdəlik əsərə aktrisaların yoxluğu üzündən qadın personajı salmamış və nəhayət, böyük bir xanədan hakiminin güclü obrazını yaratmağa nail olmuşdur. Baş qəhrəmanı qadın olan və simvolizm ədəbi cərəyanının ilk milli nümunəsi olaraq qələmə aldığı „Pəri Cadu” əsərini isə öz vətənində müxtəlif zamanların, müxtəlif ittihamların hədəfi olsa da, Avropa dramaturgiyasının şərq simvolika sistemi ilə sintezi kimi dünya ədəbiyyatının ən uğurlu fəlsəfi dramlarından hesab etmək olar. Əbdürrəhim bəyin rejissorluq qabiliyyəti və səriştəsi səhnə sənəti sahəsində onu virtuoz sənətkara çevirmiş, milli teatr tarixmizin bilicisi, tədqiqatçısı kimi də yetişməsinə imkan yaratmışdır. “Əgər Mirzə Fətəli Axundov ruhaniliklə amansız mübarizə edirdisə, onun davamçıları din məsələlərində ehtiyatlı tərpənirdilər. Mirzə Fətəli mollalarla mübarizə edə bilərdi, çünki onun rəsmi vəzifəsindən, çiyinlərindəki parıldayan epoletlərdən ibarət möhkəm arxası var idi. Axundov zamanında sadə bir polis belə böyük bir vəzifə sahibi hesab edilirdi; canişin dəftərxanasının mütərcimi isə Qafqazın müstəmləkəyə çevrilməsində canişinin sağ əli sayılırdı; odur ki, o, arxayın öz işini görərək şəxsi həyatı üçün nigaran olmaya bilərdi. 90-cı illərin gəncliyi isə bambaşqa bir vəziyyətdə idi. O, nəinki özünü, həm də teatrı xilas etməli idi” (»Azərbaycanda teatr”). Antik dövrlərdən başlamış teatrın intişar və inkişaf istiqamətlərini tədqiqata cəlb etmiş yazıçı Azərbaycan milli teatrının yetkinlik mərhələlərini əks etdirən bir sıra elmi məqalələrin, araşdırmaların müəllifidir.
Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan mədəniyyətinin simasıdır. Zaman ötdükcə bizə bəzən müəmmalı, bəzən mübahisəli görünə bilən həyati məsələlər yenilməz bir həqiqətin qarşısında geri çəkilir: Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan xalqının rifahını, Azərbaycan mədəniyyətinin inkişafını bütöv bir ömrün mənasına çevirmiş azərbaycanlıdır.

Müəllif: Güldəniz Qocayeva, filologiya üzrə fəlsəfə doktoru
Mənbə: azerbaijan-news.az
 

0 şərh